Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-322/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli e-2-2(113)-5883/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2022-ci il tarixli 01\22№li Podrat Müqaviləsi üzrə ödənilməmiş 370.688 manat və ödənilmiş 661 manat dövlət rüsumunun, cəmi 371.349 manat pul vəsaitinin cavabadeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 01/22 saylı müqavilə üzrə 370688 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 661 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək 10 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və şikayətə baxılması üçün apellyasiya məhkəməsinə gödərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilərək apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5883/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilərək şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, "cavabdehin ərizəsində göstərilənlər (texniki nasazlıq səbəbindən qətnamənin elektron kabinetə yerləşdirilməsindən məlumatların olmaması və qətnamə ilə yalnız icra şöbəsindən bildiriş daxil olduqdan sonra tanış olmaları) müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən texniki nasazlığın mövcüdluğunu təsdiq edən hərhansı sübut məhkəməyə təqdim edilməmişdir." Məhkəmənin məsələyə bu cür yanaşması qanunsuz və əsassız olmaqla cavabdehin məhkəməyə çatımlılıq hüququnu və Mülki Prosessual Qanunvericiliyin tələblərini pozur. Belə ki, 10 oktyabr 2024-cü il tarixli qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə bildiriş cavabdehin elektron kabinetinə daxil olmamış və cavabdeh qətnamənin mövcudluğu barədə yalnız icra şöbəsindən müvafiq bildiriş gəldikdən sonra məlumat almışdır. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, qeyd edilən texniki nasazlıq barədə hər hansı sübutun əldə olunması cavabdeh tərəfindən qeyri-mümkündür. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-2(113)-5883/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müddətin bərpası barədə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə tarixdə cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Digər tərəfdən EMİS-dən çıxarışlara əsasən o da müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-nin “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil telefon nömrəsi və s. yoxdur. MPM-in: 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi məhkəmə sənədlərinin elektron qaydada çatdırılmış hesab edilməsi üçün onlar işdə iştirak edən şəxslərin və ya onların nümayəndələrinin “elektron kabinet”lərində yerləşdirilməklə yanaşı sonunculara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmalıdır. Hazırkı halda isə cavabdeh "xxxx" MMC-nin elektron ünvanının (e-mail), mobil telefon nömrəsinin və s.“Elektron Məhkəmə” İnformasiya sistemində qeydiyyata alınmaması müəyyən edildiyindən qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilməsi 135.8-ci maddəsinin tələbləri baxımından rəsmi qaydada verilmə kimi qiymətləndirilə bilməz. MPM-nin: -360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. -129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. -130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, hazırkı halda qətnamənin cavabdehə nə zaman rəsmi verilməsinin iş materiallarına əsasən müəyyən edilmədiyini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müddətin bərpası barədə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli e-2-2(113)-5883/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5883/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdeh "xxxx" MMC-yə münasibətdə bərpa edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-322/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-322/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver