Məhkəmə qərarları › İş №2-2(103)-298/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-298/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-298/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı «borcun ödənilməsi, müqaviləyə əlavənin etibarsız hesab edilməsi və avadanlıqların qaytarılması tələbinə dair» ilkin, Cavabdeh MTK-nın isə İddiaçı MMC-yə qarşı «müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair» qarşılıqlı - iddia tələblərinə dair, eyni zamanda, iddiaçı Maraqlı şəxs MMCnin Cavabdeh MTK-ya qarşı «avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair» iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-90/2020 saylı qərardadından İddiaçı MMC-nin şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-90/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 386.247,24 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu, cəmi 406.247,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməsi qət olunmuş, qalan hissələrində ilkin iddia, habelə, Cavabdeh MTK-nın qarşılıqlı iddiası və Maraqlı şəxs MMC-nin iddia tələbi rədd edilmişdir. Qətnamə qəbul edildikdən sonra, ilkin İddiaçı MMC xx.xx.2020-ci il tarixdə qətnamənin icrasının təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-ya məxsus ünvan 1 57, 59 ünvanında və Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binalarının mənzillərin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardpaddan İddiaçı MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tam əsassızdır. Belə ki, qərardadda məhkəmənin birinci dəlili ilə bağlı qeyd edilmişdir ki, işin faktiki hallarından da görünür ki, cavabdeh qərəzli olaraq uzun müddət, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək ödənişləri etməmişdir. Bunun da nəticəsində iddiaçı maddi cəhətdən çətinliklər çəkmiş, işçilərin əmək haqqısını və digər məcburi ödənişləri vaxtında yerinə yetirə bilməmişdir. İşin hallarından tam aydın olur ki, borclu cavabdeh üzərinə düşən öhdəliyi tamamilə əsassız olaraq yerinə yetirmir. Müqavilə üzrə alınmalı məbləğ xeyli miqdar olduğundan həmin məbləğin vaxtında ödənilməməsi yuxarıda qeyd olunan ödənişlərin vaxtında yerinə yetirilməsinə ciddi mənfi təsir göstərir. Bundan başqa isə işin hallarından görünür ki, hazırkı mülki mübahisə iki ilə yaxın müddətdir ki, davam edir, bundan sonra da cavabdehin qərəzli hərəkətləri sayəsində davam etməkdədir. Ona görə də cavabdehin gələcəkdə də məhkəmə qətnaməsini icra etməkdən yayınma halları istisna olunmur. Bu əsasla hesab edir ki, qanunvericiliyin yol verdiyi qaydada onun əmlakları üzərinə həbs qoyulmalıdır. Digər tərəfdən isə ərizəçinin üzərinə vəzifə olaraq belə bir əsaslandırmanı qanunvericilik müəyyən etməmişdir. Məhkəmənin bu mövqeyi qanunsuz olmaqla öz qətnaməsinin gələcəkdə icrasına mane olmaq xarakteri daşıyır. Məhkəmənin ikinci dəlili ilə bağlı qeyd edir ki, ərizədə də istinad olunduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1-cı maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Qanunun tələbinə əsasən ünvan 1 57, 59 ünvanında və Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binalarının mənzilləri hazırda cavabdehin mülkiyyətindədir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddiaçının qətnamənin icrasını təmin etmə tədbiri barədə ərizəsindən göründüyü kimi, cavabdeh qeyd olunan ünvanda yerləşən Cavabdeh MTK-ya məxsus çoxmərtəbəli yaşayış binanın mənzilləri üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. MPM-in 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsi ilə isə müəyyən olunur ki, əmlak üzərinə həbsin qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: -birinci növbədə –cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri , minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; -ikinci növbədə–hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; -üçüncü növbədə daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; -dördüncü növbədə –başqa şəxslərə verilmiş əmlak (158.3.1-158.3.4) İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsindən isə göründüyü kimi, prosessual qanunvericiliyin qeyd olunan tələbi ilə müəyyən edilən ardığıllığa zidd olaraq, birbaşa üçüncü növbə üzrə daşınmaz əmlak obyektləri üzərinə həbs qoyulması məhkəmədən xahiş olunmuşdur. Yəni, qanunun müəyyən etdiyi ardıcıllıq gözlənilməmişdir. Digər tərəfdən, iddiaçı ərizəsində mübahisəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilləri üzərinə həbs qoyulmasını xahiş etsə də, həmin mənzillərin kooperativ üzvlərinin mülkiyyətində olması və yaxud həmin binanın sifarişçisi olan MTK-nın mülkiyyətində qalıb-qalmamasına dair sübutetmə vasitələri də iddiaçı tərəfindən təqdim edilməmişdir. Onu da qeyd etmək lazımdır ki, Mənzil Mcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının ərizəsinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu mənada məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinin qətnamənin icrasını təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsini işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Ona görə də iddiaçının həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-90/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar