Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-257/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5129/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması və "xxxx" MMC-dən ******* manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2890 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 02 iyul 2019-cu il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirmiş - 6 ay müddətində əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinə başlamaq hissəsini tamamilə yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2-2 (113)-592/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02 iyul 2019-cu il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı tərəfindən iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli müqavilənin 3.2.1-ci və 3.3.5-ci bəndləri sifarişçi (iddiaçı) tərəfindən icra edilmədiyindən və tikinti işlərinin həyata keçirilməsi üçün zəruri olan sənədlər podratçıya təqdim olunmadığından sakinlərin tam köçürülməsini təmin etmək və tikinti işlərinə başlamaq mümkün olmamış, müqavilə şərtlərinin podratçı tərəfindən icra edilməməsində sifarişçi təqsirli olmuşdur. Podrat müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsində podratçının (cavabdehin) təqsiri olmadığından tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə qeyd etmişdir ki, eyni tərəflər (Bakı Sarayları” MMC və "xxxx" MMC), eyni predmet (podrat müqaviləsinin ləğv edilməsi) və eyni əsaslar ("xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməməsi – müqavilədə göstərilən müddətdə tikinti işlərinə başlanılmaması) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Digər tərəfdən iddianın cərimənin ödənilməsi tələbinə dair hissəsinə gəldikdə, birincisi, həmin iddia tələbi podrat müqaviləsinin ləğv edilməsi barədə əsas tələbdən irəli gəlir, eyni zamanda qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli müqavilənin ləğv edilməsi, eləcə də cərimənin ödənilməsi üçün əsas olan halın (müqavilə üzrə öhdəliklərinin icranın gecikdirilməsi) mövcud olub-olmaması məsələsinə artıq qiymət verilmişdir. Müqavilədə podratçının binanı tikib təhvil verməsi üçün nəzərdə tutulmuş 36 aylıq müddətin hazırda başa çatması, yəni müqavilənin müddətinin artıq bitməsi, göstərilən halın müqavilənin ləğv edilməsi üçün yeni bir əsas qismində çıxış etməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mübahisəli müqavilənin ləğv edilməsi barədə faktiki əsas qismində müqavilənin qüvvədə olma müddətinin bitməsinə deyil, qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasına, qanuni əsas kimi isə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 261.0.2-ci və 262.1-ci maddələrinə istinad edərək, birinci instansiya məhkəməsi iş üzrə icraat xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə qismən razılaşmır və hesab edir ki, müqavilənin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi barədə nəticə qanuni və əsaslı, şikayətin dəlilləri isə əsassızdır. Belə ki, hazırki iş üzrə tərəflər və qeyd olunan hissədə iddianın predmeti ilə tərəflər arasında baş tutan digər məhkəmə mübahisəsində tərəflərin və iddianın pedmetinin eyni olması mübahisəsizdir. Eyni zamanda, hər iki işdə iddianın əsasını eyni hüquqi faktlar (tərəflər arasında podrat müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması) təşkil edir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində isə təsbit edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bununla yanaşı, kollegiya hesab edir ki, cavabdehdən ******* manat cərimənin tutulması hissəsində iş üzrə icraat xitam verilə bilməz. Belə ki, hazırki işdə irəli sürülən həmin iddia tələbi tərəflər arasında baş tutan və yuxarıda qeyd olunan digər məhkəmə mübahisəsinin pedmeti olmamışdır. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün isə hər üç şərtin (eyni tərəflər, predmet və əsaslar) mövcüd olması tələb olunur. Lakin hazırki halda “eyni predmet” şərti mövcüd deyil. Həmin tələbə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin göstərdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər iş üzrə icraata xitam verilməsi üçün deyil, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tətbiq edilməsi üçün əsas ola bilər. Ona görə də, kollegiya hesab edir ki, cavabdehdən ******* manat cərimənin tutulması hissəsində hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiq edilməsi və icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5129/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 dekabr 2022-ci il tarixli qərardadı qismən, yəni iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş cavabdeh "xxxx" MMC-dən ******* manat cərimənin tutulmasına dair iddia tələblərinə iş üzrə icraat xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardadın iş üzrə icraata xitam verilməsinə aid hissəsindən rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadın digər hissəsindən şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-257/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-257/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver