Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-274/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MTK (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 3 mart tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 mart tarixli dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə, müqavilə məbləğinin 10%i miqdarında, yəni 453.790 manat məbləğində cərimənin, dəymiş zərər olaraq sakinlərə ödənilmiş 233.361 manat məbləğində kirayə haqqının və 480.000 manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin, 100.000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 1.267.151 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilmiş, cavabdehdən 2019cu il 1 mart tarixli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə 453.790 manat məbləğində cərimə, zərər olaraq sakinlərə ödənilmiş 233.361 manat məbləğində kirayə haqqı, cəmi 687.151 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 72,5 manat hissəsinin iddiaçıdan, 72,5 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-440/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim – Raqib Qurbanov, hakimlər – Vüsalə Baxışova və Aida Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-524/2023 saylı, 24 noyabr 2023-cü il tarixli Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2- 2(103)-440/2023 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Hazırki apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin şərtlərinə görə:
1. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nin cavabdeh olduğu 2-2(103)-274/2024 saylı kommersiya işi üzrə iddiaçı olan İddiaçı MTK birmənalı olaraq həmin iddiadan tam şəkildə imtina edir, gələcəkdə həmin iddianın əsası olan tərəflər arasında bağlanmış SBH 003 /Dəmir, beton, Qəlib işləri/ 01/Mart/2019-cu il tarixli podrat müqaviləsi üzrə hər hansı əsasla heç bir iddia tələbi irəli sürməyəcəyini bəyan edir.
2. İddiaçı MTK və Cavabdeh MMC razılaşırlar ki, hər iki tərəfın bu barışıq sazişi imzalanana kimi çəkdikləri məhkəmə xərcləri (dövlət rüsumu, hüquqi yardım üçün çəkilən xərclər) hər bir tərəfın özünə aid ediləcəkdir.
3. İddiaçı MTK və Cavabdeh MMC razılaşırlar ki, bu barışıq sazişi imzalandıqdan sonra hər hansı tərəf bu barışıq sazişinin şərtlərini pozaraq tərəflər arasında bağlanılmış SBH 003 /Dəmir, beton, Qəlib işləri/ 01/Mart/2019-cu il tarixli podrat müqaviləsi ilə əlaqəli hər hansı iddia irəli sürərsə, digər tərəfə bu podrat müqaviləsinin ümumi dəyərinin 20 (iyirmi) faizi miqdarında cərimə ödəyəcəkdir.
Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil3 barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinin təsdiq edlməsinin nəticələrinin ona izah olunduğu üçün aydın olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinin təsdiq edlməsinin nəticələrinin ona izah olunduğu üçün aydın olduğunu və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən, ... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, eləcə də məhkəmə tərkibi tərəfindən barışıq sazişinin təsdiq edlməsinin nəticələri tərəflərə izah olunduğundan və bunun onlara aydın olduğunu bəyan etdiklərindən təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və kommersiya işi üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəf xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəf xüsusi olaraq iddiadan imtina etmir. Mübahisə predmeti ilə bağlı mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qəraraaldı:
İddiaçı və Cavabdeh təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
- Hal-hazırda Bakı Apellyasiya Məhkəməsin icraatında olan Cavabdeh MMC-nin cavabdeh olduğu 2-2(103)-274/2024 saylı kommersiya işi üzrə iddiaçı olan İddiaçı MTK birmənalı olaraq həmin iddiadan tam şəkildə imtina edir, gələcəkdə həmin iddianın əsası olan tərəflər arasında bağlanmış SBH 003 /Dəmir, beton, Qəlib işləri/ 01/Mart/2019-cu il tarixli podrat müqaviləsi üzrə hər hansı əsasla heç bir iddia tələbi irəli sürməyəcəyini bəyan edir. - İddiaçı MTK və Cavabdeh MMC razılaşırlar ki, hər iki tərəfın bu barışıq sazişi imzalana kimi çəkdikləri məhkəmə xərcləri (dövlət rüsumu, hüquqi yardım üçün çəkilən xərclər) hər bir tərəfın özünə aid ediləcəkdir. - İddiaçı MTK və Cavabdeh MMC razılaşırlar ki, bu barışıq sazişi imzalandıqdan sonra hər hansı tərəf bu barışıq sazişinin şərtlərini pozaraq tərəflər arasında bağlanılmış SBH 003 /Dəmir, beton, Qəlib işləri/ 01/Mart/2019-cu il tarixli podrat müqaviləsi ilə əlaqəli hər hansı iddia irəli sürərsə, digər tərəfə bu podrat müqaviləsinin ümumi dəyərinin 20 (iyirmi) faizi miqdarında cərimə ödəyəcəkdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.