Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-222/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4913/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC (subpodratçı) ilə Cavabdeh MMC (podratçı) arasında xx.xx.2021-ci il tarixli 01/21 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən subpodratçı podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiyalarla bağlı işlərin (müqavilənin ayrılmaz tərkib hissəsi Əlavə 1-də göstərilən) yerinə yetirməyi, işi başa çatdırmağı və podrtaçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyə öhdəsinə götürür.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən subpodratçı subpodrat müqaviləsi üzrə işləri Əlavə 3-də nəzərdə tutulmuş xx.xx.2021-ci il tarixədək başa çatdırıb qüsursuz halda podratçıya təhvil verməlidir.
3. Müqavilənin 22.5-ci bəndinə əsasən Forma 2 hər iki tərəfdən təsdiq edildikdən sonra podratçının təqdim etdiyi nümunəyə uyğun podratçı tərəfindən 2 nüsxədə Forma 3 hazırlanır və orada aylıq görülmüş işə görə ödənilməli olan məbləğ müvafiq cərimələr, avans və digər tutulmalar və digər maliyyə sanksiyaları, subpodrat müqaviləsindən və qanunvericilikdən irəli gələn digər tutulmalar çıxılmaqla hesablanaraq Forma 3-də ödənilməyə müəyyən edilmiş məbləğə uyğun subpodratçı tərəfindən təqdim edilən hesab və hesab-faktura əsasında Forma-2 təsdiq olunduqdan 45 gündən sonra ödənilir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 687.099,71 manat (ƏDV xaric) məbləğində pulun və 410 manat mediasiya rüsumunun, ödənilmiş 567,10 manat dövlət rüsumun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh sonuncu partiya işlərin təhvil aktına imza etməkdən imtina etsə də, həmin akt üzrə təqdim edilmiş elektron qaimə üzrə ödənişlər etmiş, dolayı yolla həmin qaiməni təsdiq etmiş, lakin qalıq borc hələ də ödənilməmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ərizəsində tərəflər arasında bağlanılan müqaviləyə istinad etsə də, cavabdehdən ödənilməsini tələb etdiyi yarım milyon manatdan çox olan məbləğin maliyyə əsasını təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı qarşılıqlı olaraq razılığa gəlinmiş hər hansı üzləşmə aktına deyil, bir tərəfli olaraq tərtib edilmiş maliyyə arayışına istinad edərək ərizəsindəki məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, iddiaçı ərizəsində iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini desə də, müqavilədə göstərilən qaydada, müddətdə və həcmdə sifarişi yerinə yetirib cavabdehə təqdim etdiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi sonradan iddia tələbini 642.129,10 manat hissədə qəbul etdiklərini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirib iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onlara təqdim edilmiş EBBL 017084 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə işlər iddiaçı tərəfindən tam təhvil verilməmişdir. Belə ki, həmin qaimənin əsasını təşkil edən forma 2 tərəflərindən imzalanmamış, həmin qaimə üzrə tələb edilən borc 53.065,05 manat məbləğində azaldılmalıdır. Sonuncu qaimə üzrə təhvil aktının imzalanmamasının səbəbi artıq tərəflər arasında münasibətlərin pozulması olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4913/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın qismən yəni, 642.129,10 manat hissədə təmin edilməsini, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti cavabdehin nümayəndəsinin verdiyi izahata uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçının tələb etdiyi məbləğin maliyyə əsasının araşdırılması və təqdim edilən iş materiallarına əsasən cavabdehin iddiaçıya olan borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət vermiş, lakin Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4913/2023-039 nömrəli qərardadı ilə vəsatəti təmin etmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
15. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
17. Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 017084 saylı elektron qaimə üzrə 53.065,05 manat məbləğində pulun tutulması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia əsaslıdır.
20. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, podratçı (iddiaçı) tərəfindən müqavilə üzrə müəyyən edilən podrat işləri yerinə yetirilmiş, sifarişçi (cavabdeh) tərəfindən isə müqavilə ilə müəyyən edilən muzd ödənilməmişdir.
21. Hazırki işdə də həmin hallar sübut olunur.
22. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 1.675.171,49 manat olan xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 017084 nömrəli elektron qaimə təqdim edilmişdir.
23. Həmin elektron qaimədə aşağıdakılar qeyd edilmişdir: **********- Metalkonstruksiya (Xudat layihəsi), miqdarı 1.000, buraxlış qiyməti 1.419.636,86 manat, ƏDV məbləği 255.534,63 manat, yekun məbləğ 1.675.171,49 manat.
24. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, müqaviləyə əsasən görülən işlərə görə təqdim edilən elektron qaimələrin cəmi dəyəri 6.141.141,71 manat və ƏDV məbləği 1.105.405,51 manat, cəmi isə 7.246.547,22 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 017084 nömrəli elektron qaimənin əsasını təşkil edən işlərin tələb olunan keyfiyyətdə və müddətdə görülüb təhvil verilməməsi ilə əlaqədar olaraq, müqavilə üzrə 44.970,38 manat məbləğində əsas borc və 8094,67 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 53.065,05 manat məbləğində azalma hesablanmışdır. Podratçı tərəfindən ödənilən məbləğlərin cəmi 5.454.042,23 manat və ƏDV 981.727,61 manat, cəmi 6.435.769,83 manat təşkil edir. Nəticədə vergi uçotuna görə 642.129,1 manat və ƏDV 115.583,23 manat, cəmi isə 757.712,33 manat debitor borc qalığı yaranır.
25. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli elektron qaiməni qismən mübahisələndirsə də, konkret hansı işlərin tələb olunan keyfiyyətdə və müddətdə görülüb təhvil verilməməsini dəqiq göstərə bilməmiş, həmin elektron qaiməyə etiraz etməmiş, əksinə onun tərəfindən həmin qaimə üzrə xx.xx.2021-ci il tarixdə 43.782,12 manat və xx.xx.2022-ci il tarixdə digər iki ədəd qaimə ilə birgə 100.000 manat məbləğində ödənişlər edilmişdir.
26. Bundan əlavə, iddiaçı tərərfindən 8 ədəd təhvil-təslim aktı təqdim edilmişdir. Həmin aktlardan cəmi görülmüş işlərin dəyəri 619.885,68 manat, 1.799.108,97 manat, 3.218.945,83 manat, 4.014.954,99 manat və 5.333.141,71 manat olan beş ədəd təhvil-təslim aktı hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilmişdir. Digər, yəni cəmi görülmüş işlərin dəyəri 7.034.335,17 manat, 7.111.218,83 manat və 7.119.150,58 manat olan üç ədəd təhvil-təslim aktı isə yalnız iddiaçı tərəfin möhür və imzaları ilə təsdiq edilmişdir.
27. Lakin, cavabdeh həmin üç ədəd təhvil-təslim aktını təsdiq etməsə də, onun tərəfindən verilmiş maliyyə arayışında cəmi 7.193.482,2 manat məbləğində, yəni 8 ədəd aktlarda göstərilən cəmi işlərin dəyərindən də (7.119.150,58 manat) artıq məbləğdə işlərin görülməsi etiraf olunur.
28. Qeyd olunanları qiymətləndirərək kollegiya hesab edir ki, iddiaçı tərərfindən cavabdehin mübahisələndirdiyi podrat işlərinin, yəni xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 017084 saylı elektron qaimə üzrə 53.065,05 manat məbləğində işlərin görülməsi sübut olunur və ona görə də, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən həmin məbləğdə qalıq borcun da cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4913/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Vahid Sadıqov