Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-257/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-929/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16619,91 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-929/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əaslandırılmışdır ki, tərəflər arasında birgə iş birliyi olub və Cavabdeh MMC iddiaçıya olan borcun çox hissəsini ödəyib. Eyni zamanda iddiaçının da Cavabdeh MMC-yə borcu var və bu məsələ qarşılıqlı razılaşma əsasında tənzimlənə bilərdi, lakin iddiaçı məhkəməyə müraciət etmişdir. Onların iddiaçının borcunu qarşılaya biləcək qədər avadanlığı var bu səbəbdən də, barışıq elan edib borcun ödənilməsinə vaxt verilməsi daha məqsədə müvafiq olardı. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, sifarişçi Cavabdeh MMC ilə subpodratçı İddiaçı MMC arasında xx xxxxxx 2019-cu il tarixli, 002/19 nömrəli subpodrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən subpodratçı müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı Sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt Sərnişin-Xırdalan-Biləcəri-Bakı Sərnişin dairəvi yolunun yenidən qurulması layihəsi çərçivəsində Muxtarov avtomobil alt keçidinin tikintisi ilə bağlı 2019-cu ilin may ayında 1000 mm olan svayların qazılmasını, sifarişçi isə həmin işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış və hər iki MMC-nin möhürü ilə təsdiq edilmiş 2019-cu ilin may ayında yerinə yetirilmiş işlər haqqında arayışa (Forma 2) əsasən iddiaçı tərəfindən görülmüş işlərlə bağlı olaraq, cəmi 62022,50 manat, 11164,05 manat ƏDV olmaqla, ümumilikdə 73186,55 manat pulun Cavabdeh MMC tərəfindən, İddiaçı MMC-yə ödənilməsi öhdəliyi təsdiqlənmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən xx xxxxxxx 2020-ci il tarixli borc öhdəliyinin ötürülməsinə dair 3 tərəfli müqavilə təqdim edilmişdir. Həmin müqaviləyə əsasən Tərəf-2 Cavabdeh MMC təsdiq etmişdir ki, onunla Kreditor - “X1” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 002/19 nömrəli subpodrat müqaviləsinə əsasən onun Kreditora 47522,51 manat əsas borcu, 1699 manat hesablanmış faiz məbləği, 300 manat hüquqi yardıma üçün çəkilən xərc və 30 manat dövlət rüsumu, ümumilikdə 49551,51 manat məbləğində borcu vardır. Müqavilə imzalandıqdan 10 gün ərzində 16619,91 manat məbləğində qalıq borc Tərəf-2 tərəfindən Kreditora ödənilir. İddiaçı bildirir ki, cavabdeh həmin müqavilə üzrə ödənilməli olan 16619,91 manat məbləğində pul vəsaitini ödəməmişdir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, xx xxxxxxx 2020-ci il tarixli borc öhdəliyinin ötürülməsinə dair müqavilə mahiyyət etibarı ilə Mülki Məcəllənin 881-ci maddəsində göstərilən barışıq razılaşmasıdır. Həmin maddənin tələblərinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər (881.1). Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur (881.2). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı xx xxxxxxx 2020-ci il tarixli borc öhdəliyinin ötürülməsinə dair müqavilədə göstərilən 16619,91 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətində qeyd olunan dəlillərə dair kollegiya qeyd edir ki, həmin pul vəsaitinin hansı qaydada iddiaçıya ödənilməsi qətnamənin icra mərhələsində həll olunan məsələlərə aiddir. Ona görə də, həmin dəlillərin mübahisənin həllinə hər hansı təsiri yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-929/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-257/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-257/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver