Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-260/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: xidmət müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7040/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. . İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.
2. Müqavilənin 2.3-cü bəndi ilə texniki xidmətlərin spesifikasiyası və həyata keçirilmə vaxtları tənzimlənmiş, texniki xidmətin vaxtı hər gün - 24 saat müəyyən olunmuşdur.
3. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən ayda 1 (bir) dəfə olmaqla yerinə yetirilən işlərin aylıq dəyəri 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük lifti üçün 600 azn (altı yüz manat, 00 qəpik) + əlavə dəyər vergisi təşkil edir
4. . Müqavilənin 6.2-ci bəndinə əsasən, icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir.
5. Müqavilənin 6.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaq.
6. 15 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə xidmətlərin adı, dəyəri razılaşdırılmışdır.
7. 20 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli 2 saylı Əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə xidmətlərin adı, dəyəri razılaşdırılmışdır.
8. 16.04.2024-cü il tarixli 000İPX124107620B nömrəli ödəniş tapşırığına görə 600 manat (EBEB 508599 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 000İPX1241415BBC nömrəli ödəniş tapşırığına görə 600 manat (EBEC 902852 saylı qaimə üzrə), xx.xx.2024cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığına görə 600 manat (MT2406 10188831 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığına görə 600 manat (EBDZ 791282 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 105 nömrəli ödəniş tapşırığına görə 600 manat (MT2406 10188831 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 106 nömrəli ödəniş tapşırığına görə 600 manat (MT2406 10188831saylı qaimə üzrə) məbləğində pul cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına köçürülmüşdür.
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2407 10441210 nömrəli 590 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10188831 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 902852 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 508599 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 791282 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 266757 nömrəli 354 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11355386 nömrəli 590 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
10. xx.xx.2024-cü il tarixli AG/İ-24-006 nömrəli invoysa görə 590 manat, xx.xx.2024cü il tarixli AG/İ-24-005 nömrəli invoysa görə 708 manat, xx.xx.2024-cü il tarixli AG/İ-24- 004 nömrəli invoysa görə 708 manat, xx.xx.2024-cü il tarixli AG/İ-24-003 nömrəli invoysa görə 708 manat, xx.xx.2024-cü il tarixli AG/İ-24-002 nömrəli invoysa görə 708 manat xx.xx.2024-cü il tarixli AG/İ-24-001 nömrəli invoysa görə 354 manat məbləğində xidmət göstərilmişdir.
11. Liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun ayı üzrə xidmət göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP021/2024 saylı texniki xidmət müqaviləsi üzrə 1.000 (bir min) manat (2024 iyun və iyul ayları) əsas borcun və 180 (bir yüz səksən) manat ƏDV borcunun, 77,50 (yetmiş yeddi manat 50 qəpik) manat cərimə borcunun, o cümlədən 32,60 (otuz iki manat 60 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 15 yanvar 2024-cü il tarixli AZP021/2024 saylı texniki xidmət müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Bildirilir ki, tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə (sifarişçi qismində) texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir liftdə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 (bir yüz) manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Bildirilir ki, son olaraq icraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10441210 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 500 (beş yüz) manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 - 6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Bildirilir ki, tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən icraçı tərəfindən sifarişçi qismində çıxış edən Cavabdeh MMC-yə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq Cavabdeh MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP021/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. Bildirilir ki, icraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 77,50 (yetmiş yeddi manat 50 qəpik) manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvilqəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. (iddia ərizəsinə əlavə olunacaqdır.) Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və icraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi müəyyən olunduğu üçün İcraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin təhvil-qəbuluna dair aktları sifarişçiyə göndərildiyi halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 500 (beş yüz) manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir.
14. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versədə heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç biri göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən İddiaçı MMC iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb bizə təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. Əlavə olaraq, iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 25 və 26-da liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqı tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq (Xidmət Müqaviləsinin 11.3-cü maddəsi) olunması göstərilsədə iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə (Xidmət Müqaviləsinin 4.2- ci maddəsi) İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsi səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. Müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbuledilməzdir. Xidmət göstərməyən şirkətin pulunun ödənilməsi sahə mülkiyyətçiləri ilə bağlanılmış çoxmənzilli binanın idarəedilməsi müqaviləsinə ziddir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7040/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 774,19 manat əsas borc, 139,35 manat ƏDV, 35 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 978,54 (doqquz yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 2,60 (iki manat altmış qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 2024-cü ilin 15 yanvar tarixindən həmin ilin iyun ayına qədər olan xidmətlərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Materiallarda olan 2024-cü ilin iyun ayı üzrə tərəflər arasında tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən həmin ay üzrə cavabdehə məxsus liftlərə göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, cavabdehin nümayəndəsi tərəfindən aktlar təsdiq edilmiş, həmin ay üzrə cavabdehə təqdim edilmiş elektron qaimə (500 manat əsas borc, 90 manat ƏDV) hazırkı günədək ödənilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2024-cü ilin iyun ayı üzrə göstərilmiş xidmətlərin müqabilində ƏDV daxil 590 manat vəsaitin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə cavabdehin yazılı etirazda göstərdiyi xüsusatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyul ayının sonuna qədər deyil, 17 iyul tarixinə qədər xidmət göstərilmiş, əvvəlki ay üzrə göstərilmiş xidmətin dəyəri ödənilmədiyi üçün xidmətlərin göstərilməsi iddiaçının təşəbbüsü ilə dayandırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədə xidmətinin dəyərinin aylıq olaraq ödənilməsi, bir aylıq dəyərinin 500 manat (ƏDV daxil olmadan) olması razılaşdırılmış, texniki xidmət vaxtının 24 saat olacağı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən iyul ərzində göstərilmiş xidmətlər üçün təqdim olunmuş elektron qaiməyə və invoysa görə bütün ay üçün göstərilən xidmətin məbləği 590 manat (90 manat ƏDV daxil olmaqla) təşkil etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan müddət üçün göstərilmiş xidmət haqqı (500 manat / 31 gün * 17 gün; 90 manat / 31 gün * 17 gün ) – 274,19 manat əsas borc, 49,35 manat ƏDV tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə göstərilmiş xidmətlərin qüsurlu olması barədə cavabdehin yazılı etirazında göstərdiyi dəlili əsassız hesab etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə 2024-cü ilin iyul ayına qədər göstərilmiş xidmətlərdə qüsurların olması ilə bağlı iddiaçıya irad bildirilməsini, göstərilmiş xidmətlərin nöqsanlı olması əsası ilə müqaviləni ləğv etmək istədiyini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, 2024-cü ilin iyun ayına qədər aylıq xidmət haqları ödənilmiş, 2024-cü ilin iyun ayı üzrə tərtib edilmiş təhvil aktlarını cavabdehin nümayəndəsi təsdiq etmiş, bundan əlavə, xidmətlərin davam etdirilməsinə cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən son verilmişdir. Cavabdehin etirazında istinad etdiyi hal (xidmətlərin iddiaçı tərəfindən xəbər verilmədən 2024-cü ilin iyul ayının sonlarında dayandırılması, 2024-cü ilin 22 iyul tarixindən liftlərə digər hüquqi şəxs tərəfindən xidmət göstərilməsinə başlanılması) cavabdehin xidmət müqaviləsi üzrə münasibətlərin həmin dövrdə davam etdirilməsində maraqlı olmasını göstərir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 77,50 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 35 manat müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehə, 2,60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
18. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 385.1, 386.1, 398.1, 399.1, 442.1, 445.2, 777.1, 783.2, 462.1, 467-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-7040/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, məhkəmə, iddiaçının təqdim etdiyi aktlara əsasən işin təhvil alınması imzalarını araşdırmamış, Cavabdeh MMC-nin belə bir işçisinin olmadığına diqqət etməmişdir. Məhkəmə cavabdeh tərəfindən aktların təsdiqini qeyd etsədə belə bir hüququ olmayan üçüncü bir şəxsin imzalarını qəbul etmişdir. Bundan əlavə şirkətlər arasında olan müqaviləyə və akt forması şirkət rəhbərlərinin imzası, şirkətin möhürü ilə təsdiqləndikdən sonra aylıq ödənişlər edilməli olduğu təqdirdə iş təhvil verilmədiyindən ödəniş olunmamışdır. Müqavilədə aylıq xidmətin sonunda akt əsasında görülən xidmətə görə ödəniş olunması qeyd edilsədə məhkəmə yekunlaşdırılmayan xidmətə görə iddiaçıya ödəniş edilməsini qət etmişdir. Əlavə olaraq qüsur aktları təqdim edilsə də məhkəmə bunlara diqqət etməmişdir. Həmin qüsur aktlarında liftlərə xidmət göstərilmədiyi açıq aşkar görsənir. Mülki qanunverciliyin mülki hüquq subyektlərinin bərabərliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki huquqların məhkəmə müdafiəsi prinsiplərinə əsasən müqavilə şərtlərində göstərilən bəndlər əsas götürülməmiş, müqavilə azadlığı pozulmuş, iddiaçının gördüyü işlərin sübutu kimi hansısa bir təsadüfi bir akt əsas götürülərək iddiası qismən təmin edilmişdir. Müqavilə (əqd) şərtlə bağlanılmışdır. Şərt liftlərə göstərilən xidmətə görə məbləğ ödənişidir. Qüsur aktlarından və digər sənədlərdən göründüyü kimi iddiaçı heç bir xidmət göstərməmişdir. Öhdəliyin anlayışından göründüyü kimi bir şəxs digər şəxsə xidmət göstərməli və icra etdiyinin əvəzində tələb etmək hüququ vardır. Xidmət göstərməyən bir şirkətin tələb etmək hüququ da yaranmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndələri məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
22. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7040/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya görülmüş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı hazırkı mübahisə tərəflər arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli, AZP017/2024 nömrəli texniki xidmət müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilə əsasında icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öz öhdəliyinə götürmüşdür.
28. Hazırda İddiaçı MMC iyun və iyul ayında da tərəfindən cavabdehə xidmət göstərildiyi halda həmin aylara görə xidmət haqqının ödənilmədiyini əsas göstərərək xidmətin dəyərinin və dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
29. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Odur ki, xidmət haqqının tutulması hissəsində iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.
30. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 590 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesab-fakturalar və liftlərə texniki baxış formalarından başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilməsə də, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Lift texniki baxış aylıq formasını Cavabdeh MMC-nin adından təsdiq edən Ə.İsrafilovun səlahiyyətinin olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilmiş və bununla bağlı tərtib edilən liftlərə texniki baxış formaları sifarişçi Cavabdeh MMC-nin adından nümayəndə kimi Ə.İsrafilovun imzası ilə təsdiq edilmişdir. Belə olan halda, iddiaçı iyun ayı üçün cavabdehdən ƏDV daxil 590 manat məbləğində xidmət haqqı tələb etməkdə haqlıdır.
31. İddianın iyul ayı üçün xidmət haqqının tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan, həmçinin cavabdehin yazılı etirazda qeyd eydiyi xüsusatlardan görünür ki, 17 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir. İddiaçının hər təqvim ayının yarısını keçdikdən sonra ödənişin tam şəkildə icra edilməli olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şərt müqavilədən və tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən irəli gəlmədiyindən iddiaçı yalnız iyul ayının 18-nə qədər olan olan müddət üçün icarə haqqını tələb etməkdə haqlıdır.
32. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının 17 günü üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən birinci instansiya məhkəməsi 774,19 manat əsas borc, 139,35 manat ƏDV borcunun tutulması tələbinə dair hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7040/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.