Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-296/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (direktor) Nümayəndə Kamaloçivin, nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-2 (113)-2644/2020 saylı qətnaməsindən (hakim F.Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 10 aprel 2019-cu il tarixli 190410 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 45000 manat, 8100 manat ƏDV-nin, Skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin və 2000 manat dəbbə pulunun Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 aprel 2019-cu il tarixli, 190410 saylı malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 10 aprel 2019-cu il tarixli, 1 saylı əlavəsinə görə qiyməti 15000 manat olan 1 ədəd Skayp kiosk və 13 iyun 2019-cu il tarixli 3 saylı əlavəyə əsasən hər birinin qiyməti 15000 manat olan 2 ədəd Skayp kiosk olmaqla, ümumi dəyəri 45000 manat olan malların Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilməsi razılaşdırılmışdır. Muqaviləyə əsasən iddiaçı cavabdehə 03 iyun 2019-il tarixdə 12000 manat, 13 iyun 2019il tarixdə 22300 manat, 15 avqust 2019-cu il tarixdə 10700 manat olmaqla ümumilikdə 45000 manat və ƏDV olaraq 8100 manat ödəmişdir. Müqavilənin 15.1-ci maddəsinə əsasən həmin müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il ərzində qüvvədədir. Müqavilənin bağlanılmasından 2 il 4 ay keçməsinə baxmayaraq göstərilən mallardan 1 ədəd Skayp kiosk alıcıya təhvil verilmiş, digərləri təhvil verilməmişdir. Təhvil verilən kiosk isə 1 ay istismarı ərzində dəfələrlə sıradan çıxmış, qüsurların aradan qaldırılması üçün bütün işlər iddiaçının vəsaiti hesabına görülmüş, 2093 manat məbləğində pul xərclənmişdir. Cavabdeh müqavilə üzrə razılaşdırılan malları iddiaçıya təhvil vermədiyindən müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-2 (113)-2644/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 190410 saylı alqı – satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 45000 manat məbləğində pul vəsaitinin, 8100 manat məbləğində ƏDV və 100 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 53200 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq “İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq “İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-2 (113)-2644/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 10 aprel 2019-cu il tarixdə bağlanmış 190410 saylı alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş “Skayp Kiosk” avadanlıqlarının heç birinin onlara təqdim edilmədiyini və buna görə də müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş bütün pulun yəni 45 000 manatın, 8100 manat ƏDV-nin və dəbbə pulu 2000 manatın cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə prosesi zamanı iddiaçı təşkilatın qanuni nümayəndəsi (direktoru) hakim və cavabdehin vəkili tərəfindən ona verilən suallardan sonra müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ona təqdim edilməli olan “Skayp Kiosk” avadanlıqlarının birini (Tovuz rayonu Asan Xidmətdə quraşdırılan) tam hazır vəziyyətdə aldığını, digər ikisini isə natamam formada subpodratçı təşkilat “xxxx” MMC-nə məxsus sexdən götürdüyünü etiraf etmişdir. Bu fakt öz əksini məhkəmə iclas zalının video görüntüsündə də tapmışdır. İddiaçının qanuni nümayəndəsinin öz çıxışında avadanlıqlardan birinin 100% hazır olmaqla ona verildiyini etiraf etməsinə (videogörüntünün 07 dəq 26 saniyəsi) və həmin avadanlığın hal-hazırda da işlədiyini etiraf etməsinə baxmayaraq, məhkəmə öz qətnaməsində həmin əşya ilə bağlı mübahisənin əşyanın keyfiyyəti ilə bağlı mübahisənin təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) Nümayəndə Kamaloçiv, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-2 (113)-2644/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan 10 aprel 2019-cu il tarixli, 190410 saylı malların alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh MMC müqavilənin ayrı – ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı İddiaçı MMC-yə satmağı, sonuncu isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilsə də, tərəflərin izahatlarından aydın olur ki, müqavilə bağlanarkən köşklər hazır olmamışdır. İşdəki müqavilələrdən görünür ki, cavabdeh həmin köşklərin hazırlanması üçün digər hüquqi şəxslərlə müqavilələr bağlamışdır. İşdə olan İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış 10 aprel 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan (əlavə 1) görünür ki, 1 ədəd Skayp kioskun qiyməti 15000 manat, ƏDV 2700 manat olmaqla 17700 manata razılaşdırılmışdır. İşdə olan 13 iyun 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış 10 aprel 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan (əlavə 3) görünür ki, 2 ədəd Skayp kioskun qiyməti 30000 manat, ƏDV 5400 manat olmaqla 35.400 manata razılaşdırılmışdır. İşdə olan köçürmə aparılması barədə bildirişin surətindən görünür ki, 11565 manat məbləğində ƏDV İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə köçürülmüşdür. İşdə olan 03 iyun 2019-cu il tarixli, 171 №-li, 13 iyun 2019-cu il tarixli, 188 №-li 15 avqust 2019-cu il tarixli, 287 №-li ödəniş tapşırıq surətindən görünür ki, 10700 manat məbləğində pul vəsaiti, cəmi 45.000 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə köçürülmüşdür. Tərəflər arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 190410 saylı müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil – təslim aktı (qaimə faktura) əsasında həyata keçirəcək. İşdə olan“xxxx” MMC-nin Cavabdeh MMC-yə ünvanladığı 19 oktyabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sifariş olunan 2 ədəd qurğu İddiaçı MMC-yə təhvil verilmişdir, təhvil verilən kioskun 1 ədədi tam hazır, 1 ədədi isə natamam hazır, yəni, bəzi hissələri kioskun üzərinə montaj olunmamış şəkildə təhvil verilmişdir. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı 10 aprel 2019-cu il tarixdə bağlanmış müqavilə əsasında cavabdehə Tovuz şəhərində yerləşən “Asan Xidmət” Mərkəzində quraşdırılmalı olan 3 ədəd Skayp köşkə görə ƏDV-siz 45.000 manat ödənilmiş, lakin köşklərdən yalnız biri tam hazır vəziyyətdə təhvil verilmiş, iki ədəd köşkün tam hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi təmin edilməmişdir. İddiaçı iddia ərizəsində təhvil verilmiş köşkdə də qüsurlar olduğunu bildirərək həmin qüsurların aradan qaldırılması üçün tərəflərindən 2093 manat pul xərcləndiyini göstərmişdir. Təhvil verilmiş Skayp köşkdə qısa müddət sonra problemlər yarandığı və lazımı keyfiyyətdə olmadığı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, İddiaçı MMC-də texniki direktor vəzifəsində işləyən X1 ifadəsi ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı normalara əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsi və alıcı tərəfindən ödənilmiş məbləğin qaytarılması hissəsində iddiaçının tələbi əsaslıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Tərəflər arasında bağlanmış müqavilədə cavabdehin öhdəliyinin icra müddəti nəzərdə tutulmamışdır. İddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında verdiyi izahatda şifahi razılaşmaya əsasən köşklərin 3 ay ərzində tam hazır vəziyyətdə təhvil verilməli olduğunu, köşklər razlaşdırılmış vaxt ərzində hazır olmadığından 2019-cu ilin dekabr ayınadək, yəni “Asan Xidmət” Mərkəzi açılanadək əlavə vaxt verildiyini, lakin həmin müddətdə də öhdəliyin icra edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi öhdəliyin icra müddətinin 3 ay müəyyən edilməsi barədə şifahi razılaşma olması ilə razılaşmamış, icra müddəti müəyyən edilmədiyindən cavabdehin ağlabatan müddətdə öhdəliyini icra etmək hüququ olduğunu göstərmişdir. İddia ərizəsində cavabdehin öhdəliyinin icrası üçün bir il dörd ayı iddiaçı kifayət qədər müddət hesab edərək həmin müddətdən sonra cavabdehə dəbbə pulu hesablamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi bir il dörd aylıq müddət cavabdehin öhdəliyinin icrası üçün ağlabatan müddət hesab edilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdehlə “xxxx” MMC arasında 15.04.2019-cu il tarixdə bağlanmış, iş materiallarına əlavə edilmiş müqavilədə 1 ədəd Skayp Köşkün hazırlanması üçün bir aylıq müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası qeyd edilən normalara əsasən hesab edir ki, cavabdeh alqısatqı müqaviləsinin predmeti olan 3 ədəd Skayp kiosku ağlabatan müddət ərzində, tam hazır vəziyyətdə və lazımı keyfiyyətdə iddiaçıya təhvil vermədiyindən müqavilənin ləğv edilməsi və ödədiyi vəsaitin geri qaytarılması barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, kioskun biri satıcı tərəfindən alıcıya təhvil verildiyindən onun dəyərinin cavabdehdən tutulması hissəsində qətnamə qanunsuz olmuşdur. Apelyasiya şikayətinin bu dəlilinə iddiaçının nümayəndəsi etiraz edərək bildirmişdir ki, müqavilə predmeti olan kiosklar 2019-cu ilin dekabr ayında fəaliyyətə başlamalı olan Tovuz rayon “Asan Xidmət” Kompleksində quraşdırılması üçün sifariş verilmişdir. Cavabdeh öz öhdəliyini icra etmədiyindən artıq digər şirkətlə köşklərin quraşdırılması üçün razılaşma əldə edilmişdir. Sifariş edilən hər üç köşk eyni modeldə, eyni forma və ölçüdə quraşdırılmalı olduğundan cavabdehlə bağlanmış müqavilənin tam ləğv edilməsi tələb olunmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında Skayp köşklərin quraşdırılması üçün ayrı-ayrı müqavilələr deyil, bir alqı-satqı müqaviləsi bağlandığından, köşklər “Asan Xidmət” Mərkəzi üçün sifariş verildiyi üçün hər üç köşkün eyni modeldə və eyni ölçülərdə olması tələb olunduğundan, o cümlədən təhvil verilmiş köşkdə sonradan qüsurlar yarandığından iddiaçının müqavilədən tam imtina edərək hər üç köşkə görə ödədiyi vəsaitin qaytarılmasına dair tələbi əsaslı hesab edilir. Məhkəmə izah edir ki, müqavilə üzrə ödənilmiş məbləğ satıcı tərəfindən alıcıya tam qaytarıldıqdan sonra satıcı alıcıdan təhvil verilmiş köşkün qaytarılmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.4-cü maddəsində satıcının malların təhvil verilməsini gecikdirdiyi hər gecikmə gününə görə 0,01 faiz dəbbə pulu ödəməli olduğu nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin tələbini nəzərə alaraq iddiaçı tərəfindən hesablanmış 2000 manat dəbbə pulunun miqdarını azaldaraq 100 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi bu hissədə də qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-2 (113)- 2644/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-2 (113)-2644/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-296/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-296/2021
04.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver