Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-310/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “texniki xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7035/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 yanvar 2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən İddiaçı Bakı şəhərində yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki xidmət göstərilmiş, İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Müqavilənin 6.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5% həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaq. 6.4-cü bəndinə əsasən, cərimənin ümumi miqdarı aylıq ödənilməli olan məbləğin 5%-dən çox ola bilməz.
2. İddiaçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə təqdim edilmiş 05 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10438792 saylı elektron qaimədə aylıq xidmət haqqı 500 manat (ƏDV xaric) olaraq qeyd edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 2024-cü ilin iyun və iyul ayları üçün 180 manat ƏDV daxil olmaqla 1180 manat xidmət haqqı, 77,5 manat cərimə məbləği və ödənilmiş 32,6 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 15 yanvar 2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı Bakı şəhərində yerləşən və cavabdehə məxsus 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, cavabdeh isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq cavabdehə texniki xidmət göstərilmiş, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında cavabdeh tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Son olaraq iddiaçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10438792 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 500 manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə-fakturaya əsasən cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 - 6.4-cü maddəsinin şərtlərinə əsasən iddiaçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən hər 1 ay üçün hesab-fakturanın göndərildiyi gündən etibarən 5 iş günündən gec olmamaq şərtilə cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdeh tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə, gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində iddiaçı tərəfindən cərimə tətbiq olunacaqdır. İddiaçı tərəfindən xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlıvaxtında ödənilməmişdir. 2.3. Məhz cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP015/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. İddiaçı tərəfindən göndərilmiş olan qaimə-fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə-fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 77,50 manat təşkil edir. Cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal-hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvilqəbul aktı imzalanmışdır. Bundan başqa, 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və iddiaçı ilə texniki xidmət müqaviləsi olduğu halda, başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi müəyyən olunduğu üçün 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərə dair təhvil-qəbuluna dair aktlar cavabdehə göndərilmiş, cavabdeh tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 500 manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi cavabdehin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 442, 445, 462-ci və s. maddələri göstərilmişdir.
5. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “texniki xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, iddiaçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına dair vədlər versə də, heç bir irəliləyiş olmamış, sonuncu müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmiş və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç bir göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən iddiaçı iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. Cavabdeh ilə 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb təqdim etmişdir. Qüsur aktlarında iddiaçının öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur.Əlavə olaraq, iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış, hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçının təqdim etdiyi sübutda iyun ayının 11-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqını tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq (müqavilənin 11.3-cü maddəsi) olunması göstərilsə də, iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə (xidmət müqaviləsinin 4.2-ci maddəsi) iddiaçının müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İddiaçı tərəfindən hər ay hesab/“invoice” və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsinin səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. xx.xx.2024-cü il tarixdə bağlanılmış müqavilə üzrə razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi hər bir halda qəbuledilməzdir. Çoxmənzilli binanın idarəedici təşkilatı olaraq cavabdehin binanın ümumi əmlakına xidmət etmək sahə mülkiyyətçilərinin qarşısındakı vəzifəsidir. Lakin xidmət göstərməyən şirkətin pulunun ödənilməsi sahə mülkiyyətçiləri ilə bağlanılmış çoxmənzilli binanın idarəedilməsi müqaviləsinə ziddir. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 399, 404, 436, 442-ci və s. maddələri göstərilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7035/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azpride Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli texniki xidmət müqaviləsi üzrə 136,46 manat ƏDV məbləği daxil olmaqla 894,52 manat əsas borc, 60 manat cərimə olmaqla ümumilikdə 954,52 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirmişdir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1- ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Bu mənada məhkəmə göstərmişdir ki, cavabdeh 17 iyul 2024-cü il tarixinədək xidmətlərin göstərildiyini qəbul etsə də, göstərilən xidmətlərin lazımi qaydada həyata keçirilmədiyini yalnız öz izahatı ilə təsdiq etməyə çalışmışdır. Halbuki işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur etmişdir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). İş materiallarında isə cavabdehin xidmətlərdə qüsur olması ilə bağlı iddiaçıya hər hansı pretenziya irəli sürməsi, xidmətlərin qüsurlarının aradan qaldırılması üçün ağlabatan müddət təyin etməsi və ya belə bir müddət başa çatdıqdan sonra xidmətlərdən imtina etməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh məhz iddiaçının xx.xx.2024-cü il tarixli AZP015/2024 nömrəli müqaviləni birtərəfli qaydada ləğv etdiyini və belə bir ləğvin qanunsuz olduğunu etirazında irəli sürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsi üzrə iddiaçının xidmətləri qanunsuz olaraq dayandırması ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qeyd edilənlər yalnız cavabdeh tərəfindən qaldırılacaq dəymiş zərərlə bağlı iddianın əsasını təşkil edə bilərdi. Hazırkı halda isə cavabdeh hər hansı maddi-hüquqi tələb – iddia ilə çıxış etməmişdir. Göstərilmiş xidmətin dəyərinin ödənilməsinə dair iddiada isə həmin arqumentlərin əhəmiyyəti yoxdur. Lakin iddianın obyektinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı öz daxili qaydalarında ay ərzində 15 gündən artıq xidmətin göstərildiyi halda, xidmət haqqının tam olaraq tələb edilməli olmasına istinad etsə də, xx.xx.2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsinin şərtlərində belə bir razılaşma əks olunmamışdır. Belə olan halda, iddiaçının 2024-cü ilin iyun ayı üçün 500 manat, 2024-cü ilin iyul ayının 16 günü üçün 258,06 (500/31*16) manat olmaqla ümumilikdə ƏDV xaric 758,06 manat, ƏDV daxil olmaqla 894,52 (758,06*118/100) manat məbləğində pulun tutulmasına subyektiv hüququ mövcuddur. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 136,46 manat ƏDV daxil olmaqla 894,52 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia ərizəsində iddiaçı həmçinin 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə-fakturada qeyd edilən məbləğə hesablanmış 77,5 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir. xx.xx.2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsinin 6.3-cü bəndinə əsasən, Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5% həcmində İcraçı tərəfindən cərimə tətbiq olunacaq. 6.4-cü bəndinə əsasən, cərimənin ümumi miqdarı aylıq ödənilməli olan məbləğin 5%-dən çox ola bilməz. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi halda, eyni zamanda xx.xx.2024-cü il tarixli AZP015/2024 nömrəli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə olsa da, iddiaçı da uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, müqavilənin cərimə ilə bağlı şərtlərini və iddiaçının yalnız iyun ayı üçün cərimə tələb etməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 25 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 25 manat məbləğində cərimə cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
9. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-7035/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunverciliyin mülki hüquq subyektlərinin bərabərliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki huquqların məhkəmə müdafiəsi prinsiplərinə əsasən müqavilə şərtlərində göstərilən bəndlər əsas götürülməmiş, müqavilə azadlığı pozulmuş, iddiaçının gördüyü işlərin sübutu kimi hansısa bir təsadüfi bir akt əsas götürülərək iddiası qismən təmin edilmişdir. Müqavilə (əqd) şərtlə bağlanılmışdır. Şərt liftlərə göstərilən xidmətə görə məbləğ ödənişidir. Qüsur aktlarından və digər sənədlərdən göründüyü kimi iddiaçı heç bir xidmət göstərməmişdir. Öhdəliyin anlayışından göründüyü kimi bir şəxs digər şəxsə xidmət göstərməmiş və icra etdiyinin əvəzində tələb etmək hüququ vardır. Xidmət göstərməyən bir şirkətin tələb etmək hüququ da yaranmamışdır. Qüsur aktları lisenziyalı şirkət tərəfindən tərtib edilmiş, işin təhvil-təslimi aktı direktor tərəfindən təsdiq edilməmiş, sübut olaraq "xxxx" MMC-nin işçiləri olmayan şəxslərin imzaları ilə təsdiq edilmiş akt əsas götürülmüşdür. "xxxx" MMC-nin təqdim etdiyi sənədlər araşdırılmamışdır. "xxxx" MMC-nin təqdim etdiyi sənədlər fikir verilmədən qərar qəbul olunmuşdur, iddiaçının gətirdiyi əsassız və qanunsuz səbəblər əsas göstərilmişdir.
11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
-442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. -770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarişçi) arasında 15 yanvar 2024-cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsi imzalanmışdır, iddiaçı Bakı şəhərində yerləşən və cavabdehə məxsus 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, cavabdeh isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı 2024-cü ilin iyun və iyul (tam ayın xidmət haqqı) ayları üçün xx.xx.2024- cü il tarixli AZP015/2024 nömrəli texniki xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin – ƏDV daxil olmaqla 1180 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçının 17 iyul 2024-cü il tarixədək xidmət göstərdiyini, lakin göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Odur ki, xidmət haqqının tutulması hissəsində iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.
24. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 590 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesab-fakturalar və liftlərə texniki baxış formalarından başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilməsə də, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir.
25. İddianın iyul ayı üçün xidmət haqqının tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından göründüyü kimi iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir.
26. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının 16 günü üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən birinci instansiya məhkəməsi müvafiq olaraq ƏDV daxil 590 manat və 304,51 (590/31*16) manat olmaqla, cəmi ƏDV daxil 894,51 manat məbləğində xidmət haqqı borcunun tutulması tələbinə dair hissədə iddia tmin edilməlidir.
27. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan və məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7035/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov