Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-234/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "X2" MMC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli e-2-2(113)-2074/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh "X2" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, daha sonra isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə 08.07.2021-ci il tarixli ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 öz üzərinə götürdükləri öhdəlikləri icra etməməklə ƏDV daxil 75300,46 manat məbləğində vurduğu maddi ziyanın, işlərin icrasının ümumi gecikdirilməsinə görə 32981,40 manat məbləğində dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumu xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərlə 09.09.2019-cu il tarixində bağlanmış KH0919-05-01-054 saylı subpodrat müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 MMC şirkəti adından Bakı şəhəri, Gəncə prospekti 29, 42A ünvanında yerləşən “Xətai Park” Yaşayış Kompleksi Layihəsində material təchizatı daxil metal konstruksiya işlərini 27.11.2019-cu il tarixinədək yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Halbuki, müqavilə üzrə nəzərdə tutulan işləri nəinki yerinə yetirməmiş, hətta yarımçıq tamamlamadığı işlərdə onun tərəfindən qüsurlara yol verilmişdir. Cavabdehə ƏDV daxil 159640,16 manat pul ödənilmiş, cavabdeh yalnız avtodayanacaqla bağlı işləri 16.03.2020-ci il tarixdə təhvil vermişdir. Avtodayanacaqda işlərin görülməsinə material sərfi 52346,42 manat, işləri görülməsinə görə haqq 31993,28 manat təşkil etmişdir. Təhvil verilməmiş işlərə görə ƏDV daxil 75300,46 manat ödənilsə də, işlər görülməmiş, həmin işlərlə bağlı təhvil-təslim aktı tərtib edilməmişdir. Öhdəliyin icrasının 438 gün gecikdirilməsinə görə müqavilə şərtlərinə əsasən hər gecikən gün üzrə gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində, cəmi 32981,40 manat məbləğində dəbbə pulu hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli e-2-2(113)-2074/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən 61282,69 manat (altmış bir min iki yüz səksən iki manat altmış doqquz qəpik) maddi ziyan, 2000 (iki min) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,50 (on yeddi manat əlli qəpik) manat olmaqla, cəmi 63300,19 (altmış üç min üç yüz manat on doqquz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 12,50 (on iki manat əlli qəpik) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh "X2" MMC qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qisməniddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə bütün işlərin yekun məbləği 197426,35 manat (167310,47 manat+30115,88 ƏDV) təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə bütövlükdə 159640,16 manat pul ödənilmiş, onun 127646,88 manat hissəsi sərf ediləcək materialların dəyərini təşkil etmişdir. Həmin məbləğ materialların alınması üçün əvvəlcədən ödənilmişdir. Məhkəmə görülmüş işlərlə bağlı məhkəməyə yalnız bir aktın-16.03.2020-ci il tarixli aktın təqdim edilməsini (həmin akt əsasında görülmüş işlərin dəyəri materiallarla birgə təxminən ƏDV daxil 97328,69 manat təşkil edir) və podratçının başqa bir subpodratçı ilə müqavilə bağlamasını (həmin müqavilə üzrə 61282,69 manat dəyərində (ƏDV daxil) işlər görülmüşdür) nəzərə alaraq iddia tələbini həmin məbləğ dəyərində qismən təmin etmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, cavabdeh tərəfindən iş üzrə 4 körpü iddiaçıya təhvil verilmişdir. Cavabdeh tərəfindən körpülər qəbul edilmiş və quraşdırılmışdır. İşin hallarından da göründüyü kimi körpülərdə qüsur olsaydı cavabdeh onları qəbul etməzdi və həmin körpülər quraşdırılmazdı. İddiaçı tərəfindən lazımi şərait yaradılmadığı üçün cavabdeh işləri tam başa çatdıra bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə işlərin görülməsini təsdiq edən fotoşəkillər məhkəməyə təqdim olunsa da məhkəmə bunlara qiymət verməmişdir. Bundan əlavə, məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın qarşısında Cavabdeh1 tərəfindən Bakı şəhəri, Gəncə prospekti 29, 42A ünvanında yerləşən “Xətai Park”Yaşayış Kompleksi Layihəsində görülmüş metal konstruksiya işlərinin həcmi və dəyəri nə qədər təşkil edir sualı qoyulmuşdur. Lakin, eksperiza iş üzrə əsaslı səbəb göstərmədən ekspert rəyi verməmişdir. Məhkəmə işin tam araşdırılması üçün mütəxəssis cəlb edərək işin yenidən ekspertizaya göndərilməsini təmin etməmişdir və bununla bağlı cavabdehin verdiyi vəsatətlər təmin olunmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə bütün öhdəliklər tam yerinə yetirilmişdir. Ödənilən pul vəsaiti ancaq mal-material üçün verilmışdır. İddiaçı görülmüş işlərin dəyərini cavabdehə ödəməmişdir. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi cavabdeh tərəfindən işlər tam görülmüş, lakin iddiaçı tərəf müqavilə üzrə son işlərin qəbul edilməsi üçün bilərəkdən lazımi şərait yaratmamış və işlərin qəbulunda süni manelər yaradaraq işləri qəbul etməmışdir. Cavabdeh tərəfindən müqavilə üzrə bütün öhdəliklər tam yerinə yetirilsə də iddiaçı işi qəbul etməkdən imtina etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 30.03.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli e-2-2(113)-2074/2021-029 saylı qətnaməsi maddi ziyan tələbinin təmin edildiyi hissədə dəyişdirilməli, cavabdeh "X2" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 27051,39 manat maddi ziyana görə pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə iddia tələbinin təmin olunduğu hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İşin hallarından görünür ki, tərəflər arasında 09 sentyabr 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmış, cavabdeh iddiaçı üçün müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş işlərin razılaşdırılmış smeta əsasında Bakı şəhəri, Gəncə prospekti, 29, 42 A ünvanında yerləşən “Xətai Park” Yaşayış Kompleksi layihəsində metal konstruksiya işləri görülməsini və müqavilənin 3.4-cü bəndinə əsasən 27.11.2019-cu il tarixdə başa çatdırıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı Əlavəyə, yəni smetaya əsasən cavabdeh tərəfindən görüləcək işləri şərti olaraq 2 hissəyə ayırmaq olar: avtodayanacaqda görülməli olan metal konstruksiya işləri, yanğın və metal (körpü) pilləkənlərinin hazırlanaraq quraşdırılması. Avtodayanacaqda görülməli olan metal konstruksiya işləri cavabdeh tərəfindən görülmüş, iş materiallarına əlavə edilmiş 16.03.2020-ci il tarixli akt əsasında iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən həmin işlərin dəyəri tam ödənilmişdir. Smetaya əsasən həmin işlərə görə cavabdehə 52356,42 manat (ƏDV-siz) mal-material xərci və 30125,50 manat (ƏDV-siz) işlərin görülməsinə görə haqq ödənilməli idi. Bu hissə ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Eyni zamanda işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə cavabdehin hesabına ƏDV ilə birlikdə cəmi 159 640,16 manat vəsait köçürülmüşdür. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən yanğın və metal (körpü) pilləkənləri ilə bağlı işlər tam icra edilməmiş, 2 pilləkən azırlanmamış, 2 pilləkəndə isə qüsurlar aşkar edilmiş, cavabdehə dəfələrlə şifahi müraciət edilsə də, qüsurların aradan qaldırılması və işin təhvil verilməsi təmin edilməmiş, bu səbəbdən iddiaçı həmin işlərin görülməsi üçün “X1 Group” MMC ilə müqavilə bağlamış və həmin şirkətə ƏDV daxil 61282,69 manat ödəmişdir. İddiaçı iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün aşağıdakı sübutları təqdim etmişdir: İş materiallarında olan 11 noyabr 2020-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, “Xətai Park” Yaşayış Kompleksinin məsul vəzifəli şəxsləri qüsur aktı tərtib edərək təsdiq etmişlər ki, 8264.30 manat dəyəri olan 1 ədəd yanğın pilləkəni, 11705.72 manat dəyəri olan C-D bloku üzrə metal körpü hazır edilməmiş, A-B və E-F blokları üzrə metal körpülərə zəruri materiallar 1 saylı Əlavə ilə razılaşdırılandan az sərf edilmişdir. A-B bloku üzrə metal körpülərin razılaşdırılmış dəyəri ilə az miqdarda faktiki sərf olunmuş materiallar nəzərə alınmaqla, material fərqi 7089,38 manat təşkil etmişdir. Həmçinin hazırlanmış pilləkəndə yanlışlıqların aradan qaldırılması üçün A-B bloku metal körpüləri üzrə Podratçıya əlavə 515,35 manat əlavə maddi ziyan vurulmuşdur. Həmçinin E-F bloku üzrə metal körpülərin razılaşdırılmış dəyəri ilə az miqdarda faktiki sərf olunmuş materiallar nəzərə alınmaqla, material fərqi 4615,12 (dörd min altı yüz on beş manat on iki qəpik) manat təşkil etmişdir. Eyni zamanda E- F bloklarında quraşdırma əlavələri üçün 66,68 (altmış altı manat altmış səkkiz qəpik) manat əlavə vəsait tələb olunur ki, bu da əlavə maddi zərəri təsbit edir. Avtodayanacaq 9,50 və 12,50 səviyyəsində metal konstruksiya işçiliyinin müqavilə üzrə tam dəyərinin ödənilməsinə baxmayaraq, müvəqqəti qaynaq olunmuş avtomobil dayanacağının tam qaynaq olunması üçün əlavə 3516,46 (üç min beş yüz on altı manat qırx altı qəpik) manat məbləğində "xxxx" MMC-yə təklif verilmişdir və bu təklif üzrə təsbit edilmiş vəsait Podratçının əlavə maddi zərəri kimi qiymətləndirilir. Podratçı "xxxx" MMC-nin ödədiyi vəsait üzrə əsas maddi zərər məbləğlərinə uyğun artıq ödənilmiş ƏDV məbləği də 5701,41 (beş min yeddi yüz bir manat qırx bir qəpik) manat təşkil edir. İddiaçı cavabdehə hazırlanmış məhsullarda aşkar edilmiş qüsurlara görə dəymiş zərərin (35773,01 manat, ƏDV 5701,41 manat) və 70478,94 manat dəbbə pulunun ödənilməsi barədə 19.11.2020-ci il tarixdə pretenziya məktubu göndərmiş, cavabdeh pretenziya məktubunu həmin tarixdə aldığı halda məktuba münasibət bildirməmiş, iddiaçı 05.04.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, “Podratçı” – "xxxx" MMC ilə “Subpodratçı” – “X1 Group” MMC arasında 11 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi bağlanmış, subpodratçı podratçının tapşırığı əsasında müqaviləyə əlavələrdə təsviri verilmiş metal konstruksiya işlərini yerinə yetirməyi və podratçıya təhvil verməyi, podratçı isə bu müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib, qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarının 113-cü vərəqinə əlavə edilmiş Forma 2 aktına əsasən, “X1 Group” MMC tərəfindən qeyd edilən müqavilə əsasında 2021-ci ilin aprel ayında yerinə yetirilən təmir quraşdırma işlərinin dəyəri 61282,69 manat (51934,48 + 9348,21 ƏDV) manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən 23.12.2020-ci il tarixdə 34080,29 (otuz dörd min səksən manat iyirmi doqquz qəpik) manat, 18.05.2021-ci il tarixdə 17854,19 (on yeddi min səkkiz yüz əlli dörd manat on doqquz qəpik) manat məbləğində pul "X1 Group" MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh2 Zakir oğlu ("X2" MMC-nin direktoru) işə birinci instansiya qaydasında baxılarkən 15.07.2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun tərəfindən 4 metal körpü-pilləkən təhvil verilmiş, iddiaçı 1 metal körpü-pilləkəni qəbul etmiş və quraşdırılmış, işlərin yarımçıq görüldüyünü qəbul etsə də, buna səbəb iddiaçı tərəfindən lazımı şəraitin yaradılmaması olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 14.1ci bəndində müqavilənin icrası müddətində podratçı tərəfindən aşkar olunmuş qüsurlar barədə bildiriş göndərilməsi, bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməli olduğu qeyd edilsə də, qüsurlarla bağlı cavabdehə yazılı bildiriş göndərilməmiş, yalnız pretenziya məktubunda qeyd edilmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bildirilmişdir ki, qüsurların aradan qaldırılması cavabdehdən şifahi olaraq tələb edilmiş, lakin cavabdeh tərəfindən həmin qüsurlar aradan qaldırılmamışdır. İddianın qanuni əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1.-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2.-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında cavabdehin podrat müqaviləsi üzrə işlərin bir hissəsini yerinə yetirmədiyini, bir hissəsini isə qüsurlu yerinə yetirdiyini müəyyən edərək hesab etmişdir ki, həmin işlərin görülməsi üçün digər şirkətə iddiaçı tərəfindən ödənilmiş ƏDV daxil 61282,69 manat məbləğində pul dəymiş ziyan kimi Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismənbu hissədə razılaşır ki, cavabdeh 4 ədəd metal pilləkənin hazırlanmasına görə material xərcini iddiaçıdan tam aldığı halda 1 ədəd metal pilləkəni ümumiyyətlə istehsal etmədiyindən (bu barədə sübut təqdim edə bilməmişdir), istehsal etdiyi metal pilləkənlərdə isə iddiaçı tərəfindən tərtib edilmiş qüsur aktına əsasən qüsurlar olduğundan həmin qüsurların aradan qaldırılması üçün iddiaçının çəkdiyi xərclərin əvəzini ödəməlidir. İddiaçı qüsur aktında 2 ədəd metal pilləkənin (yanğın pilləkəni, C-D bloku üzrə metal körpü) istehsal edilmədiyini qeyd etsə də, “X1 Group” MMC-nin gördüyü işlərlə bağlı Forma 2 aktından görünür ki, həmin şirkət tərəfindən yalnız 1 ədəd metal pilləkən istehsal edilərək quraşdırılmış, digər 3 metal pilləkənlə bağlı isə yalnız təmir və quraşdırma işləri görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qüsurlu da olsa 3 ədəd metal pilləkən hazırlanaraq iddiaçıya verilmiş, lakin öhdəliyin icra müddəti bitməsinə baxmayaraq pilləkənlərin quraşdırılaraq təhvil verilməsi təmin edilməmişdir. Öhdəliyin icra edilməməsində iddiaçının təqsirli olduğu isə cavabdeh tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində hazırladığı pilləkənlərdə qüsurlar olduğuna dair işdə mötəbər sübutlar olmadığını qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, “X1 Group” MMC ilə iddiaçı arasında cavabdehin istehsla etdiyi pilləkənlərin təmiri ilə bağlı müqavilə bağlanması, görülmüş işlərlə bağlı tərtib edilmiş Forma 2 aktı və işlərin dəyərinin “X1 Group” MMC-yə ödənilməsinə dair sübutlar cavabdehin yerinə yetirdiyi işlərdə həqiqətən qüsur olduğunu təsdiq edir. İddiaçı tərəfindən cavabdehə qüsurların müəyyən müddət ərzində aradan qaldırılması üçün yazılı bildiriş göndərilməməsi isə podratçını icra etdiyi işin qüsurlarına görə məsuliyyətdən azad etmir. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən cavabdehə metal pilləkənlərin quraşdırılmasına görə haqq ödənilmədiyindən (ödənilmiş məbləğin yalnız metal pilləkənlərin istehsal edilməsi üçün mal-materialın dəyəri olduğu nəzərə alınarsa) birinci instansiya məhkəməsi metal pilləkənlərin quraşdırılmasına görə iddiaçı tərəfindən “X1 Group” MMC-yə ödənilmiş vəsaiti cavabdehdən tutmağa haqlı olmamışdır. Tərəflər arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, 4 ədəd metal pilləkənin konstruksiya işlərinin dəyəri ƏDV-siz 29009,65 manat (24 696,70+4312,95 manat) razılaşdırılmışdır. Bu məbləğin 18 faiz ƏDV-si 5221,7 manat təşkil etdiyindən müəyyən olunur ki, 4 ədəd metal pilləkənin quraşdırılması üçün smetada nəzərdə tutulmuş məbləğ 34231,3 manat təşkil etmişdir. "xxxx" MMC və “X1 Group” MMC arasında bağlanmış subpodrat müqaviləsinə əlavə edilmiş smetada və təsdiq edilmiş Forma 2 aktında quraşdırma işlərinin dəyəri ayrıca olaraq göstərilmədiyindən məhkəmə hesab edir ki, cavabdehlə bağlanmış subpodrat müqaviləsindəki qiymət əsas götürələrək quraşdırma işlərinə görə cavabdehə ödənilməli olan 34231,3 manat “X1 Group” MMC-yə ödənilmiş 61282,69 manat vəsaitdən çıxılmalı, qüsurların aradan qaldırılması üçün çəkilmiş xərcin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 27051,39 manat müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçının öz əməkdaşları tərəfindən tərtib edilmiş qüsur aktında işin qüsurlu icrasına görə dəymiş ziyanın məbləği 41474,42 manatdan çox olmadığı halda cavabdehdən öhdəliyin qüsurlu icrasına görə 61282,69 manat vəsait tutulmasına dair məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə məbləği kimi cavabdehdən 2000 manat tutulması hissəsində mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə iddia tələbinin rədd edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 15.3-cü bəndinə qeyd edilmişdir ki, işlərin təhvili gecikdirildiyi halda hər gecikmə günü üçün subpodratçıdan müqavilə məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu (müqavilə məbləğinin 10%-dən çox olmamaqla) tutulur. Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə öhdəliyin icrası gecikdirildiyindən iddiaçının xeyrinə cavabdehdən müqavilənin 15.3-cü bəndinə əsasən cərimə tutulmasına dair hissədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli e-2-2(113)-2074/2021-029 saylı qətnaməsi maddi ziyan tələbinin təmin edildiyi hissədə dəyişdirilməli, cavabdeh "X2" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 27051,39 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "X2" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27.10.2021-ci il tarixli e-2-2(113)-2074/2021-029 saylı qətnaməsi maddi ziyan tələbinin təmin edildiyi hissədə dəyişdirilsin. Cavabdeh "X2" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 27051,39 manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-234/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-234/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver