Məhkəmə qərarları › İş №2-2(103)-277/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-277/2024

17.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-277/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: xidmət müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4272/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında iki müqavilə bağlanmışdır: -"xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ASFX 17/049 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən iddiaçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyala keçirdiyi “M 39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində yolun torpaq qatının işlənilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 2525 manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək nağd və ya bank köçürmə yolu ilə icraçıya ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş nağd qaydada aparıldıqda, icraçı aldığı xidmət haqqına görə sifarişçiyə Azərbaycan Respublikasının mövcud və müvafiq qanunvericiliyində nəzərdə tutulmuş ciddi hesabat blankı olun “mədaxil qəbzi” və ya “kassa mədaxil orderi” təqdim etməlidir. “Mədaxil qəbzi” və ya “kassa mədaxil orderi” təqdim edilmədən sifarişçi tərəfindən xidmət haqqı ödənilməyəcəkdir. Vergi və digər ödənişlər icraçı tərəfindən onun öz hesabına həyata keçiriləcəkdir. -"xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyala keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrasını öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 (bir) ay üçün 2900 manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən vergi və digər ödənişlər icraçı tərəfindən onun öz hesabına həyata keçiriləcəkdir.

2. Tərəflər arasında bağlanmış 13 iyul 2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 nömrəli əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən tərəflər razılığa gəlmişlər ki, xx.xx.2017-ci il tarixli, ASFX 17/003 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “sifarişçi icraçıya 1 (bir) ay üçün 2942 (iki min doqquz yıız qırx iki) manat xidmət haqqı ödəyir.” “Müqavilənin digər bəndləri dəyişməz olaraq qalır”.

3. "xxxx" ASC tərəfindən təsdiq edilmiş İddiaçı məxsus AZ07MUGA**********00088AZM00 nömrəli hesabdan çıxarışdan görünür ki, həmin hesaba cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş müqavilələrə əsasən ödəniş edilmişdir.

4. İddiaçı C01856952 nömrəli ümumvətəndaş pasportundan və “AZEMİS” Elektron məhkəmə informasiya sistemində hazırkı iş üzrə İddiaçı “sərhədkeçmə məlumatları” bölməsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycandan Almatı şəhərinə çıxış etmiş, xx.xx.2018-ci il tarixdə Aktau şəhərindən Azərbaycana giriş etmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycandan Almatı şəhərinə çıxış etmiş, xx.xx.2020-ci ildə Almatı şəhərindən Azərbaycana giriş etmiş, xx.xx.2020-ci ildə Moskvaya çıxış etmiş, xx.xx.2020-ci ildə İstanbuldan Azərbaycana giriş etmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycandan Daşkənd şəhərinə çıxış etmiş, xx.xx.2022- ci il tarixdə Daşkənd şəhərindən Azərbaycana giriş etmişdir.

5. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 14 ay üçün 46843 manat əsas borc və rusum pulu olan 231 manat (mediasiya daxil) olmaqla, cəmi 47074 (qırx yeddi min yetmiş dörd) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin cavabdehdə iş icrası kimi 30 mart 2017-ci il tarixdən 2021-ci ilin 02 may tarixinə kimi işləmişdir. Sifarişçi olan cavabdeh təşkilatın Özbəkistan, Qazaxıstan Respublikalarında tikinti lahiyə işlərində fasiləsiz işləmişdir. Hazırda cavabdeh təşkilat "xxxx" ASC tərəfindən 13 iyul 2018-ci il tarixli ASFX 18/237 saylı xidmət müqaviləsi üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı ona tam olaraq ödənilməmişdir. Belə ki, cavabdeh təşkilat dəfələrlə ödənişləri gecikdirilmiş qaydada vermişdir. Həmin ödənişlər "xxxx" ASC vasitəsilə aparılmış və ödənişlərin hansı aylara aid olması barədə ona məlumat verilməmişdir. Həmin vaxtlarda ölkədən kənarda olmuşdur. Ümumiyyətlə, xidmət haqları vaxtlı-vaxtında verilmədiyindən hansı ayların ödənilmədiyini əvvələr dəqiqləşdirə bilməmişdir. Cavabdeh ona axırıncı dəfə 08 sentyabr 2021-ci ildə bank vasitəsi ilə 3385 (üç min üç yüz səksən beş) manat ödəniş etmişdir. Cavabdehlə bağladığı 13 iyul 2018-ci il tarixli ASFX 18/224 saylı xidmət müqaviləsi üzrə ona 2019-cu ildə cəmi 5 ay üçün 14045 (on dörd min qırx beş) manat, 2020-ci ildə cəmi 5 ay üçün 13634 (on üç min altı yüz otuz dörd) manat, 2021-ci ilin 4 ayı üçün cəmi 7770 (yeddi min yeddi yüz yetmiş) manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh ona 35449 (otuz beş min dörd yüz qırx doqquz) manat bank köcürmələri aparmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh 2019-cu ildə 7 ay üçün, 2020-ci ildə 7 ay üçün ödəniş aparmamışdır. 2021-ci ilin 4 ayı üçün cəmi 7770 (yeddi min yeddi yüz yetmiş) manat ödənilmişdir. Beləliklə, 2019-cu ilin yanvarından 2021-ci ilin 08 sentyabrına kimi cəmi 35449 manat xidmət haqqı bank vasitəsi ilə köçürülmüşdür. "xxxx" ASC-nin ona 14 ay üçün 46843 (qırx altı min səkkiz yüz qırx üç) manat ödənilməmiş borcu qalmışdır. Ona görə də əvvəlki iddia tələbinin həcmini artıraraq və dəqiqləşdirərək, cavabdehdən 14 ay üçün aylara görə tam dəqiq xidmət haqqının köcürülmədiyini nəzərə alıb, 46843 manat əsas borc və rusum pulu olan 231 manat (mediyasiya daxil olmaqla) olmaqla, cəmi 47074 (qırx yeddi min yetmiş dörd) manat pul vəsaitinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4272/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia rədd edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 13 iyul 2018-ci il tarixli ASFX 18/237 saylı xidmət müqaviləsi üzrə göstərdiyi xidmətlərə görə ödənilməmiş qalan məbləğin ona ödənilməsini tələb edir. Həmin müqavilə cavabdehin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsi ilə bağlı olmuşdur. Həmin layihə üzrə iddiaçının xidmət göstərdiyi iş materialları ilə müəyyən olunur. Belə ki, həmin hal təqdim olunan bank hesabından çıxarışlardan da müəyyən olunur, yəni iddiaçı həmin layihə üzrə işləri icra etmiş və ona ödənişlər edilmişdir. İddiaçı müəyyən aylar üzrə xidmət göstərdiyini, lakin həmin xidmətlərə görə haqqın ödənilmədiyini bildirərək, ödənilməmiş qalan pul vəsaitlərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tələbin sübutu qismində məhkəməyə yalnız müqavilə və bank hesabından çıxarış təqdim olunmuş, həmin sübutlar iddianın təmin olunması üçün yetərli sayıla bilməz. Belə ki, iddiaçı tərəfindən mübahisəli aylar üzrə xidmətlərin göstərilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən Almatı şəhərindən çıxmış, ondan sonrakı dövrdə Qazaxıstan Respublikasında olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı Almatı layihəsi üzrə (icra yeri Qazaxstan olmuşdur) iddia etdiyi 2021-ci ilin 02 may tarixinə kimi xidmət göstərdiyini sübuta yetirə bilməmişdir. İş materiallarına əsasən iddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkədən çıxmış, 2020-ci ilin yanvar ayına görə ona həmin layihə üzrə 2615 manat ödəniş edilmişdir. Eyni zamanda iddiaçı mübahisələndirdiyi 2019- cu ilin yanvar və fevral aylarında Qazaxstan Respublikasında olmamışdır. 2019-cu ilin qalan 3 ayı üzrə iddiaçı tərəfindən xidmətin göstərilməsi təsdiqini tapmır. Belə ki, əvvəla, müqavilədə nəzərdə tutulan xidmətin göstərildiyini təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim olunmur. Bundan başqa, məhkəmənin qənaətinə əsasən mart, aprel, may, iyun, iyul, daha sonra sentyabr, noyabr, daha sonra yanvar ayının ödənişlərini edən iddiaçı tərəfindən arada avqust, oktyabr və dekabr aylarını buraxaraq ödənişlər etməməsi də inandırıcı görünmür. Həmin aylar üzrə xidmətin göstərilməsi öz təsdiqini tapmır. Bundan başqa, 2020-ci ilin qalan ayları üzrə cavabdehdən xidmət haqqının tutulması hissəsində iddianı yuxarıda qeyd edilən səbəblərdən məhkəmə əsassız sayır. Bəzi aylar üzrə ödənişlərin tam edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, xidmətlərin göstərilməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Belə ki, məsələn, 2020-ci ilin yanvar üzrə cavabdeh tərəfindən iddiaçıya 2615 manat ödəniş edilmişdir. Həmin ayın 29-u iddiaçı Azərbaycan Respublikasına giriş etmişdir, yəni bütöv ay üzrə xidmət göstərilməmişdir. xx.xx.2018-ci il tarixli müqavilənin 2.1, 2.2-ci bəndlərində icraçıya 1 ay üçün 2900 manat (sonrakı dəyişikliyə əsasən 2942 manat) xidmət haqqının həftənin 6 günü (bazar ertəsişənbə) icra edilməklə ödənilməsi nəzərdə tutulur. Ona görə aylar üzrə xidmət tam göstərilmədiyinə görə xidmət haqqı da tam ödənilməyə bilərdi.

12. Məhkəmə son olaraq onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsassızdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4272/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə İddiaçı xx.xx.2020-ci il tarixdə Moskva şəhərinə çıxış etdiyini qeyd edir. Lakin İddiaçı heç vaxt Moskva şəhərinə çıxış etməmişdir. Əgər məhkəmə qətnaməsinin iş materialları bölməsində sərhədkeçmə məlumatlarını qeyd etdiyi 14-cü bəndinə nəzər salsaq görərik ki, orada İddiaçı hansı ölkədən və ya şəhərdən hansı ölkəyə və ya şəhərə giriş və ya çıxış etdiyini aydın şəkildə göstərir, lakin bir tək Moskva şəhərinə hansı ölkədən və ya şəhərdən çıxış etdiyini və sonradan Moskva şəhərində hansı şəhərə və ya ölkəyə getdiyini göstərmir. Bu isə onu göstərir ki, Əbilov X2 şəhərinə getməmişdir və həmin məlumatlar natamamdır, təhrif olunmuşdur. Eləcə də İstanbul şəhərinə nə vaxt və hansı ölkədən və ya şəhərdən giriş etdiyini də göstərməmişdir. Əbilov X1 şəhərinə Kazaxıstandan giriş etmişdir. Ancaq sonuncu işini bitirdikdən sonra Bakıya qayıtmışdır. Məhkəmənin qətnamədə əsaslandığı təhvil-təslim aktına gəldikdə isə həmin təhvil-təslim aktları cavabdeh təşkilatdadır. Cavabdehdə olan sənədləri isə İddiaçı təqdim edə bilməz. Məhkəmə gərək özü sorğu verərək həmin təhvil-təslim aktlarını cavabdehdən tələb edərdi ki, məhkəmə isə işin gedişində belə bir addım atmamışdır. Cavabdeh təşkilat Qazaxıstan layihiyəsini və Özbəkistan Layihəsini birlikdə icra etdirirdi. Bununla bağlı bütün sənədlər də (təhvil-təslim aktları və sairə) cavabdeh təşkilatdadır. Məhkəmə həmin sənədlərin cavabdehdən alınması ilə bağlı hər hansı bir addım atmamışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman ən başlıca məsələlərdən biri araşdırılmamışdır və həmin məsələyə hüquqi qiymət verməmiş məsələni ötəri şəkildə başdan edərmiş kimi, gizlədərmiş kimi bir cümlə ilə əhətə etmişdir. Bu isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış olduğu iddia müddətinin tətbiq edilməsinə dair ərizəsidir. Hansı ki həmin ərizə artıq cavabdeh tərəfindən iddianın etiraf edilməsidir. Belə ki, əgər İddiaçı qətnamədə qeyd olunduğu kimi işləri tam görməmişdirsə, işlərin tam görülməsi ilə bağlı təhvil-təslim aktlarını təqdim etməmişdirsə o zaman cavabdeh təşkilat sadəcə məhkəməyə əsaslandırılmış etiraz verməklə kifayətlənə bilərdi. Lakin cavabdeh təşkilat İddiaçı iddiasının əsaslı olduğunu bilmiş və iddianın təmin olunmasından qorxaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İddia müddətinin tətbiqi isə real, əsaslı iddia tələbinə qarşı verilir ki, iddia var tələb etmək hüququ qanunidir, iddia əsaslıdır və lakin bütün bunlara baxmayaraq iddia tələbi ilə tələb olunan tələbin müddəti ötmüşdür. Hazırkı iddia tələbi üzrə isə tələb etmə müddəti ötməmişdir. Bu isə onu sübut edir ki, mənim iddia tələbim tam əsaslı, qanuni, real və təmin olunası bir iddia tələbidir. Lakin məhkəmə bunu nəzərə almayaraq və ya hansısa maraqlara görə cavabdehin mövqeyində çıxış edərək iddia tələbini rədd etmişdir. Bütün bunlar isə məhkəmənin qanun pozuntusuna yol verdiyini göstərir. Həmçinin iddia tələbi ilə cavabdehin iddia tələbinə verdiyi etirazda ümümilikdə məhkəmə qətnaməsində olan sənədlərdə məhkəmə “əmək haqqı fərqi” olduğunu görməmişdir və buna qiymət verməmişdir. Həmçinin cavabdeh təşkilat məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməyərək bir daha iddianın əsaslı olmasını sübut etmişdir. Əgər təşkilatın çəkinəcəyi bir hal yox idisə o zaman nümayəndəsinin iştirakını məhkəmə prosesində təmin etməlidir. Bu həm də qanunun məhkəmə çəkişməsi prosesini pozmaq deməkdir. Çünki məhkəmə prosesi zaman tərəflərin qarşılıqlı dialoqu (çəkişməsi, müzakirəsi) zamanı həqiqətlər ortaya çıxmış olur. Cavabdeh təşkilat isə nümayəndəsinin iştirakını təmin etməməkmə belə bir dialoqdan (çəkişməsi, müzakirəsi) çəkinmiş, boyun qaçırmışdır. Həmçinin məhkəmə təqdim etdiyi sübutları iddianın təmin olunması üçün yetərli sübut hesab etməmişdir. Bəs cavabdeh öz etirazlarının əsaslarını hansı möhtəbər sübutlarla sübut edir. Məhkəmə nə üçün bu hallara qiymət verməmişdir. Axı iddiaçı öz iddiasının əsaslarını sübut etdiyi kimi cavabdeh də öz etirazlarının əsaslarını sübut etməlidir. Həmçinin məhkəmə o halıda nəzərdən qaçırmışdır ki, İddiaçı ödənilən əmək haqqı hər ay deyil iddiaçı ilə cavabdeh arasında 13 iyul 2018-ci il tarixli, ASFX18/224 saylı xidmət müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra ödənilir. Bu isə ödənilən əmək haqqının hər ay ödənilməsi demək deyildir. Bu isə bəzi ayların ödənilməməsinin hansı səbəbə olduğunu sübut edən amillərdən biridir. Çünki cavabdeh təşkilat burada istədiyi zaman müqavilə bağlamış olduğu tərəfi aldatmaq ona ödənişlər etməmək kimi lüksunu öz əlində saxlamış olur. Çünki işləməyi sübut edəcək tək faktor təhvil-təslim aktlarıdır ki, onlarda cavabdeh təşkilatda saxlanılır. Eləcədə məhkəmə qətnaməsini onunla əsaslandırır ki, İddiaçı işə tam gəlməmiş (çıxmamış), işləri tam yerinə yetirməmişdir (tam təhvil verməmişdir). Halbuki yuxarıda sadalananlar bunun tam əksini sübut edir. Göründüyü kimi məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 769-ci maddə-əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli ASFX 17/049 nömrəli və xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı cavabdehin sifarişi ilə Özbəkistan və Qazaxıstan Respublikalarında “M 39 Daşkənd- Termez magistral yolunun yenidən qurulması” və Almatı layihələrində torpaq qatının işlənilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüş, həmin müqavilələr üzrə cavabdeh tərəfindən iddiaçının hesabına xidmət haqqı ödənilmişdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsində xidmət müqaviləsi kimi, müqavilə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, müqavilənin predmeti podrat müqaviləsinə uyğun gəldiyinə görə mübahisə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir.

21. Hazırkı halda iddiaçı iddia edir ki, 2019-cu ilin oktyabr, noyavr, dekabr ayları, 2020-ci ilin yanvar, fevral, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, aprel aylarında gördüyü işlərin dəyəri ödənilməmişdir.

22. Cavabdeh iddiaya etirazında həmin işlərin görüldüyünə dair təhvil-təslim aktları olmadığından iddianın əsassız olduğunu göstərmişdir. İddiaçı təsdiq etmişdir ki, müqavilə şərtlərinə və tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən işlərin görüldüyünə dair hər ay təhvil-təslim aktı tərtib edilmişdir. Lakin həmin aktlar iddiaçıda olmadığından məhkəməyə sübut qismində təqdim edə bilmir. Məhkəmə bununla bağlı qeyd edir ki, işlərin təhvil verilməsinə dair aktın bir nüsxəsi iddiaçının özündə saxlanılmalı olduğundan bu mülahizə əsassızdır.

23. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı öz iddiasının əsaslı olduğunu mötəbər sübutlarla təsdiq etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının pasportundakı ölkədən giriş-çıxış məlumatları iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin təqdim edilmiş sübutlara verdiyi hüquqi qiymətlə razılaşır və qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən etmir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar