Məhkəmə qərarları › İş №2-2(103)-299/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-299/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-299/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4631/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Sifarişçisi kimi Cavabdeh2 MMC-nin, podratçısı kimi “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin göstərildiyi xx.xx.2008-ci il tarixli podrat (iksa) müqaviləsinə əsasən podratçı Xİ Park Tower layihəsi çərçivəsində qazıntı işləri üçün lazımi şəraitin yaradılması və sahəyə su girişinin qarşısının alıması məqsədilə istehsal olunacaq 80/88 sm ölçüsündə fore qazıntı, 60 ölçüsündə jet grout (jet2), 120 ölçüsündə jet grout (jet2) və beton işlərini görməyi, sifarişçi isə görülmüş işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən işlərin ümumi qiyməti ******* ABŞ dolları (ƏDV-siz) təşkil edir.

2. Müqavilənin başlığında sifarişçi Cavabdeh2 MMC qeyd olunsa da, müqaviləyə digər Cavabdeh1 MMC-nin möhürü vurulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.221.357 ABŞ dollarının (ödəniş günü manata olan məzənnə ilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzində 1828,15 manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehlərin sifarişi ilə Bakı şəhəri, 1033cü məhəllə ünvanda yüksək mərtəbəli ofis binasının (Park Tower) toplam 4.677.000 ABŞ dolları dəyərində Fore kazık, Jet grout və Ankraj işlərinin görülməsi nəzərdə tutulmuş, müqavilənin icrası nəticəsində 2.351.357 ABŞ dolları dəyərində Fore kazık, Jet grout və Ankraj işləri görülmüş, müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq razılaşdırılmış 2.351.357 ABŞ dolları məbləğindən 1.130.000 ABŞ dolları cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş, görülmüş işlərin dəyərinin 1.221.357 ABŞ dolları məbləğində qalan hissəsi ödənilməmiş, iddiaçının qalan hissənin ödənişi ilə bağlı müraciətlərindən sonra 2020-ci ildə cavabdehlər iddiaçı ilə əlaqə saxlayaraq borcla bağlı sənədlərin təqdim edilməsini xahiş etmiş və bildirmişlər ki, sənədlər təqdim edildikdən sonra borc ödəmə proqramına salınacaq və ödəniləcəkdir. İddiaçı tələb edilən sənədləri təqdim etmiş, lakin borc cavabdehlər tərəfindən bu günədək ödənilməmişdir.

5. Cavabdeh2 MMC iddiaya etiraz edir və bildirir ki, müqavilənin başlığında Cavabdeh2 MMC qeyd olunsa da, müqaviləyə digər cavabdehin möhürü vurulmuş, müqaviləni kimin imzalaması da onlara bəlli deyildir. Əlavə edilən sənədlərdə də onların imzaları və möhürləri yoxdur. Əlavə edilən “X5 görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında xx.xx.2012-ci il tarixinə məlumat”ın altında Cavabdeh1 MMC qeyd edilmişdir. “Hakediş Raporunda” Cavabdeh2 MMC tərəfindən məlum olmayan şəxs tərəfindən “Aldım” sözü yazılıb imza edilmişdir. Digər raporda isə ümumiyyətlə Cavabdeh2 MMC tərəfindən təhvil alınma barədə hər hansı bir qeyd yoxdur. Əlavə edilən əlyazma hesab-məlumatda Cavabdeh1 MMC-nin baş mühəndisi Qurbanov X.Q. adlı şəxs tərəfindən imza edilmişdir. Əlavə edilən maliyyə cədvəlində "xxxx" MMC qeyd edilmişdir. Bu da Cavabdeh2 MMC-nin işə aidiyyatı olmamasına dair bir sübutdur. İddiaçı tərəfindən görülən işlər üzrə Cavabdeh2 MMC tərəfindən rəsmi ödənişlər barədə sənəd mövcud deyil, hər hansı bir qaimə, təhvil-təslim aktı, ödəniş tapşırığı, ödənilmiş pul vəsaiti barədə müvafiq sübutlar yoxdur.

6. Cavabdeh1 MMC də iddiaya etiraz edir və bildirir ki, hazırkı müqavilənin onlara hər hansı aidiyyatı yoxdur. Belə ki, onlarla iddiaçı arasında hər hansı müqavilə imzalanmamış, iddiaçıya hər hansı ödəniş edilməmiş, iddiaçı tərəfindən onlara hər hansı xidmət göstərilməmişdir. Bundan əlavə, Cavabdeh1 MMC özü podratçı kimi tikinti işlərini icra edir, lakin o, yaradıldığı gündən ümumiyyətlə hər hansı şirkətlə sifarişçi kimi podrat müqaviləsi bağlamamışdır. Əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş, göstərmişdir ki, iddiaçı məhkəməyə vaxtında müraciət etməmiş, bununla da podrat müqaviləsindən irəli gələn tələblər üzrə müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür.

7. Cavabdehlərin dəlillərinə dair iddiaçının nümayəndəsi əlavə olaraq bildirir ki, iddiaçı Türkiyədə fəaliyyət göstərən hüquqi şəxsdir, Bakı şəhəri, 1033-cü məhəllə ünvanda yüksək mərtəbəli ofis binasının (Park Tower) layihəsinin təməl işlərinin görülməsi ilə bağlı Gilan adlı şirkətlə razılıq əldə edilmişdir. İddiaçı sifarişçi və tərəfdaş qismində Gilan adlı şirkəti bilmişdir. Həmin müqavilə üzrə işlər 2010-cu ilin əvvəllərinə qədər görülmüş, lakin ödənişlərdə yubanmalar olduğu üçün görülməsi nəzərdə tutulan işlərin yalnız təxminən yarısı icra edilmiş, qalan işlərin görülməsindən sifarişçi tərəfindən ödənişlər tam şəkildə edilmədiyi üçün imtina edilmişdir. Həmin müqavilə üzrə sifarişçi tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş, son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir. Həmin ödənişlər nağd qaydada sifarişçi şirkət tərəfindən iddiaçıya Bakı şəhərində edilmiş, lakin bu barədə hər hansı sənədləşdirmə aparılmamış, ödənişlər rəsmiləşdirilməmişdir. İşlərin təhvil-qəbulu ilə bağlı da rəsmiləşdirmə aparılmamışdır. Yaranmış mübahisənin həlli ilə bağlı mediasiya sessiyasına müraciət edildikdə iddiaçıya məlum olmuşdur ki, Azərbaycan Respublikasında adında Gilan sözü olan bir neçə şirkət mövcuddur, müqavilə araşdırılmış, bəlli olmuşdur ki, müqavilədə Cavabdeh2 MMC sifarişçi kimi qeyd edilməsinə baxmayaraq, müqaviləni digər cavabdeh olan Cavabdeh1 MMC möhürləmişdir. Bu səbəbdən həmin MMC-lərin hər ikisini hazırkı iş üzrə cavabdehlər qismində cəlb etmiş, borcun onlardan birgə tutulmasını xahiş edir. Ödənişlərin konkret olaraq hansı cavabdeh tərəfindən edildiyini, müqavilədə göstərilən rekvizitlərin hansı cavabdehə məxsus olduğunu bilmirlər, müqavilənin tərəfinin konkret olaraq hansı cavabdeh olduğu barədə dəqiq məlumatları yoxdur. Bundan əlavə, Cavabdeh1 MMC-nin baş mühəndisi Xidmət Qurbanov öz əlyazmasında həm sifarişçinin, həm də iddiaçının bildirdiyi rəqəmlər əsasında ödənişlər və qalıq borc barədə sənəd tərtib edib imzalamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4631/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

9. İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər (5 hazırlıq iclası və 3 məhkəmə baxış iclası keçirmiş) tam və obyektiv məhkəmə araşdırması aparmış, iddiaçı tərəfə iş üzrə mötəbər sübutların təqdim etməsinə kifayət qədər müddət verilmiş, iclasda muzakirə olunan hər bir məsələyə qanuni əsasla baxılmışdır. Məhkəmə tərəfindən qüvvədə olan MPM-nin normalarına riayyət olunmuş, hər iki tərəfin prosessual hüquqlarından düzgün istifadə edilməsinə dair şərait yaradılmışdır. Həmçinin məhkəmə icraatında olan kommersiya mübahisəsindən irəli gələn məhkəmə işi üzrə düzgün maddi hüquq normalarına istina edilmiş və ədalətli qərar qəbul etmişdir. Apellyasiya şikayəti ümumi olaraq yazılmış, şikayətin dəlilləri əsaslandırılmamış və sübuta yetirilməmiş hesab olunmalı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.

13. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Həmin Məcəllənin 380.1-ci maddəinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

17. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

18. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

23. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

24. Lakin hazırki işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur.

25. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır.

26. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

27. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən görülmüş işlərə dair çoxsaylı hesabatlar (hakediş raporları) bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz.

28. Belə ki, həmin sənədlər imzalanmamış, nəinki cavabdehlər, ümumiyyətlə iddiaçının özü tərəfindən də təsdiq edilməmiş, bu halı iddiaçıların nümayəndələri də birinci instansiya məhkəməsində verdikləri izahatlarında təsdiq etmişlər.

29. Bundan əlavə, iddiaçı işlərin görüldüyünü iddia etdiyi torpaq sahəsinin fotoşəkillərini sübut qismində təqdim etmiş, iddiaçının nümayəndələri öz izahatlarında fotoşəkillərdə olan torpaq sahəsində qazıntı və təməl işlərinin iddiaçı tərəfindən onun öz texnikası ilə apardığını, həmin sahənin hazırda da bu vəziyyətdə olduğunu bildirmişlər.

30. Kollegiya hesab edir ki, həmin fotoşəkillər də hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz. Belə ki, həmin fotoşəkillərin hansı şəraitdə və nə vaxt çəkilməsi, orada olan texnikanın iddiaçının bildirdiyi kimi həqiqətən ona məxsus olması bəlli deyildir, bundan əlavə həmin şəkillərə əsasən orada göstərilən qazıntı işlərinin həqiqətən də iddiaçı tərəfindən, habelə cavabdehlərin sifarişi əsasında görülməsi nəticəsinə gəlmək olmur.

31. Bundan əlavə, iddiaçı məhkəməyə ödənişlərin hansı tarixdə edilməsi barədə tərtib edilmiş sənəd (həmin sənəddə imza və möhür yoxdur, aslı gibidir qeydi ilə təsdiq edilmişdir) təqdim etmişdir.

32. Həmin sənəddə ödənişlərin məbləğləri, ödəniş tarixləri konkret olaraq göstərilsə də, həmin məlumatların nəyin əsasında cədvəldə əks etdirildiyi, bundan əlavə ödənişlərin həqiqətən edilməsi, konkret olaraq hansı cavabdeh tərəfindən, hansı qaydada, harada edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

33. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə X5 görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında sonunda Cavabdeh1 MMC-nin adı qeyd edilmiş sənəd (cədvəl) təqdim edilmişdir. Həmin vərəqədə (cədvəl) göstərilmişdir ki, xx.xx.2012-ci il tarixinə olan məlumatdan görünür ki, Tbilisi prospekti, 1033-cü məhəllədə (Park Plaza) yerləşən layihə üçün 706186 ABŞ dolları qalıq vəsait mövcuddur. Həmin sənəddə Türkiyə şirkətinin tələb etdiyi borc kimi ******* ABŞ dolları, ödənilən vəsait kimi ******* ABŞ dolları, qalıq vəsait olaraq 706186 ABŞ dolları göstərilmişdir. Lakin həmin sənəd imza və möhürlə təsdiq edilməmişdir.

34. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi X2 və X3 ifadələri də iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz.

35. Belə ki, əvvəla həmin şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin müqavilə üzrə ödənişlərin bir qisminin artıq edildiyini bildirsələr də, lakin ödənişlərin konkret olaraq kimə, hansı şəraitdə ödənilməsi, eləcə də hansı tarixdə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.

36. Həmçinin kollegiya qeyd edir ki, hətta həmin şahidlər işlərin görülməsi və ödənişlərin edilməsi ilə bağlı konkret ifadələr versəydi belə bu hazırki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməzdi.

37. Çünki işin yuxarıda da müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən məhz 1.221.357,00 ABŞ dollarının dəyərində podrat işlərin görülməsi və cavabdehə təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.

38. Bununla bağlı kollegiya qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.

39. Bu baxımdan kollegiya hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və iddiaçı şirkətin İdarə Heyətinin üzvü X2 və iddiaçı şirkətin 2003-cü ildən hazırkı günədək işçisi olan və X3 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

40. Həmçinin iddiaçı Cavabdeh1 MMC-nin baş mühəndisi X.Q.Qurbanovun imzası olduğunu iddia etdiyi (belə ki, həmin sənədin əsli deyil, surəti təqdim edilmiş, həmin surət də aslı gibidir qeydi ilə təsdiq edilmişdir) yazılı əlyazmanı təqdim etmişdir. Həmin əlyazmanın başlığında qeyd edilmişdir: “Tbilisi prospekti, 1033-cü məhəllə, yüksək mərtəbəli ofis binasının tikintisi üçün Təməltaş firması ilə Cavabdeh1 MMC firması arasında bağlanmış müqaviləyə əsasən görülən işlərə dair ödənilməli olan məbləğlər”. Həmin əlyazmada Təməltaş firmasına Cavabdeh1 MMC tərəfindən cəmi ödənilən məbləğ kimi 930000 ABŞ dolları qeyd edilmiş, əlavə olaraq xx.xx.2010-cu ildə 200000 ABŞ dollarının ödənildiyi, ümumilikdə ******* ABŞ dollarının verildiyi göstərilmişdir.

41. Lakin həmin sənədin kim tərəfindən, hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə həmin sənəd cavabdehlərin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməmiş, bundan əlavə həmin sənədin əsli deyil, surəti məhkəməyə təqdim edilmişdir.

42. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş həmin kserosurət müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəd Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir.

43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda cavabdehin podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.

44. Əlavə olaraq kollegiya qeyd edir ki, hətta yuxarıda qeyd olunan sənədlər mötəbər sübutlar kimi qəbul edilsə belə iddia təmin edilə bilməz.

45. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia irəli sürülmüşdür.

46. Çünki iddiaçı özü bildirir ki, podrat müqaviləsi üzrə işlər 2010-cu ilin əvvəllərinə qədər görülmüş və sifarişçi tərəfindən son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir.

47. Göründüyü kimi iddiaçının istinad etdiyi hallara əsasən iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır.

48. Hazırkı iddia ərizəsi isə 10 avqust 2022-ci il tarixdə, yəni son ödəniş tarixindən hesablandıqda təxminən 12 il 6 ay keçdikdən sonra verilmişdir.

49. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

50. Göründüyü kimi iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür.

51. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir.

52. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehlərin etirafedici hərəkətlər edilməsi ilə bağlı hallara istinad edilməmiş və sübutlar təqdim edilməmişdir.

53. İddiaçının istinad etdiyi hallar, yəni 2020-ci ildə Cavabdeh1 MMC-nin direktoru olan Elvin İsmayılovun səs yazısı və whatsapp yazışması ilə podrat müqaviləsi üzrə borcun olduğunun etiraf etməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur.

54. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur.

55. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.

56. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.

57. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin 11-ci bəndinə istinad etməsi də əsassızdır.

58. Belə ki, həmin bəndə əsasən podratçı işə başladığı tarixdən etibarən 15 gündən bir bazar istirahət etmək şərti ilə ən gec 180 iş günündə işi tamamlayacaqdır. Təhvil verilmə qismən olacağı halda gecikdirilən müddət əlavə olunacaqdır. Podratçı tərəfindən iş, verilən müddət ərzində bitirilməyəcəyi halda gecikdirilən hər təqvim günü üçün müqavilə dəyərinin 0,3%-i nisbətində cərimə tətbiq olunacaqdır.

59. Göründüyü kimi müqavilənin həmin bəndində podratçıya (iddiaçıya) münasibətdə öhdəliyin icra edilməsi müddəti və həmin müddətin pozulması nəticəsində dəbbə pulunun ödənilməsi ilə bağlı şərtlər müəyyən edilmiş, həmin bəndin müddəaları nə müqavilənin müddətinə, nə də sifarişçi tərəfindən muzdun ödənilməsi müddətinə aid deyil.

60. Bu baxımdan, yəni iddiaçının özünün bildirdiyi hallara əsasən iddia müddətinin ötürülməsi halı müəyyən edildiyindən, habelə iddiaçı tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hallara istinad edilmədiyindən, sonuncu ilə bağlı istinad etdiyi halların isə iddia müddəti keçdikdən sonrakı tarixlərə aid olduğundan və yuxarıda izah olunduğu kimi bu hərəkətlər hər hansı hüquqi əhəmiyyət daşımadığından, məhkəmə kollegiyası prosessual qənaət prinsipini rəhbər tutaraq iddiaçı tərəfindən verilmiş çoxsaylı (şahidlər dindirilməsi, ekspertizanın keçirilməsi, sorğuların verilməsi və s.) vəsatətləri təmin etməmişdir.

61. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmçinin iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

62. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4631/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar