Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-232/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MTK-nın vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 iştirakı ilə İddiaçı MMC-nin (bundan sona - iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra cavabdeh) qarşı əmlakların naturada təhvil verilməsi, müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması və sair tələblərə dair ilk, cavabdehin iddiaçıya qarşı əmlakların naturada təhvil verilməsi, müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması və sair tələblər barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-580/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsindən hər iki tərəfin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 23.07.2008-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 17.264,5 kv.m. torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli 13 mərtəbəli yaşayış binasından cavabdeh tərəfindən təhvil verilməmiş 18.837,99 kv.m. yaşayış, 11.551,42 kv.m. qeyri-yaşayış sahələrinin və 213 ədəd qarajın ona naturada təhvil verilməsi, 21.408,85 kv.m. yaşayış, 12.816,62 kv.m. qeyri-yaşayış sahələrinin və 274 ədəd qarajın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı cavabdehin üzərinə 23.07.2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması, hüquqi yardıma görə ödənilmiş 1.020 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 1.050 pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 17.264,5 kv.m. torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli 13 mərtəbəli ümumi sahəsi qarajlarla birlikdə 81.867,58 kv.m. olan yaşayış binasının yaşayış sahəsindən 11.804 kv.m. hissəsinin cavabdehə naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11.804 kv.m. yaşayış sahəsinin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı 18.01.2008-ci il tarixli podrat müqaviləsinin 1.2ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulması, habelə vəkil bürosuna hüquqi yardıma görə ödənilmiş 220 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 250 manat pulun iddiaçıdan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.11.2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 manat məbləğdə pulun 31 manat hissəsinin iddiaçıdan, 31 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı ilk iddia rədd edilən hissədə ləğv edilib, ilk iddianın təmin olunmasını, qalan hissədə dəyişdirilmədən saxlanılmasını, cavabdeh qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilib, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olmasını qəbul etsə də, faktiki müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı halları araşdırmamışdır. Verilmiş ilk və qarşılıqlı iddia tələblərindən görünür ki, faktiki hər iki tərəf mövcud vəziyyətdə müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini iddia edir və bununla bağlı konkret faktlara, sübutlara istinad edir. Məhkəmə isə tərəflərdən hansının haqlı olduğunu və ya tərəflər arasındakı podrat müqaviləsi üzrə öhdəliklərin hansı tərəfin onu hansı hissədə yerinə yetirmədiyini müəyyən edə bilməmiş və bununla bağlı araşdırma aparmamışdır. Qətnamədən görünür ki, məhkəmə yaranmış mübahisənin həll edilməsinə deyil, mübahisənin ədalət mühakiməsi yolu ilə həllindən yayınmağa çalışmışdır. Necə ola bilər ki, müqavilə tərəfi olaraq və müqaviləyə görə daha çox pay almaq hüququ olan tərəf öhdəliyini yerinə yetirir, nəticədə daha az, yəni 10% (hətta cavabdehin etiraf etdiyi 25%) pay almaq hüququ olan tərəf bütün paya və qazanca sahib olur? Bundan əlavə, iş materiallarından və qətnamədən görünür ki, cavabdeh tərəf tərəflər arasında bağlanmış 23.07.2008-ci il tarixli Podrat müqaviləsini deyil, 18.01.2008-ci il tarixli müqavilənin mövcud olmasını qəbul etmişlər. Yəni, tərəflər arasındakı pay bölgüsünün 90%-in 10%-ə deyil, 25%-in 75%-ə nisbətdə razılaşdırıldığını qəbul etmişlər. İddiaçı tərəfindən məhkəməyə sənəd və sübutlar təqdim edilərək, bildirilmişdir ki, tərəflər arasında 18.01.2008-ci il tarixli podrat müqaviləsi bağlanılarkən iddiaçının direktoru Qanuni nümayəndə1 deyil, Zaur Həsənov adlı şəxs olmuşdur və həmin vaxt Qanuni nümayəndə1 ümumiyyətlə MMC-də hər hansı vəzifə tutmamışdır. Məhkəmə isə Qanuni nümayəndə1 və Hidayət Məmmədovun izahatlarına əsaslanıb tərəflər arasındakı 18.01.2008-ci il tarixli müqavilənin və tərəflər arasındakı pay bölgüsünün 75%-in 25%-ə olmasını qəbul etmişdir. Lakin, məhkəmə cavabdehin qəbul etdiyi və özünün müəyyən etdiyi nisbətə uyğun olaraq tərəflər arasındakı mübahisənin həllindən yayınmışdır. Qətnamədən görünür ki, məhkəmə tərəflər arasındakı cəmi üç ədəd qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə sənədlərin mövcudluğuna istinad etmiş və bununla nəyi izah etməyə çalışdığını açıqlamamış, eyni zamanda bütün yaşayış sahələrinin ayrı-ayrı fiziki şəxslərə satıldığını qeyd etmişdir. Bununla bağlı (yəni mübahisəli yaşayış binasından hansı yaşayış və qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar verilməsi barədə) iddiaçı tərəfindən dəfələrlə DƏDRX-ə müvafiq sorğular verilsə də, həmin sorğuya cavab verilməmiş və buna səbəb kimi dövlət rüsumunun ödənilməli olması göstərilmişdir. Həmin sorğu ilə bağlı dövlət rüsumunun isə təxminən 16.000 manat təşkil etdiyi məlum olmuşdur. Bununla bağlı məhkəməyə müraciət edilərək, mübahisənin obyektiv həll edilməsi məqsədilə mübahisəli yaşayış binasından hansı yaşayış və qeyri-yaşayış sahələrinin müəyyən edilməsi üçün DƏDRX-ə sorğu verilməsinin zəruriliyi bildirilmiş və iddiaçının özünün buna maddi imkanı olmadığından məhkəmə tərəfindən belə sorğu verilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə heç bir əsaslı səbəb göstərmədən vəsatəti təmin etməmişdir. İddiaçı tərəfindən məhkəmədə bir daha göstərilmişdir ki, faktiki bütün (iddia ərizəsində göstərilən yaşayış, qeyri-yaşayış və qarajlardan başqa) yaşayış və qeyriyaşayış sahələri cavabdehin təqdim etdiyi şəxslərin adlarına rəsmiləşdirilmişdir və sonradan həmin şəxslərin də müvafiq çıxarışlar alması təmin olunmuşdur. Lakin, cavabdeh tərəf faktiki istifadələrində qalmış və müqavilə üzrə onlara çatası payın cüzi bir hissəsini təşkil edən yaşayış və qeyri-yaşayış, həmçinin qarajlarla bağlı çıxarışların alınması üçün süni əngəllər yaratmış və müvafiq sənədlərin verilməsini təmin etməmişdir. Bununla bağlı bütün müvafiq sənədlər və siyahılar cavabdehdə olduğundan, iddiaçı tərəf olaraq konkret hansı yaşayış və qeyri-yaşayış sahələrinin naturada verilməli olması iddiaçı tərəfindən müəyyən edilə bilməmiş, məhkəmə isə yaranmış vəziyyətdə yardım etməkdən və mübahisənin ədalətli araşdırılmasından imtina etmişdir. Eyni zamanda, tərəflər arasındakı podrat müqaviləsi ilə bağlı yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə dəfələrlə məhkəməyə vəsatətlər verilərək, müvafiq dövlət orqanlarından (Bakı ŞİH, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN və s.) tərəflərin razılaşdıraraq onlara təqdim etdikləri podrat müqaviləsinin surətinin təqdim edilməsi xahiş olunmuş, lakin məhkəmə bu vəsatəti də təmin etməməklə, artıq işə birtərəfli və qeyriobyektiv yanaşdığını, işin qanuni və ədalətli araşdırılmasında maraqlı olmadığını bir daha təsdiq etmiş olmuşdur. Məhkəməyə təqdim olunmuş sübutlarla iddiaçı tərəfin müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyi, yəni çoxmənzilli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirilməsini və tikintisini başa çatdırması məhkəmədə müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə həmin yaşayış binasındakı qeyriyaşayış sahələrinin və yaşayış sahələrinin ayrı-ayrı şəxslərə satılaraq onların mülkiyyətlərinə verildiyi müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə ilk iddia tələbinin təmin olunmasına kifayət edən sübutların olmamasına istinad etməkdə haqlı olmamışdır və iş üzrə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış 18.01.2008-ci il tarixli podrat müqaviləsinin bütün tələblərinin, xüsusilə də həmin müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəlikləriin tam və vaxtında ödənilməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Bundan əlavə, məhkəməyə iddiaçı ilə müxtəlif şəxslərlə sözügedən binada yaşayış, qeyri-yaşayış və qarajların alqı-satqısı barədə bağlanmış müqavilələr, eləcə də həmin müqavilələr əsasında alqı-satqı obyektlərinin tam dəyərinin iddiaçı tərəfindən alınması barədə maliyyə arayışları təqdim edilmişdir. Lakin məhkəmə öz qətnaməsində nəinki həmin sənədlərin adını çəkməmiş, eləcə də həmin sənədləri onların mötəbər sübut kimi qiymətləndirilməsi üzrə araşdırma aparmamışdır. Məhkəməyə tərəflər arasında bağlanmış 18.01.2008-ci il tarixli podrat müqaviləsinin bütün tələblərinin, xüsusilə də həmin müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin tam və vaxtında ödənilməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Bundan əlavə, məhkəməyə iddiaçı ilə müxtəlif şəxslərlə sözügedən binada yaşayış, qeyri-yaşayış və qarajların alqı-satqısı barədə bağlanmış müqavilələr, eləcə də həmin müqavilələr əsasında alqı-satqı obyektlərinin tam dəyərinin iddiaçı tərəfindən alınması barədə maliyyə arayışları təqdim edilmişdir. Lakin məhkəmə öz qətnaməsində nəinki həmin sənədlərin adını çəkməmiş, eləcə də həmin sənədləri onların mötəbər sübut kimi qiymətləndirilməsi üzrə araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkilləri və nümayəndələri öz apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətini qəbul etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəflər arasında 2008-ci ildə iki müqavilənin bağlandığını (18 yanvar və 23 iyul) bildirmiş, hər iki müqavilənin 1.2-ci bəndi istisna olmaqla, müqavilənin qalan bütün bənd və müddəaların eyni olduğunu, ikinci müqavilənin bağlanması ilə birinci müqavilənin qüvvədən düşdüyünü bildirmişdir. Cavabdeh tərəflər arasında yalnız 2008-ci ilin yanvar ayında müqavilə bağlandığını, iyul ayında bağlanmış müqavilədən məlumatlı olmadığını bildirmişdir. 2008-ci ilin yanvarında bağlanmış müqavilə Məhkəməyə təqdim olunmasa da, tərəflər həmin müqavilənin bağlandığını mübahisə etməmişlər. Birinci instansiya məhkəməsində 2008-ci ildə hər iki tərəfin qanuni təmsilçisi qismində çıxış edib, müqaviləni imzalayaraq, möhürünü vuran Ş.Mehdiyev və H.Məmmədov bildirmişlər ki, tərəflərin razılaşmasına əsasən ümumi sahənin 25 faizi sifarişçinin (cavabdehin), 75 faizi isə podratçının (iddiaçının) mülkiyyətinə verilməklə, tərəflər arasında bölünəcəkdir, tərəflərin hər ikisi də bunu belə qəbul etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.09.2021-ci il tarixli 5/815-4/1056-5/829 nömrəli ekspert rəyinə görə, 1) tədqiqata təqdim edilmiş 23.07.2008-ci il tarixli Podrat müqaviləsinin çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printerdə) çap edilmişdir. 2) Təqdim edilmiş 23.07.2008-ci il tarixli Podrat müqaviləsinin 1-2-ci və 3-cü vərəqlərindəki çap mətni tərtibatına və şriftlərinin ölçülərinə görə fərqlənirlər. 3) Tədqiq olunan podrat müqaviləsinin 1-2-ci vərəqləri və 3-cü vərəqləri müxtəlif printerlərdə çap olunmuşdurlar. 4) Təqdim edilmiş müqavilənin vərəqləri ilkin tikilmiş vərəqlər deyildir, vahid bir müqavilənin vərəqlərini təşkil etmir. 5) Tədqiqata təqdim edilmiş 23.07.2008-ci il tarixli Podrat müqaviləsinin birinci vərəqinin aşağı sol tərəfində əvvəlcə imza icra edilmişdir, sonradan çap mətni çap edilmişdir. 6) Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “Müqavilənin 1-2-ci səhifələri ilə 3-cü səhifənin eyni kompüter sənədi ilə və ya printer ilə eyni vaxta çap edilibedilməməsi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. 7) Ekspertizaya təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı MMC-nin adlarında olan 23.07.2008-ci il tarixli Podrat müqaviləsinin 1-2-ci vərəqlərin aşağı sol tərəfindəki imzalar və 3-cü vərəqdə “Sifarişçinin adından” qrafasındakı imza öz aralarında - eyni bir şəxs tərəfindən icra olunmuşdur. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən sifarişçi cavabdehə məxsus Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 17.264,5 kv.m. sahədə 10 girişli çoxmərtəbəli yaşayış binasını podratçı iddiaçı öz vəsaiti hesabına layihələndirilməsini, tikməsini və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəyini öhdəsinə götürmüş və tikilən bütün yaşayış və qeyri-yaşayış sahələrinin 25%-nin sifarişçinin, 75%-nin isə podratçının mülkiyyətinə verilməsi barədə razılığa gəlinmişdir. İddiaçı ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış müqavilələrdən və maliyyə arayışlarından görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən binanın mənzillərini həmin fiziki şəxslərə satmış və mənzillərin dəyərləri alıcılar tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasında bağlanmış 15.04.2008-ci il tarixli, 19.04.2008-ci il tarixli və 20.04.2008-ci il tarixli müqavilələrdən, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışlarından və iddiaçının payçılarının ümumi iclasının 458 nömrəli protokolundan çıxarışlardan məlum olur ki, ünvan 1 ünvanda tikilməkdə olan 110A nömrəli binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 161 kv.m, 1.013,6 kv.m, 399,2 kv.m və 3.182,2 kv.m. olan qeyri-yaşayış sahələrinin dəyəri cavabdeh tərəfindən tam ödənilmiş, cavabdehin həmin qeyri-yaşayış sahələrinin payçısı olması təsdiq edilmişdir. Cavabdehin vəkilləri və nümayəndələrinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 10 girişli çoxmərtəbəli yaşayış binasının bütün yaşayış, qeyri-yaşayış və qaraj sahələri satılmışdır. İddiaçı da iddia ərizəsində göstərmişdir ki, cavabdeh yaşayış sahəsinin 43,3%-ni, qeyri-yaşayış sahəsinin 97,4%-ni və qarajın 80%-ni faktiki olaraq satışını artıq həyata keçirməklə ayrı-ayrı şəxslərin mülkiyyətlərinə verilməsini təmin etmiş, müqavilədə nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahəsinin nə naturada, nə də satışını həyata keçirdiyi hissəsindən əldə etdiyi gəlirin müqaviləyə uyğun hissəsinin iddiaçıya ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər; Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18.03.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “... 2000-ci ilədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 14-cü maddəsi müəyyən etmişdi ki, məhkəmə təqdim olunmuş materiallarla və izahatlarla kifayətlənməyərək, işin həqiqi hallarını, tərəflərin hüquq və vəzifələrini hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Həmçinin həmin Məcəllənin 49-cu maddəsinin ikinci hissəsində təsbit olunmuşdur ki, təqdim edilmiş sübutlar kifayət olmadıqda, məhkəmə tərəflərə və işdə iştirak edən digər şəxslərə əlavə sübutlar təqdim etməyi təklif edir və ya sübutları öz təşəbbüsü ilə toplayır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, ilk növbədə qeyd etməyi lazım bilir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. ... Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.” Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2ci maddəsi məhkəmənin yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli olduğunu təsbit edərkən, məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Bu baxımdan, sübutların qiymətləndirilməsi hüquqi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). İş materiallarına şərh olunan müstəvidə hüquqi qiymət verən məhkəmə kollegiyası məhz bu mənada hər iki apellyasiya şikayəti ilə razılaşmır və onların dəlillərini əsassız sayır. İlk olaraq, hər iki tərəf öz iddia tələblərinin və qarşı iddiaya etirazlarının əsası kimi istinad etdiyi hallara dair Məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Halbuki, belə əhəmiyyətə malik sübutların təqdim olunması ilk və qarşılıqlı iddiaların hər birinin ayrılıqda əsaslılığının Məhkəmədə təsdiqini tapması üçün zəruri idi. Digər tərəfdən, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin hamısının satıldığı nəzərə alındıqda, bu fakt onlara məlum olan tərəflərin bir-birindən hansı yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin naturada təhvil verilməsini tələb etdiyi aydın olmur. İddiaçı da apellyasiya şikayətində “Bununla bağlı bütün müvafiq sənədlər və siyahılar cavabdehdə olduğundan, iddiaçı tərəf olaraq konkret hansı yaşayış və qeyri-yaşayış sahələrinin naturada verilməli olması iddiaçı tərəfindən müəyyən edilə bilməmişdir ...” məzmunda qeyd etməklə, qeyri-dəqiq tələblə məhkəməyə müraciət etdiyini təsdiqləmişdir. Həmçinin, ilk iddia ərizəsində irəli sürülmüşdür ki, cavabdeh müqavilədə nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin nə naturada, nə də satışını həyata keçirdiyi hissəsindən əldə etdiyi gəlirin müqaviləyə uyğun hissəsinin iddiaçıya ödənilməsini təmin etməmişdir və bu da onu göstərir ki, iddiaçı əslində mübahisəli yaşayış binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə etməli olduğunu, lakin əldə etmədiyini güman etdiyi gəlirin ona ödənilməsi tələbi ilə iddia qaldırmaq imkanına malik olduğu halda, bunu etməmişdir. İddiaçının apellyasiya şikayətinin tərəflər arasında 18.01.2008-ci il tarixli podrat müqaviləsi bağlanarkən iddiaçının direktorunun Qanuni nümayəndə1 deyil, Zaur Həsənov adlı şəxs olması və həmin vaxt Qanuni nümayəndə1 ümumiyyətlə MMC-də hər hansı vəzifə tutmaması barədə dəlili də əsaslı deyil. Belə ki, işdə olan iddiaçının təsisçisinin 29.09.2021-ci il tarixli 81 nömrəli əmrindən göründüyü kimi, direktor kimi Ş.Mehdiyevin əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir, Z.Həsənovun 2008-ci ildə və ondan sonra iddiaçının qanuni təmsilçisi olmasına dair isə heç bir mötəbər sənəd təqdim olunmamışdır. Eyni şikayətin iddiaçının tələb olunan dövlət rüsumunun ödəməyə maddi imkanının olmaması səbəbindən məhkəmə tərəfindən DƏDRX-ə müvafiq sorğuların verilməsi barədə vəsatətin təmin edilməməsinin qanunsuz olması haqqında dəlili də əsassızdır. Belə ki, fəaliyyətinin əsas məqsədi gəlir götürməkdən ibarət olan kommersiya hüquqi şəxsi olaraq özünün iddia ərizəsində göstərdiyi kimi “... 17.264,5 kv.m. torpaq sahəsi üzərində ... 10 girişli 13 mərtəbəli yaşayış binası ...” inşa etmiş bir sahibkarlıq subyektinin məhkəmədə qaldırdığı iddiasının əsaslılığını sübuta yetirmək üçün ondan tələb olunan sübutetmə yükünü daşımaq məqsədilə, həm də iddiası təmin olunarsa bunu qarşı tərəfdən çəkdiyi xərclərin qarşılığı qismində tələb etmək imkanı mövcud olduğu halda, dövlət rüsumunu ödəməyə maddi imkanının olmaması inandırıcı və ağlabatan deyil. Cavabdehin də apellyasiya şikayətinin tərəflər arasında bağlanmış 18.01.2008-ci il tarixli podrat müqaviləsinin bütün tələblərinin, xüsusilə də həmin müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin tam və vaxtında ödənilməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilməsi barədə dəlili əsassızdır. Belə ki, birincisi, “kifayət qədər mötəbər sübutlar”ın nədən ibarət olduğunu cavabdeh şikayətində açıqlamamışdır, ikincisi, qeyd olunduğu kimi, tərəflər Məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, sübutların onların əvəzinə toplanmasını qanunsuz olaraq Məhkəmədən gözləmişlər. İddiaçı ilə müxtəlif şəxslər arasında binada yaşayış, qeyri-yaşayış və qarajların alqı-satqısı barədə bağlanmış müqavilələr, eləcə də həmin müqavilələr əsasında alqı-satqı obyektlərinin tam dəyərinin iddiaçı tərəfindən alınması barədə maliyyə arayışlarının təqdim edilməsi də yaşayış binasının yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin hamısının satıldığını bildirən cavabdehin konkret olaraq hansı sahələrin ona naturada təhvil verilməli olmasını sübut etmək vəzifəsindən azad etmir. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, hər iki iddianın əsası kimi istinad edilən halların təsdiqi ilə bağlı mötəbər sübutların Məhkəməyə təqdim olunmamasının hazırkı apellyasiya araşdırması ilə sabit olması həmin iddiaların əsaslılığına maddi hüquqi baxımdan hüquqi qiymət verilməsinə zərurətin qalmadığına dəlalət edir, birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddiaların rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı (MPM-in 384.0.1-ci maddəsi), şikayətlər təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-580/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin və Cavabdeh MTK-nın apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-232/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-232/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver