Məhkəmə qərarları › İş №2-2(103)-283/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-283/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-283/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə qarşı «pul» tələbinə dair Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə qarşı müqavilə üzrə borcun və faizin tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6109/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “X1” MMC (podratçı) ilə iddiaçı (subpodratçı) arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli AGCX 113/2020 saylı subpodrat müqaviləsinə əsasən subpodratçı podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocahəsən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli binanın tikintisi: bina daxili tavan və divarlara astar və üzlük şpaklyovkanın çəkilməsi, poduqaların quraşdırılması və s. işləri (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə görülmüş işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə üzrə subpodratçıya ödəniləcək məbləğ hər ay subpodratçı tərəfindən hazırlanmış və podratçı tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma-2, Forma-3) əsasında ödəniləcəkdir. Subpodratçı görülmüş işlərə dair aktları (Forma-2, Forma-3təqdim etdiyi gündən etibarən podratçı 5 iş günü ərzində həmin aktlara münasibətini bildirməlidir. Görülmüş işlərə dair aktlar (Forma2, Forma-3) podratçı tərəfdən təsdiqləndiyi təqdirdə, aktların təsdiq olunduğu gündən etibarən 10 iş günü ərzində müvafiq olaraq subpodratçıya ödəniş edilməsini təmin etməlidir. Podratçı 5 iş günü ərzində həmin aktlara münasibətini bildirməsə aktlar təsdiq edilmiş hesab ediləcəklər.

3. İddiaçı (subpodratçı), cavabdeh və üçüncü şəxs “X1” MMC (podratçı) arasında bağlanmış 02 avqust 2021-ci il tarixli AGCX 113/2020 nömrəli, xx.xx.2020-ci il tarixli müqailəyə 01 nömrəli əlavə razılaşmaya əsasən tərəflər razılaşırlar ki, bu razılaşma imzalandığı tarixdən podratçının müqavilə üzrə borc öhdəlikləri (ƏDV xaric olmaqla) “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ötürülür.

4. Razılaşmanın 2-ci bəndinə əsasən tərəflər eyni zamanda qəbul edirlər ki, müqavilə üzrə “X1” MMC-nin subpodratçıya bu razılaşmanın imzalanma tarixinə 57711,53 manat (ƏDV xaric) məbləğində borcu mövcuddur.

5. Razılaşmanın 3-cü bəndinə əsasən müqavilə üzrə bu razılaşmanın 2-ci bəndindəki borc məbləği (ƏDV xaric olmaqla cəmi 57711,53 manat) cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qeyd edilən ödəniş həyata keçirildikdən sonra iddiaçı müqavilə üzrə hər hansı tələb hüququndan imtina etmiş olur.

6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış AGCX 113/2020 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma 1-ə əsasən yaranmış 57711,54 manat məbləğində borcun, borca görə faizlərin, dəbbə pulun, əldən çıxmış fayda, müqavilədə nəzərdə tutulan digər ödənişlərin və borcun tələbi ilə əlaqədar xərclərin 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 57711,53 manat borcun, 2885,57 manat faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, 2000 manat xidmət haqqının, ümumilikdə 62997,00 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə "xxxx" MMC arasında bağlanılan xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsinə əsasən Xocasən qəsəbəsi ərazisində tikilən 12 saylı binada binadaxili tavan və divarların astar və üzlüklərin çəkilməsi və s. işlər yerinə yetirmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və təhvil verilmişdir. “X1” MMC tərəfindən görülən işlərə görə nəzərdə tutulmuş ödənişlər qismən edilsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və görülən işə görə haqqı tam ödəməmişdir və bununla da borc qalmışdır. xx.xx.2020-ci il tarixli Subpodrat Müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma 1 bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən “X1” MMC, "xxxx" MMC və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC razılaşırlar ki, “X1” MMC-nin borc öhdəlikləri“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ötürülür. xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma 1-in 2ci bəndinə əsasən razlaşmanın imzalanma tarixinə borcun 57711,53 manat olduğunu qəbul edirlər. 5-ci bəndə əsasən Razılaşma imzalandığı tarixdən qüvvəyə minmişdir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 1 il müddətinə illik beş faizlə hesablanmış 2885,57 manat (57711,53/100*5=2700*1il=2885,57 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6109/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “X1” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6109/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilərək cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dən 57711,53 manat pul, 1000 manat hüquqi yardıma görə ödənilmiş vəsait və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat müqaviləsi və 01 nömrəli əlavə razılaşma bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 57711,53 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

12. Məhkəmə əsas borcun tutulması hissəsində iddiaçının tələbinin mötəbər sübutlarla təsdiq edildiyinə dair nəticəyə gələrək cavabdehdən 57711,53 manat məbləğində əsas borcun tutulması hissəsində iddianı təmin etmişdir.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 2885,57 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6109/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf məhkəməyə iddiasının əsası kimi, 24 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsini təqdim etmişdir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən, görülmüş işlərə dair forma 2 aktları tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilir. Lakin iş materiallarında qeyd edilən aktlar aşkar edilməmişdir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən işlər görülərkən tərəflər forma 2 aktlarını imzalayırlar. Forma 2 aktları imzalandıqdan 10 gün sonra ödənişlər həyata keçirilir. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu tələblərə əməl etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 522.1-ci maddə- kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddə- əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 524-cü maddə-öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddə- sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddə- əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddə- məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.3-cü maddə-iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 121.1-ci maddə- məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan göründüyü kimi, qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6109/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır

20. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC 02 avqust 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında “X1” MMC-nin xx.xx.2020-ci il tarixli subpodrat müqailəsi üzrə subpodratçı "xxxx" MMC-yə olan 57711,53 manat (ƏDV xaric) məbləğində borcunu ödəməyi öz öhdəsinə götürnüşdür. MM-nin 522.1-ci maddəsinə əsasən kreditor "xxxx" MMC həmin müqaviləni imzalamaqla öhdəliyin ötürülməsinə razılıq vermişdir. Hazırda iddiaçı həmin müqaviləyə istinad etməklə üzərinə götürdüyü öhdəliyin icrasını cavabdehdən tələb edir.

21. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaya etiraz bildirməmiş, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən işlərin görüldüyü təsdiq edən forma 2 aktları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, cavabdeh 02 avqust 2021-ci il tarixdə öhdəliyin qəbul edilməsi barədə müqaviləni imzalayarkən ötürülən öhdəliyin məbləğinin 57711,53 manat (ƏDV xaric) olduğunu qəbul edərək həmin borcu ödəməyə öz razılığını ifadə etdiyindən hazırda bu borcu mübahisələndirə bilməz. Buna görə də apellyasiya şikayəti əsassız hesab edilir.

22. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

23. İş materiallardan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə “Hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə həmin tarixli, 1 saylı Əlavədə xidmətlərin dəyəri olaraq 2000 manat (ƏDV xaric) müəyyən edilmişdir. Bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə (Vəkil) hüquqi yardımla bağlı 1000 manat vəsait ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hüquqi yardımla bağlı yalnız 1000 manat ödənildiyi sübut edildiyindən cavabdehdən iddiaçının xeyrinə 1000 manat hüquqi yardımla bağlı xərc tutulmalıdır. O cümlədən məhkəmə MPM-nin 119-cu maddəsinə əsasən düzgün olaraq hesab etmişdir ki, ödənilmiş 400 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 6109/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6109/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar