Məhkəmə qərarları › İş №2-2(103)-25/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-25/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-25/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya işi Açar söz: podrat müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1272/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC “sifarişçi” “podratçı” İddiaçı olmaqla imzalanmış AP 125/1219 nömrəli xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən podratçı, sifarişçinin tələblərinə əsasən bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə, sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Uğur-2” yaşayış kompleksində 5, 6, 7 ve 8 saylı binaların şüşələrinin yuyulması, sınıq şüşələrin yenisi ilə əvəz edilməsi, cəbhələrin bərpası və silikonlanması işlərini və digər işləri (bundan sonra “işlər” adlandırılacaq) yerinə yetirməyi, başa çatdırmağı va sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilinda bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə hesablanan haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1 bəndinə əsasən bu müqavilənin ümumi məbləği vergilər xaric olmaqla 25.000 manat təşkil edir.

2. 3.2.1-ci və 3.2.2-ci bəndlərinə əsasən müqavilə imzalandıqdan sonra sifarişçinin müqavilə məbləğinin 10.000 manat hissəsini avans qismində, qalan hissəsini işlərin gedişatı zamanında mühəndis və sifarişçi tərəfindən təsdiq edilmiş təhvil təslim aktı və faktiki görülmüş işlərin aktı (Forma 2 və Forma 3) əsasında ödənilməsi razılaşdırılmışdır.

3. "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022 tarixli pretenziya məktubunda AP 125/1219 nömrəli xx.xx.2019 tarixli müqavilə əsasında 25.000 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 25.000 manat mələğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə AP 125/1219 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən podratçı, sifarişçinin tələblərinə əsasən bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə, sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Uğur-2” yaşayış kompleksində 5, 6, 7 ve 8 saylı binaların şüşələrinin yuyulması, sınıq şüşələrin yenisi ilə əvəz edilməsi, cəbhələrin bərpası və silikonlanması işlərini və digər işləri (bundan sonra “işlər” adlandırılacaq) yerinə yetirməyi, başa çatdırmağı va sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə hesablanan haqqı ödəməyi öhdəsinə götürür. Podrat müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirilmişdir. Cavabdehin 25.000 manat məbləğində müqavilə üzrə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya qaydasında rəsmi müraciət etmişdir. Lakin aradan 2 ay keçməsinə baxmayaraq cavabdeh heç bir rəsmi məlumat verməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022 tarixli e-2-2(113)-6255/2022 nömrəli qiyabi qətnaməsi ilə "xxxx" ASC-dən 25.000 (iyirmi beş min) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Daha sonra cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023 tarixli e-2-2(113)- 1272/2023 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1272/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia təmin edilmişdir.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır.

8. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş X3, X5, X1 Turalın müqaviləni icra etdiyini, yəni şüşələri silikonlayarkən, sınmış, zədələnmiş şüşələri yeni şüşələrlə bərpa edərkən gördüklərini bildirmişlər.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclaslarında dindirilən şahid ifadələri eləcə də tərəflər arasında imzalanmış podrat müqaviləsi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilmiş, bundan əlavə cavabdeh qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, qiyabi qətnamə ləğv edilsə də cavabdeh yenidən məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə hər-hansı sübutlar təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1272/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf məhkəməyə iddiasının əsası kimi 09 dekabr 2019-cu il tarixli podrat müqaviləsini təqdim etmişdir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən, ödənişlər işlərin gedişatı zamanında mühəndis və sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktı (Forma 2, Forma 3) və təhvil təslim aktı əsasında ödəniləcəkdir. Lakin belə bir aktlar mövcud deyil. Müqavilənin 3.2.2-ci bəndində bir başa qeyd edilmişdir ki, ödənişlər yalnız Forma 2 aktı və Forma 2 aktı əsasında tərtib edilmiş Forma 3 aktı əsasında aparılacaqdır. Həmin aktlar isə işlərin görülməsini təsdiq edən yeganə sənədlərdir. Lakin məhkəmə şahid ifadələrini əsas tutaraq iddia tələbini təmin etmişdir ki, bununla da razılaşmaq olmaz. Qərarda göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddə- öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddə-əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3-cü maddə-podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1-ci maddə-sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

76.1-ci maddə-tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddə-bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2-ci maddə-iddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.1. etirazın göndərildiyi məhkəmənin adı; 154.2.2. işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; 154.2.6. olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə); 154.2.7. əlavə olunmuş sənədlərin siyahısı. 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 217.3-cü maddə-qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1272/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış podrat müqaviləsindən irəli gəlir. İddiaçı həmin müqavilə əsasında cavabdehin sifarişinə əsasən “Uğur-2” yaşayış kompleksində 5, 6, 7 ve 8 saylı binaların şüşələrinin yuyulması, sınıq şüşələrin yenisi ilə əvəz edilməsi, cəbhələrin bərpası və silikonlanması işlərini gördüyünü, işlərin müqavilə ilə razılaşdırılmış 25.000 manat dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini iddia edir. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş müqavilə və həmin kompleksdə işləmiş 3 nəfər şəxsi şahid olaraq təqdim etmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinə iddiaya etiraz etmədiyindən və iddiaçı tərəfindən təqdim edilmiş sübutları mübahisələndirmədiyindən apellyasiya şikayətində məhkəmənin sübutları düzgün qiymətləndirmədiyinə istinad etməsi əsassızdır.

19. Tərəflər arasında bağlanmış müqavilədə razılaşdırılmış məbləğin 10.000 manatının avans olaraq ödənilməsi nəzərdə tutulsa da, bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda avans ödənişi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı görülmüş işlərə görə25.000 manat ödənişi tam tələb etməyə haqlıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müqavilədə işlərin görülməsinin forma 2 ilə rəsmiləşdirilməsi nəzərdə tutulsa da birinci instansiya məhkəməsində dindirilən şahid ifadələri iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyi təsdiq edildiyindən cavabdehin təhvil-təslim aktları olmaması əsası ilə görülmüş işin dəyərinin ödənilməsindən imtinası əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdeh iddiaçının pretenziya məktubunu aldıqdan sonra müqavilənin icra edilməməsi ilə bağlı qarşı tərəfə etirazını bildirməmiş, məhkəmə araşdırmasında iştirak etməkdən yayınmışdır.

21. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinə qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı müraciət etdikdən sonra qiyabi qətnamə ləğv edilsə də, yenidən birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında, o cümlədən apellyasiya instansiyası mərhələsində səalhiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin məhkəmə tərəfindən hansı səbəbdən sübut kimi nəzərə alınmalı olmadığını əsaslandırmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, müqavilə bağlandıqdan sonra əgər iddiaçı öz öhdəliyini icra etməmişdisə müqaviləni ləğv etməmiş, qarşı tərəfə öhdəliyin icra edilməməsi ilə əlaqədar pretenziya göndərməmişdir. İşə apellyasiya qaydasında baxılarkən müqavilə üzrə razılaşdırılmış işlərin görülüb-görülmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi üçün vəsatət verilmiş, tərəflər baxış zamanı iştirak etmədiklərindən MEM-nin xx.xx.2023-cü il tarixli məktubu ilə ekspertizanın həyata keçirilməsindən imtina edilmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1272/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar