Məhkəmə qərarları › İş №2-2(103)-269/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-269/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-269/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı «pul» tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1431/2021 saylı, 10.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən İddiaçı MMC-nin xeyrinə 14 yanvar 2019cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 10.848,38 manat əsas borc, 1.084,8 manat penya borc olmaqla, cəmi 11.933,18 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1431/2021 saylı, 10.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 10.848,38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat əsas borc, 1.084,8 ( bir min səksən dörd manat səksən qəpik) manat penya borcu olmaqla cəmi 11.933,18 (on bir min doqquz yüz otuz üç manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 26 avqust 003 saylı Təhvil-təslim aktı onlar tərəfindən imzalanmamışdır. Çünki İddiaçı MMC tərəfindən 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” aralarında imzalanmış müqavilənin şərtlərinə əməl edilməmişdir. Belə ki, ofisdə görülən işlər ümumiyyətlə tamamlanmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İş materiallarında olan, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında imzalanmış 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin ofis binasının təmirini yerinə yetirməyi və adı, sayı və xarakteristikaları Müqaviləyə 1 saylı Əlavədə göstərilən texniki Spesifikasiyada müəyyən edilmiş materialları və avadanlığı Müqaviləyə 2 saylı Əlavədə göstərilən Təqvim planına uyğun olaraq çatdırmağı, cavabdeh isə çatdırılan avadanlığı Müqavilənin şərtlərinə uyğun olaraq qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən X1 43 393,52 (qırx üç min üç yüz doxsan üç) manat 52 qəpik, o cümlədən 6 619,35 (altı min altı yüz on doqquz) manat 35 qəpik məbləğində 18% ƏDV təşkil edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Avadanlığın dəyəri 15 937,99 (on beş min doqquz yüz otuz yeddi) manat 99 qəpik, o cümlədən 2 431,22 (iki min dörd yüz otuz bir) manat 22 qəpik təşkil edir və qablaşdırmanı, markalanmanı, yüklənməni, Avadanlığın gömrük rəsmiləşdirilməsi ilə bağlı olan bütün xərcləri, Avadanlığın hazırkı Müqavilənin 4.2ci bəndində göstərilən ünvan üzrə Sifarişçinin anbarına çatdırılmasını özündə birləşdirir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Spesifikasiyada istənilən dəyişiklik Müqavilənin Qiymətinin və ya çatdırılma müddətlərinin dəyişməsinə gətirib çıxaracaqdır, hansı ki, zərurət olduğu halda tərəflərin razılığı ilə müvafiq qaydada dəyişdiriləcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən işlərin dəyəri 27 455,53 (iyirmi yeddi min dörd yüz əlli beş) manat 53 qəpik, o cümlədən 4 188,13 (dörd min yüz səksən səkkiz) manat 13 qəpik məbləğində 18% ƏDV təşkil edir və İcraçının bütün xərclərini, məsrəflərini və mükafatlarını əhatə edir. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər hazırkı Müqaviləni imzaladığı və işlərə başlanıldığı gündən sonrakı 3 (üç) bank günündən gec olmayaraq 21 696,76 (iyirini bir min altı yüz doxsan altı) manat 76 qəpik məbləğində Müqavilə Qiymətinin 50%-i, o cümlədən 3 309.67 (üç min üç yüz doqquz manat altmış qəpik) manat məbləğində 18% ƏDV ödənilməlidir. 15 (on beş) bank günündən gec olmayaraq 10 848,38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində Müqavilə Qiymətinin 25%-i, o cümlədən 1 654,84 (min altı yüz əlli dörd manat səksən dörd qəpik) manat məbləğində 18% ƏDV ödənilməlidir. Müqavilə Qiymətinin 10848.38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində qalan 25%-i, o cümlədən 1654,84 (min altı yüz əlli dörd manat səksən dörd qəpik) manat məbləğində 18% ƏDV Tərəflərin Mal qaiməsini və yerinə yetirilən işlərin qəbul Aktını imzaladığı tarixdən sonrakı 3 (üç) bank günü ərzində ödənilməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən işlərə başlamaq üçün materiallar və avadanlıq hazırkı Müqavilənin imzalandığı tarixdən sonrakı 10 (on) təqvim günü ərzində İcraçı tərəfindən çatdırılmalıdır. Materialların və avadanlığın çatdırılma tarixi olaraq, 4.2-ci bənddə göstərilən ünvan üzrə Avadanlığın qəbul edilməsi barədə Sifarişçinin qeydi olan nəqliyyat qaiməsində göstərilən tarix hesab olunur. Avadanlığın təhvil verilməsi ilə yanaşı İcraçı onun ləvazimatlarını, habelə ona aid olan, qanunla, digər hüquqi aktlarla və hazırkı Müqavilə ilə nəzərdə tutulan sənədləri (texniki pasport, keyfiyyət sertifikatı, istismar üzrə təlimat və sairi) Sifarişçiyə təhvil verməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən icraçı Avadanlığın təhlükəsiz daşınmasını təmin edən seçiminə uyğun olaraq istənilən nəqliyyatla materialların və avadanlığın Sifarişçinin Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1025, Nobel prospekti 25 ünvanında yerləşən ofisinə çatdırılmasını həyata keçirir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən materiallar və avadanlıq daşınma, hərəkət yolunda boşaldılıb yüklənmə, saxlanma və mexaniki vasitələrlə və ya əllə boşaldılma zamanı materialların və avadanlığın mühafizəsini təmin edən lazımi qablaşdırmada İcraçı tərəfindən çatdırılır. Bu zaman tara geri qaytarılmır. İcraçı Sifarişçinin adını, materialların və avadanlığın adını və sayını, etiketlərin vurulma tarixini göstərən etiketlərin vurulması yolu ilə materialları və avadanlığı eyniləşdirməlidir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən İcraçı İşləri aşağıdakı müddətlərdə yerinə yetirməyi öhdəsinə götürür: İlkin müddət: 14 yanvar 2019-cu il Son müddət: 15 fevral 2019-cu il Həmin Müqavilənin 4.7-ci bəndinə əsasən icraçı işlərin yerinə yetirilməsi üçün vacib olan bütün materialları və/və ya avadanlığı çatdırmağı öhdəsinə götürür. Belə materiallann və/və ya avadanlığın adı və sayı, habelə onların keyfiyyətinə qarşı tələblər “Sifarişçinin tapşırığı" adlı 1 Ma-li Əlavədə göstərilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Avadanlığın çatdınlma tarixi olaraq Avadanlığın Sifarişçi tərəfindən İcraçıdan (və ya daşıyıcıdan) nəqliyyat qaiməsində göstərilən ünvan üzrə alındığı təqvim tarixi hesab olunur. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Avadanlığın yoxlanılması və qəbulu üçün Sifarişçinin sərəncamında Avadanlığın çatdırıldığı tarixdən sonrakı 30 təqvim günü var. Avadanlığın qəbulu zamanı Sifarişçi say, keyfiyyət və nomenklatura üzrə hazırkı Müqaviləyə 1 nömrəli Əlavədə göstərilən Spesifikasiyaya uyğunluq predmeti üzrə Avadanlığı yoxlayır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən əgər təhvil verilən Avadanlıq və yerinə yetirilən İşlər say, keyfiyyət və nomenklatura üzrə Sifarişçinin tələblərinə uyğun olarsa. Sifarişçi qəbul Aktını imzalayır və bir nüsxəsini İcraçıya göndərir. Kəsir, Müqavilənin tələblərinə uyğunsuzluq aşkar edildiyi və/və ya çatdırılmış Avadanlıqda nasazlıqlar olduğu halda, göstərilən bütün nöqsanlar nöqsanlara dair Aktda əks olunur. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən Əgər Avadanlığın 4.1-ci maddədə göstərilən çatdırılma müddətləri İcraçının ucbatından pozularsa. İcraçı vaxtı keçmiş hər günə görə gecikmə ilə çatdırılmış Avadanlığın dəyərinin 0,1% məbləğində penyanı Sifarişçiyə ödəyəcəkdir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən əgər Sifarişçi ödənişi hazırkı Müqavilədə göstərilən məbləğdə və müddətlərdə həyata keçirməzsə. Sifarişçi vaxtı keçmiş hər günə görə gecikmiş məbləğin 0,1 %-i, lakin gecikmiş ödəniş məbləğinin 10%-dən çox olmayan məbləğdə penyanı İcraçıya ödəyəcəkdir. 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləsinə edilmiş Əlavə 1-Sifarişçi tapşırığından görünür ki, Cavabdeh tərəfindən ümumi dəyəri ƏDV daxil 43393,52 manat avadanlıq və işlər sifariş olunmuşdur. 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləsinə edilmiş Əlavə 2 Avadanlığı çatdırılmasına (və işlərin yerinə yetirilməsinə) dair Təqvim planından görünür ki, İddiaçı MMC tərəfindən işlərin görülməsi müddətləri müəyyən edilmişdir. 26.08.2019-cu il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş avadanlıqlar və görülmüş işlərin ümumi dəyəri 43393,52 manat təşkil edir. Qeyd olunan akt İddiaçı MMC tərəfindən imzalanmasına baxmayaraq cavabdeh tərəfindən imzalanmamışdır. 26.08.2019-cu il tarixli 003 nömrəli Hesab Fakturadan görünür ki, İddiaçı MMC tərəfindən satılmış avadanlıqlar və görülmüş işlər üzrə ödənilməmiş məbləğ 10848,38 manat təşkil edir. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə yaranmış 11933.18 manat əsas borcunun tutulmasını tələb edir. İşin faktiki hallarından müəyyən olunur ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 14 yanvar 2019-cu il tarixli “Avadanlığın catdırılmasına və işlərin yerinə yetirilməsinə dair" müqaviləsindən irəli gəlmişdir. Müqavilənin məzmununda avadanlığın çatdırılmasına dair müddəların olmasına baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilə hüquqi təbiəti etibarı ilə podrat müqaviləsidir. Cavabdeh, müqavilənin 3.1.1-ci bəndinin tələblərinə əsasən, müqavilə üzrə şərtləşdirilmiş muzdun 75 faizini ödəmişdir, bu hal işdəki ödəniş sənədləri ilə təsdiq edilir. Lakin cavabdeh muzdun son 25 faizinin (ƏDV daxil olmaqla, 10.848,38 manat) ödənişini həyata keçirməkdən imtina etmişdir. İmtinasını onunla əsaslandırmışdır ki, iddiaçı işləri tam şəkildə görməmişdir, bununla bağlı iddiaçıya dəfələrlə şifahi şəkildə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Tərəflər arasında bağlanmış 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqavilənin 5.7-ci bəndində əsasən, işləri yoxlamaq və qiymətləndirmək və onların hazırki Müqavilənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Sifarişçinin sərəncamında işlərin təhvil-təslim Aktının və bütün texniki, icra sənədlərinin alındığı andan 14 təqvim günü var. Qəbul müddətinin sonuna Sifarişçi Aktı imzalamaq yolu ilə işləri tam və ya qismən (“Qəbul”) qəbul etməsi barədə və ya Aktın imzalanmasından əsaslandırılmış imtinanın İcracıya göndərilməsi yolu ilə İşləri qəbul etməməsi barədə İcraçını yazılı surətdə xəbərdar edir. Göründüyü kimi, tərəflər işlərin qəbulunun şərtlərini müqavilə ilə razılaşdırmışlar. Buna görə sifarişçi (cavabdeh) işlərin təhvil-təslim aktını aldıqdan sonra 14 təqvim günü ərzində ya işləri tam və ya qismən qəbul etməli, ya da, qəbuldan tam və ya qismən imtina edərək bu imtinasını əsaslandırmalı idi. Müqavilənin 5.7-ci bəndindəki “əsaslandırılmış imtinanın İcraçıya göndərilməsi yolu ilə” ifadəsindən aydın olur ki, cavabdehin imtinası yazılı şəkildə olmalı idi. İş materiallarında cavabdehin bu barədə əsaslandırılmış yazılı imtinanı 14 təqvim günü ərzində iddiaçıya göndərməsinə dair sübut yoxdur. Digər tərəfdən, cavabdeh, ona ünvanlanmış pretenziyaya cavab verməmiş, iddia ərizəsinə yazılı etiraz təqdim etməmiş, işə məhkəmədə baxılarkən də iddiaçının gördüyü işlərdəki qüsurun nədən ibarət olduğuna dair heç bir sübut təqdim etməmiş, sadəcə ümumi şəkildə, işlərin tam görülmədiyini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh ona təqdim edilmiş işləri hansı səbəbdən qəbul etmədiyini əsaslandıra bilməmişdir. İşin qəbul edilmə müddəti isə, tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndi ilə 14 təqvim günü müəyyən edilmişdir. Deməli, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, iddiaçının gördüyü iş cavabdeh tərəfindən qəbul edilmiş sayılmalıdır. İş qəbul edildiyindən, müqavilə ilə şərtləşdirilmiş muzdun qalıq məbləği kimi ƏDV daxil, 10.848.38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Cavabdeh apelyasiya şikayətində mövqeyini əsaslandırarkən sadəcə onu qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə görülməli olan işlər tam yerinə yetirilmədiyindən 26.08.2019-cu il tarixli Təhvil-təslim aktını imzalamamış və müvafiq ödənişi etməmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi cavabdeh qeyd edilən mövqeyini əsaslandıran hər hansı dəlili - cavabdeh tərəfindən tamamlanmamış işlər barədə tərəflər arasında bağlanmış müqavilənin və ya qanunverciliyin tələblərinə əsasən pretenziya verilməsi, aktların tərtib edilməsi, iddiaçıya müvafiq formada müraciət edilməsi və. s hərəkətlərə dair müvafiq sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəməyə təqdim etməmişdir. Həmçinin tərəflərin izahatlarından müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən təmir işləri aparılan Cavabdehnə məxsus ofis hazırda sonuncunun istifadəsindədir. Bu hal da cavabdehin apelyasiya şikayətindəki mövqeyinin əsassızlığına dəlalət edir. Yuxarıda sadalanan qanunvericilik normalarını hazırki kommersiya mübahisənin faktiki hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh öz öhdəliyini, yəni müvafiq pul məbləğinin ödənilməsini yerinə yetirməmiş və satıcıya müqavilə üzrə ödənilməmiş 10.848,38 manat borcu yaranmışdır. İddiaçı eyni zamanda, 1.084,8 manat penya borcunun cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsini də tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3-cü maddəsinə əsasən, gər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanan qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndini əsas götürərək hesab edir ki, 1084,8 manat cərimənin tələb olunması qanuni və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayəti hər hansı dəlillə əsaslandırılmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 10.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1431/2021 saylı, 10.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar