Məhkəmə qərarları › İş №2-2(103)-239/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-239/2020

04.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-239/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh “Cavabdeh» MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(82)-1042/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh “Cavabdeh» MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında xx.xx.2016cı il tarixdə bağlanmış 231 №-li satınalma müqaviləsinin ləğv edilməsi, cavabdehin üzərinə həmin müqavilənin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş 2.250.000 manat və cərimə məbləği 225.000 manat, cəmi, 2.475.000 manat məbləğində pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə bağlanmış 231 №-li satınalma müqaviləsinin şərtlərinə əsasən cavabdeh razılaşdırılmış daşıma qrafikinə uyğun olaraq 2017-ci ildə Azərbaycan Ordunun şəxsi heyətini 300.000 kq birinci dərəcəli dondurulmuş mal əti ilə təmin etməli idi. Müqavilə şərtlərinin yerinə yetirilməsi üçün cavabdehin hesabına xx.xx.2017-ci il tarixdə 1.800.000 manat, xx.xx.2017-ci il tarixdə isə 450.000 manat, cəmi, 2.250.000 manat qabaqcadan ödənişlər (avans) həyata keçirilmişdir. Lakin cavabdeh 2017-ci il ərzində həmin öhdəliyini yerinə yetirməmiş, aralarında imzalanmış xx.xx.2017-ci il tarixli 84 saylı razılaşma protokolu ilə müqavilənin icra müddətinin xx.xx.2018-ci il tarixinədək uzadıldıqdan sonra da müqavilədə nəzərdə tutulmuş mal ətini təhvil iddiaçıya verməmişdir. Ona göndərilmiş pretenziya məktubları heç bir nəticə verməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(82)-1042/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, qətnamə prosessual normalara əməl olunmadan çıxarılmışdır. Məhkəmə iclası barədə cavabdehə heç bir məlumat verilməmiş, qətnamə rəsmi qaydada ona xx.xx.2019-cu il tarixində təqdim olunmuşdur. İddiaçı tərəfindən 250.000 manat cərimə məbləğinin ödənilməsi tələb olunmuş, məhkəmə isə həmin cəriməni tam məbləğdə təmin etmişdir. Halbuki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət ediərək, cavabdehin müqavilə öhdəliyinin qismən icra edərək 481.492,50 manat dəyərində 644.199 kq birinci dərəcəli mal ətini tədarük etdiyini və hazırda onun qalıq borcunun 1.768.507,50 manat, cərimə borcunun isə 48.149,25 manat, ümumilikdə, 529.641,75 manat təşkil etdiyini bildirərək, həmin hissədə iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının qismən iddia tələblərindən imtinası barədə ərizəsi təmin olunmuş və birinci instansiya məhkəməsinin qətnaməsi- qabaqcadan ödənilmiş 481.492,50 manat və ona hesablanmış 48.149,25 manat cərimə, cəmi, 529.641,75 manat məbləğində pulun cavabdehdən iddiaçının qeyrinə tutulması hissəsində ləğv olunimuş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Beləliklə də hazırda, qətnamənin qüvvədə qaldığı - satınalma müqaviləsinin ləğv edilməsi, qabaqcadan ödənilmiş məbləğin 1.768.507,50 (2.250.000-481.992,50) manat və ona hesablanmış 176.850,75 manat (1.768.507,50x10%) cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan hissəsi təşkil edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi - tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixdə bağlanmış 231 №-li satınalma müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə avans olaraq iddiaçı tərəfindən cavabdehin hesabına köçürülən pul vəsaiti ilə bağlı hissələrində mübahisələndirilmir. Qətnamə, cavabdeh tərəfindən prosessual hüquq normalarının pozulması ilə qəbul olunmasına, yəni onun iştirakı olmadan işə baxılmasına münasibətdə, eyni zamanda, mübahisənin mahiyyəti ilə əlaqədar yalnız cərimə məbləğinə münasibətdə maddi hüquq normasının düzgün tətbiq edilməməsi hissəsində mübahisələndirilir. Odur ki, məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinin tələbi baxımından hesab edir ki, işə cavabdehin şikayəti həddində, yəni onun mübahisələndirdiyi dəlillərinə baxılıb qiymət verilməlidir. İlk öncə cavabdehin birinci dəlili ilə əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmətərəfindən məhkəm iclaslarının vaxtı və yeri barədə cavabdehə onun satınalma müqaviləsində və hazırda apellyasiya şikayətində göstərdiyi ünvanına məhkəmə bildirişləri göndərmiş, lakin həmin məhkəmə bildirişləri «bu ünvanda yoxdur» qeydləri ilə geri qaytarılmışdır. Belə olan halda, MPM-in 146-cı maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmədə iştirak edən şəxslərvə nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bidirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, əgər cavabdeh göstərilən ünvanını dəyişmişdirsə bu barədə borclu olduğu iddiaçını və məhkəməni məlumatlandırmağa borclu idi, əks halda, onun iş materiallarında olan ünvanına çatdırılan məhkəmə bildirişləri rəsmi qaydada ona verilmiş hesab olunur. Digər tərəfdən, MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göründüyü kimi, mahiyyəti üzrə maddi hüquq normalarına uyğun qəbul olunmuş qətnamə apellyasiya qaydasında. prosessual hüquq normaları pozulmuş hesab edilərək ləğv oluna bilməz. İşin faktiki hallarından, eyni zamanda, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qətnamə ilə iddiaçı tərəfindən onun hesablaşma hesabına qabaqcadan ödənilmiş pul vəsaitinin birincinin hesablaşma hesabına köçürülməsinin həvalə edilməsi hissəsində razılaşır.Belə çıxır, həmin hissədə qətnaməni mahiyyəti üzrə maddi hüquq normalarına uyğun qəbul edildiyini, yəni həmin hissədə qətnamənin düzgün olduğunu mübahisələndirmir. Lakin şikayətində cavabdeh qətnamənin cərimə məbləği ilə əlaqədar hissəsində mübahisələndirərək həmin hissədə məhkəmənin gəldiyi nəticəni əsassız sayır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə də qətnamə işin hallarına və maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, tərəflər xx.xx.2016-cı il tarixli 231 №-li satınalma müqaviləsinin 17.2-ci bəndi ilə belə razılığa gəlinmişlər - icraçı müqavilədə göstərilən malları daşıma qrafikinə uyğun göndərməkdən imtina edərsə və yaxud vaxtında təhvil verməxsə, «sifarişçi» rafik üzrə təhvil verilməyən, həmçinin təhvil verilməsi üçün gətirilmiş mal keyfiyyətsiz olarsa, həmin miqdarda malın dəyərinin 10 faizi məbləğində icraçıya cərimə tətbiq edir. Bu hal təkrarlandıqda sifarişçi müqaviləni birtərəfli qaydada ləğv edir və icraçıya müqavilə üzrə təhvil verilməyən malın ümumi miqdarının 10 faizi məbləğində cərimə tətbiq edir. İşin yuxarıda qeyd olunan mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, satınalma müqaviləsi (12.3-cü bəndinə müvafiq olaraq) xx.xx.2017-ci il tarixinədək qüvvədə olan bir illik müddət ərzində, iddiaçı tərəfindən cavabdehin hesabına avans olaraq - xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə, cəmi, 2.250.000 manat məbləğində qabaqcadan ödənişlər edilmiş, lakin sonuncu öhdəliyini yerinə yetirməmiş, hətta xx.xx.2017-ci il tarixdə razılaşma protokolu ilə müqavilənin müddəti xx.xx.2018-ci il tarixinədək uzadıldıqdan sonra da (hətta hazırkı günədək) öhdəliyini icra etməmiş, onu gecikdirmişdir. Belə olan halda, cavabdehə avans olaraq ödənilən pul vəsaitinin 10 faizi həcmində cərimə məbləğinin cavabdehdən tutulmasının tələb tələb olunması əsaslıdır. Konkret halda isə, işin yuxarıda qeyd olunan halarından göründüyü kimi, cavabdehin qismən ödənişindən və həmin hissədə məhkəmənin qərardadı ilə işə xitam verildikdən sonra onun iddiaçıya 1.768.507,50 məbləğində qalıq borcu və həmin 10 faizlə hesablanan cərimə borcu isə 176.850,75 manat təşkil edir. Cavabdehin şikayətində Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməsi baxımından, onun dolayısı ilə iddiaçının köçürülməsini tələb etdiyi cərimə məbləğinin məhkəmə tərəfindən azaldılmaması ilə bağlı olan biri narazılığını ifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının cərimə tələbi hissəsində gəlinən nəticə məhz Mülki Məcəllənin qeyd olunan normasına uyğundur. Çünki, Məcəllənin qeyd olunan 467-ci maddəsinin imperativ tələbindən göründüyü kimi, yüksək cərimə (dəbbə) məbləğinin tənasüblüyünü müəyyən edərkən, məhkəmə mütləq qaydada kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdır. Konkret halda da məhz, məhkəmə, Azərbaycan Ordusunun ərzaqla təmin edilməsit məqsədləri üçün 2017-ci ilin əvvəlində cavabdehlə bir il müddətinə bağladığı satınalma müqaviləsi üzrə sonuncu tərəfindən tədarük olunmalı mal ətinin iddiaçıya təhvil verilməməsi, eyni ilə, müqavilə müddəti 6 ay uzadıldıqdan sonra da (hətta hazırkı günədək) öhdəliyini yerinə yetirməməsi və bu günə onda iddiaçının göçürdüyü puldan 1.768.507,50 məbləğində qalığının mövcudluğu, bütün bunlar ölkənin müdafiəsi funksiyalarını üzərində daşıyan iddiaçının Azərbaycan Ordusunun ərzaq məhsulları ilə təchiz edilməsi sahəsində dövlət qarşısındakı vəzifəsinin icrasına xərəl gətirməklə, onun əsaslı mənafeyinə toxunmaya bilməz. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsi düzgün təfsir olunmuş və düzgün də tətbiq olunmuş hesab edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin qeyd olunan normaya istinad olunan dəlilləri əsasızdır. Ən azından Mülki Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm təmin olunan, o cümlədən, cərimə məbləği hissəsində də maddi hüquq normalarına uyğun çıxarılmışdır. Belə olan halda, MPM-in 387.1-ci və 385.2-ci maddələrinin tələbi baxımından, həmin qətnamənin prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş hesab edilə və cavabdehin formal mülahizələrinə görə ləğv oluna bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir: -onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(82)-1042/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi - tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 231 №-li satınalma müqavilənin ləğv edilməsi, həmin müqavilənin icrası üçün qabaqcadan ödənilmiş 1.768.507,50 manat və cərimə kimi hesablanmış 176.850,75 manat, cəmi, 1.945.358,25 manat (bir milyon doqquz yüz qırx beş min üç yüz əlli səkkiz manat) pul vəsaitinin iddiaçı Azərbaycan Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin cavabdeh “Cavabdeh» MMC-nin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Cavabdeh» MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(82)-1042/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi – tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 231 №-li satınalma müqavilənin ləğv edilməsi, həmin müqavilənin icrası üçün qabaqcadan ödənilmiş 1.768.507,50 manat və cərimə kimi hesablanmış 176.850,75 manat, cəmi, 1.945.358,25 manat (bir milyon doqquz yüz qırx beş min üç yüz əlli səkkiz manat 25 qəpik) pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin cavabdeh “Cavabdeh» MMC-nin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar