Məhkəmə qərarları › İş №2-2(103)-234/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-234/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-234/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı müqavilə üzrə borcun tutulması barədə Açar söz: podrat müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı müqavilə üzrə borcun tutulması barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4648/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, TE001/2020 saylı Xidmət Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə taxtabənd xidmətləri göstərilmişdir. -Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, sifarişçinin xidmətlərlə qane olması sifarişçi və podratçı tərəfindən imzalanan xidmətlərin təhvil-təslim aktı ilə təsdiqlənəcək.

2. İşlərin icrası barədə təhvil-təslim aktları, hesab fakturalar (invoys) və ümumi dəyəri 70457,91 manat olan elektron qaimələr, tərəflər arasındakı email yazışmaları iş materiallarına əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı cavabdehdən 01 aprel 2020-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 70.457,91 manat borcun, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 6164.73 manat məbləğində pul vəsaitinin və 406 manat mediasiya xərcinin əvəzinin, cəmi 77.028,64 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli, TE001/2020 saylı xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə taxtabənd xidmətləri göstərilmişdir. Qeyd olunan müqavilənin şərtlərinə əsasən yerinə yetirilmiş xidmətlərin dəyəri Podratçı tərəfindən Sifarişçiyə hesab-faktura təqdim edildiyi gündən 60 təqvim günü ərzində ödənilməlidir. Lakin iddiaçı tərəfindən 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında yerinə yetirilmiş xidmətlər hər iki tərəfin təsdiq etdiyi aktlarla qəbul edilsə də bu günədək həmin xidmətlərin dəyəri 70.457,91 manat cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd olunan müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə dəfələrlə şifahi və yazılı müraciət olunsa da, cavabdeh tərəfindən ödəniş hal-hazıradək həyata keçirilməmişdir. Borcun qaytarılmalı olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər faktura üçün cədvəldə qeyd olunan sayda gün keçmişdir. İllik 5 faiz hesablamaqla bir günə düşən faiz dərəcəsi ilə hər faktura üçün hesablama cədvəldə göstərilmişdir. Cəmi məbləğ isə 6164.73 manatdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4648/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə taxtabənd xidmətləri göstərilmiş, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddia xidmət haqqı borcunun tələb edilməsi hissəsində əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə iddianın pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 6164.73 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına əsasən iddia bu hissədə də təmin edilməlidir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4648/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddia tələbi tamamilə əsassızdır. İddiaçı tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına mallar təhvil verilməyib. Digər tərəfdən İddiaçı MMC iddia edir ki, cəmi 77.028,64 manat "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının onlara borcu vardır. Hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Ona görə ki, məhkəmə yalnız İddiaçı MMCnin iddiasının təmin olunması istiqamətində işlər görmüşdür. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmədə təmsil olunmamışdır. Ona görə ki, məhkəmə bildirişlərini almamışıq. Bizim iştirakımız olmadan məhkəmə iddiaçının həqiqətə uyğun olmayan iddia tələbinə baxaraq əsassız qətnamə qəbul etmişdir. Bu da açıq-aşkar qanunun tələblərinə ziddir. İddiaçı MMC tərəfindən bizə elektron qaimələr təqdim edilməmişdir. Ola bilər ki, həmin qaimələr təsdiqlənmiş olsun. Yəni cavabdeh tərəfdən təsdiqlənməyib. Sistem tərəfindən təsdiqlənib.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində borcu mübahisələndirsə də xx.xx.2024cü il tarixdə qətnamə ilə tutulmuş məbləğin böyük bir hissəsini ödəmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə-(əvvəlki redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 10-1.2-ci maddə-məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddə-kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir 10-1.5-ci maddə-bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4648/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda cavabdeh xarici hüquqi şəxs olduğundan mübahisəyə Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmasının qanuni və əsaslı olubolmadığına hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində tərəflər arasında bu müqavilədən irəli gələn mübahisəyə aidiyyəti üzrə Azərbaycan məhkəməsi tərəfindən və Azərbaycan qanunvericiliyi əsasında baxılması nəzərdə tutulduğundan Bakı Kommersiya Məhkəməsinin işə baxmağa səlahiyyətli olduğu və tətbiq edilmiş hüququn düzgün müəyyən edildiyi müəyyən olunur.

17. Tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlandırılsa da, müqavilənin predmetindən görünür ki, iddiaçının işçiləri cavabdehin sifarişi ilə dəyəri əvvəlcədən razılaşdırılmış taxtabənd (işləmək üçün müvəqqəti qurğu) işləri görmüşlər. Müəyyən olunur ki, hüquqi təbiətinə görə iddianın əsasını təşil edən müqavilə podrat müqaviləsidir. Buna görə də, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəni podratla bağlı hüquq münasibətlərini tənzimləyən normalara istinad etməklə həll etmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

18. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına malların təhvil verilmədiyini qeyd edərək borc tələbinin əsassız olduğunu qeyd edir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış müqavilə malların təqdim edilməsi ilə bağlı deyil, sifariş əsasında taxtabənd işlərinin görülməsi ilə bağlı olduğundan bu mülahizə əsassızdır. Bundan əlavə cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş sübutlara etiraz etməmiş, müqavilə üzrə göndərilmiş elektron qaimələrin ləğv edilməsi ilə bağlı qarşı tərəfə müraciət etməmiş, hətta işə apellyasiya qaydasında baxılarkən xx.xx.2024-cü il tarixdə qətnamə ilə tutulmuş borc məbləğinin çox hissəsini ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

19. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən prosessual pozuntuya yol verilmiş, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülməmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022-ci il tarixdən elektron kabineti mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin həm elektron məhkəmə sistemində, həm AVİS (avtomatlaşdırılmış vergi informasiya sistemi) sistemində olan elektron kabinetinə bildiriş yerləşdirilmişdir. Buna baxmayaraq cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Qeyd edilənlərə əsasən işə baxmış məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verildiyi müəyyən olunmur.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4648/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4648/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar