Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-293/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2, qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7046/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP023/2024 saylı texniki xidmət müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 1.200 manat (2024 iyun və iyul ayları) əsas borcun və 216 manat ƏDV borcunun 93 manat cərimə borcunun, o cümlədən 35,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7046/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC -dən 2024cü ilin iyun ayı üçün 600 manat xidmət haqqı və ƏDV məbləği 108 manat, 2024-cü ilin iyul ayı üçün 340 manat xidmət haqqı və ƏDV məbləği 61,20 manat və dövlət rüsumunun əvəzi olaraq 35,50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7046/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, məhkəmə, iddiaçının təqdim etdiyi aktlara əsasən işin təhvil alınması imzalarını araşdırmamış, Cavabdeh MMC-nin belə bir işçisinin olmadığına diqqət etməmişdir. Bundan əlavə şirkətlər arasında olan müqaviləyə və akt forması şirkət rəhbərlərinin imzası, şirkətin möhürü ilə təsdiqləndikdən sonra aylıq ödənişlər edilməli olduğu təqdirdə iş təhvil verilmədiyindən ödəniş olunmamışdır. Müqavilədə aylıq xidmətin sonunda akt əsasında görülən xidmətə görə ödəniş olunması qeyd edilsə də məhkəmə yekunlaşdırılmayan xidmətə görə iddiaçıya ödəniş edilməsini qət etmişdir. Əlavə olaraq biz qüsur aktlarını təqdim etsələr də məhkəmə bunlara diqqət etməmişdir. Həmin qüsur aktlarında liftlərə xidmət göstərilmədiyi açıq aşkar görsənir. Göründüyü kimi məhkəmənin mövqeyi bu hissədə yanlışdır. Qüsur aktları lisenziyalı şirkət tərəfindən tərtib edilmiş, işin təhvil təslimi aktıdirektor tərəfindən təsdiq edilməmişdir. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlər araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
11. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
16. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
18. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, AZP023/2024 saylı texniki xidmət müqaviləsi bağlanmışdır. Tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 1416 manat (ƏDV daxil) məbləğində borc ödənilməmiş qalmışdır. Lakin, cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçı tərəfindən göstərilən xidmətlər qüsurlu olmuşdur və sübut kimi artıq 22 iyul 2024-cü il tarixindən liftlərə xidmət göstərilməsi üçün Kinetek Service şirkəti ilə müqavilənin bağlanmasına və həmin şirkətin xx.xx.2024-cü il tarixli baxış aktını təqdim etmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə dair “lift texniki baxış forması” adlı sənəd tərtib edilirdi və cavabdehin əməkdaşı olaraq həmin aktlarda hər zaman İsrafilov Əhməd adlı şəxs imzalayırdı. İyun tarixli “lift texniki baxış forması” adlı sənəd eyni qaydada İsrafilov Əhməd tərəfindən imzalanmışdır, lakin iyul ayına aid sənəd onun tərəfindən imzalanmamışdır. Lakin, buna baxmayaraq xx.xx.2024-cü il tarixli iddiaçı ilə cavabdehin əməkdaşları arasında olan qrup-whatsapp yazışmasından görünür ki, cavabdehin əməkdaşı - Əhməd 17 iyul 2024-cü il tarixində həmin gün üçün liftlərin idarə edilməsini xahiş edilmişdir. Və etirazdan da görünür ki, cavabdeh tərəf xidmətlərin göstərilməsi ilə bağlı yeni şirkətlə müqaviləni xx.xx.2024-cü il tarixində bağlayıb.
26. xx.xx.2024-cü il tarixli 1 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmət haqqı ƏDV daxil 708 manat müəyyən edilmişdir.
27. AG/İ-24-005 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat qeyd olunmuş və həmin göstərilməsinə dair tərtib edilmiş 5 saylı akt hər iki tərəfin imza və möhürü ilə də təsdiq edilmişdir.
28. 04.06.2024-cü il tarixli, MT**********41 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyun ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.
29. 14.06.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə iyun ayı üzrə aylıq texniki xidmət göstərildiyi qeyd olunmuşdur.
30. 25.06.2024-cü il tarixli liftə texniki baxış formasına əsasən 1 ədəd liftə texniki baxış keçirildiyi və işlək vəziyyətdə olduğu qeyd olunmuşdur.
31. 05.07.2024-cü il tarixli, MT**********81 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyun ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.
32. AG/İ-24-007 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat qeyd olunmuşdur.
33. xx.xx.2024-cü il tarixli, 7 saylı tək tərəfli təsdiq edilmiş akta əsasən görülmüş xidmət haqqı 708 manat müəyyən edilmişdir.
34. 21.10.2024-cü il tarixli, MT**********49 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyul ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.
35. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 2024-cü ilin iyun ayı üçün 600 manat xidmət haqqı və onun ƏDV məbləği olaraq 108 manat və 2024-cü ilin iyul ayı üzrə (iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan yazışmaya əsasən) tam bir aylıq xiddət haqqı deyil, iyul ayının 17-nə qədər olan dörv üçün (600/30=20 manat, 20 manat x 17 gün =340 manat + 61,20 manat ƏDV məbləği) xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş xidmətlərin təhvil-təslimi aktı, elektron qaimələr və qismən ödənişlər ilə öz təsdiqini tapır.
37. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 27. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 28. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ən azı bununla bağlı öz etirazlarını bildirə bilərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
41. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın əsas borcun qismən ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergi hesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair aktı ilə də təsdiqini tapır.
42. Ümumilikdə müqavilənin qüvvədə olduğu müddət və sonrakı dövrlərdə müqavilə üzrə xidmətlərin vaxtında və lazımı keyfiyyətdə göstərilməməsi ilə bağlı cavabdeh tərəfindən rəsmi yaxud qeyri-rəsmi heç bir irad bildirilməmişdir. Bundan əlavə elektron qaimələrin geri qaytarılmamış və avtomatlaşdırılmış qaydada qəbul edilmişdir. Lakin, elektron qaimələrin təqdim edilməsindən sonra nə müəyyən olunmuş müddət ərzində nə də ki, bundan sonra hər hansı bir etiraz bildirilməmişdir.
43. Qeyd olunan hal da, apellyasiya şikayətinin əsassızlığını təsdiq edir. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş, iddiaya münasibətlərini və etirazlarını bildirməmişdir.
44. Cavabdehin istinad etdiyi qüsur aktı 22 iyulda tərtib edilmişdir. İşdən görünür ki, qüsur aktı aktlardan və digər yuxarıda qeyd edilən sənədlərin tərtibindən sonra olmuşdur ki, qüsur aktının əhəmiyyəti itmiş olur. Göründüyü kimi apellyasiya şikayətində qeyd edilən xüsusatlar təsdiq olunmur.
45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
47. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7046/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.