Məhkəmə qərarları › İş №2-2(103)-233/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-233/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-233/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının direktoru X10, iddiaçının vəkilləri Vəkil1 və X2, cavabdeh X13 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1192/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2019-cu ildə bağlanmış 09/19 saylı xidmətlərin göstərilməsi haqqında podrat müqaviləsi üzrə proyektdə işlərin maya dəyərini səhv və qeyriprofessional olaraq hesablanması nəticəsində 79944,43 manat maddi zərərin əvəzinin, müqavilə üzrə ödənilmiş 18250,00 manat pul vəsaitinin, iddiaçının işgüzar nüfuzuna vurduğu zərərin əvəzi olaraq 300000 manat məbləğində pul vəsaitinin, 500 manat vəkilə ödənilən pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, 1 ədəd dəri əl çantasının və 1 ədəd “Lenovo-ideapad 2510” markalı notebookun, çantası ilə birlikdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(81)- 1192/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X11 1 ədəd dəri çanta, 1 ədəd “Lenovo-ideapad 2510” markalı notebook çantası ilə birlikdə alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin iddiaçıya aid edilməsi, 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vəkil xərci olaraq 50 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının direktoru X16, iddiaçının vəkilləri Vəkil1 və X5 apellyasiya şikayətini müdafiə etdilər, cavabdeh X17 və cavabdehin vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə X17 arasında xidmətlərin göstərilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli 09/19 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı X17 sifarişçi İddiaçı MMC-nin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması, şirkətin uğurlu imicinin yaradılması, biznes proseslərinin təkmilləşdirilməsi, bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili, marketinq planının hazırlanması və koordinasiyası, zəruri marketinq tədbirlərinin müəyyən edilməsi, marketinq xərclərinin optimallaşdırılması, görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi və eyni zamanda tenderlərin texniki və kommersiya baxımından hazırlanması və kontrol edilməsi, layihələrə, texniki şöbəyə və bunlarla bağlı xərclərə nəzarət, görülmüş işlərin nəticələrinin təhlili və qiymət hesabatların hazırlanması və təhlili və digər vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi və sifarişçi tərəfindən təmin ediləcək dövri və cari işlərin yerinə yetirilməsini, sifarişçi İddiaçı MMC isə müqavilədə göstərilən xidmət haqqının icraçıya müqavilədə nəzərdə tutulmuş müddətdə, qaydada və şərtlərlə ödənilməsini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən icraçının xidmət haqqı aylıq olaraq 5000 manat və icraçının təşkil etdiyi layihə üzrə əldə edilən mənfəətin 2%-i müəyyən edilmişdir. İddiaçı bildirir ki, müqavilə icrasına başladığı vaxtdan dəfələrlə satış planı icraçı Şevket Tufandan yazılı və şifahi formada tələb edilmiş, bu barədə cavabdehin elektron poçt ünvanına xx.xx.2019-cu il tarixdə məktub göndərilmişdir. X12 hazırlayıb Sifarişçi “AZCO EPC”-yə yalnız xx.xx.2019-cu il tarixində təqdim etmiş və bu Planın həyata keçirilməsinin məsuliyyətini birbaşa öz üzərinə götürmüşdür. Satış planı əsasında 8.700.000 ABŞ dolları məbləğində şirkətə layihə qazandırmalı idi. Satış planı əsasında hərəkət edərək xx.xx.2019-cu il tarixində “X15 və Ticarət” şirkəti ilə iddiaçı müəssisə arasında“ Prekast Quyuların istehsalı üzrə (Menhole)” müqavilə bağlanmışdır. Müqavilə imzalandıqdan sonra ilk sifariş olaraq 2019-cu ilin may ayının sonuna qədər 75 ədəd prekast quyuların cavabdeh tərəfindən müştəriyə təhvil verilməsi öhdəliyi götürülsə də, aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq görüləcək işlərin planını düzgün hazırlamadığı üçün 2019-cu ilin may ayının sonuna sifarişçi olan “X15 və Ticarət” şirkətinə heç bir məhsul təhvil verə bilməmişdir. Bunun nəticəsində sifarişçi narazılıq edərək layihəni iddiaçıdan geri almaq istəmiş, lakin cavabdeh və müəssisənin rəhbərinin iştirakı ilə keçən müştəri görüşündən sonra, sifarişçidən razılıq əldə olunmuş və müəssisəyə 2019-cu ilin iyun ayı üçün yenidən 101 ədəd prekast quyuları (Menhole) sifariş edilmişdir. İşi davam etdirən zaman aşkar olunmuşdur ki, cavabdeh layihənin büdcəsini ümumiyyətlə düzgün hesablamayıb və risk payını görməməyi səbəbindən müəssisə maddi zərərə uğrayıb. Bu səbəbdən, müştəriyə 2019-cu ilin iyun ayında 101 ədəd prekast quyularını (Menhole) təhvil verə bilməmişlər. Bu məsələ ilə bağlı dəfələrlə cavabdehlə iclas təşkil edilib, rəsmi olaraq ona xəbərdarlıq olunmuşdur ki, müəssisə bu layihə ilə bağlı maddi zərərdədir və hər dəfə cavabdeh şifahi olaraq vəziyyəti düzəldəcəyi haqda müəssisə rəhbərliyinə söz vermişdir. Cavabdeh öz məsuliyyətini və yaranan problemləri və müəssisənin layihə üzrə düşdüyü zərərləri hər dəfə sahədə, öz nəzarəti altında çalışan işçilərin üzərinə yıxmışdır. Şirkət rəhbərliyi bu problemi gördüyü üçün xx xxxx 2019-cu il tarixindən cavabdehin məsuliyyəti altında çalışan bütün məsul işçiləri sahədən kənarlaşdırmışdır. Cavabdeh öz istəyi ilə layihənin koordinasiyasına, keyfiyyətə nəzarətə və digər texniki məsələləri birbaşa öz üzərinə götürmüşdür. Lakin cavabdeh 2019-cu ilin iyun ayından sahədə olduğundan və layihənin koordinasiyasını etdiyi üçün müqaviləyə əsasən biznesin inkişafı üzrə xidməti icrasını yerinə yetirə bilmirdi. Cavabdeh həmin müqavilə üzrə proyektdə işlərin maya dəyərini səhv və qeyri-professional olaraq hesablaması nəticəsində iddiaçı 79024 manat (xərc 102122 manat - 23097,84 manat gəlir) maddi zərər çəkmişdir. Yəni cavabdeh qiyməti düz hesablamamış, həm işin görülmə metodunu düz eləməmiş, həm də işin icrasını düzgün qiymətləndirməmişdir. Qeyd olunan məbləğə sifarişi ilə gətirilmiş və xarab etdiyi 14,5 kub metr betonun söküntüsü və daşınması üçün 1285 manat; xarab olmuş betonun yenidən alınmasına 715 manat; qeyd olunan betonun söküntüsü və yenidən qəliblərə vurulması zamanı şirkətin köməkçi əməkdaşlarına hesablanmış 2000 manat əlavə əmək haqqı və s. daxildir. Belə ki, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən 14,5 kub/metr beton sifariş olunmuş və xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında səhər saatlarında işlər cavabdeh tərəfindən düzgün planlaşdırılmadığı üçün beton tökümü zamanı ciddi problemlər yaranmışdır. Həmin gün səhər saat 11:00 radələrində şirkətin direktoru sahəyə gələrək yaranmış problemlərlə bağlı cavabdehdən izahat istəmiş, sonuncu isə bütün sahə işçilərinin və müştərinin nümayəndəsi qarşısında mübahisə etmiş, müəssisənin rəhbərini və sahədəki işçiləri təhqir edərək işi yarımçıq qoyub sahəni tərk etmişdir. Sahəyə gələn beton və qəlblərdə problem yarandığından iddiaçı küllü miqdarda zərər çəkmişdir. Cavabdehin işinə laqeyd yanaşması və tərtib etdiyi biznes plan əsasında müəssisənin nüfuzu Respublika daxilində və xaricində aşağı düşmüş, digər dövlət və özəl təşkilatlar qarşısında öhdəlikləri yerinə yetirə bilməmişlər. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, podrat müqaviləsinə əsasən üzərinə düşən qeyd olunan müqavilə öhdəliklərinin, yəni şirkətin biznesin inkişafı ilə əlaqədar, bazarın rəqiblərin tədqiqatı, tenderlərin texniki və kommersiya baxımından hazırlanması və kontrol edilməsi və vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi kimi işlərin icrasını həyata keçirtmişdir. Belə ki, sadalanan öhdəlikləri icra etməsi qarşılığında sifarişçi hər ay onun tərəfindən təqdim olunan təhvil-təslim aktına əsasən 5000 manat xidmət haqqını bank hesabına köçürtmüş və o da öz növbəsində müvafiq vergi ödənişlərini həyata keçirtmişdir. O, ödənilmiş xidmət haqqına uyğun təhvil-təslim aktı əsasında işlərin icrası tərəfindən həyata keçirilmişdir. İyun ayında isə icra etdiyi xidmətlər qarşılığında xidmət haqqının ödənilməsi şirkət rəhbərinin qərəzli mövqeyi səbəbi ilə təhviltəslim aktı təqdim olunmasına baxmayaraq imzalanmamış və bunun nəticəsində iyun ayı üçün şirkət tərəfindən xidmət haqqı ödənilməmişdir. Bu səbəbdən də əməkdaşlıq fəaliyyətini davam etdirməkdən imtina etmişdir. Şirkət rəhbərliyi tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli akt özlüyündə təsdiq edir ki, həqiqətən də iyun ayı ərzində o işdə olmuş və yalnız xx.xx.2019-cu il tarixində sahədə işləmək mümkün olmadığını gördükdən sonra etiraz əlaməti olaraq sahəni tərk etmişdir. ÜSTAY Şirkəti (Sifarişçi) ilə 6 ay müddətinə bağlanmış əsas Layihə müqaviləsinə əsasən quyuların hazırlanması üçün podratçı şirkət rəhbərliyi tərəfindən briqadalar cəlb olunmuş və hesablanmış smeta əsasında material alınmışdır. Lakin materialın alınması və briqadaların cəlb olunmasında məsuliyyət aidiyyəti işçilərin üzərində olmuşdur. Əsas müqavilənin razılaşdırma protokoluna əsasən prekast quyularının 1 m3 üçün 380 manat müəyyən olunmuşdur. X1 Dövlət Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin həmin layihəyə uyğun təqdim etdiyi və hesablatdığı smeta dəyərinə uyğun ümumi işin həcmi 1211 m3 üçün hesablanmış qiymət 18764 manat müəyyən olunmuşdur. 2019-cu il üçün Dövlət Baş Ekspertiza İdarəsinin təsdiq etdiyi tikintidə əmsal rəqəmi 16 AZN-dən başlayır. İşin icra üsuluna və standartına görə əmsal maksimum 20,5 təşkil edir. Hesablama aparılanda 20,5 x 18764 = 384662 AZN, 1 m3 düşən məbləğ isə 384662 : 1211 = 317,63 AZN təşkil edir. Keyfiyyətli materialın alınmasını nəzərdə tutduğu və torpaq qazıntı işlərinin icrası ona aid olmadığından əmsal rəqəmini yuxarı götürmüşdür ki, podratçı şirkətin maddi itkisi olma ehtimalı olmasın. Belə ki, 1 m3 üçün hesablanan 317,63 manat smeta dəyərinə bütün xərclər, materialının itkisi, əmək haqları, nəqliyyat xərcləri, yerləşmə xərcləri, yəni podratçı şirkətin əldə edəcəyi mənfəət xaric bütün xərclər nəzərdə tutulmuşdur. O isə 1 m3 üçün 380 manat qiymət təklifi tenderə təqdim etmişdir (380 – 317 = 63 manat hər 1m3 üçün). 1211 m3 ümumi həcmə düşəni hesablamaq üçün 1211 x 63 = 76293 AZN edir. 76293 AZN Şirkətə bütün xərclər çıxdıqdan sonra yuxarı qiymətlə hesablanan material nəzərə alınmaqla mənfəət əldə etməsi nəzərdə tutulurdu. Əlavə olaraq “X4 and Construction” MMC-nin ÜSTAY Şirkəti ilə işbirliyi və əməkdaşlıq etməsi üçün şəxsi işgüzar əhatəni də cəlb edib təsisçi ilə əlaqələr yaradaraq həmin işin tenderini o dövr üçün real bazar qiymətindən daha yuxarı qiymət təklifi ilə əldə edilməsinə nail olmuşdur. İlkin 75 ədəd prekast quyuların hazırlanıb təhvil verilməsi zamanı podratçı şirkət rəhbərinin cəlb etdiyi briqadanın əldə etdiyi materialın keyfiyyətsizliyi səbəbi ilə sifarişçi şirkət qəliblərin sökülməsini tələb etmiş və hazırlanan materiallardan imtina edilmişdir. Eyni zamanda podratçı şirkətin aidiyyəti işçilərinin aldığı mal materialın keyfiyyətsiz çıxması səbəbi ilə beton söküntüsü olmuş və qəliblər yenidən sifariş olunmuşdur. Podratçı şirkətin təmin etdiyi armatur keyfiyyət sertifikatına uyğun olmadığına görə sifarişçi tərəfindən armaturdan imtina edilmişdir. Bu səbəbdən podratçı şirkətə zərər dəymişdir. Təmin olunan malmaterialların keyfiyyət sertifikatına uyğun olmaması və buna məsul olan şəxslər podratçı şirkətin rəhbərliyi ilə cəlb olunmuş işçilərdir. Bu işlərin icrasında məsul işçi isə o olmamışdır. Belə ki, sifarişçi şirkət apardığı uzun müddətli danışıqlardan sonra materialın təmin olunmasını öz üzərinə götürmüş və növbəti 101 ədəd prekast quyunun sifarişini etmişdir. Bundan sonra o, öz briqadalarını sahəyə cəlb etmiş və onun cəlb etdiyi briqada sayəsində podratçı şirkət 23097,84 AZN gəlir əldə etmişdir. Bundan əvvəl, onunla əməkdaşlıq etmədən öncə də PMD və digər şirkətlərin işini icra etməkdə qüsurlara yol verdiyinə görə podratçı şirkət özü öz işgüzar nüfuzuna xələl gətirmişdir. Ona ödənilmiş məbləğ hər aylıq işin xidmət haqqına uyğun təhvil təslim aktı əsasında həyata keçirilmişdir. Xidmətin icrasının qəbul olunması isə Şirkətin səlahiyyətli şəxslərinin imzası və təqdim etdiyi təhvil-təslim aktının imzalanması ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı zərərin vurulmasına səbəb olan cavabdehin öz öhdəliklərinin pozmasını təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı ilə “X15 və Ticarət” şirkəti arasında bağlanmış müqavilə üzrə görülməli olan işlərin cavabdeh tərəfindən səhv hesablanmasına dair qeyd olunur ki, bu hallar heç bir mötəbər sübutla təsdiq olunmur və iddiaçının istinad etdiyi hallar yalnız özünün mülahizələrindən və tərtib etdiyi sənədlərdən ibarətdir. Halbuki konkret tikinti işləri üzrə smetanın düzgün tərtib olunmaması bu sahədə ixtisaslaşmış mütəxəssislərin verdiyi rəylər və sənədlərlə təsdiq oluna bilər. İddiaçı isə belə sübutlar, həmçinin məhkəmə üçün ekspertizanın təyin edilməsinə əsas ola biləcək ilkin sübutları belə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid X3 ifadəsi isə bu halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, o, ifadəsində bildirmişdir ki, iddiaçı şirkətdə nəzarətçi olaraq işləyir. Anbardar məzuniyyətdə olduğu vaxtlarda anbardan malları verirdi, mal-materialları təchizatçı Nahid adlı şəxs tərəfindən şirkətlərdən alınırdı. Malın keyfiyyətindən usta şikayət edirdi, mallar keyfiyyətsiz çıxmışdı. Beton dəfələrlə Şevket bəy tərəfindən tökülmüşdür. Bildiyinə görə Şirkətə yeni işlər tapmaq, yeni podratçılar tapmaq, yeni sifarişlər gətirmək, tendrlərin hesabatını tutmaq, büdcəsini tutmaq, layihələrə nəzarət etmək Şevket bəyin öhdəsində idi. Əvvəla, şahidin ifadəsindən cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin dəyməsini müəyyən etmək olmur. Çünki o, bununla bağlı hər hansı bir ifadə verməmişdir. İkincisi, hətta bununla bağlı hər hansı ifadə vermiş olsaydı belə, bu sübut məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, cavabdehin üzərinə iddiaçı şirkətə dair kifayət qədər məsuliyyətli və çoxsaylı işlərin görülməsi həvalə olunmuşdur. Buna görə də, cavabdeh tərəfindən görülmüş işlərin keyfiyyətinin, düzgünlüyünün və nə dərəcədə professional olub-olmadığının yoxlanılması, eyni zamanda həmin işlərin qiymətləndirilməsi həmin şirkətdə nəzarətçi işləyən adi bir şəxs tərəfindən deyil, bu sahədə kifayət qədər təcrübəsi və savadı olan ixtisaslaşmış şəxslərin, mütəxəssislərin səlahiyyətinə aiddir və iddiaçının istinad etdiyi hallar da yalnız həmin şəxslər tərəfindən dərindən araşdırıldığı və mötəbər sənədlərlə, sübutlarla və digər hallarla əsaslandırıldığı halda öz təsdiqini tapa bilər. Ona görə də, həmin şahid ifadəsi heç bir halda iddiaçının istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa tərəflər arasında bağlanmış podrat müqaviləsindən görünür ki, icraçı tərəfindən görülməli olan işlər konkret müəyyən olunmamış və ümumi sözlərlə (biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması, şirkətin uğurlu imicinin yaradılması, biznes proseslərinin təkmilləşdirilməsi, bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili, marketinq planının hazırlanması və koordinasiyası, zəruri marketinq tədbirlərinin müəyyən edilməsi, marketinq xərclərinin optimallaşdırılması, görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi və eyni zamanda tenderlərin texniki və kommersiya baxımından hazırlanması və kontrol edilməsi, lahiyələrə, texniki şöbəyə və bunlarla bağlı xərclərə nəzarət, görülmüş işlərin nəticələrinin təhlili və qiymət hesabatların hazırlanması və təhlili və digər vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi və sifarişçi tərəfindən təmin ediləcək dövri və cari işlərin yerinə yetirilməsi və s.) ifadə olunmuşdur. Halbuki, həm podrat münasibətləri sahəsində olan işgüzar adətlərə, həm də mövcud məhkəmə təcrübəsində olan işlərə əsasən müəyyən olunur ki, podrat müqavilələri üzrə yerinə yetirilməli olan işlərin siyahısı konkret və dəqiq (mənzilin tikintisi, təmir işlərinin həyata keçirilməsi, malların hazırlanması və s. kimi xidmətlərin göstərilməsi) ifadə olunur və hətta bununla bağlı müqavilə tərəfləri arasında smeta da tərtib olunur. Hazırki işdə isə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə ad olaraq podrat müqaviləsi adlansa da, müqavilə mahiyyət etibarı ilə qarışıq müqavilədir. Belə ki, həmin müqavilə özündə həm də tapşırıq müqaviləsinin elementlərini əks etdirir. Tapşırıq müqaviləsinə dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 777.1-ci maddəsində isə təsbit olunmuşdur ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmçinin hamıya məlumdur ki, istənilən biznes sahəsində hazırlanan layihələrin nəticələri və əldə ediləcək gəlirlərin miqdarı əvvəlcədən mütləq və konkret şəkildə proqnozlaşdırıla bilmir və burada risk faktoru, yəni hazırlanmış layihənin uğursuz olması ehtimalı da həmişə mövcuddur ki, bundan heç kim sığortalanmamışdır. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə yerinə yetirilməli olan işləri (biznes planının hazırlanması, smetanın tərtib olunması və s.) həyata keçirilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, X17 tərəfindən "İddiaçı" MMCyə yola salınmış malların, görülmüş işlərin, və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi məqsədilə (ƏDV-siz) EAAR seriyalı, 070199 №li, xx xxxx 2019-cu il tarixli X6 əsasında 3250,00, EAAU seriyalı, 346834 №li, xx xxx 2019-cu il tarixli X6 əsasında 5000,00, EAAR seriyalı, 070199 №li, xx xxxx 2019-cu il tarixli X6 əsasında 3250,00, EAAU seriyalı, 346834 №li, xx xxx 2019-cu il tarixli X6 əsasında 5000,00, EAAS seriyalı, 319563 №li, xx xxxx 2019-cu il tarixli X6 əsasında 5000,00, EAAV seriyalı, 273727 №li, xx xxxx 2019-cu il tarixli X6 əsasında 5000,00 manat məbləğində xidmətlər göstərilmişdir. Həmçinin, İddiaçı MMC tərəfindən X14 Ref № 105İNTL192141214 saylı xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 510,0 manat, Ref № 105FTRQ191510031 saylı xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 5000,0 manat, Ref № 105FTRQ191270040 saylı xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 5000,0 manat, Ref № 105FTRQ190780005 saylı xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 5000,0 manat, Ref № 105FTRQ190580527 saylı xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında 3250,00 manat xidmət haqqı ödənilmişdir. Qaimə fakturalardan da göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə görülən işlərin müqabilində iddiaçı tərəfindən cavabdehə 18760 manat məbləğində ödəniş aparılmışdır. Bu hal isə onu təsdiq edir ki, cavabdeh tərəfindən həqiqətən də müqavilə üzrə nəzərdə tutulan həcmdə işlər yerinə yetirilmiş, iddiaçı da cavabdehin gördüyü həmin işlərin həcmi və səviyyəsi ilə razılaşaraq həmin işləri qəbul etmiş və cavabdehə vaxtaşırı olaraq ödənişlər etmişdir. Həmçinin kollegiya qeyd edir ki, faktiki olaraq iddiaçı şirkətin işlərinin böyük əksəriyyətinin idarə və həyata keçirilməsi cavabdehə həvalə edilmiş, bununla bağlı iddiaçı şirkətdə müvafiq subordinasiya sistemi və əlaqələri qurulmuş, cavabdeh tərəfindən həmin işlərin həyata keçirilməsi üçün kifayət qədər çoxsaylı işçilər cəlb etmiş, lakin bütün bu münasibətlər əmək münasibətləri ilə əhatə olunmalı olduğu təqdirdə, podrat müqaviləsi adı altında pərdələnmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının həmin tələbi əsassızdır və onun təmin olunması üçün hər hansı bir əsas mövcud deyildir. İddiaçı tərəfindən irəli sürülmüş ikinci tələb müqavilə üzrə ödənilmiş 18250,00 manat pul vəsaitinin geri qaytarılması ilə bağlıdır. Kollegiya hesab edir ki, həmin tələb də əsassızdır. Belə ki, yuxarıda qeyd olunan qaimə fakturalardan da göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə görülən işlərin müqabilində iddiaçı tərəfindən cavabdehə 18760 manat məbləğində ödəniş aparılmışdır. Bu hal isə onu təsdiq edir ki, cavabdeh tərəfindən həqiqətən də müqavilə üzrə nəzərdə tutulan həcmdə işlər yerinə yetirilmiş, iddiaçı da cavabdehin gördüyü həmin işlərin həcmi və səviyyəsi ilə razılaşaraq həmin işləri qəbul etmiş və cavabdehə vaxtaşırı olaraq ödənişlər etmişdir. Əks təqdirdə həmin işlər iddiaçı tərəfindən qəbul edilməz, bununla bağlı akt tərtib edilər və ya cavabdehə qarşı pretenziya irəli sürülər və ən əsası həmin ödənişlər həyata keçirilməzdi. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçı hazırda həmin ödənişlərin geri qaytarılmasını tələb edə bilməz və həmin tələb də rədd edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş üçüncü, yəni işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin zərərin mövcudluğu hər hansı sübutla müəyyən edilmir. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən zərər vurulmasına səbəb ola biləcək öhdəliklərinin pozulması halı da təsdiq edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia tələblərinin təmin edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1192/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar