Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-322/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 və iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6210/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. 02 fevral 2017-ci il tarixdə podradçı İddiaçı MMC ilə subpodradçı "xxxx" ASC arasında subpodrat müqaviləsi bağlanmış, İddiaçı MMC icraçı "xxxx" ASC-yə smetada razılaşdırılmış həcmdə və qiymətlər üzrə metal konstruksiya işlərinin yerinə yetirilməsi ilə bağlı sifariş vermiş və bu məqsədlə xx.xx.2017-ci il tarixdə subpodraçının hesabına 600000 manat məbləğində vəsait köçürmüş, lakin bir ildən sonra müqavilə münasibətlərinə xitam verildiyinə görə tərəflərin arasında 10 aprel 2018-ci il tarixli razılaşma protokolu imzalanmışdır.
2. Həmin razılaşmaya əsasən subpodratçı ilkin ödənilmiş pul vəsaitindən 500000 manat məbləğində vəsaitin (100000 manat məbləğində vəsait güzəşt edilmişdir) podratçıya aşağıdakı qaydada: 1) 100000 manat – 07 iyun 2018-ci ilədək; 2) 100000 manat – 07 iyul 2018-ci ilədək; 3) 100000 manat – 07 avqust 2018-ci ilədək, 4) 100000 manat – 07 sentyabr 2018-ci ilədək; 5) 100000 manat – 07 oktyabr 2018-ci ilədək qaytarılması öhdəliyini götürmüşdür.
3. Subpodratçı "xxxx" ASC xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə müvafiq olaraq 100000 manat, 50000 manat və 50000 manat, cəmi 200000 manat məbləğində vəsaiti İddiaçı MMC-yə ödəmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 300000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavabdeh qalan 300000 manat məbləğində pul vəsaitinin (borcun) geri qaytarılması üzrə öhdəliyinin əsassız olaraq gecikdirir.
6. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edir.
7. İddiaçı MMC iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edir və bildirir ki, iddiaçı tərəfindən cavabdehə Razılaşma Protokolu üzrə öhdəliklərinin icrası tələbi ilə 09 iyul 2020-ci il, 21 oktyabr 2020-ci il, 19 yanvar 2021-ci il, 07 sentyabr 2022-ci il (onlayn kargüzarlıq vasitəsilə) tarixlərində rəsmi pretenziya məktubları, 08 sentyabr 2022-ci il tarixində isə “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Cavabdeh pretenziya məktublarını şifahi cavablayaraq, pandemiyaya istinad etmiş və maddi çətinliklərinin olduğunu bildirərək ödəniş üçün əlavə möhlət istəmişdir. Məlum olduğu kimi, 2020-2021-ci illərdə COVİD-19 pandemiyasının pik həddə olduğu dövrdə bütün dünyada, eləcə də, Azərbaycan Respublikasında sərt karantin rejimi tədbiq edildiyindən, bütün biznes subyektlərində olduğu kimi iddiaçı müəssisənin də, həmçinin dövlət və məhkəmə orqanlarının fəaliyyəti əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdır. Bu və digər sadalanan amillər (məsul şəxslərin koronavirusa yoluxması halları da daxil) həmin dövrdə borc tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsinə əngəl törətmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən cavabdehə həmin dövrdə borc tələbi ilə dörd pretenziya məktubu, son ikisi 19 yanvar 2021-ci il və 07 sentyabr 2022-ci il tarixlərində göndərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6210/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
9. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmadan sadəcə tarixlərə istinad etmiş, iddia müddətinin həqiqətən keçib keçməməsinin mahiyyətinə varmamışdır. Bundan başqa məhkəmə qətnaməni qəbul edərkən iddiaçının iddia müddətinin tətbiqinə qarşı verdiyi ərizədə göstərilən hallardan COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş “Xüsusi karantin rejiminin tətbiqi”nin həm istinad edilən sonuncu ödəniş tarixi (xx.xx.2019-cu il), həm də həmin tarixdən hesablanmaqla nəzərdə tutulmuş iddia müddətinin son altı ayı ərzindən mövcud olması halına diqqət etməmişdir. Bununla da, Mülki Məcəllənin 379.1.1-ci, 379.3-cü və 379.4-cü maddələrinin tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019, 2020, 2021-ci illərdə qəbul etdiyi və sonuncu olaraq 450 saylı, 22 dekabr 2022-ci il tarixli qərarlarına əsasən Koronavirus (COVİD- 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 2023-cü il 1 mart saat 06:00-dək uzadılmasını nəzərə almamışdır. Yəni faktiki və hüquqi olaraq, fövqəladə hal olan pandemiyanın ən gərgin dövrləri – 2019-2021-ci illər olmasına baxmayaraq, hələ də davam etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olması məhkəmə tərəfindən diqqətə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 və iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
15. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.
16. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
17. Həmin Məcəllənin 380.1-ci madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
18. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
23. Belə ki, tərəflər arasında 10 aprel 2018-ci il tarixli razılaşma protokolunun imzalanması və həmin razılaşma üzrə cavabdehin iddiaçıya qalıq borcunun 300000 manat təşkil etməsi işin mübahisəsiz halıdır.
24. Eyni zamanda, kollegiya qeyd edir ki, həmin razılaşma protokolu mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində göstərilən mövcüd borcun etirafı haqqında müqavilədir və iddiaçı həmin maddəyə əsasən ödənilməyən 300000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı hesab edilə bilər.
25. Çünki cavabdeh həmin borcu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
26. Bununla yanaşı kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.
27. Belə ki, həmin razılaşma protokolu üzrə "xxxx" ASC-nin sonuncu ödənişi xx.xx.2019cu il tarixdə etməsi işin mübahisəsiz halıdır.
28. Göründüyü kimi iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır.
29. Hazırkı iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə, yəni son ödəniş tarixindən hesablandıqda 3 il 7 ay 15 gün keçdikdən sonra verilmişdir.
30. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
31. Göründüyü kimi iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür.
32. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir. Belə ki, iddiaçı bununla bağlı sübutları təqdim etməmişdir.
33. İddiaçı tərəfindən cavabdehə pretenziya məktublarının göndərilməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır.
34. Çünki Mülki Məcəllənin 380.1-ci maddəsi kreditor tərəfindən deyil, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi halında iddia müddətinin axımının kəsilməsini müəyyən etmişdir.
35. İddiaçının istinad etdiyi hallar, yəni COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş xüsusi karantin rejiminin tətbiqinin iddia müddətinin axımı dayandırılmasına səbəb olması barədə dəlillər isə əsassızdır.
36. Belə ki, Mülki Məcəllənin 379.3-cü maddəsinin məzmunundan da göründüyü kimi iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
37. Hazırki işdə iddia müddətinin son altı ayı isə xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2021-ci il - xx.xx.2022-ci il tarix aralığına düşür.
38. Həmin tarixlərdə isə koronavirus infeksiyası ilə bağlı ölkədə sərt karantin rejimi tətbiq edilməmişdir. Çünki sərt karantin rejimi əsasən 2020-ci ildə və 2021-ci ilin əvvəllərində tətbiq edilmişdir.
39. Bundan əlavə iddia müddətinin son altı ayı ərzində ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, məhkəmələrin fəaliyyəti davam etmiş və vətəndaşların məhkəməyə müraciaət etməsi ilə bağlı hər hansı maneə mövcud olmamışdır. Həmin xüsusi karantin rejimi hazırda da davam edir.
40. Həmçinin Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərindən göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia ərizələrinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
41. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi qəbul edilsə belə, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia irəli sürmək imkanına malik olmuşdur.
42. Göründüyü kimi hazırki işdə iddiaçının istinad etdiyi kimi iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar baş verməmişdir.
43. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
44. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6210/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn