Məhkəmə qərarları › İş №2-2(103)-24/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-24/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-24/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X13 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 944000 manat məbləğində maddi zərərin, 300000 manat məbləğində mənəvi zərərin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilən 410 manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilən 1002 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin verilməsinə görə ödənilən 141,20 manat dövlət rüsumunun, ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına görə ödənilən 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4641/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" firması xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Təsis müqaviləsindən görünür ki, "xxxx" firmasının nizamnamə fondunda paylar Cavabdeh 55%, X14 25% və X3 20% məxsusdur.

3. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" firmasının təsisçiləri Cavabdeh, X20 və X6 olmaqla, onların nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh - 55%, X20 - 25% və X6 - 20% müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı cavabdehdən 944000 manat məbləğində maddi zərərin, 300000 manat məbləğində mənəvi zərərin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilən 410 manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilən 1002 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin verilməsinə görə ödənilən 141,20 manat dövlət rüsumunun, ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına görə ödənilən 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" firması 20 may 1994-cü il tarixində təsisçilər Cavabdeh 55 faiz, X20 25 faiz və Əhməd (Əhmədov) Çingizxan İsax oğlu 20 faiz nizamnamə kapitalında payları əmlak və puldan ibarət olmaqla 1 nömrəli protokol ilə təsis edilmiş, 18 avqust 1994-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq 15145 saylı şəhadətnamə verilmişdir. Həmin vaxtdan hal-hazıra kimi firma faktiki olaraq fəaliyyətdədir. Cavabdeh natəmiz əməllərindən bezən digər təsisçi X20 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək firmanın nizamnamə kapitalındakı 25 faiz payına mütənasib şəkildə payının natura şəklində ayırmasına müvəffəq olmuşdur, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-2672 2002 saylı qətnaməsi ilə iddia təmin edilərək 18 avqust 1994-cü il tarixdə 15145 № ilə dövlət qeydiyyatından keçmiş "xxxx" firmasının bütün əmlakının 25 faizi naturada ayrılaraq X14 verilməsi, Bakı şəhəri Tİ və MHQİ tərəfindən "xxxx" firmasınıa xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 25 faizinə ayrıca qeydiyyat vəsiqəsi vermək vəzifəsi həvalə olunması, "xxxx" firmasına məxsus bütün dəzgah və avadanlıqlar təyinatına zərər vurulmadan bütün kommunal və digər xidmətlərdən istifadə qaydaları ilə bərabər mütənasib şəkildə bölünərək 25 faizi X15 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-2672 2002 saylı qətnaməsi icraya yönəlmişdir. X1 "xxxx" firması nizamnaməsindəki 25 faiz payının naturada "xxxx" firması əmlakından ayrılmasına mane olduğuna və özbaşınalıq etdiyinə görə Nizami Rayon Məhkəməsinin 02 iyun 2006-cı il tarixli 1-10 2006 saylı hökmü ilə Cavabdeh AR CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat miqdarında cərimə edilmişdir. Daha sonra Cavabdeh X1 "xxxx" firması nizamnaməsindəki 25 faiz payının naturada "xxxx" firması əmlakından ayrılmasına mane olması və 11 may 2011-ci il tarixində yenə də icra yerində icra məmurlarına mane olmaqla şəxsi maraqları naminə qanunsuz əməllərini davam etdirərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu səbəbdən Nizami Rayon Məhkəməsinin 03 aprel 2013-cü il tarixli 1(007)-3/2013 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi iə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətində dövlət və qeyri dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilat-sərəncamverici və ya inzibati təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilməklə ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bu hallardan qəzəblənən Cavabdeh 2011-ci ilin avqust ayından 2013-cü ilin 20 iyun tarixinə kimi "xxxx" firması təsisçilərinin yeddi protokol-qərarlarının qəbul edilməsinin təşəbbüskarı olmuşdur. Həmin protokol-qərarlar ziddiyyətli olmalarına rəğmən, onun nizamnamə kapitalındakı payının artırılmasına səbəb olmuşdur. Protokol-qərarlarda təsisçilərin payları aşağıdakı kimi əks olunmuşdur. 2011-ci il avqust ayında tərtib olunmuş protokol-qərarda Cavabdeh qudası X8 firmanın direktoru təyin edilmişdir. Təsisçilərin nizamnamə kapitalındakı payları: Cavabdeh-55%, Əhmədov Ə.İ.-25% İddiaçı- 20% (bu protokol qərarı Cavabdeh hamıdan gizlədib), xx.xx.2011-ci il tarixli 03 №li Protokol-qərarda X8 yeni təyin edilmiş direktor kimi qeyd olunub. Təsisçilərin nizamnamə kapitalındakı payları: Cavabdeh-55%, Əhmədov Ə.İ.-25%, Əhməd C.İ.-20 % olmuşdur. xx.xx.2011-ci il tarixli 2 №li Protokol-qərarda "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə audit yoxlamasının nəticəsinə görə guya təsisçilərin nizamnamə kapitalındakı payları: Cavabdeh-99,991% Əhmədov Ə.İ.- 0.005%, İddiaçıİ-0.004%-olmuşdur. Bundan 15 gün sonra, yəni 2011-ci ilin 15 dekabr tarixində tərtib olunmuş və 30 dekabr 2000-ci il tarixinə aid edilməklə saxtalaşdırılmış 1 №li protokol qərarda isə göstərilmişdir ki, guya təsisçi X20 təsisçilikdən çıxarıldığı üçün "xxxx" firmasının nizamnaməsində dəyişiklik edilsin. 15 dekabr 2011-ci il tarixində tərtib edilərək 30 dekabr 2000-ci il tarixə saxtalaşdırılaraq aid edilən 1 № Protokol-qərara 13 fevral 2012-ci il tarixində "xxxx" firmasının təsisçilərinin növbəti saxta qərarında öz əksini tapır və bu qərarın əsasında 09 mart 2012-ci il tarixdə "xxxx" firmasının nizamnaməsində dəyişiklik edilir (və təsisçi X20 bu qərarla faktiki olaraq qeyri qanuni "xxxx" frması təsisçiliyindən çıxarılır) Yuxarıda sadalanan auditor rəylərinə istinadən Cavabdeh təkidi ilə qəbul olunan "xxxx" firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı "xxxx" firmasının digər təsisçilərinə məxsus olan 44.996 faiz təsisçilik paylarının Cavabdeh tərəfindən mənimsənilməsinə gətirib çıxarır. 15 dekabr 2012-ci il tarixli qərarla "xxxx" firmasının ləğvetmə komissiyası yaradılır. 20 iyun 2013-cü il tarixində isə təsisçi Cavabdeh digər təsisçi, nizamnamə kapitalındakı payı 20%-dən 0.004% endirilən İddiaçı təsisçilikdən çıxarılmasına dair təkbaşına qərar qəbul edərək X4 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edir və "xxxx" firmasının digər təsisçilərinin cəm 45% nizamnamə kapitalındaki paylarının tam mənimsənilməsini qanuniləşdirmək istəyir. KHŞDQİ-si "xxxx" firmasının təsisçisi Cavabdeh əməllərindən çoxlu şikayətlər olduğuna görə sonuncu dəyişikliyə dair müraciəti yerinə yetirmir. Cavabdeh sadalanan protokol qərarları qanuniləşdirmək məqsədi ilə 2010-cu ilin yanvar ayından 2014-cü ilin aprel ayına kimi xüsusi sifarişlə beş auditor rəyi tərtib etdirmişdir. Həmin auditor rəyləri özü özülüyündə ziddiyyətli olmaqla yanaşı "xxxx" firması təsisçilərinin ziddiyyətli protokol-qərarlarını da əks etdirdiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2017-cü il tarixli 2(005)-460/2017 saylı qətnaməsi ilə "xxxx" MMC-nin 12 iyun 2013-cü il tarixli auditor hesabatını, sərbəst auditor X9 tərəfindən verilmiş 28 yanvar 2010-cu il tarixli S.A.Seriyalı, N47466 №-li auditor rəyi, "xxxx" MMC-nin 10 dekabr 2011-ci il tarixli və 20 dekabr 2012-ci il tarixli 12 №-li və “RR-VAM” X5” MMC-nin 28 aprel 2014-cü il tarixli AR 15 №-li auditor rəyini etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 25 oktyabr 2017-ci il tarixli 2(103)-7672/2017 saylı qətnaməsinin 32, 33, 36 və 37 səhifələrində, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 03 iyul 2018-ci il tarixli 2(102)-2728/2018 saylı qərarının 8, 9 və 10-cu səhifələrində "xxxx" firması təsisçilərinin müxtəlif vaxtlara aid protokol-qərarlarının ziddiyyətli və anlaşılmayan olmaları xüsusi ilə vurğulanmışdır. "xxxx" firmasından zorən uzaq saxlanıldığına görə Cavabdeh iddiaçıya bildirdiyi bu yalanları isbat edə biləcək dəlil əldə etməkdən belə məhrum etmişdir. Ona görə də necə ki, auditor rəyləri mübahisələndirilməmiş və etibarsız sayılmamışdırsa "xxxx" firmasının 13 fevral 2012-ci il tarixli qərarının da mübahisələndirilməsinin yeri yox idi. 03 iyul 2018-ci il tarixində yuxarıda sadalanan beş auditor rəylərinin etibarsız sayılmasına dair məhkəmə aktı qanuni qüvvəsini alandan sonra Cavabdeh "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli auditor rəyinin guya düzgünlüyünü və həmin rəydə göstərilən təsisçilərin paylarının həqiqətə uyğun olmasını müəyyən etmək üçün təkrar audit yoxlaması keçirilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının "X17" MMC tərəfindən verilmiş 805-saylı xx.xx.2018-ci il tarixli auditor rəyinə əsasən firmanın nizamnamə kapitalı 2369774,27 manat həcmindədir və hər biri 10 manat olmaqla 236977,4 paydan ibarətdir. Təsisçilərin nizamnamə kapitalındakı payları göstərilən kimi olmuşdur. İddiaçı-0,004 faiz 98,26 manat, 9,83 ədəd pay 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh-99,996 faiz 2369676,01 manat, 236967,6 pay 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklində, təkrar auditor rəyindan görünür ki, firmanın nizamnamə kapitalında təsisçilərin payları dəyişməmişdir, etibarsız hesab edilmiş "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli auditor rəyində göstərilən təsisçilərin payı ilə eynidir. Heç bir rəqəm dəyişikliyi aşkar edilməmişdir. Yenə də yalan, yenə də saxtakarlıq. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2353/2021 saylı qərarında göstərilmişdir ki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, "xxxx" firmasının idarəedici orqanı (qanuni təmsilçisi) mövcud deyil, müəssisənin cəmi iki təsisçisi olmaqla, təsisçilərin ümumi yığıncağı keçirilməmişdir. Lakin Cavabdeh, buna səlahiyyətli olmadan, müəssisənin adından “X18” MMC ilə 05 oktyabr 2018-ci il tarixdə audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışdır. Yəni həmin müqavilə müəyyən edilmiş prosedura riayət edilməməklə və müəssisənin adından belə səlahiyyətlə çıxış etmək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Bu səbəbdən, işin faktiki hallarını araşdıran məhkəmələr cavabdehlər arasında bağlanmış həmin müqavilənin etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh “X18” MMC ilə müqaviləni təsisçi kimi öz adından deyil, Firmanın adından imzalamışdır ki onun buna hüququ və səlahiyyəti olmamışdır, bu səbəbdən də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2021-ci il tarixli 02-101 saylı cavab məktubunda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2353/2021 nömrəli iş üzrə 2021-ci il 24 may tarixli qərarı Palataya da daxil olmuşdur. “X18” MMC-nin auditoru X19 Palataya dəvət edərək yuxarıda qeyd olunan Qərarların icrası ilə bağlı izahatı alınmışdır. Bununla əlaqədar “X18” MMC-nin direktoru X10 tərəfindən xx.xx.2021-ci il tarixində Palataya göndərilən məktubda "xxxx" firması ilə bağlanmış müqavilə və həmin müqavilənin şərtlərinə əsasən tərtib olunmuş 08 oktyabr 2018-ci il tarixli auditor rəyinin ləğv olunması qeyd olunmuşdur. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının artıq icra olunmasını İddiaçı bildirmişlər. Cavabdeh tərəfindən xüsusi sifarişlə öz xeyrinə yazdırtdığı altıncı auditor rəyi də məhkəmə tərəfindən etibarsız sayılandan sonra "xxxx" firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız sayılmasına əsas yarandı. Belə ki, "xxxx" firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı saxtalaşdırılmış yəni tam yalan və uydurma auditor rəylərinindən götürülmüş rəqəm və tarixlərə istinadən tərtib olunması sübuta yetmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli, 2(102)-2728/2018 saylı qərarının 12-ci səhifəsinin birinci abzasında da qeyd olunmuşdur ki, “Cavabdeh "xxxx" firmasının digər təsisçilərindən gizli mühasibat xidməti göstərən “AZEL İŞ LTD” firmasına müraciət edib, "xxxx" firmasının keçmiş illərə aid mühasibat sənədlərini yenidən tərtib etdirərək 31 iyul 2007-ci il tarixli aktı əldə etmişdir. Həmin akta əsasən "xxxx" firmasının təsisçilərinin nizamnamə kapitalındakı payları Cavabdeh-99,989%, X20-0,006%, İddiaçı-0,005% göstərilmişdir. Lakin nizamnamə kapitalının artırılması mütləq şəkildə təsisçilərin ümumi yığıncağının qərarı ilə həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulsa da, belə bir qərarın olmaması həmin aktda öz əksini tapmışdır (səh. 14, 9-cu abzas). İş materiallarından göründüyü kimi mübahisələndirilən auditor rəyləri tərtib olunan zaman ilkin mühasibat sənədləri tələb olunmadan, ilkin mühasibat sənədlərinə istinad olunmadan “AZEL İŞ LTD” firmasının 31 iyul 2007-ci il tarixdə tərtib olunmuş aktına əsasən tərtib olunduğundan düzgün olaraq məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir.” Bununla da Cavabdeh tərəfindən "xxxx" firmasının digər təsisçiləri olan doğma qardaşlarının nizamnamə kapitalındakı paylarını mənimsəmək məqsədi ilə "xxxx" firmasınin ilkin mühasibat sənədlərini tamamilə məhv edərək öz saxtakarlığına uyğun yenisini tərtib etdirməsi sübuta yetmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-33/2022 saylı qətnaməsi ilə "xxxx" firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Bundan sonra yuxarıda sadalanan altı auditor rəylərinin və "xxxx" firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilmələrinə dair məhkəmə qərarlarının qanuni qüvvəsini almasına əsaslanaraq Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2- 1(103)- 168/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi və cavabdehin üzərinə iddiaçının "xxxx" firmasının nizamnaməsinə dəyişikliyin etibarsız hesab edilməsi və əvvəlki təsisçilik payının bərpa edilməsi” barədə müraciətinə bu qərarda göstərilənlər nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur, qərar icraya yönəlmiş və Cavabdeh tərəfindən mənimsənilən digər təsisçilərin nizamnamə kapitallarındakı payları özlərinə qaytarılaraq ilkin variantdakı kimi Cavabdeh 55 faiz, X20 25 faiz və Əhməd (Əhmədov) Çingizxan İsax oğlu 20 faiz olmasına dair çıxarış Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən **********015200 nömrə ilə xx.xx.2023-cü il tarixində verilmişdir. Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qərarları ilə tam sübüt olunmuşdur ki, Cavabdeh iddiaçıya qarşı mülki-hüquq pozuntusu törətmişdir. Cavabdeh iddiaçıya qarşı məqsədyönlü şəkildə mülki-hüquq pozuntusu törətməsinə dair ilkin məlumatı 2013-cü ilin oktyabr ayında əldə edə bilmişdir. Belə ki, 09 sentyabr 2013-cü il tarixinə kimi cavabdehlə aralarında bir problem olmamış, cavabdeh "xxxx" firmasının prezidenti kimi bütün səlahiyyətlər əlində olduğundan firmanın vergi hesabatını verirdi, Vergilər İdarəsinə DSMF-na ödəmələri edirdi, digər vəzifələri yerinə yetirməklə yanaşı nizamnamə kapitalında (onun təşəbbüsü və təkidi ilə) 2012-ci ilin mart ayında edilən dəyişikliklərə rəğmən əvvəlki kimi yenə də "xxxx" firmasının nizamnamə kapitalındakı 20 faiz payına uyğun hər ay gəlirini də iddiaçıya şəxsən ödəyirdi. Lakin cavabdehin məkirli niyyətindən xəbəri olmadığı və 20 faiz payına uyğun gəlirini vaxtaşırı verdiyindən onun əslində hansı saxtakarlıqlar etməklə qarşıda nə kimi müsibətlər gətirəcəyindən tam məlumatsız idi, ağlına belə gəlməzdi ki, cavabdeh iddiaçının üzünə gülə-gülə iddiaçını "xxxx" firmasının təsisçiliyindən çıxarmaqdan ötəri 20 iyun 2013-cü il tarixində təkbaşına qərar qəbul edərək iyul ayında X4 Dövlət Qeydiyyatı İdarəsinə müraciət etsin. Həmin 20 iyun 2013-cü il tarixli "xxxx" firmasının təsisçisi Cavabdeh qərarının surəti iddiaçıya 2014-cü ilin fevral ayında Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təqdim olunmuşdur, o vaxta kimi belə bir qərarın mövcudluğundan xəbərsiz idi. X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 20 iyun 2013-cü il tarixli "xxxx" firmasının təsisçisi Cavabdeh qərarına istinadən verilmiş ərizəsinə imtina cavabı veriləndən sonra o əvvəldən planlaşdırdığı sonuncu addımı ataraq iddiaçının "xxxx" MMC-nin baş direktor vəzifəsindən azad olunmasına dair 09 sentyabr 2013-cü il tarixində cəfəng, həqiqətdən kənar və tam iftira ilə dolu olan bir əmr vermişdir. Halbuki "xxxx" firmasının təsisçisi olmaqdan əvvəl xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “İnter Turan” Elmi istehsalat X2 hüquq və kadr məsələləri üzrə vitse- prezident (prezident Cavabdeh) vəzifəsində işləmiş, avqust 1992-ci il tarixində "xxxx" firması ilk dəfə təsis ediləndə 20 faiz təsisçi payı olmaqla yanaşı həmdə "xxxx" firmasının prezidenti vəzifəsində işləmiş, "xxxx" firması 20 may 1994-cü il tarixində təsisçilər Cavabdeh 55 faiz, X20 25 faiz və İddiaçı 20 faiz nizamnamə kapitalında payları olmaqla yenidən təsis edilərək 18 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasından əvvəl Cavabdeh təsisçilər tərəfindən firmanın prezidenti seçilmişdir. xx.xx.2006-cı il tarixdə Cavabdeh tərəfindən yeni təsis edilən "xxxx" MMC-nin baş direktoru vəzifəsinə təyin olunmuşdur. "xxxx" MMC-nin 2011-ci ilin 12 may tarixinə kimi balansında heç bir əmlakı olmayıb, "xxxx" firmasına məxsus və balansında olan əmlakın bir hissəsini Cavabdeh "xxxx" MMC-yə icarə müqaviləsi əsasında təmənnasız ötürəndən sonra həmin əmlakda fəaliyyət göstərmişdir, eyni zamanda "xxxx" firmasının əmlaklarında avtodayanacaq, ticarət, iaşə, məişət, tibbi, müxtəlif çeşidli sexlər və s. obyektlər bu gündə fəaliyyət göstərir, bəziləri icarəyə verilib bəziləri isə Cavabdeh tərəfindən işlədilərək gəlir əldə edilib mənimsənilir və digər təsisçilərə bir manat belə ödənilmir. Cavabdeh iddiaçıya qarşı mülki-hüquq pozuntusu törətməsində əsas məqsəd "xxxx" firmasının nizamnamə kapitalındaki 20 faiz payını mənimsəməklə yanaşı həmin faizə uygun hər ay iddiaçıya verilən gəlirdən məhrum etmək, "xxxx" firmasının əmlakındakı 20 faiz payını da öz adına keçirmək olmuşdur ki, iddiaçı da digər təsisçi X7 nizamnamə kapitalındakı payına mütənasib 20 faizinə uyğun çıxarış ala bilməsin. Beləliklə faktiki olaraq 2013-cü ilin avqust ayında Cavabdeh firma prezidenti kimi iddiaçıya sonucu dəfə "xxxx" firmasının nizamnamə kapitalındaki 20 faiz payına mütənasib 9700 manat pul verdi, yəni 20 faiz firmanın aylıq gəlirlərinə bağlı olduğu üçün ölkə ərazisindəki qiymət artımlarına əsasən gəlirlərdə ilbəil artırdı. "xxxx" firmasının gəlirlərinə gəldikdə sonralar anlamışdır ki, Əhmədov X11 İdarəsini də aldadırmış vergi ödəməkdən yayınırmış. Sonralar bunlar barədə dəfələrlə Vergilər Nazirliyinə şikayətlər etmiş və nəticə etibarı ilə "xxxx" firması və "xxxx" MMC dəfələrlə cərimələndi və hətta cinayət işi açıldı. 2023-cü ilin sentyabr ayında düz on il olur ki, Cavabdeh iddiaçıya qarşı mülki-hüquq pozuntusu törətməsi nəticəsində bəlkə iki yüzdən çox məhkəmə çəkişmələrində olmuş, nizamnamə kapitalındakı 20 faiz payına uyğun gəlirdən məhrum edilmiş, mənəvi əzab və maddi sıxıntı çəkmişdir. Cavabdeh isə iddiaçıya çatası gəlirləri mənimsəmişdir. İndi iddiaçıya çatası gəlirlərin qaytarılma vaxtı artıq çatmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə isbat oldu ki, o məkirli niyyəti ilə iddiaçının başına nələr gətirib, həmin qərarlarda onun bütün fırıldaqları, saxtakrıqları, hiyləgərliyi tam üzə çıxıb. "xxxx" firmasının əmlakına gəldikdə bildirir ki, 10 oktyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində “Azəraudit” mərkəzinin rəyinə görə "xxxx" firmasının daşınar daşınmaz əmlakının dəyəri 9247011,23 ABŞ dolları təşkil etmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən 5847 kv.m-dən ibarət olmuşdur, halbuki faktiki istifadədə olan sahə xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən 6725.5 kv.m-dən ibarətdir. Həmin qeyri-yaşayış sahəsi 2013cü ildən hal-hazıra kimi Cavabdeh sərəncamındadır, əmlakdan gələn bütün gəlirləri də o götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Göstərilənlərə əsasən müraciət edən mülki məhkəmə icraatının səmərəliliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4641/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, hazırki mübahisə "xxxx" firmasının gəlirlərinin 2013-cü ilin avqust ayından hazıradək 20% payının ödənilməsi ilə əlaqədar maddi zərərlə bağlıdır və bu tələb firmanın təsisçisi olan iddiaçı tərəfindən digər təsisçisi olan cavabdehə qarşı irəli sürülmüşdür. Göründüyü kimi "xxxx" firmasının təsisçisi iddiaçı tərəfindən pulun ödənilməsi digər təsisçi olan cavabdehdən tələb edilir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra cavabdeh məsuliyyət daşımadığından iddia təmin oluna bilməz. Belə ki, göstərilən maddədə hüquqi şəxsin təsisçilərinin məhz onun yaradılması ilə bağlı məsuliyyəti nəzərdə tutulmuşdur. Nə qədər ki, hüquqi şəxsin təsisçilərinin onun yaradılması ilə bağlı fəaliyyəti hüquqi şəxsin dövlət qeydiyyatına alınana qədər həyata keçirilir, onların məsuliyyəti də bu dövrlə məhdudlaşır. Belə ki, yaradılmış hüquqi şəxs öz hərəkətləri üçün özü məsuliyyət daşıyacaq. Təsisçilərin hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyətləri nəzərdə tutulmuşdur. Birgə məsuliyyət mülki hüquq məsuliyyəti növləri arasında daha sərt olduğundan ancaq qanunda və ya müqavilədə nəzərdə tutulduqda tətbiq olunur. Ümumi qaydaya görə birgə məsuliyyəti birlikdə ziyan vurmuş şəxslər daşıyırlar. Nə qədər ki, hüquqi şəxsin yaradılmasında bərabər hüquqlu və birgə vəzifəli bir neçə təsisçi iştirak edir, onlar yaranmış öhdəliklər üçün birgə məsuliyyət daşıyırlar. Odur ki, hazırkı vəziyyətdə cavabdeh iddia tələbi üzrə cavab verməli olan şəxs olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddianın mənəvi zərər tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia tələbinin mənəvi zərər tələbi eyni faktlara və maddi ziyanın vurulmasına əsaslandığından və yuxarıda göstərilənlərə əsasən iddia həmin hissədə rədd olunduğundan iddia mənəvi ziyanın tutulması hissəsində də təmin oluna bilməz.

8. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə AR MM-nin 46-cı maddəsi tətbiq edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4641/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 46-cı maddəsini (Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.) düzgün tətbiq etməmişdir. Belə ki, əvvəla Mülki Məcəllənin 52.1.-cı maddəsinə əsasən Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin məcəllənin 52.2.-ci maddəsinə əsasən Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Lakin "xxxx" firması nizamnaməsinin 16-cı bəndinə əsasən Miləssisə təsisçinin öhdəliklərinə görə məsuliyyət daşımır. Təsisçi müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşıyır. Digər tərəfdən, MM-nin 46-cı maddəsində göstərildiyi kimi Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıdıqları nəzərdə tutulmuşdur, lakin həmin maddədə bir təsisçinin digər təsisçiyə qarşı mülki hüquq pozuntusu törətdiyinə görə birgə məsuliyyət daşımaları nəzərdə tutulmadığından hazırki mübahisədə məsuliyyəti birbaşa cavabdeh təsisçi Cavabdeh daşıyır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 45-ci maddənin tələblərinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, "xxxx" firması xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təsis müqaviləsindən görünür ki, "xxxx" firmasının nizamnamə fondunda paylar Cavabdeh 55%, X14 25% və X3 20% məxsusdur. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən "xxxx" firmasının təsisçiləri Cavabdeh, X20 və X6 olmaqla, onların nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh - 55%, X20 - 25% və X6 - 20% müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, mübahisənin həll edilməsi üçün ilk növbədə subyektiv hüquq məsələsi yoxlanılmalı, cavabdehin iddiaya cavab verən şəxs kimi düzgün seçilib-seçilməməsi müəyyən edilməlidir. Belə ki, iddiaçının tələbi maddi zərər kimi adlandırılsa da mahiyyət olaraq 2013-cü ildən hal-hazıra qədər dividentlərin ödənilməsi ilə bağlıdır. Kollegiya iddia tələbinin necə adlandırılmasından asılı olmayaraq mübahisənin hüquqi əsasını və tərəflər arasında olan münasibətləri müəyyən etməlidir. Mübahisə mahiyyət olaraq iddiaçıya 2013cü ildən sonra aylıq dividendlərin ödənilməməsi ilə bağlıdır. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, hazırki mübahisə "xxxx" firmasının gəlirlərinin 2013-cü ilin avqust ayından hazıradək 20% payının ödənilməsi ilə əlaqədar maddi zərərlə bağlıdır və bu tələb firmanın təsisçisi olan iddiaçı tərəfindən digər təsisçisi olan cavabdehə qarşı irəli sürülmüşdür. Göründüyü kimi "xxxx" firmasının təsisçisi iddiaçı tərəfindən pulun ödənilməsi digər təsisçi olan cavabdehdən tələb edilir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra cavabdeh məsuliyyət daşımadığından iddia təmin oluna bilməz. Belə ki, göstərilən maddədə hüquqi şəxsin təsisçilərinin məhz onun yaradılması ilə bağlı məsuliyyəti nəzərdə tutulmuşdur. Nə qədər ki, hüquqi şəxsin təsisçilərinin onun yaradılması ilə bağlı fəaliyyəti hüquqi şəxsin dövlət qeydiyyatına alınana qədər həyata keçirilir, onların məsuliyyəti də bu dövrlə məhdudlaşır. Belə ki, yaradılmış hüquqi şəxs öz hərəkətləri üçün özü məsuliyyət daşıyacaq. Təsisçilərin hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyətləri nəzərdə tutulmuşdur. Birgə məsuliyyət mülki hüquq məsuliyyəti növləri arasında daha sərt olduğundan ancaq qanunda və ya müqavilədə nəzərdə tutulduqda tətbiq olunur. Ümumi qaydaya görə birgə məsuliyyəti birlikdə ziyan vurmuş şəxslər daşıyırlar. Nə qədər ki, hüquqi şəxsin yaradılmasında bərabər hüquqlu və birgə vəzifəli bir neçə təsisçi iştirak edir, onlar yaranmış öhdəliklər üçün birgə məsuliyyət daşıyırlar. Odur ki, hazırkı vəziyyətdə cavabdeh iddia tələbi üzrə cavab verməli olan şəxs olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddianın mənəvi zərər tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia tələbinin mənəvi zərər tələbi eyni faktlara və maddi ziyanın vurulmasına əsaslandığından və yuxarıda göstərilənlərə əsasən iddia həmin hissədə rədd olunduğundan iddia mənəvi ziyanın tutulması hissəsində də təmin oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə həmçinin onu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardadının icrası ilə bağlı təqdim edilmiş “X25” MMC tərəfindən auditor rəyinin tərtib edilməsi üçün nəzərdə tutulmuş 5000 manat məbləğində xidmət haqqı yüksək məbləğdə hesablandığı üçün kollegiya həmin məbləğin 500 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir.

18. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs öz idarəetmə orqanları vasitəsi ilə mülki hüquqlar və vəzifələr əldə edir. Hüquqi şəxsin öhdəliyinə görə təsisçinin məsuliyyət daşıması qanunvericilikdə nəzərdə tutulmayıb. Apellyatorun şikayətdə istinad etdiyi müəssisənin nizamnaməsinin müvafiq bəndlərinə əsasən təsisçinin öhdəliyinə görə müəssisənin məsuliyyət daşımaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müəssisənin təsisçilərinə dividendin ödənilməsi digər təsisçinin deyil özünün də təsisçisi olduğu müəssisənin öhdəliyidir. İddiaçı təsisçi kimi ona çatası dividendlərin ödənilməsi ilə bağlı bu fəaliyyəti həyata keçirən "xxxx" Firmasına müraciət edə bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvina əsas ola bilməz.

19. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 500 manat məblğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Auditorlar Palatasının hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar