Məhkəmə qərarları › İş №2-2(103)-313/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-313/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-313/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı podrat müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: podrat müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 4151/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddianın əsası kimi iddiaçı tərəfindən istinad edilmiş Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 18.05.20-2 nömrəli, 18 may 2020-ci il tarixli podrat müqaviləsində qeyd edilir ki, podratçı İddiaçı MMC Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikintiquraşdırma və bəzək işləri yerinə yetirməli, sifarişçi Cavabdeh MMC isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 432395 ABŞ dolları məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərindən görünür ki, işlərin təhvil verilməsinin KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

2. İş materiallarından görünür ki, Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işlərinin yerinə yetirilməsi üçün tərəflər arasında bağlanmış 18.05.20 nömrəli, 18 may 2020-ci il tarixli podrat müqaviləsindən irəli gələn mübahisəyə baxılmış, Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı iddiasının rədd, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh MMC tərəfindən görülən işlər üçün İddiaçı MMC-yə ödənilməli olan 114433 ABŞ dolları məbləğindən 63000 ABŞ dolları məbləğində dəbbə pulu çıxılması və yekun olaraq Cavabdeh MMC-dən 51433 ABŞ dolları məbləğində əsas borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddiaların təmin edilməməsi, qətnamənin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 72919 ABŞ dolları məbləğində əsas borc, 127124,11 ABŞ dolları məbləğində dəbbə pulu, mediasiya prosesində iştirak etməklə bağlı ödənilən 400 manat və eləcə də 230 manat dövlət rüsumu olmaqla, ümumilikdə 200.043,11 ABŞ dolları və 630 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan razılaşmaya əsasən cavabdeh “Çayxona № 1” restoran şəbəkəsinin “Dəniz Mall” Ticarət Mərkəzində açılması üçün icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin həmin restoranlar şəbəkəsinin konseptinə uyğun təmir edilməsi İddiaçı MMC-yə həvalə etməklə, İddiaçı MMC-yə həmin təmirlə əlaqədar olaraq 789149,22 pul ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, təmirin konspetinə uyğun və eləcə də “Vasilchuki” tələbi ilə bəzi tikinti malları konseptə uyğun olaraq sifarişçi və ya françayzinqin sahibi təqdim etməli idi. Təmir işlərinin investisiyasının bir qismini “Vasilchuki” şirkəti, bir qismini isə Cavabdeh MMC maliyyələşdirməli idi. Pulların bir qisminin xaricdən gəlməsi səbəbi ilə Cavabdeh MMC-nin təklifi ödənilməli olan pul məbləği iki yerə bölünərək, bir öhdəlik üzrə 2 müqavilə bağlanmış, həmin müqavilələrdən biri ilə ödənişlər nağdsız şəkildə, yəni bank hesabına köçürmə yolu ilə, digəri isə nağdsız şəkildə həyata keçirilməli idi. 18.05.20- 2 nömrəli 18 may 2020-ci il tarixli və 18.05.20 nömrəli 18 may 2020-ci il tarixli müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC (podratçı) Cavabdeh MMC-nin (sifarişçi) xeyrinə müqavilə ilə müəyyənləşdirilmiş işləri görməli, Cavabdeh MMC isə görülən işlərin müqabilində 432395 ABŞ dolları ödəniş həyata keçirilməli idi. Müqavilə ilə İddiaçı MMCnin üzərinə düşən bütün öhdəliklər icra edilmişdir, görülmüş işlər sifarişçi Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən Cavabdeh MMC tərəfindən ödənilməli olan 432395 ABŞ dolları məbləğindən 72919 ABŞ dollarında məbləğ borc qalmışdır. Cavabdeh MMC tərəfindən müqavilənin 2.3 və 8.4-cü bəndlərinin tələbləri pozulmuş, nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında 72919 ABŞ dolları məbləğində məsuliyyəti yaranmışdır. Belə ki, müqavilə şərtləri əsasında İddiaçı MMCnin üzərinə düşən bütün öhdəliklər icra edilmiş, götürülmüş işlər şifarişçi Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Belə ki, müqavilənin 8.4-cü maddəsinə əsasən işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin, Cavabdeh MMC tərəfindən müqavilədə göstərilən məbləğlərin gecikdirilməsi (ödənməməsi) səbəbi ilə İddiaçı MMC müqavilə göstərilən öhdəliklərin icrası, işçilərin əmək haqqılarının və digər xərclərin ödənişini həyata keçirmək üçün "xxxx" ASC ilə 29 dekabr 2020-ci il tarixli, DC00072193-04 nömrəli kredit müqaviləsi bağlanmış və 60.000 manat borc götürülmüşdür. Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas borc olaraq 72919 ABŞ dolları, dəbbə pulu olaraq 127124,11 ABŞ dolları məbləğində borcu mövcuddur.

6. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, tərəflər arasında “Dəniz mall” ticarət mərkəzində yerləşən qeyri-yaşayış binasının təmiri ilə bağlı həqiqətən 18 may 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında mübahisə ortaya çıxmışdır və ona hazırda Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılmaqdadır. Tərəflər arasında iddia edilən kimi nağd şəkildə muzdun ödənilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Aydındır ki, podrat müqaviləsinin bağlanma prosesi bir günə yekunlaşmır. Tərəflərin nümayəndələri, texniki işçiləri müqavilə şərtləri ilə bağlı müzakirələr aparırlar. İddiaçının məhkəməyə təqdim edərək əsasında pul tələb etdiyi “müqavilə” layihədən başqa bir şey deyildir. İddiaçı elektron məhkəmə sisteminə ona nağd şəkildə pul ödənişini təsdiqləyən kassa məxaric sənədlərini təqdim etmişdir. Həmin ödənişlərin varlığı tərəflər arasında iddia edilən müqavilənin bağlandığını təsdiq etmir. Ona görə ki, podrat müqaviləsi üzrə işlərin görülməsi zamanı razılaşdırılmış smetadan kənara çıxmaların ola biləcəyi aşkardır. Həmin kənarlaşmaların əvəzi cavabdeh tərəfindən ödənilmişdir. Dolayısı ilə, qeyd edilən ödənişlər yuxarıda (1-ci bənddə) qeyd edilən podrat müqaviləsi üzrə həyata keçirilmişdir. 18 may 2020-ci il tarixli, 18.05.20-2 nömrəli müqaviləyə nəzər salsaq görərik ki, müqavilədə muzdun nağd şəkildə ödəniləcəyinə dair hər hansı göstəriş yoxdur. Əksinə, Müqavilənin 2.3.3-cü bəndinə görə, “Sifarişçinin Podratçıya ödəmə öhdəliyi Sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır”. İddaçı, iddia ərizəsi və təqdim etdiyi digər sənədlərdə bu müqavilə üzrə ödənişlərin “nağd şəkildə” ediləcəyinə dair bir müqavilə bəndinə istinad edə bilməmişdir. Müqavilənin 2.3.3-cü bəndi isə, tam əksini deyir: ödəniş nağdsız edilməlidir. Müqavilədə muzdun əvvəlcədən ödənilməsinə dair heç bir bənd yoxdur. Əgər nağd şəkildə ödənişlər, iddiaçının iddia etdiyi kimi, bu müqavilə üzrə həyata keçirilmişdisə, onda bu hal, müqavilədə nəzərdə tutulmalı idi. Digər tərəfdən, kassa məxaric sənədlərində də, bu müqaviləyə istinad yoxdur. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İş materiallarında iddiaçının bağlandığını iddia etdiyi müqavilə üzrə işləri gördüyünü və cavabdehə təhvil verdiyini təsdiq edən heç bir sübut yoxdur. Halbuki, iddiaçının özünün tələbinin əsası kimi istinad etdiyi müqavilənin 5-ci bəndinə görə, görülmüş işlərin qəbuluna dair yazılı akt tərtib edilməli, burada görülmüş işlərin dəyəri də öz əksini tapmalı idi. Tərəflər arasında baş tutmuş məhkəmə işi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 114433 ABŞ dolları əsas və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları pul tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 51433 ABŞ dolları əsas borc tutulmuş, qətnamə 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia qismən rədd edildikdən sonra belə bir tələblə çıxış edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia tələbi qismən təmin edilərək 72919 ABŞ dolları məbləğində əsas borc və 4000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 76919 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qətnamədə iddiaçının istinad etdiyi podrat müqaviləsinin layihə olması ilə bağlı cavabdehin dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilə sifarişçi və podratçı tərəfindən imzalandığından layihə olması mümkün deyil. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında eyni obyektdə görülməli olan işlərlə bağlı bir deyil, iki podrat müqaviləsi bağlanmış, hətta mübahisə predmeti olan müqavilə üzrə ödənişlər də aparılmışdır.

9. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərindən görünür ki, işlərin təhvil verilməsi KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuş, lakin tərəflər arasında işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən müvafiq qaydada imzalanacaq sənədlərin mövcud olmaması işin faktiki halları ilə təsdiqini tapsa da, cavabdeh tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlərin görülməsi mübahisələndirilmir. Buna baxmayaraq, mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsi nağd şəkildə həyata keçirilmişdir. Bunu iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş kassa məxaric orderləri təsdiq edir. Cavabdehin nümayəndəsi həmin ödənişlərin aparılmasını smetadan kənara çıxma kimi qiymətləndirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında eyni obyektdə görülmüş podrat işləri ilə bağlı digər müqavilə əsasında tələb olunan borcla bağlı işə baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə smetadan kənara çıxmalarla bağlı hər hansı məlumat verilməmişdir.

10. Dəbbə pulu ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü maddəsinə əsasən işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Öhdəliklərin yerinə yetirilmədiyi iddiaçıya məlum olduğu andan, hətta 1-ci müqavilə üzrə iddia ərizəsi ilə müraciət olunarkən hazırkı müqavilə üzrə də məhkəməyə müraciət etmək imkanı olsa da, bu imkandan istifadə etməmiş, 19 iyul 2022-ci il tarixdə müraciət etmiş, bununla da zərərin həcminin artmasına şərait yaratmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, hesablanmış 127124,11 ABŞ dolları məbləğində dəbbə pulunun məbləği azaldılaraq 4000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsinin dəbbə pulu hissəsində dəyişdirilək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 127124,11 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsinin tam ləğv olunaraq İddiaçı MMC-nin iddiasının tam rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı MMC-nin iddia tələbində göstərdiyi 127124,11 ABŞ dolları məbləğində dəbbə pulu azaldaraq 4000 ABŞ dolları məbləğində dəbbə pulu hesablanması əsassızdır, ona görə ki, İddiaçı MMC tərəfindən hesablanmış 127124,11 ABŞ dolları məbləğində dəbbə pulu 18.05.20 saylı 18 may 2020-ci il tarixli müqavilənin 8.4-cü bəndinə əsasən hesablanıb, yəni Cavabdeh MMC öhdəliklərini düzgün və vaxtı-vaxtında icra etmədiyi təqdirdə dəbbə pulu ödəyəcəyini bilirdi və bu şərtlərlə razılaşaraq həmin müqaviləni imzalamışdır. Apellyasiya instansiya məhkəməsinin tərəflər arasında baxılmış mübahisə üzrə qətnaməsindən də göründüyü kimi, nağdsız şəkildə pul məbləğinin ödənilməsi barədə 18.05.20-2 saylı 18 may 2020-ci il tarixli müqavilənin 8.4-cü bəndinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə ödənilməli olan dəbbə pulu 63000 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur, lakin buna baxmayaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixlie-2-2(113)-4151/2022 saylı qətnaməsi ilə, nağd ödəniş hissəsində Cavabdeh MMC-dən 4000 ABŞ dolları məbləğində dəbbə pulu tutulması düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinə formal əməl olunmuşdur. Beləki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilən izahat, arqumentləri, tərəflərin bərabərliyi təmin edilməmişdir və bütun faktları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Beləki, dəbbə puluya münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh MMC-yə daha çox məbləğ tutulduğu halda İddiaçı MMC-yə münasibətdə həmin məbləğ mümkün qədər endirilib, halbuki nəzərə almaq lazımdır ki, Cavabdeh MMC-nin xeyrinə 63000 ABŞ dolları məbləğində pulun tutulmuş, İddiaçıMMC-nin xeyrinə tutulmalı olan 127124,11 ABŞ dolları məbləği tutulmamaqla tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləki, məhkəmələr tərəfindən hesablanan dəbbə pullarının "xxxx" MMC-nin xeyrinə azaltmadığı, əksinə 63000 ABŞ dolları tutduğu halda, İddiaçı MMC-nin xeyrinə tutulan məbləğ fantastik həddə azaldılaraq, tənasübsüz olduğu qeyd olunur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslanmışdır ki, tərəflər arasında “Dəniz Mall” ticarət mərkəzində yerləşən qeyri-yaşayış binasının təmiri ilə bağlı həqiqətən 18 may 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında mübahisə ortaya çıxmış və hər üç instansiya məhkəməsində bu mübahisəyə baxılmışdır. Tərəflər arasında iddia edilən kimi nağd şəkildə muzdun ödənilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Aydındır ki, podrat müqaviləsinin bağlanma prosesi bir günə yekunlaşmır. Tərəflərin nümayəndələri, texniki işçiləri müqavilə şərtləri ilə bağlı müzakirələr aparırlar. İddiaçının məhkəməyə təqdim edərək əsasında pul tələb etdiyi “müqavilə” layihədən, imzalanmasına baxmayaraq, başqa bir şey deyildir. İddiaçı elektron məhkəmə sisteminə ona nağd şəkildə pul ödənişini təsdiqləyən kassa məxaric sənədlərini təqdim etmişdir. Həmin ödənişlərin varlığı tərəflər arasında iddia edilən müqavilənin bağlandığını təsdiq etmir. Ona görə ki, podrat müqaviləsi üzrə işlərin görülməsi zamanı razılaşdırılmış smetadan kənara çıxmaların ola biləcəyi aşkardır. Həmin kənarlaşmaların əvəzi Cavabdeh tərəfindən ödənilmişdir (MM m. 753, m. 754). Dolayısı ilə, qeyd edilən ödənişlər yuxarıda (1-ci bənddə) qeyd edilən podrat müqaviləsi üzrə həyata keçirilmişdir. Göründüyü kimi, tərəflər arasında yalnız bir podrat müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə də işə artıq baxılmışdır. Məhkəmə, müqavilə layihəsi əsasında işə baxmaqda və sadalanan normaları tətbiq etməkdə haqlı olmamışdır. Əvvəla, müqavilə mətnini ehtiva edən sənədin imzalanması və möhürlənməsi hələ tərəflərin ona müqavilə qüvvəsi vermək niyyətlərini əks etdirmir. Tərəflər, müxtəlif layihələr üzərində müzakirə apara və bunlardan yalnız birinə müqavilə qüvvəsi vermək niyyətində ola bilərlər. İkincisi, əgər həqiqətən də, 18.05.20-2 saylı Podrat müqaviləsinin bağlamaqla tərəflər ödənişlərin nağda şəkildə aparılması məqsədini güdmüşdülərsə, onda həmin müqavilənin mətnində bu barədə bənd/şərt olmalı idi. Axı, məhkəməyə görə, bu, podrat müqaviləsinin mühüm şərtidir və məhkəmə 405.1 və 405.2-ci maddələri tətbiq etməklə bunu demək istəyib. Ancaq müqavilədə belə bir bəndin olmadığı mübahisəsizdir. Əksinə, müqavilədə muzdun nağd şəkildə ödəniləcəyinə dair hər hansı göstəriş yoxdur. Müqavilənin 2.3.3-cü bəndinə görə, “Sifarişçinin Podratçıya ödəmə öhdəliyi Sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır”. O halda sual meydana çıxır: bu müqavilə bağlanıbmı?! Məhkəmənin öz mövqeyini qəbul etsək, müqavilə bağlanmayıb; deməli, məhkəmə bağlanmamış müqavilə üzrə Cavabdehdən pul tutub. Bu isə, açıq aşkar maddi hüquq pozuntusudur. Fərz etsək ki, həqiqətən də, tərəflər arasında 18.05.20-2 saylı podrat müqaviləsi bağlanıb məhkəmənin bu maddəni hazırkı mübahisəyə tətbiq edə bilməsi üçün iddiaçının işləri görüb cavabdehə təhvil verməsini müəyyənləşdirməsi zəruri idi. İş materiallarında iddiaçının bağlandığını iddia etdiyi müqavilə üzrə işləri gördüyünü və cavabdehə təhvil verdiyini təsdiq edən heç bir sübut yoxdur. Halbuki İddiaçının özünün tələbinin əsası kimi istinad etdiyi müqavilənin 5-ci bəndinə görə, görülmüş işlərin qəbuluna dair yazılı akt tərtib edilməli, burada görülmüş işlərin dəyəri də öz əksini tapmalı idi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının qanuni nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş şiakyətin təmin edilməsini xahiş etmişdirlər.

16. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsi xahiş etmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.1.3-cü maddə- birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İddiaçı iddia edir ki, “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri ilə bağlı sifarişçi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 18 may 2020-ci il tarixdə 18.05.20 saylı və 18.05.20-2 nömrəli iki podrat müqaviləsi bağlanmışdır. İddiaçı bir obyektlə bağlı iki podrat müqaviləsi bağlanılmasının səbəbini belə izah edir ki, hazırda iddianın əsasını təşkil edən podrat müqaviləsi ilə bağlı maliyyələşmə “Vasilchuki” şirkti tərəfindən nağd olaraq həyata keçirilməli idi. İddiaçı iddia edir ki, 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə işlər tam icra edilmiş, təhvil verilmiş, müqavilə üzrə görülmüş işlərin dəyəri nağd olaraq qismən ödənilmiş, 72919 ABŞ dolları borc qalmışdır.

21. İş materiallarından görünür ki, tərəflər arasında 18 may 2020-ci il tarixli 18.05.20 saylı podrat müqaviləsindən irəli gələn qarşılıqlı tələblərlə bağlı məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.

22. Cavabdeh tərəf 18.05.20-2 nömrəli podrat müqaviləsi imzalansa da, həmin müqavilənin layihə olduğunu, sifarişçi təfəfindən iki layihədən birinin seçildiyini və bütün işlərin 18.05.20 saylı müqavilə əsasında görüldüyünü, o cümlədən ödənişlərin də həmin müqavilə əsasında həyata keçirildiyini göstərmişdir.

23. Cavabdeh tərəf 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə hər hansı iş görülmədiyini bildirdiyi halda birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, bu müqavilə üzrə işin görülərək başa çatdırılması mübahisə doğurmur və cavabdeh tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlərin görülməsi mübahisələndirilmir. Məhkəmə MPM-nin 385.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermiş, iddiaçı tərəfindən sübutlarla təsdiq edilməli olan halı yalnız izahata əsasən sübut edilmiş hal hesab etmişdir. 24.Məhkəmə apaşdırması zamanı müəyyən edilmişdir ki, iddianın əsası kimi istinad edilmiş podrat müqaviləsi ilə bağlı iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təsdiq edilmir. Belə ki, iddia ərizəsində eyni bir obyektlə bağlı 18.05.20-2 nömrəli ikinci podrat müqaviləsinin bağlanılması həmin müqavilə üzrə görüləcək işlərin dəyərinin nağd ödəniləcəyi barədə tərəflər arasında razılaşma olması ilə əsaslandırılsa da, müqavilədə belə bir şərt nəzərdə tutulmamış, əksinə müqavilənin 2.3.3-cü bəndində qeyd edilmişdir ki, sifarişçinin podratçıya ödəmə öhdəliyi sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır.

25. 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə işlərin icra edilməsi, o cümlədən cavabdeh tərəfindən həyata keçirilmiş nağd ödənişlərin məhz qeyd edilən müqavilə üzrə həyata keçirilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərində işlərin təhvil verilməsinin KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

26. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “Vasilchuki” şirkətinin əməkdaşı olduğu bildirilən “Aleksandr Zayçev” adlı şəxsə cavabdehin göndərdiyi email yazışmaları həmin şəxsin cavabdehin səlahiyyətli şəxsi olmadığı nəzərə alınaraq işin hər hansı halını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Hətta sübut kimi qəbul edilərsə belə həmin yazışmaların məzmununda 18.05.20-2 nömrəli podrat müqaviləsinə istinad olmadığından, bəzi yazışmalarda isə podrat müqaviləsi üzrə ödənişlərin bir hissəsi nağd həyata keçiriləcəyi halda endirim ediləcəyinə dair qeydlər olduğundan email yazışmaları iddianın əsaslı olduğuna dair nəticəyə gəlmək üçün kifayət qədər mötəbər sübut hesab edilmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, əgər həqiqətən 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu olsaydı, tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə podratçı qarşılıqlı iddia ərizəsində hər iki müqavilə üzrə borcun ödənilməsini tələb edərdi. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə borcun ödənilməsinə dair cavabdehə pretenziya məktubu xx.xx.2022-ci il tarixdə, digər iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnamə qəbul edildikdən sonra göndərilmişdir. Göstərlənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia həmin hissədə də rədd edilməlidir.

27. İddianın əsaslı olması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddiaçının apellyasiya şikayəti əsassız hesab edilir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4151/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 72,919 ABŞ dolları pulun və 4.000 ABŞ dolları dəbbə pulunun tutuıması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar