Məhkəmə qərarları › İş №2-2(103)-321/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-321/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-321/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(113)-5183/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, N ASTS-OR304-LC-AGR-003 saylı subpodrat müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə, cavabdehdən 55.547,82 manat əsas borcun, 3 il gecikdirilən məbləğə görə faiz borcu kimi həmin məbləğin 7.75 %-ini təşkil edən 4.304,95 manat pulun, dövlət rüsumu qismində ödənilmiş 271 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5183/2024 nömrəli qətnaməsi iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 55.547 manat, 82 qəpik məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 256 manat, 64 qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2- 2(113)-5183/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5183/2024 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi və şikayətin baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(113)-5183/2024 nömrəli qərardadı ilə Cavabdeh müddətin bərpası barədə ərizəsi rədd edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(113)-5183/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin verilmə müddətini buraxmadan məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə şikayətin forma və məzmununa görə öz iradlarını qeyd etmiş və şikayət geri qaytarılmışdır. Məhkəmə prosesi zamanı dəfələrlə işin mahiyyəti üzrə baxılmalı olan zəruri hallar nəzərə alınmadığı üçün yeni tərtib edilən apelyasiya şikayətində həmin hallara dair faktların toplanılmasına, iddianın əsassız olmasının sübutu üçün beş illik sənədlərə dair məlumatların ərizədə əks olunmasına kifayət qədər vaxt tələb olunurdu. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5183/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilən şikayət Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış və qərardad tərəflərin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Lakin cavabdeh tərəfindən ikinci apellyasiya şikayəti ilkin apellyasiya şikayəti qaytarıldıqdan təxmini 1 ay sonra -xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 ay müddətində verilməmişdir. Belə ki, şikayət etmə müddəti iddiaçıya münasibətdə 29 dekabr 2024-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tətbiq edilməsi və prosessual müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh ərizədə müddətin buraxılmasının üzürlü səbəbi kimi, ilkin apellyasiya şikayətinin səhv tərtib olunduğu üçün geri qaytarılmasına və yenidən apellyasiya şikayətinin verilməsinə istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun qərarında Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin şikayətin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddət müəyyən edilməli olması barədə hüquqi mövqe formalaşdırılmışdır. Lakin hazırkı halda iş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilən şikayət Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarıldığı və qərardad tərəflərin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyi halda cavabdeh tərəfindən ikinci dəfə apellyasiya şikayəti 1 ay 6 gün sonra xx.xx.2025-ci il tarixdə verilmişdir. Kollegiya qeyd edir ki, hazırkı halda cavabdehin apellyasiya şikayətinin qaytarılması barədə qərardadı aldığı tarixdən ikinci dəfə apellyasiya şikayəti verənədək keçən 1 ay 6 günlük müddət apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddətdən (halbuki həmin müddət tərəfin qətnamə ilə tanış olması, apellyasiya şikayətinın hazırlanması, sübutların toplanması və s. üçün vaxt tələb edildiyi nəzərə alınmaqla müəyyən edilmişdir) də çox olmaqla apellyasiya şikayətində yol verilmiş nöqsanların aradan qaldırılması üçün ağlabatan müddət hesab edilə bilməz. Bununla yanaşı müddətin bərpa edilməsi üçün cavabdehin istinad etdiyi digər hallar (sübutların toplanması və s. vaxt tələb edilməsi) isə apellyasiya şikayətinin vaxtında verilməsini qeyri-mümkün edən qarşısıalınmaz və obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə nəticəyə gəlməyə əsas vermir. Belə olan halda qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(113)-5183/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Elnur Həsənov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar