Məhkəmə qərarları › İş №2-2(103)-259/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-259/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-259/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3729/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə artıq ödənilmiş 25071,18 manat məbləğində pulun və ödənilmiş 166 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3729/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3729/2024 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya 14097,18 manat məbləğində borcunun olması işin məhkəmə tərəfindən təsdiqlənən və borclu tərəfindən etiraf edilən hissəsidir. Məhkəmə əmələ əsassız varlanma kimi qiymət verməkdə haqlı deyildir. Belə ki, iş materiallarına daxil olan elektron qaimələrdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi əsasında cavabdeh 200 407,56 manat dəyərində iş görməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə yalnız 183 887,918 dəyərində iş təhvil vermişdir. Podrat müqaviləsinin 2.5-ci maddəsinə əsasən, avans qaydasında artıq ödənilmiş məbləğ işlərin görülməsinə davam edilməsi üçün olmuşdur. Öhdəliyini icra etməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra etməmiş, artıq məbləği geri qaytarmamışdır. Cavabdehin Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən İddiaçıya 14 097,18 manat məbləğində zərər dəymişdir. MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməmiş borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Podrat müqaviləsinin 4.3-cü maddəsinə əsasən, podratçımüqavilə üzrə öhdəliklərini sifarişçinin birbaşa təqsiri olduğu hallar istisna olmaqla vaxtında və lazımınca icra etmədikdə, sifarişçi müqaviləyə vaxtından əvvəl xitam verə, eləcə də dəymiş zərərin əvəzinin və podratçıya ödənilmiş pul məbləğinin podratçı tərəfindən ödənilməsini tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün müqavilənin 4.5-ci maddəsi və MM-nin 443.1-ci maddəsinə əsasən ödənilmiş pul vəsaitini geri qaytarmalıdır. Yuxarıa qeyd edilənlərdən də göründüyü kimi, İddiaçının pulu tələb etmək hüququ əsassız varlanma qaydasında deyil, müqavilə öhdəliklərinin pozulması əsasında yaranır. Bu səbəbdən, MM-nin 373.2-ci maddəsi nəzərə alındıqda 3 illik iddia müddəti tətbiq olunmalıdır. Hansı ki, məhkəmə e-2-2(113)- 3729/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 3 illik iddia müddətinin ötmədiyini əsaslandırmış, iddia tələbini 2 illik müddətin ötməsi ilə təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı öz apellyasiya şikayətində dəfələrlə təkrarlayaraq cavabdehin iddianı qəbul etdiyini bildirir. Lakin cavabdeh iddianı qəbul edilməmişdir. İşin ilkin araşdırılması dövründə Cəmiyyətin direktoru tərəfindən bildirilən fikir yanlış anlaşılmışdır. Çünki həmin dövrdə Cəmiyyətin direktoru başqa şəxs olmuşdur. Yeni direktorun bu işlərdən xəbəri ola bilməzdi. Odur ki, iddianın etiraf edilməsinə dair iddiaçının fikirləri yanlışdır. İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 25071.18 manat məbləğində pulun tutularaq onlara ödənilməsini tələb etmişdir. İddianın əsaslandırılmasında iddiaçı təşkilat bildirmişdir ki, xx.xx.2020-ci il tarixli, AZ-PT/2020-057R saylı podrat müqaviləsinə əsasən guya Cavabdeh MMC-yə artıq pul ödəmişdir. Guya ki, həmin pul vəsaitini başqa bir şirkətə ödəmək istəsələr də səhvən bu pul Cavabdeh MMC-yə ödənilmişdir. Lakin yanlış olaraq xx.xx.2020-ci il tarixində ödənildiyi iddia edilən pul vəsaitinin tələb edilməsinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə verilmişdir. Məhkəmə prosesində iddiaçıya sual verilmişdir: səhvən “A” şirkətinə etməli olduğunuz ödənişi bizə etdikdən sonra “A” şirkəti sizdən pulunu tələb etmədimi? Tələb etdisə onun pulunu ödədinizmi? Ödədinizsə nəyə görə dərhal səhv ödənişi bizdən geri tələb etmədiniz? Bu suallar təbii ki, cavabsız qalmışdır. İddiaçının özü tərəfindən məhkəməyə təqdim edilən ödəniş tapşırıqlarında ödənişin təyinatı hissəsində tərəflər arasında bağlanan müqavilənin nömrəsi yazılmışdır (AZ-PT 2020-057R MUQ ESASEN EDV və AZ-PT 2020-057R MUQ ESASEN AVANS ESAS). Həmçinin iddiaçı Audit rəyinə də istinad edərək bildirir ki, artıq ödəniş olmuşdur. Təqdim edilən audit rəyi isə ümumiyyətlə adi riyazi hesablamaları belə düzgün etməmişdir. X2 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AKT iş materiallarına tikilmişdir. Bu sənədin Audit rəyi olub-olmaması da sual altındadır. Təqdim edilən Aktın 3-cü bəndi “Mal-Pul dövriyyəsinin auditi barədə”dir. Həmin hissədə Şərəf Bəşirov yalnız xx.xx.2020-ci il tarixli, AZ-PT/2020- 057R saylı Podrat müqaviləsinə istinad edir. Sanki iddiaçının bu dövrdə başqa müqavilələri və ya mail-pul dövriyyəsi olmayıb. İddiaya dair etirazda da göstərdiyi kimi Aktın ikinci səhifəsində də audit aparan şəxs ikinci cədvəldə dörd ödəniş sənədinə istinad edir. Onlardan ikisinin tarixi var digər ikisinin tarixi yoxdur. Yekunda isə dörd rəqəmi toplayaraq 197985.10 manat rəqəm çıxarır. Halbuki, bu dörd rəqəmin toplamı 140717.51 manat edir. İddiaçı Audit aktının ikinci səhifəsində göstərilən iki cədvəldəki rəqəmlərin cəminin çıxılması nəticəsində yaranan fərqi (yəni 197985.10- 172913.92=25071.18) cavabdehdən tələb edir. Əgər Audit aktına istinad edilərəsə o zaman iddiaçının cavabdehə ödənilməmiş qalıq borcu mövcuddur. (140717.51- 172913.92= -32196.41). Birinci cədvəldə işlərin dəyəri ikinci cədvəldə ödənilən məbləğlər göstərilir. Audit tərəfindən cavabdeh olaraq bizə ödənbilən məbləğin ümumi olaraq 140717.51 manat olması öz təsdiqini tapır. Göstərilənlərdən başqa həmçinin qeyd edir ki, 2020-ci il tarixində iddiaçı ilə cavabdeh arasında bu müqavilədən əlavə iki aktiv müqaviləsi olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli, 242/APM/20 saylı Podrat müqaviləsi üzrə icraçı olaraq sifarişçinin Əcəmi Naxçıvani küçəsindəki obyektinin təmir tikinti işlərini də eyni dövrdə paralel olaraq icra ediblər. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə sənədləri təqdim etsə də ikinci müqavilə barədə nə audit aktında, nə də iddia ərizəsində məlumat vermir. İddiaçı təşkilatın xx.xx.2020-ci il tarixli iki ödəniş tapşırığı üzrə ümumilikdə 46 807.80 manat (39 667.63 manat əsas, 7140.17 manat ƏDV olmaqla) ödəniş etmişdir. Bu vəsait isə tərəflər arasında olan digər müqavilələr üzrə olan ödənişlərə aid olamasını inkar edən hansısa bir sübut iş materiallarında yoxdur. İddiaçı Audit tərəfindən təqdim edilən qüsurlu akta əsaslansa da orda olan qüsurları nəzərə alsaq iddiaçının cavabdehə borcu vardır. Göstərilənlərdən başqa iddiaçının iddia ərizəsinin hüquqi əsası Mülki Məcəllənin 390.1, 442, 445.2, 449.1, 439.3, 443.1 və 448.1-ci maddələri olmuşdur. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən “İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. İddiaçı əvvəl 25071 manat artıq ödəniş olduğunu iddia etsə də sonradan guya 14097 manat artıq ödəniş olması ilə razılaşır, əgər həqiqətən də iddiada göstərildiyi kimi başqa şirkətə ödənilməli olan 25071 manat bizə səhvən ödənilmişdisə nəyə görə 25071 manatı təm tələb etmir iddiaçı? 14097 manatla razılaşır?. Göründüyü kimi iddia tələbinin hüquqi əsası olmadığı kimi məntiqi əsası da yoxdur. İddia ərizəsinin hüquqi əsasını özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan imtina etmək olsa da iddiaçı apellyasiya şikayətində tam başqa bir hüquqi əsasdan çıxış edərək məhkəmənin iddia müddətini tətbiq edərkən qanuna düzgün istinad etmədiyini vurğulayır və tərəflər arasında olan mübahisənin podrat müqaviləsindən irəli gələn mübahisə olmasını bildirir. Podrat müqaviləsi üzrə işlər tam görülüb və təhvil verilib. Müqavilənin predmetinə dair tərəflər arasında heç bir mübahisə yoxdur. Belə olduğu üçün də iddiaçı iddianı əsassız varlanma əsası kimi qaldırmışdır. Ödənişin podrat müqaviləsi üzrə ödəniş yox səhvən ödənilən vəsait olmasını iddiaçı özü təsdiq edir. İddiaçı məhkəmə prosesi dövründə nə iddia həcmini dəyişməmiş nə də iddianın əsasını dəyişməmişdir. Apellyasiya şikayətində isə guya “məhkəmə tərəfindən 14097.18 manat borcun müəyyən edilməsi və cavabdeh tərəfindən bunun etiraf edilməsi” qeyd edilir. Heç bir halda məhkəmənin müəyyən etdiyi 14097.18 manat etiraf edilməmişdir və hesablanan bu məbləğin düzgün hesablanmaması dəfələrlə məhkəməyə bildirilmişdir. Çünki artıq ödənildiyi iddia edilən məbləğin xx.xx.2020-ci il tarixli, AZ-PT/2020-057R saylı podrat müqaviləsi üzrə işlərin görülməsinə görə ödənilməsi iddiaçı tərəfindən sübut edilmir və məhkəmə heç bir sübut olmadan bu hesablamanı apararaq bu rəqəmi çıxarmışdır. Ödəniş tapşırığında da, Elektron qaimədə də tərəflər arasında olan podrat müqaviləsinə istinad edilmir. Bu ödəniş tərəflər arasında bağlanan digər müqavilələr üzrə də ödənmiş ola bilər. Eyni zamanda bildirir ki, Bakı Kommersiya Məhkəməsinin müvafiq qətnaməsinin bu hissəsi ilə razı olmasa da bundan apellyasiya şikayəti verməyib. Çünki iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi onun mənafeyinə uyğun olduğu üçün həmin hissədən apellyasiya şikayəti verilməmişdir. İddiaçının bu qətnamədən sonra ona dəymiş zərərin 14097.18 manat olması ilə razılaşmasının səbəbi məlum deyil. İlkin iddia ərizəsində onlara 25071.18 manat zərər dəyməsini iddia edən iddiaçının iddiası birdən-birə 10 974 manat həddində azalırsa iddaçı bununla necə razılaşa bilər? Həmçinin iddiaçı apellyasiya şikayətində dəfələrlə Cavabdeh MMC-ə artıq ödədiyini iddia etdiyi vəsaiti geri qaytarmaq üçün müraciət etdiyini də bildirir. Lakin məhkəmənin diqqətinə çatdırır ki, 2020-ci ilin noyabr ayının 26-dan xx.xx.2022-ci il tarixinə kimi cavabdehə heç bir bildiriş və ya xəbərdarlıq göndərilməmişdir. Məhkəmə qətnaməsində həmçinin bildirir ki, “cavabdeh artıq ödənildiyini bildirdiyi məbləğin başqa müqavilə əsasında ödənildiyini bildirsə də bunu sübut edə bilməmişdir”. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, iş materiallarına tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli, 242/APM/20 saylı Porat müqaviləsini və bir ədəd ödəniş tapşırığını əlavə ediblər. Bu isə iddiaçı ilə aralarında eyni tarixdə başqa müqavilə üzrə işlərin görüldüyünü subut edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

12. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.

13. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

14. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

15. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

16. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

17. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır

20. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

23. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

24. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

25. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

26. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

28. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

33. Hazırki işin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 08 sentyabr 2020-ci il tarixli AZ-PT/2020-057R nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifarişi, müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan iddiaçının təqdim etdiyi layihə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, iddiaçı isə cavabdehin müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 08 sentyabr 2020-ci il tarixli 01 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu №1 ilə ünvan 1 ünvanında yerləşən İddiaçı binasının tikintisində cəbhə vitraj işlərinin görülməsi ilə bağlı ümumilikdə ƏDV daxil olmaqla 118967,6 manat dəyərində işin dəyəri razılaşdırılmış, işlərin xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərində görülməsi, iddiaçı tərəfindən avans olaraq ƏDV daxil olmaqla 35690,28 manat məbləğində pulun (müqavilənin dəyərinin 30%-i) ödənilməsi, təhvil-qəbul aktına əsasən “Forma 2” aktlarının təsdiqindən sonra 10 iş günü ərzində qalan məbləğin ödənilməsi şərtləşdirilmişdir. Qeyd edilən protokol üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 34538,6 manat, 13 noyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 70811,8 manat olmaqla ümumilikdə 105 350,4 manat dəyərində işlər təhvil alınmış, 15 oktyabr 2020-ci il tarixli qüsur aktı ilə cavabdeh tərəfindən əlavə olaraq ƏDV daxil olmaqla 4028,99 manat dəyərində işin görülüdüyü təsdiq edilmişdir. Həmçinin digər təhvil-təslim aktı ilə daha 10974 manat dəyərində iş təhvil alınmışdır. Həmin müqaviləyə 02 dekabr 2020-ci il tarixli 03 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu №2 ilə ünvan 1 ünvanında yerləşən İddiaçı binasının tikintisində əlavə cəbhə vitraj işlərinin görülməsi ilə bağlı ümumilikdə ƏDV daxil olmaqla 72307,12 manat dəyərində işin dəyəri razılaşdırılmış, işlərin xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərində görülməsi, iddiaçı tərəfindən avans olaraq ƏDV daxil olmaqla 28922,25 manat məbləğində pulun (müqavilənin dəyərinin 40%-i) ödənilməsi, təhvil-qəbul aktına əsasən “Forma 2” aktlarının təsdiqindən sonra 10 iş günü ərzində qalan məbləğin ödənilməsi şərtləşdirilmişdir. Qeyd edilən protokol üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 60695,92 manat iş təhvil alınmışdır. Həmin müqaviləyə 19 yanvar 2021-ci il tarixli 04 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu №3 ilə ünvan 1 ünvanında yerləşən İddiaçı binasının tikintisində əlavə cəbhə vitraj işlərinin görülməsi ilə bağlı ümumilikdə ƏDV daxil olmaqla 6867,6 manat dəyərində işin dəyəri razılaşdırılmış, işlərin xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində görülməsi, iddiaçı tərəfindən təhvil-qəbul aktına əsasən “Forma 2” aktlarının təsdiqindən sonra 10 iş günü ərzində işlərin dəyərinin ödənilməsi şərtləşdirilmişdir. Qeyd edilən protokol üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 2838,608 manat iş təhvil alınmışdır. Elektron qaimə-fakturalara əsasən, xx.xx.2020-ci il tarixli EBAR 909878 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34538,6 manat, xx.xx.2020-ci il tarixli EBAT 036710 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 70811,8 manat, xx.xx.2021- ci il tarixli EBAW 120255 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10974 manat, xx.xx.2021-ci il tarixli EBAW 412702 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7293 manat, xx.xx.2021-ci il tarixli EBAW 413013 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 76790,16 manat dəyərində olmaqla ümumilikdə ƏDV daxil olmaqla 200 407,56 manat dəyərində işin görülməsi üçün tərtib edilmişdir. Ödəniş tapşırıqları və icra qeydlərinə əsasən, xx.xx.2020-ci il tarixdə 30246 manat əsas məbləğ, 5444,28 manat ƏDV məbləği, xx.xx.2020-ci il tarixdə 21828,47 manat əsas məbləğ və 3929,13 manat ƏDV məbləği, xx.xx.2020-ci il tarixdə 39667,63 manat əsas məbləğ və 7140,17 manat ƏDV məbləği, xx.xx.2020-ci il tarixdə 24510,38 manat əsas məbləğ və 4411,87 manat ƏDV məbləği, xx.xx.2021-ci il tarixdə 5238 manat əsas məbləğ və 942,84 manat ƏDV məbləği, 46293,5 manat əsas məbləğ və 8332,83 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏDV daxil 197 985,1 manat məbləğində ödəniş edilmişdir.

34. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş ümumilikdə ƏDV daxil olmaqla 197 985,1 manat məbləğində puldan xx.xx.2020-ci il tarixli və 13 noyabr 2020-ci il tarixli təhvil-təslim aktlarına əsasən qəbul edilmiş işlərin dəyəri olaraq 105 350,4 (70811,8+35538,6) manat, 15 oktyabr 2020-ci il tarixli qüsur aktı ilə görülmüş işlərin dəyəri olaraq 4028,99 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən qəbul edilmiş işlərin dəyəri olaraq 60695,92 manat və 2838,608 manat çıxılmaqla artıq ödənilmiş 25071,18 (197985,1 – 105 350,4 – 4028,99 – 60695,92 – 2838,608) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.

35. Cavabdeh iddiaya etiraz edərək artıq ödəmə olmadığından və mülki qanunvericilikdə müqavilə tələbləri üçün təsbit edilən 3 illik iddia müddəti ötdüyündən iddianın rədd edilməsini xahiş etmişdir.

36. Məhkəmə qeyd etmişdir ki, təqdim edilən təhvil-təslim aktlarına əsasən, xx.xx.2020-ci il tarixdə ƏDV daxil olmaqla 34538,6 manat, 13 noyabr 2020-ci il tarixdə ƏDV daxil olmaqla 70811,8 manat, daha sonra 10974 manat, xx.xx.2021-ci il tarixdə ƏDV daxil olmaqla 60695,92 manat və 2838,608 manat olmaqla cəmi 179 858,928 manat və 15 oktyabr 2020-ci il tarixli qüsur aktı ilə ƏDV daxil olmaqla 4028,99 manat, ümumilikdə isə 183 887,918 manat dəyərində işlər təhvil alınmışdır. Lakin iddiaçı cavabdeh tərəfindən görülmüş işlərin ümumi həcmini hesablayarkən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 10974 manat dəyərində işi nəzərə almamışdır. Belə olan halda, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin həcminin 14097,18 (iddiaçının tələb etdiyi 25071,18 manat nəzərə alınmayan işin dəyəri 10974 manat) manat olduğu müəyyən olunur. Bu səbəbdən qalan məbləğin cavabdehdən tutulması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Cavabdeh 14097,18 manat məbləğin iddiaçı tərəfindən başqa müqavilə üzrə öhdəliyin icrası məqsədi ilə ödənilməsini isə sübut edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

37. Məhkəmə iddiaçının 14097,18 manat məbləğində pulun tutulması hissəsində müqavilə əsası olmadan pulun cavabdehə göndərilməsini əsas götürmüş, əsassız varlanma qaydasında subyektiv hüquqa malik olmasını, həmin subyektiv hüququn cavabdeh tərəfindən pozulmasını müəyyən etmiş, cavabdehin ərizəsi əsasında 2 illik iddia müddətinin keçməsini tətbiq edərək, iddia tələbini rədd etmişdir.

38. Məhkəmə iddia müddətinin hesablanması ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlamış, iddia müddətinin axımının dayandırılması üçün əsas iddia müddətinin son altı ayında mövcud olmaqda davam etdiyindən (mediasiya prosesinin xx.xx.2022 – xx.xx.2023-cü il dövrlərini əhatə etdiyi nəzərə alındıqda) iddia müddətinin axımı dayandırılmış, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verildiyi 22 fevral 2023-cü il tarixdən müddətin axımı davam etmiş və müddətin qalan hissəsi altı aya qədər uzanaraq 22 avqust 2023-cü il tarixdə başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmiş, beləliklə, iddia müddətini ötürmüşdür.

39. Göründüyü kimi məhkəmə iddianı iki hissəyə ayıraraq iki fərqli hüquqi əsasla iddianı rədd etmişdir. İddia müddətinin keçməsi və işlərin görülməməsinin sübuta yetirilməməsi.

40. İddiaçı apellyasiya şikayətində məhkəmənin pulun göndərilməsinə əsassız varlanma ilə bağlı mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, cavabdeh öhdəliyi natamam icra etdiyinə görə ödədiyi pul müqavilə əsasında cavabdehə göndərilmişdir. Ona görə 3 illik müqavilə üzrə iddia müddəti nəzərə alınmalıdır. İddia isə bu müddət ərzində məhkəməyə verilmişdir. İddia təmin edilməli idi.

41. Apellyasiya şikayətinin xahiş etdi hissəsində iddianın təmin edilməsi qeyd edilsə də, cavabdeh apellyasiya şikayətinin dəlilləri yalnız qətnamənin iddianın 14097,18 manat hissəsinə yönəlmiş, iddianın 10974 manat hissəsinə münasibət bildirilməmişdir. Buna baxmayaraq kollegiya hesab edir ki, məhkəmənin qətnaməsinin qanuniliyi tam yoxlanılmalıdır.

42. Əvvəla qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində hüquqi əsas kimi əsassız varlanmaya istinad etmiş, lakin apellyasiya şikayətində iddianın hüquqi əsası kimi zərərin vurulmasına əsaslanmışdır.

43. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

44. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsindən bəhs edən Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

45. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 14097,18 manat pulu podratçı tərəfindən işləri qəbul etmədən ödəmişdir. Görülməyən və qəbul edilməyən işə görə cavabdeh tərəfindən tələb edilməyən və ödənilən pul muzd kimi qəbul edilə bilməz. Məhkəmə haqlı olaraq bu pulu öhdəlikdən kənar ödənilmiş pul hesab etmiş və Mülki Məcəllənin 439.4-cü maddəsinə əsaslanaraq əsassız varlanmanı tətbiq etmişdir. (25-ci bənd)

46. Cavabdehin qanuni təmsilçisinin borc məbləğini qəbul etməsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdehin qanuni təmsilçisinin xx.xx.2024-cü il tarixdə borc məbləğini qəbul etməsi də iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, iddia müddətinin axımı yalnız iddia müddəti ərzində kəsilə bilər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə borcun qəbul edilməsi, hətta borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkət kimi yozulsa belə, iddia müddətinin axımının kəsilməsi ilə nəticələnməmişdir.

47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar