Məhkəmə qərarları › İş №2-2(103)-314/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-314/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-314/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əldən çıxmış faydanın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6206/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 01 iyul 2017-ci il tarixli, 07/2017 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı - Cavabdeh MMC sifarişçi - İddiaçı MMC-yə Vergilər Nazirliyinə aylıq ƏDV, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə dublikatlarının online sifariş edilməsi, online kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, Dövlət Sosial Müdafiə Fonduna rüblük B1, illik B3 hesabatının verilməsi, yeni qəbul edilmiş işçilər üçün SNN-lərin alınması, hamiləlik və xəstəliklə bağlı müavinatların hesablanması, Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi, Məşğulluq İdarəsinə aylıq, rüblük və illik hesabatların təqdim edilməsi, ilkin məlumatların yığılması və mühasibat uçotunun 1C mühasibat proqramında aparılması, Azərbaycan Respublikası qanunvericiliyi əsasında dövlət orqanları (VN, DSMF, DƏM) tərəfindən keçirilən yoxlamalarda müşayət edilməsi, maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi, bank ödənişlərinin həyata keçirilməsi, E-qaimə və Vergi Hesab fakturalarının hazırlanması, kadr sənədlərinin hazırlanması (əmr, müqavilə, əmək kitabçası), şirkət qeydiyyatı, qeydiyyat dəyişikliyi və müqavilələrlə bağlı ilkin hüquqi rəyin bildirilməsi xidmətlərin göstərilməsini öhdəliyinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda kimi 87607,92 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı bildirir ki, 01 iyul 2017-ci il tarixli mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 07/2017 saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən həyata keçirilən xidmətlərdən biri də tender müsabiqələrində iştirak üçün müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi olmuşdur. Belə ki, 2020-ci ildə cavabdeh tərəfindən İddiaçı MMC-yə satınalma (tender) müsabiqəsində iştirak üçün müvafiq sənədlərin hazırlanması və bank qarantiyası sənədinin təqdim edilməsi xidməti göstərilmişdir. 2021-ci ilin noyabr ayında İddiaçı MMC "xxxx" QSC tərəfindən “Üç televiziya və iki radio kanallarının internet şəbəkəsi vasitəsi ilə yayım xidmətinin satın alınması” üzrə keçirilmiş müsabiqədə iştirak etmiş, müsabiqə üçün tələb olunan sənədlərdən biri bank qarantiyası barədə sənəd İddiaçı MMC tərəfindən təqdim edilmədiyindən müsabiqədən kənarlaşdırılmışdır. Bunun əsas səbəbi Cavabdeh MMC tərəfindən bank qarantiyası adlı sənədin əvəzinə fərqli sənəd təqdim etməsi olmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən tenderdən kənarlaşdırılmanın səbəbi barədə məlumat alınması üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış müraciətə 013/2-185 saylı, 22 sentyabr 2022-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, X2 məlumat xəritəsində tələb edilən bank qarantiyası barədə sənəd müraciət edilən sənədlərdə mövcud olmamışdır. Belə ki, həmin sənədin əvəzinə sənədin alınmasına dair banka ünvanlanmış müraciət məktubu yerləşdirilmişdir. Bu səbəbdən İddiaçı MMC həmin tenderdən kənarlasdırılmışdır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilmiş, sonuncu tərəfindən İddiaçı MMC-yə 11 fevral 2022-ci il tarixli məktub ünvanlanaraq, "xxxx" QSC tərəfindən keçirilən müsabiqəyə aid olan tender təklifinin təminatının təqdim olunmamasının podratçının həmin tender prosedurundan “Dövlət Satınalmaları haqqında” Qanunun 36.5.3-cü maddəsinə əsasən formal tələbə uyğun olmayan tender təklifi kimi kənarlaşdmlması üçün əsas olduğu bildirilmişdir. İddiaçı sözügedən satınalmada iştirak üçün lazımi sənədlərin hazırlanması, toplanması və təqdim olunması ilə bağlı Cavabdeh MMC-nin əməkdaşları ilə dəfələrlə əlaqədə olmuş, məhz bank qarantiyası barədə sənədin statusu ilə maraqlanmış, sənədin hazır olduğu və iddiaçıya təqdim edildiyi barədə cavab alınmışdır. Bu kommunikasiya “WhatsApp” və elektron poçt yazışmaları ilə də öz təsdiqini tapır. İddiaçı MMC-nin qeyd edilən satınalma müsabiqəsində iştirakdan kənarlaşdırılmaqdan sonra Cavabdeh MMC tərəfindən göstərilən hal ilə əlaqədar heç bir araşdırma təqdim edilməmiş, hətta onların müvafiq sahədə xidmətin göstərilməsi öhdəliklərinin olmaması bildirilərək hazırki müqaviləyə xitam verilməsi barədə bildiriş göndərmişlər. Buna baxmayaraq cavabdeh tərəfindən 2020-ci ildə də müvafiq xidmətlər iddiaçı üçün göstərilmiş və həmin sahəyə dair sənədlərin əsli 18 aprel 2022ci il tarixli təhvil-təslim aktı ilə iddiaçıya geri qaytarılmışdır. "xxxx" QSC-nin “Üç televiziya və iki radio kanallarının internet şəbəkəsi vasitəsi ilə yayım xidmətinin satın alınması” məqsədi ilə açıq tender proseduranda təklif zərflərinin açılması üzrə 28 yanvar 2022-ci il tarixli, 2 №-li iclas protokolunda tenderdə iştirak edən iddiaçıların təqdim etdiyi qiymətlər açıqlanmış və məlum olmuşdur ki, ən aşağı qiymət təklifi (87607,92 manat) İddiaçı MMC tərəfindən verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı tenderdən yuxarıda qeyd olunan səbəbdən kənarlaşdırıldığına görə tenderdə qalib gələ bilməmişdir. Göründüyü kimi tenderdə ən aşağı qiymət İddiaçı MMC tərəfindən təklif edilməsinə baxmayaraq cavadbeh tərəfindən müvafiq bank qarantiyası sənədinin təqdim edilməməsi nəticəsində İddiaçı MMC müsabiqədən kənarlaşdırılmışdır. Nəticədə İddiaçı MMC əldə edə biləcəyi qazancdan məhrum olunmuş və 87607,92 manat maddi zərər dəymişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilədə göstərilən xidmətlərin konkret siyahısı tərəflər arasında razılığa gəlinərək dəqiqliklə qeyd edilmiş və yalnız mühasibatlıq sahəsində nəzərdə tutulan xidmətlər göstərilmişdir. İddia tələbində nəzərdə tutulan xidmətin, yəni satınalma (tender) müsabiqəsində iştirak üçün müvafiq sənədlərin hazırlanması və bank qarantiyası sənədinin təqdim edilməsi müqavilədə nəzərdə tutulmamışdır. İddiaçı isə qeyd olunan məsələnin müqavilə üzrə tənzimləndiyini bildirir. Cavabdeh tərəfindən həyata keçirilən proses müqavilədən kənar, köməklik göstərilməsi məqsədilə icra olunmuşdur. Qeyd olunan xidmətin göstərilməsi müqavilədə nəzərdə tutulmadığı üçün heç bir hüquqi əhəmiyyət daşımır və müqavilədən irəli gələn öhdəlik sayıla bilməz. Belə ki, cavabdeh qarşı tərəfə dəymiş ziyana görə heç bir hüquqi məsuliyyət daşımır.

5. İddiaçı MMC cavabdehin iddia tələbinə etirazı ilə bağlı mülahizəsində qeyd etmişdir ki, 01 iyul 2017-ci il tarixli 07/2017 saylı müqavilədə icraçı tərəfindən görüləcək xidmətlərin siyahısı verilmişdir. Həmin siyahıda göstərilən xidmətlər mühasibatlıq çərçivəsində görülən işlərin ümumi əhatə dairəsini müəyyən edir. Yəni, siyahıda göstərilən xidmətlərin dəqiq müəyyən edilmiş sərhədləri yoxdur. Belə ki, həmin siyahının birinci bəndində qeyd olunan vergi sahəsində olan xidmətlərdən vergi orqanının onlayn kargüzarlıq bölməsindən müəyyən sənədlərin, arayışların alınması həmin siyahıda qeyd olunmasa da icraçı tərəfindən sifarişçinin xeyrinə bu tip işlər görülmüşdür. Bu xidmətlərin həyata keçirilməsinin hüquqi əsası adı çəkilən müqavilənin 2.2-ci maddəsinin sonuncu cümləsində qeyd olunub. İcraçının vəzifələri adlı 2-ci maddənin 2-ci bəndinə əsasən icraçı bu müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsinə lazımi şərait yaratmağı öz öhdəsinə götürür, yəni: bu müqavilənin 1-ci bölməsində göstərilmiş xidmətlərin yerinə yetirilməsi çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirmək. İcraçı tərəfindən yuxarıda qeyd olunan müqavilədə sadalanan xidmətlər çərçivəsində və həmin xidmətlərdən kənar xidmətlərdə sifarişçinin xeyrinə göstərilmişdir. Belə ki, 01 iyul 2017-ci il tarixli 07/2017 saylı müqavilənin 4.1-ci bəndində qeyd olunur ki, müqavilə çərçivəsində göstərilməli xidmətlərin dəyəri aylıq 300 manat müəyyən olunur. Həmin maddənin 3-cü abzasında qeyd olunur ki, əgər icraçı 1.1-ci bənddə qeyd olunmuş xidmətlərdən əlavə başqa xidmətləri göstərirsə, bu xidmətlərin məbləğləri müqavilənin 4.1-ci bəndində qeyd olunmuş qiymətə əlavə olaraq irəli sürülmüş hesab-fakturalar əsasında ödənilir. Müqavilənin tələbindən göründüyü kimi xidmət göstərilməsinə görə sifarişçi icraçıya ayda 300 manat ödəniş etməlidir. Lakin əlavə xidmətlərin göstəriləcəyi və işlərin görüləcəyi təqdirdə bu məbləğ artırıla bilər. İlk müqavilə bağlananda ödəniş 300 manat müəyyən olunsa da sonrada icraçı sifarişçi üçün əlavə xidmətlər göstərdiyinə görə bu xidmət haqqı artırılmışdır. Belə ki, icraçı tərəfindən sifarişçiyə təqdim edilmiş elektron hesab-fakturalarda müəyyən olunur ki, 2018-ci ildə hər ay 400 manat, 2019-cu ildə oktyabr ayına qədər hər ay 400 manat oktyabr, noyabr və dekabr ayları üzrə hər ay 600 manat, 2020-ci ildə hər ay 600 manat, 2021-ci ildə yanvar, fevral, mart, aprel ayları üzrə hər ay üçün 600 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayı üzrə hər ay üçün 900 manat, 2022-ci ilin yanvar üçün 900 manat pul sifarişçi tərəfindən icraçıya xidmət haqqı kimi ödənilmişdir. Göründüyü kimi müqavilə üzrə xidmət haqqı 300 manat nəzərdə tutulsa da icraçı tərəfindən görülən işlərin artması əlavə xidmətlərin və həmçinin bank qarantiyası sənədinin təqdim olunması xidmətinin göstərildiyi üçün xidmət haqqı da artırılmış və 900 manata çatmışdır. Cavabdeh MMC-nin öz internet saytında qeyd olunur ki, bu şirkət mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətidir. Həmin saytda Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərin siyahısında tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması və digər xidmətlər qeyd olunur. Buna əsaslanaraq qeyd olunmalıdır ki, məhkəməyə təqdim edilmiş etirazda tender üçün sənədlərin toplanmasının köməklik məqsədilə edilməsi mövqeyinin heç bir hüquqi əsası yoxdur. Belə ki, göstərilən xidmətə görə əlavə ödəniş verilmiş və bu elektron qaimə-fakturalarla təsdiq olunur. “Bank qarantiyası” banka online daxil olaraq bank əməliyyatlarını həyata keçirən şəxs tərəfindən həyata keçirilir. Təhvil-təslim aktına əsasən və həmçinin tərəflərin bütün danışıqlarında bu fakt təsdiq olunur ki, bank əməliyyatlarını icraçı həyata keçirmişdir. Bankın təqdim etdiyi sənədlər, həmçinin ciddi hesabat blankları və sair həqiqiliyi və sair təsdiqləmək daha çox baş mühasibin funksiyasıdır. Bu funksiya cari müqavilə ilə bu şirkətə həvalə edilmişdir. İcraçı sifarişçi tərəfindən yaradılmış Whatsapp qrupunda tenderdə iştirak üçün bəzi sənədlərin toplanması tapşırığından sonra bu işlərin nə yerdə olduğunu 7 dəfə dəqiqləşdirmişdir. Həmçinin, icraçı bank qarantiyasının alınması üçün sifarişçinin əlavə dəqiqləşdirici suallarını da cavablandırmışdır. Həmçinin, icraçı tərəfindən yaradılan qrupda Sifarişçi 27 dekabr 2021-ci ildə (zərflərin açılmasına 1 ay qabaqcadan) birbaşa olaraq bank qarantiyası statusu haqqında soruşmuş və icraçı tərəfindən hazır olması barədə məlumat verilmişdir. Sifarişçi icraçıdan səhvin yaranma səbəbini araşdırmaq üçün yazılı izahat tələb etmişdir. İcraçı səhv etdikləri haqqında araşdırıb izahat təqdim etməyini söz versə də, müxtəlif bəhanələrlə müqaviləyə xitam vermişdir və səhvin necə yaranmasını izah etməmişdir. Bank qarantiyası adı ilə təqdim edilmiş sənəd bank qarantiyası üçün müraciət sənədi olmuş və həmin sənəddə məbləğ və bank qarantiyası sözü olduğu üçün iddiaçı onun bank qarantiyası sənədi olmadığını bilməmişdir. İddiaçı bu sahədə ixtisaslaşmış mühasib olmadığı üçün həmin sənədi hazırlamağı cavabdehə tapşırmış və cavabdeh tərəfindən səhv sənəd göndərilmişdir. Cavabdeh MMC tərəfindən yanlış sənədin təqdim edilməsi səbəbindən İddiaçı MMC real olaraq əldə edə biləcəyi gəlirdən məhrum olduğundan hüquqi şəxsin dövriyyəsi azalmış və işçi heyyətinin sayının azaldılması məcburiyyətində qalmışdır. Belə ki, 2021-ci ildə İddiaçı MMC-nin ümumi dövriyyəsi 289230,17 manat olduğu halda, 2022-ci ilin 01 yanvar 2022 – 22 noyabr 2022-ci il tarixlərində 178640,86 manat olmaqla ümumi dövriyyə 110589,31 manat azalmışdır. Həmçinin, 2021-ci ildə şirkət eyni sənədlərinin toplanmasını cavabdehə həvalə etmiş və eyni tenderdə qalib gələrək 100847,52 manat gəlir əldə etmişdir. Cavabdeh MMC-nin yanlış sənəd təqdim etməsinə görə İddiaçı MMC-nin əldə edə biləcəyi gəlirdən məhrum olması nəticəsində İddiaçı MMC öz mövcud iqtisadi vəziyyətini qorumaq və iflas olmanın qarşısını almaq məqsədilə kredit maliyyələşməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı MMCnin müraciəti əsasında "xxxx" ASC tərəfindən ona 19 yanvar 2022-ci il tarixində illik 15,5 faiz olmaqla 15000 manat, 04 mart 2022-ci il tarixdə illik 17 faiz olmaqla 11000 manat, 04 may 2022-ci il tarixdə illik 17 faiz olmaqla 12000 manat və 17 noyabr 2022ci il tarixdə illik 16,5 faiz olmaqla 5000 manat ümumilikdə 43000 manat kredit ayrılmışdır. İddiaçı MMC əldə edə biləcəyi gəlirdən real olaraq məhrum olunduğu üçün kredit maliyyələşməsindən istifadə etmək məcburiyyətində qalmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6206/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

16. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

17. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

18. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

19. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

22. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

23. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.

24. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, zərərin mövcüd olması qeyri-müəyyəndir. Çünki iddiaçı zərərin məbləğinin hansı qaydada hesabladığını əsaslandırmamış və yalnız tender təklifində qeyd etdiyi 87607,92 manat məbləğində pul vəsaitinin zərər kimi cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

25. Halbuki sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, tender təklifində qeyd olunan bütün məbləğ əldə olunması planlaşdırılan gəlir deyil və onun müəyyən hissəsini zəruri xərclər təşkil edir.

26. Bundan əlavə, cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı da müəyyən edilmir.

27. Belə ki, hazırki iddianın əsasını 01 iyul 2017-ci il tarixli, 07/2017 nömrəli mühasibatkonsaltinq xidmətinin göstərilməsi haqqında müqavilə üzrə cavabdehin öz öhdəliklərinin pozulması təşkil edir.

28. Cavabdeh isə bildirir ki, onun müqavilə üzrə “bank qarantiyasının alınması” növündə xidmət göstərmək kimi öhdəliyi nəzərdə tutulmamışdır.

29. Göründüyü kimi mübahisə üzrə araşdırılmalı olan məsələ cavabdehin müqavilə əsasında “bank qarantiyasının alınması” növündə xidmət göstərməsi barədə öhdəliyinin olub-olmaması ilə bağlıdır.

30. Öhdəliklərin məzmunu isə tərəflər arasında bağlanmış mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 01 iyul 2017-ci il tarixli, 07/2017 saylı müqavilənin 1ci bölməsi və 2.2-ci bəndi ilə müəyyən olunur.

31. Lakin müqavilənin həmin hissələrində əks olunan xidmətlərin siyahısında “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin iddiaçı qarşısında sənədlərin tenderə təqdim edilməsi, bu sənədlərə görə məsuliyyət daşıması kimi bir öhdəliyi də yoxdur.

32. Eyni zamanda, iddiaçı bu öhdəliyin cavabdehin üzərində olmasını “İcraçının vəzifələri” adlı 2-ci maddənin 2-ci bəndi ilə əsaslandırır. Həmin bənddə qeyd olunmuşdur ki, icraçı bu müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsinə lazımi şərait yaratmağı öz öhdəsinə götürür, yəni: bu müqavilənin 1-ci bölməsində göstərilmiş xidmətlərin yerinə yetirilməsi çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirmək.

33. Göründüyü kimi həmin bəndlərdə də icraçının üzərinə götürdüyü öhdəlik məhz müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsi çərçivəsində olmalı olduğu vurğulanmışdır.

34. Lakin yuxarıda da qeyd olunduğu kimi 1-ci bölmədə “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır.

35. İddianın digər əsası kimi ona istinad edilir ki, Cavabdeh MMC-nin öz internet saytında qeyd olunur ki, bu şirkət mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətidir və göstərilən xidmətlərin siyahısında tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması və digər xidmətlər qeyd olunur.

36. Lakin qeyd olunan xüsusat da bu öhdəliklərin cavabdehin üzərində olması qənaətinə gəlməyə əsas vermir.

37. Belə ki, əksinə, cavabdehin saytında “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərin xüsusi olaraq vurğulanması onu təsdiq edir ki, hər biri ayrıca xidmət növü kimi müqavilə şərtində əksini tapmalıdır.

38. Digər əsas olaraq iddiaçı ona istinad edir ki, müqavilə üzrə xidmət haqqı 300 manat nəzərdə tutulsa da, icraçı tərəfindən görülən işlərin artması əlavə xidmətlərin və həmçinin bank qarantiyası sənədinin təqdim olunması xidmətinin göstərildiyi üçün xidmət haqqı da artırılmış və 900 manata çatmışdır. Lakin artıq ödənilmiş pul vəsaitinin məhz müqavilədə ayrıca xidmət növü kimi nəzərdə tutulmamış “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərə görə ödənilməsi işin faktiki halları ilə təsdiqini tapmır.

39. Bununla bağlı cavabdehin nümayəndəsi də bildirdi ki, əlavə işlər görüldüyü üçün əlavə ödənişlər edilmiş, lakin həmin işlər tenderdə iştirak üçün sənədlərin hazırlanması ilə bağlı olmamışdır. Tərəflər arasında yaxşı işgüzar münasibətlər olduğuna görə cavabdehin əməkdaşları tenderdə iştirak üçün müəyyən sənədlərin hazırlanmasında köməklik göstərmiş və bu işlər onun öhdəliklərinə aid olmamışdır.

40. Məhkəmə kollegiyası qeyd olunan izahatı ağlabatan hesab edir və bu baxımdan belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş mail və whatsapp yazışmaları da (həmin yazışmalarda cavabdehin əməkdaşı bank qarantiyası ilə bağlı sənədlərin göndərildiyini bildirmişdir) iddiaçının istinad etdiyi halları təsdiq edən sübutlar kimi qəbul edilə bilməz.

41. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı da bu halı sübut etmir. Çünki həmin aktda bank qarantiyası ilə bağlı sənədlər qeyd edilməmişdir.

42. Apellyasiya baxışında iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli etibarnamə isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz.

43. Belə ki, iddiaçı həmin sübutu birinci instansiya məhkəməsində təqdim etməmişdir.

44. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış sübutlara istinad edə bilməzlər.

45. Apellyasiya icraatında isə həmin sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.

46. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.

47. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.

48. Bundan əlavə, kollegiya qeyd edir ki, hətta cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması halı qəbul edilsə belə, iddia təmin edilə bilməz.

49. Belə ki, iddiaçının tenderdə iştirakı onun mütləq qaydada tenderdə qalib elan edilməsi anlamına gəlmir və o, tenderdən kənarlaşdırılmadığı və sona qədər iştirak etdiyi halda belə tenderdə qalib elan edilməyə bilərdi.

50. Göründüyü kimi həm zərərin mövcüdluğu, həm də zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması konkret faktlara deyil, ehtimal və mülahizələrə əsaslanır.

51. Belə olan halda isə Mülki Məcəllənin 443.1-ci maddəsinin yuxarıda göstərildiyi şərtləri baxımından iddia tələbləri təmin edilə bilməz.

52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6206/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar