Məhkəmə qərarları › İş №2-2(103)-251/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-251/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-251/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5046/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, iddiaçı bu Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xüsusi texniki nəqliyyat və digər avadanlıqların təmiri xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

2. xx.xx.2021-ci il tarixli AA007 saylı və xx.xx.2022-ci il tarixli AA026 saylı fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətin dəyəri müvafiq olaraq 21594 manat və 7198 manat olmaqla ümumilikdə 28792 manat təşkil etmişdir.

3. 04.01.2022-ci il tarixli EBBP seriyalı 135534 saylı və xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətin dəyəri müvafiq olaraq 21594 manat və 7198 manat olmaqla ümumilikdə 28792 manat təşkil etmişdir.

4. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktları tərtib edilməklə təsdiq edilmiş, lakin cavabdeh tərəfindən təsdiq edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28392 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021- ci il tarixli Müqavilə (işlərin görülməsi barədə) imzalanmışdır. Müqavilə əsasında İcraçı olaraq iddiaçı tərəfindən cavabdehin sifarişi ilə cavabdehə məxsus texniki və digər nəqliyyat vasitə və avadanlıqların təmir edilməsi işlərinin icra edilməsi, cavabdehin isə öz növbəsində görülmüş işlərin razılaşdırılmış qiymətini ödəmək öhdəliyi vardır. Tərəflər arasında imzalanmış Xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən İşlərin yerinə yetirilməsini təsdiq edən Təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra, Sifarişçi görülən işlərin dəyərini Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura cavabdehə təqdim edildiyi gündən etibarən 15 iş günü ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi ilə müxtəlif texniki nəqliyyat vasitələrin təmirini həyata keçirmiş və faktiki olaraq cavabdehə təhvil vermişdir. Müqavilə üzrə görülmüş işlər üzrə cavabdeh tərəfindən ümumi olaraq iddiaçıya ödənilməli cəmi 28392 manat məbləğində borc yaranmışdır. Belə ki, bir faktura (xx.xx.2021) üzrə 21594 manat, digər faktura (xx.xx.2022) üzrə isə ödənilməmiş 7198 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bundan əlavə, təhvil-təslim sənədləri müqavilə üzrə müəyyən edilmiş müddətdə imzalanmasa da təqdim edilmiş 21594 manat dəyərində olan faktura (xx.xx.2021) üzrə 400 manat məbləği iddiaçıya artıq ödənilmişdir. Həmçinin, tərəflər arasında imzalanmış Xidmət müqaviləsinin 4.2.8-ci bəndinə əsasən xidmət haqqının müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün iddiaçıya müqavilə üzrə ödənilməmiş xidmət haqqının 0.5%-i məbləğində, lakin 10%-dən artıq olmamaqla cavabdeh tərəfindən penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə işlərin görülməsindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, cavabdehə təqdim edilmiş təhvil-təslim sənədləri imzalanmamış, borc məbləği ödənilməmiş, həmçinin iddiaçıya hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 13.1-ci bəndinə əsasən Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Həmin Müqavilənin 13.2-ci bəndinə əsasən tərəflər mübahisənin həlli barədə 30 gün ərzində razılığa gəlmədikdə, mübahisələr qüvvədə olan qanunvericiliyin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı artıq uzun müddətdir şirkətlərin məsul şəxsləri arasında faksimil yazışmalar aparılmış, həmçinin cavadehə iddiaçı tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin mübahisənin həlli ilə bağlı cavabdeh tərəfindən hər hansı addım atılmamış, tədbirlər görülməmişdir. Həmçinin mübahisənin müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasında həll edilməsi üçün elektron məhkəmə portalı vasitəsilə müvafiq pretenziya da cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubuna da cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmamışdır. Tərəflər arasında imzalanmış, yuxarıda adıçəkilən müqavilə predmetinə görə və mahiyyətcə podrat müqaviləsidir.

7. İddia ərizəsinə etiraz daxil olmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5046/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28392 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın mübahisələndirilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə mövcud olmuş, lakin iddia ərizəsində təqdim olunmuş sübutlar həqiqəti əks etdirmir. Müqavilə üzrə işlərin təhvil verilməsi barədə heç bir sübut qarşı tərəf təqdim etməmişdir. Cavabdeh işi təhvil almadığı üçün hazırda qarşı tərəfin qarşısında heç bir öhdəliyi yoxdur. İşin 400 manat hissəsi yerinə yetirildiyi üçün cavabdeh tərəfindən həmin pul ödənilmişdir. Elektron qaimə göndərilən zaman 7-8 vəziyyətdə göndərilmiş, cavabdeh həmin qaimələrin ikisini qəbul etmişdir. İddiaçı işi təhvil verdikdən sonra elektron qaimə göndərə bilər. İddiaçı isə ancaq elektron qaiməni göndərməklə kifayətlənmişdir. Elektron qaiməni AVİS sistemi təsdiq etmişdir, cavabdeh onu qəbul etmir. İşin faktiki halları da məhz cavabdehin nümayəndəsinin şərh etdiyi formadadır. İş materiallarında elektron qaimələr mövcud olsa da, xidmətlər qəbul olunmayıb. Təhvil-təslim aktları yoxdur. İddiaçının qeyd etdiyi xidmətlər yerinə yetirilməyib və ümumiyyətlə Aztexnika həmin xidmətləri qəbul etməyib. Bu barədə konkret sübut olmadan hakim yalnız electron qaiməyə istinad etmişdir. Həmin electron qaimələr isə cavabdeh tərəfindən deyil system tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən qərar əsassızdır. Elektron qaimələr tədqiq edildikdə müəyyən edilir ki, orada müxtəlif növ, müxtəlif çeşidli işlərin yerinə yetirilməsi öz əksini tapır, amma sadalanan xidmətlərdən yalnız iki növdə xidmət həyata keçirilmişdir. Digər işlərin təhvil verilməsinə dair heç bir sənəd yoxdur. Müqavilənin şərtlərinə əsasən təhvil-təslim aktı verildikdə sonar öhdəlik yaranır. Yəni Aztexnikanın qəbul etmədiyi və öhdəlik yaranmayan məsələyə görə məhkəmə pul tutulması barədə qərar qəbul etmişdir. Ali Məhkəmə tərəfindən formalaşmış hüquqi təcrübəyə görə ilkin vergi uçot sənədi olan electron qaimələr mahiyyət etibarı ilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə bilavasitə sübut olmadığından işə baxan məhkəmələr hər bir mübahisədə olan həmin sənədlərə fərdi yanaşmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

16. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

23. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.

24. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

25. Həmin Qaydaların 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

1. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır.

27. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xüsusi texniki nəqliyyat və digər avadanlıqların təmiri xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

28. Tərəflər arasında Xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. İddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

29. xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə iddiaçıya 400 manat məbləğində ödəniş edilmişdir.

30. Hazırda iddiaçı cavabdehə 28392 manat məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh isə həmin dəyərdə xidmətin cavabdehə göstərildiyini qəbul etmir.

31. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

33. Müqavilədə işlərin yerinə yetirilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş işlərlə bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil.

34. Lakin işin müəyyən edilmiş hallarından, tərəflərin izahatlarından görünür ki, tərəflər arasında işlərin təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.

35. İş materiallarında 2 ədəd elektron qaimə-faktura mövcuddur, həmin qaimə fakturalarda göstərilən məlumatların bir hissəsinin təsdiq edilib, qalan hissələrinin təsdiq edilməməsi mümkün deyil, həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş edilməsi və ya ləğv edilməsi halları da iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

36. 04.01.2022-ci il tarixli EBBP seriyalı 135534 saylı və xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələr üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi müvafiq olaraq 21594 manat və 7198 manat olmaqla ümumilikdə 28792 manat təşkil etdiyi, cavabdeh tərəfindən 21594 manat dəyərində olan faktura üzrə 400 manat məbləğin iddiaçıya ödənildiyi müəyyən olunur.

37. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2022-ci ilin yanvar ayının 4 və 25 tarixlərində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

38. Görülmüş işlərin təhvil verilməməsi, elektron qaimələrin isə yalnız AVİS sistemi tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından məhkəmə kollegiyası ağlabatan hesab etmir.

39. Cavabdehin 28792 manat dəyərində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 28792 manat dəyərində görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 28792 manatdan cavabdehin ödədiyi 400 manat məbləğ çıxıldıqda qalıq borcun 28392 manat təşkil etdiyi müəyyən olunur.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5046/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar