Məhkəmə qərarları › İş №2-2(103)-296/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-296/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-296/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndələri X3 və X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7027/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024- cü il tarixli, AZP022/2024 saylı texniki xidmət müqaviləsinə əsasən: - Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus, Cavabdeh MMC- də 4 ədəd Sərnişin lifti və 2 ədəd Yük lifti bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. - Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı tam təfsilatı, təsviri, qiyməti və icra müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr - Razılaşma Protokolları (bundan sonra «Protokol») ilə müəyyən olunan xidməti (bundan sonra «xidmət») müqavilə ilə razılaşdırılmış qaydada Sifarişçiyə göstərməyi, Sifarişçi isə göstərilən xidməti qəbul edib qarşılığında İcraçıya Müqavilə ilə razılaşdırılmış xidmət haqqını (bundan sonra «xidmət haqqı») ödəməyi öhdəsinə götürür. - Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən həyata keçirilən texniki xidmətlərin spesifikasiyası və həyata keçirilmə vaxtları aşağıda qeyd olunmuşdur: - Vizual yoxlama zamanı avadanlığın tənzimlənməsi, sazlanması, əsas ehtiyyat hissələrin yoxlanılması, sınaqdan keçirilməsi və avadanlığa ümumi texniki baxışın keçirilməsi. - Texniki nasazlığa çağırış vaxtı: 24 saat - Texniki xidmət vaxtı: hər gün: 24 saat - sifarişçi nin hesabına əsas ehtiyyat hissələrinin almmnsı və icraçı hesabına ödənişsiz dəyişdirilməsi. - Müqavilənin 2.5-ci bəndinə əsasən Xidmətin sifarişçiyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birində 1 nüsxə saxlanılmaqla icraçı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. - Müqavilənin 2.6-cı bəndinə əsasən icraçı xidməti sifarişçiyə təhvil verdiyi gün təhvil-təslim aktını və onun əsasında elektron qaimə fakturanı da sifarişçiyə təqdim etməlidir. - Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri: - Müqavilənin 5.1.1-ci bəndinə əsasən icraçı tərəfindən texniki xidmət göstərilməsinə zəruri şərait yaratmaq və göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında qəbulu üçün məsul şəxsi təyin etmək; - Müqavilənin 5.1.2-ci bəndinə əsasən müqavilənin Xidmətin nəticələrini təhvil aldığı tarixdə yoxlayıb, təhvil-təslim aktını 2 nüsxədə imzalamaqla və bir nüsxəsini icraçı ya verməklə qəbul etmək və ya xidmət ilə bağlı hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslim aktında müvafiq qeyd apararaq xidməti təhvil almaq və yaxud təhvil almaqdan imtina etmək; - Müqavilənin 5.1.3-cü bəndinə əsasən təhvil-təslim anından sonra xidmətlə bağlı hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə, bu barədə 3 iş günü ərzində icraçıya xəbərdarlıq etmək; - Müqavilənin 5.1.4-cü bəndinə əsasən xidmət haqqını Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək. - Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən ayda 1 dəfə olmaqla yerinə yetirilən işlərin 1 aylıq dəyəri 4 ədəd Sərnişin lifti və 2 ədəd Yük lifti üçün 600 AZN + X8 təşkil edir. - Müqavilənin 6.2-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 ay üçün hesab fakturanm göndərildiyi gündən etibarən 5 iş günündən gec olmamaq şərti ilə sifarişçi tərəfindən ödəniləcəkdir.

2. AG/İ-24-005 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat qeyd olunmuş və həmin göstərilməsinə dair tərtib edilmiş 5 saylı akt hər iki tərəfin imza və möhürü ilə də təsdiq edilmişdir.

3. 04.06.2024-cü il tarixli, MT**********88 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyun ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.

4. 14.06.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə iyun ayı ürə aylıq texniki xidmət göstərildiyi qeyd olunmuşdur.

5. 25.06.2024-cü il tarixli liftə texniki baxış formasına əsasən 1 ədəd liftə texniki baxış keçirildiyi və işlək vəziyyətdə olduğu qeyd olunmuşdur.

6. xx.xx.2024-cü il tarixli, MT**********54 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyun ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.

7. AG/İ-24-006 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat, AG/İ-24-007 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat qeyd olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli, 7 saylı tək tərəfli təsdiq edilmiş akta əsasən görülmüş xidmət haqqı 708 manat müəyyən edilmişdir.

9. xx.xx.2024-cü il tarixli iddiaçı ilə cavabdehin əməkdaşları arasında olan qrup whatsapp yazışmasından görünür ki, həmin tarixədək əməkdaşlıq (cavabdehə aid liftlərə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi) davam edib. Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024cü il tarixli AZP022/2024 saylı texniki xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 1.200 manat (2024 iyun və iyul ayları) əsas borcun və 216 manat ƏDV borcunun 93 manat cərimə borcunun, o cümlədən 35,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (arasında 15 yanvar 2024cü il tarixli AZP022/2024 saylı texniki xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən İcraçı Bakı şəhərində yerləşən və Sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, Sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə (Sifarişçi qismində) texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında Sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. İcraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10441554 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 600 manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən Sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 - 6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində İcraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən İcraçı tərəfindən Sifarişçi qismində çıxış edən Cavabdeh MMC-nə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq Cavabdeh MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz Sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP022/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. İcraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 93 manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvilqəbul aktı imzalanmışdır. Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və İcraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi müəyyən olunduğu üçün İcraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları Sifarişçiyə göndərildiyi halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 600 manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir. Tərəflər arasında imzalanmış olan 15 yanvar 2024-cü il tarixli AZP022/2024 saylı texniki xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 1.200 manat (2024 iyun və iyul ayları) əsas borcun və 216 manat ƏDV borcunun 93 manat cərimə borcunun ödənilməsi üçün Cavabdeh MMC-yə 06 avqust 2024-cü il tarixində pretenziya məktubu göndərilmiş, ödənişin aparılması üçün cavabdehə 5 iş günü müddətində vaxt verilmişdi. Bu müddət ərzində də Cavabdeh MMC tərəfindən tələb olunan məbləğ İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməmişdir.

12. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddia ərizəsində göstərdiyi tələblərin heç bir hüququ yoxdur və iddiası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 404, 424, 425, 428, 430, 436, 442, 447, 449 və 458ci maddələrinə əsasən -tərəflər arasında bağlanılmış müqavilə əvəzli müqavilədir, tərəflərin öz iradə ifadələrini həqiqi mənasını əks etdirən şərtləri qeyd etmişlər, müqavilə ləğv edilərkən öhdəliklərə xitam verilməsi, öhdəliklərin icrası zamanı tərəflərdən hər birinin vicdanlığın tələb etdiyi tərzdə yəni şərtləşdirilmiş vaxtda və lazımı şəkildə öhdəliyini icra etməlidir. İcraçının öhdəliyin vaxtından əvvəl tələb etməsini nə müqavilədə, nə də işgüzar adətlərdə öz əksini tapmamışdır. Müqavilənin (xx.xx.2024 tarixli №AZP022/2024) 2.2-ci bəndində qeyd edilmişdir ki, İcraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versə də, heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç biri göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən İddiaçı MMC iyun və iyul ayları üzrə xidmət haqqı tələb etmişdir. 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. Əlavə olaraq iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış, hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 14 və 25-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqı tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq (Xidmət Müqaviləsinin 11.3-cü maddəsi) olunması göstərilsədə iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə (Xidmət Müqaviləsinin 4.2-ci maddəsi) İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsi səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. xx.xx.2024cü il tarixdə bağlanılmış müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbuledilməzdir. Çoxmənzilli binanın idarəedici təşkilatı olaraq binanın ümumi əmlakına xidmət etməyi sahə mülkiyyətçilərinin qarşısında vəzifədir. Lakin xidmət göstərməyən şirkətin pulunu ödəməyi sahə mülkiyyətçiləri ilə bağlanılmış çoxmənzilli binanın idarəedilməsi müqaviləsinə ziddir. İddiaçı iddia ərizəsində göstərdiyi hallara heç bir sübut təqdim etməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7027/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 2024-cü ilin iyun ayı üçün 600 manat xidmət haqqı və ƏDV məbləği 108 manat, 2024-cü ilin iyul ayı üçün 340 manat xidmət haqqı və ƏDV məbləği 61,20 manat və dövlət rüsumunun əvəzi olaraq 35,50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddiaçı iddia etmişdir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 1416 manat (ƏDV) məbləğində borc ödənilməmiş qalmışdır. Lakin, cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçı tərəfindən göstərilən xidmətlər qüsurlu olmuşdur və sübut kimi artıq 22 iyul 2024-cü il tarixindən liftlərə xidmət göstərilməsi üçün Kinetek Service şirkəti ilə müqavilənin bağlanmasına və həmin şirkətin xx.xx.2024-cü il tarixli baxış aktını təqdim etmişdir. Həmin aktda isə qüsur kimi lift kabinin tozlu olması göstərilmişdir. Bundan əlavə qeyd etmişdir ki, hər ay xidmətlərin göstərilməsinə dair aktlar imzalanmalıdır, lakin son iki aktlar imzalanmamışdır və buna görə də həmin aylarda xidmətlərini qəbul etmir. Lakin, iddiaçı qeyd etmişdir ki, cavabdehin istinad etdiyi aktlar cavabdehin daxili aktlarıdır, iddiaçıya aid deyil. İddiaçı tərəfindən göstərilən xidmətlərə dair “lift texniki baxış forması” adlı sənəd tərtib edilirdi və cavabdehin əməkdaşı olaraq həmin aktlarda hər zaman İsrafilov Əhməd adlı şəxs imzalayırdı. İyun tarixli “lift texniki baxış forması” adlı sənəd eyni qaydada İsrafilov Əhməd tərəfindən imzalanmışdır, lakin iyul ayına aid sənəd onun tərəfindən imzalanmamışdır. Lakin, buna baxmayaraq xx.xx.2024- cü il tarixli iddiaçı ilə cavabdehin əməkdaşları arasında olan qrup-whatsapp yazışmasından görünür ki, cavabdehin əməkdaşı - Əhməd 17 iyul 2024-cü il tarixində həmin gün üçün liftlərin idarə edilməsini xahiş edilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 2024-cü ilin iyun ayı üçün 600 manat xidmət haqqı və onun ƏDV məbləği olaraq 108 manat və 2024-cü ilin iyul ayı üzrə (iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan yazışmaya əsasən) tam bir aylıq xiddət haqqı deyil, iyul ayının 17-nə qədər olan dörv üçün (600/30=20 manat, 20 manat x 17 gün =340 manat + 61,20 manat ƏDV məbləği) xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7027/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki huquqların məhkəmə müdafiəsi prinsiplərinə əsasən müqavilə şərtlərində göstərilən bəndlər əsas götürülməmiş, müqavilə azadlığı pozulmuş, iddiaçının gördüyü işlərin sübutu kimi hansısa bir təsadüfi bir akt əsas götürülərək iddiası qismən təmin edilmişdir. Müqavilə (əqd) şərtlə bağlanılmışdır. Şərt liftlərə göstərilən xidmətə görə məbləğ ödənişidir. Qüsur aktlarından və digər sənədlərdən göründüyü kimi iddiaçı heç bir xidmət göstərməmişdir. Öhdəliyin anlayışından göründüyü kimi bir şəxs digər şəxsə xidmət göstərməli və icra etdiyinin əvəzində tələb etmək hüququ vardır. Xidmət göstərməyən bir şirkətin tələb etmək hüququ da yaranmamışdır. Göründüyü kimi təqdim edilmiş sənədlər heç bir fakta və hala əsaslanmayaraq sübut kimi qəbul edilmişdir. Təqdim edilmiş sübutlar aydınlaşdırılmamış, iddiaçı tərəfin təqdim etdiyi faktiki hallar nəzərə alınsada cavabdehin təqdim etdiyim faktlar araşdırılmamışdır Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hər hansı bir akt əsas götürülərək işin təhvil verilməsi ona əsaslanmış həqiqətdə isə heç bir xidmətin göstərilməməsi nəticəsində liftlərin vəziyyəti barədə qüsur aktlarına fikir verilməmişdir. Müqavilənin əsası liftlərə xidmət göstərməkdən ibarət olduğu təqdirdə xidmət göstərmədiyi üçün nəyisə iddia etməsi düzgün deyildir. Qüsur aktları lisenziyalı şirkət tərəfindən tərtib edilmiş, işin təhvil təslimi aktıdirektor tərəfindən təsdiq edilməmişdir. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlər araşdırılmamışdır. X9” MMC-nin təqdim etdiyi sənədlərə fikir verilmədən qərar qəbul olunmuşdur, iddiaçının gətirdiyi əsassız və qanunsuz səbəblər əsas göstərilmişdir.

17. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. -763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. -770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

1. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2024- cü il tarixli, AZP022/2024 saylı texniki xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 2024-ci ilin yanvar-may arası dövrdə iddiaçı tərəfindən cavabdehə liftlərə texniki xidmət göstərilmiş və cavabdeh tərəfindən həmin xidmətə görə haqq ödənilmişdir. Hazırda İddiaçı MMC iyun və iyul ayında da tərəfindən cavabdehə xidmət göstərildiyi halda həmin aylara görə xidmət haqqının ödənilmədiyini əsas göstərərək xidmətin dəyərinin və dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

2. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Odur ki, xidmət haqqının tutulması hissəsində iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

3. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 708 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesab-fakturalar və liftlərə texniki baxış formalarından başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilməsə də, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Lift texniki baxış aylıq formasını Cavabdeh MMC -nin adından təsdiq edən Ə.İsrafilovun səlahiyyətinin olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilmiş və bununla bağlı tərtib edilən liftlərə texniki baxış formaları sifarişçi Cavabdeh MMC-nin adından nümayəndə kimi Ə.İsrafilovun imzası ilə təsdiq edilmişdir. Belə olan halda, iddiaçı iyun ayı üçün cavabdehdən ƏDV daxil 708 manat məbləğində xidmət haqqı tələb etməkdə haqlıdır.

4. İddianın iyul ayı üçün xidmət haqqının tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bundan başqa, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından görünür ki, 17 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir. İddiaçının hər təqvim ayının yarısını keçdikdən sonra ödənişin tam şəkildə icra edilməli olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şərt müqavilədən və tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən irəli gəlmədiyindən iddiaçı yalnız iyul ayının 18-nə qədər olan olan müddət üçün icarə haqqını tələb etməkdə haqlıdır.

5. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının 17 günü üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən birinci instansiya məhkəməsi müvafiq olaraq ƏDV daxil 708 manat və 401,20 (600/30günx17 gün+ƏDV) manat olmaqla, cəmi ƏDV daxil 1109,20 manat məbləğində xidmət haqqı borcunun tutulması tələbinə dair hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7027/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar