Məhkəmə qərarları › İş №2-2(103)-323/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-323/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-323/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4375/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “X6” QSC (auditor) ilə "xxxx" MMC (müştəri) arasında 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) “Audit xidmətlərinin göstərilməsi” barədə müqavilə bağlanmışdır.

2. Müqaviləyə əsasən auditor X3 əsasında audit aparmaqla müştərinin maliyyə hesabatlarının auditini aparacaq və yekun audit hesabatını Azərbaycan və İngilis dillərində hazırlayacaqdır. Xidmətlər aşağıdakıları əhatə edir: Cavabdeh MMC - 31 dekabr 2019-cu, 2020-ci və 2021-ci il tarixlərində bitən illər üzrə MHBS maliyyə hesabatları.

3. Müqavilənin 2.2-ci bəndə əsasən Auditor Xidmətlərin nəticələri haqqında Rəhbərliyə Məktub hazırlayacaqdır. Audit hesabatları və Rəhbərliyə Məktubdan əlavə Auditor Xidmətlərin göstərilməsi nəticəsində digər iş nəticələrini, o cümlədən Müştərinin tələbi ilə yazılı məlumatları (hesabatlar və digər sənədlər, habelə həm şifahi, həm də yazılı məsləhətlər) təqdim edə bilər və onlar bundan sonra birgə olaraq “Digər nəticələr” adlandırılacaq.

4. Müqavilənin 5.1-ci bəndə əsasən xidmətlər üçün peşəkar haqqın ümumi məbləği vergilər xaric olmaqla 72.000 (yetmiş iki min) ABŞ dolları təşkil edir. Bu qiymət hazırkı Müqavilədə nəzərdə tutulan vəzifələrin Müştəri tərəfindən yerinə yetirilməsi gümanına əsaslanır. Auditordan xidmətlərin göstərilməsi üçün lazım olan saatların sayının artırılmasını tələb edən hər hansı hallar (o cümlədən auditor qeyri-dəqiq məlumat aldığı və ya Xidmətlərlə bağlı səhv fərziyyələr etmək məcburiyyətinə məruz qaldığı və ya Müştəri Auditorun tələb etdiyi məlumatı vaxtında çatdırmadığı hallar) yarandığı təqdirdə Auditor Miiştəri ilə razılaşdırılacaq əlavə ödəniş almaq hüququna sahibdir. Bütün əlavə işlər və ya ödənişlər dərhal Müştəriyə bildirilir və onunla razılaşdırılır. Razılaşdırılmış əlavə işlər və ödənişlər hazırkı Müqaviləyə əlavələr şəklində sənədləşdirilir.

5. Xidmətlərin göstərilməsinə görə auditora iş başladığı zaman – 12.000 ABŞ dolları; 31 dekabr 2019-cu il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman – 7.200 ABŞ dolları; 31 dekabr 2019-cu il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman – 4.800 ABŞ dolları; iş başladığı zaman - 12.000 ABŞ dolları; 31 dekabr 2020-ci il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7.200 ABŞ dolları; 31 dekabr 2020-ci il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman - 4,800 ABŞ dolları; iş başladığı zaman - 12.000 ABŞ dolları; 31 dekabr 2021-ci il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7,200 ABŞ dolları; 31 dekabr 2021-ci il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman - 4.800 ABŞ dolları.

6. “X6” QSC “icraçı”, "xxxx" MMC “müştəri” arasında FAS 007/19 nömrəli 1 oktyabr 2019-cu il tarixli “Məsləhət xidmətinin göstərilməsi” barədə müqavilə bağlanmışdır.

7. Həmin müqaviləyə əsasən icraçı, müştəri tərəfindən təqdim olunan məlumat əsasında müqaviləyə tətbiq olunan aşağıdakı xidmətləri həyata keçirəcəkdir: 1 oktyabr 2019-cu il tarixinə X1 uyğun olaraq Müştərinin biznesinin ədalətli bazar dəyərinin müəyyənləşdirilməsi. Hazırkı müqavilə əsasında icraçı tərəfindən göstərilən məsləhət xidmətləri və qiymətləndirmə hesabatının hazırlanması birlikdə “Xidmətlər” adlanacaq.

8. İddiaçı QSC “icraçı”, Cavabdeh MMC “sifarişçi” arasında 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı xidmət müqaviləsi bağlanmışdır.

9. Həmin müqaviləyə əsasən bu müqavilənin predmeti sifarişçi tərəfindən sifariş edilən mühasibat uçotu üzrə məsləhət xidmətlərinin müəyyən olunmuş müddətdə və müəyyən edilmiş haqq müqabilində icraçı tərəfindən keçirilməsidir.

10. “X6” QSC “icraçı”, "xxxx" MMC “müştəri” arasında 24 fevral 2020-ci il tarixli AUD_015/20 nömrəli məsləhət xidmətləri müqaviləsi bağlanmışdır.

11. Həmin müqaviləyə əsasən icraçı, 16 saylı MHBS-in tətbiqi ilə bağlı məsləhət xidməti həyata keçirməyi öz öhdəsinə götürür. Müştəri icraçıya təqdim olunan məlumatın dəqiq və tam olmasına və icraçı tərəfindən istifadə edilmiş məlumatlara görə istifadəçilər qarşısında məsuliyyət daşıyır. Müştəri həmçinin 16 saylı MHBS-in tətbiqi zamanı istifadə olunacaq mühakimələrə görə də məsuliyyət daşıyır. İcraçı Xidmətlərin göstərilməsində mülahizələr və hər hansı subyektiv yanaşma irəli sürməyəcəkdir.

12. Müqavilənin 2.2-ci bəndə əsasən xidmətlərin görülməsi 25 fevral 2020-ci il tarixində başlayacaq və 13 mart 2020-ci il tarixində başa çatacaq.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı “X6” QSC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil), 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə ödənilməmiş 7080,00 ABŞ dolları (ƏDV daxil), 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) və 1 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 5239,20 manat (ƏDV daxil) məbləğində borcun və 400 manat məbləğində mediasiya xidmətinin tutularaq ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir.

14. İddiaçı bildirir ki, eyni iddia predmeti ilə bağlı olaraq öncədən də məhkəməyə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2205/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2205/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia isə baxılmamış saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya Məhkəməsinin Qətnaməsinin ləğvinə və iddianın baxılmamış saxlanmasına əsas iddiaçı tərəfindən MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə riayət edilməməsi olmuşdur, yəni apellyasiya instansiyasında məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı “Auditor xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə riayət etmədən iddia ilə məhkəməyə müraciət etdiyindən iddia MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə riayət etmiş və bununla bağlı olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasından iddiaçıya xx.xx.2023-cü il tarixli, 10-1/02-162 saylı müvafiq cavab (məktub/arayış) göndərilmişdir. Ona görə də, iddiaçı mübahisənin məhkəmədə həll edilməsi məqsədi ilə yenidən məhkəməyə müraciət edir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə göstərilmiş xidmətlərin yekun nəticələri olaraq, iddiaçı tərəfindən cavabdehə 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilədən irəli gələrək audit rəyi, 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələrək qiymətləndirmə hesabatı, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” müqaviləsindən irəli gələrək 16 saylı MHBS ilə əlaqəli elektron hesabat və 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsindən irəli gələrək audit rəyi vaxtında icra olunaraq təqdim olunmuşdur. Buna baxmayaraq, xidmətlər üzrə xidmət haqları bu günə qədər ödənilməmişdir. Tərəflər arasında uzunmüddətli və qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı öncə cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsi nəzərə alaraq, 03 dekabr 2020-ci il tarixində elektron məktub formasında cavabdehin nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Bütün müraciətlər cavabsız qalmıç və yekunda iddiaçı cavabdehin qanuni nümayəndəsinə 17 dekabr 2020-ci il tarixli BT 219 saylı Xidmətlər üzrə yaranmış borcun ödənilməsi ilə bağlı məktub ünvanlamışdır. Məktubun birinci hissəsində 2019 və 2020-ci illər ərzində imzalanmış Xidmət Müqavilələri üzrə icra olunmuş xidmətlərə görə yaranmış borc məbləği nəzərə çatdırılmışdır. Məktubun ikinci hissəsində isə cavabdehdən 2020-ci ilin auditi ilə bağlı münasibət bildirməyi xahiş edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı Xidmət Müqaviləsinə əsasən 2019, 2020 və 2021-ci illər üzrə bitən dövrün auditi iddiaçıya həvalə olunmuşdur. Xidmət Müqaviləsi üzrə 2020-ci ilin auditi 11 yanvar 2021-ci il tarixində başlamalı və 12 mart 2021-ci il tarixində audit hesabatı təqdim olunmaqla bitməli idi. Lakin 2019-cu ilin auditinin bitməsinə, eyni zamanda digər xidmət müqavilələri üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, pretenziyalar təqdim edilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Xidmətlərin bəziləri cavabdehin iddiaçının əməkdaşları üçün ayırdığı ofis sahəsində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 25) həyata keçirilmişdir. Müxtəlif vaxtlarda cavabdehin nümayəndələri tərəfindən elektron məktub və ya telefon əlaqəsi vasitəsilə ünvanlanan Xidmət Müqavilələrinin predmetinə daxil olan suallar cavablandırılmış, işlər tam icra olunaraq iddiaçı tərəfindən təhvil verilmişdir. İddiaçı tərəfindən lazımi qaydada icra olunmuş işlərə görə cavabdehə müxtəlif vaxtlarda hesab fakturalar təqdim olunmuşdur. Xidmət Müqavilələri üzrə İddiaçı QSC tərəfindən ümumilikdə 5239,20 manat (ƏDV daxil) və 40120,00 ABŞ dolları (ƏDV daxil) məbləğlərində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. Sonuncu dəfə cavabdehə 29 mart 2022-ci il tarixdə pretenziya göndərilmiş, cavabdeh 30 mart 2022-ci il tarixdə həmin pretenziyanı almışdır. Lakin pretenziyada müəyyən edilən müddət ərzində borcu ödəməmişdir. Bundan əlavə mediasiya qaydasında mübahisənin həll edilməsinə cəhd göstərilmiş ancaq həmin cəhd də bir nəticə verməmişdir. Göründüyü kimi iddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır.

15. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil); 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə ödənilməmiş 7080,00 ABŞ dolları (ƏDV daxil); 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) və 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 1699,20 manat (ƏDV daxil) məbləğində borcun və 400 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə 5239,20 manat ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 20.060 manat ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli və 48.144 manat ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli (cəmi 73443, 20 manat) Elektron Qaimələr təqdim etmiş və həmin qaimə fakturalar cavabdeh tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən qeyd olunan elektron qaimə fakturalar cavabdeh tərəfindən təsdiq edildiyi gündən öhdəliyi icra etmək tələbinin irəli sürmək hüququ əmələ gəlmiş və həmin andan iddia müddətinin axımı başlamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi xüsusatlar tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Müqavilələr üzrə görülmüş işlərə görə xidmət haqqının ödənilməməsi, yəni müqavilə tələblərindən irəli gəlir və iddiaçı tərəfindən xidmət haqqının ödənilməsi barədə cavabdehə təqdim edilmiş elektron qaimələr əsasında ödənişlərin həyata keçirilməməsi halı iş üzrə iddiaçıya məlum olsa da o, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş üç il ərzində (iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməsindən üç il üç ay keçdikdən sonra məhkəməyə müraciət edilmişdir) məhkəməyə müraciət etməmişdir.

17. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz edir və bildirir ki, iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra, xx.xx.2020-ci il tarixdən, xx.xx.2019-cu il tarixli FAS_007/19 saylı "Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə xx.xx.2020-ci il tarixli 573187 saylı elektron hesab-faktura və xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimənin tarixindən 5 gün sonra, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı "Məsləhət xidmətləri” Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 10 gün sonra xx.xx.2020-ci il tarixdən başlamışdır. İddia müddətinin axımı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər mediasiya prosesi tətbiq edildiyi dövr ərzində dayandırılmışdır. Növbəti dəfə iddia müddətinin axımı xx.xx.2022-ci il tarixində müvafiq iddia tələbi ilə ilk dəfə iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunan zaman dayandırılmış, xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin X2 ilə müddətin axımı davam etməyə başlamışdır. xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməklə iddia müddətinin axımı yenidən dayandırılmışdır. xx.xx.2023cü il tarixinə xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) üzrə 6 ay, xx.xx.2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə 4 ay, xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi üzrə 6 ay, 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi üzrə 6 ay iddia müddəti qalmışdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4375/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə 1699,20 manat (ƏDV daxil) məbləğində borc və mediasiya xərcinə görə 107,57 manat Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Birinci instansiya məhkəməsi isə maddəni yanlış tətbiq etmişdir. Belə ki, maddədə qeyd edildiyi kimi iddia baxılmamış saxlandıqda, iddia müddətinin axımı davam edir. Yəni həmin Məcəllənin 380-ci maddəsinin tələblərindən fərqli olaraq iddia müddəti yenidən hesablanmır. İddia müddətinin ümumi qaydada davam etməsi o anlama gəlir ki, iddia müddətinə iddia daxil edilənədək olan müddət də aid edilir. Qanunverici “iddia müddətinin axımı ümumi qaydada hesablanır” müəyyən etdiyi halda məhkəmənin mövqeyi əsaslı ola bilərdi, lakin qeyd edildiyi kimi, qanunverici “davam edir” qeyd etməklə müəyyən etmişdir ki, işin məhkəmədə baxıldığı müddət iddia müddətinin axımına daxil edilməsin. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almayaraq qanunsuz olaraq iddianı rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

24. Həmin Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 25.Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.

26. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

27. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 29.Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 30.Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

31. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 32.Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 33.Həmin Məcəllənin 381.1-ci maddəsin əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 34.Həmin Məcəllənin 381.2-ci maddəsinə əsasən əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

35. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

37. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Belə ki, tərəflər arasında 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir), 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi və 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı Xidmət Müqaviləsinin bağlanması işin mübahisəsiz hallarını təşkil edir.

41. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

42. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

43. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

44. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

45. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

46. Belə ki, “X6” QSC tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5.664 ABŞ dolları məbləğində 209/2020 nömrəli 17 mart 2020-ci il tarixli, 8.496 ABŞ dolları məbləğində 208/2020 nömrəli 17 mart 2020-ci il tarixli və 14.160 ABŞ dolları məbləğində 207/2020 nömrəli 17 mart 2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2 ədəd 3.540 ABŞ dolları məbləğində 206/2020 və 205/2020 nömrəli 17 mart 2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4.720 ABŞ dolları məbləğində 204/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturalar (invoice) tərtib edilmişdir.

47. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 204/2020, 205/2020 və 206/2020 nömrəli hesab fakturalara (invoice) əsasən EBAJ seriyalı 213795 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə (dəyəri 20.060 manat) və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 208/2020 və 209/2020 nömrəli hesab fakturalara (invoice) əsasən EBAJ seriyalı 214488 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə (dəyəri 48.144 manat) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.

48. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 30 iyun 2022-ci il tarixli **********63800 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı QSC tərəfindən təqdim edilmiş, EBAJ seriyalı 213795 nömrəli xx.xx.2020ci il tarixli elektron qaimə-faktura xx.xx.2020; EBAİ seriyalı 909344 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2022; EBAF seriyalı 573187 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2020-ci il tarixlərində "xxxx" MMC tərəfindən “Asan İmza” vasitəsilə təsdiqlənmişdir.

49. İddiaçı QSC tərəfindən təqdim edimiş xx.xx.2022-ci il tarixli 03/22, 04/22 və 01/22 nömrəli maliyyə arayışlarına əsasən cavabdehin iddiaçıya 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı məsləhət xidməti üzə ümumilikdə 7.080 ABŞ dolları, 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı xidmət müqaviləsi üzə ümumilikdə 4.720 ABŞ dolları, 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı xidmət müqaviləsi üzə ümumilikdə 28.320 ABŞ dolları borcu vardır.

50. Qeyd olunan sübutlarla təsdiq edilir ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı və 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı müqavilələr üzrə cavabdehin iddia ərizəsində qeyd olunan məbləğlərdə ödənilməyən borcu yaranmışdır. Ona görə də, iddiaçı həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edə bilər.

51. Bununla yanaşı, kollegiya hesab edir ki, həmin müqavilələr üzrə borcun tutulması barədə iddia təmin edilə bilməz.

52. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

54. Belə ki, xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilənin (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) 5.2-ci bəndinə görə ödəmə Müştəri hesab-fakturanı aldığı tarixdən sonra 5 gün ərzində aparılmalıdır.

55. xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsinin 5.2-ci bəndinə görə ödəmə Müştəri hesab-fakturanı aldığı tarixdən sonra 5 gün ərzində aparılmalıdır.

56. xx.xx.2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsinin 5.2-ci bəndinə görə ödəniş Sifarişçi tərəfindən sifariş verilən müvafiq iş bitdikdən və İcraçı tərəfindən təhvil alındıqdan sonra təqdim edilən hesab-faktura əsasında və bu hesabfakturanın təqdim edildiyi tarixdən 10 (on) gün sonra Sifarişçi tərəfindən İcraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir.

57. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrdə cavabdehin ödəniş etməsi ilə bağlı öhdəliyinin icrası müddəti müəyyən edilmişdir.

58. Mülki Məcəllənin 377.2-ci maddəsində isə təsbit edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

59. Bu baxımdan kollegiya qeyd edir ki, iddia müddətinin axımının başlanması anı kimi elektron qaimələrin tarixləri götürülməli və Mülki Məcəllənin 368, 370.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla iddia müddətləri hesablanmalıdır.

60. Bu qaydada müddətlər hesablandıqda isə müəyyən edilir ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra xx.xx.2020-ci il tarixdən; xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra xx.xx.2020-ci il tarixdən; xx.xx.2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 10 gün sonra xx.xx.2020-ci il tarixdən başlamışdır.

61. Beləliklə, üç illik iddia müddəti xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaiməyə əsasən xx.xx.2023-cü il tarixədək (xx.xx.2020-xx.xx.2023); xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaiməyə əsasən xx.xx.2023-cü il tarixədək (xx.xx.2020-xx.xx.2023); xx.xx.2020-ci il AUD_018/20 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaiməyə əsasən xx.xx.2023-cü il tarixədək (xx.xx.2020-xx.xx.2023) davam etmişdir.

62. Eyni zamanda xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər 8 gün tərəflər arasında mediasiya prosesi tətbiq olunduğundan iddia müddətinin axımı göstərilən dövrdə dayanmışdır.

63. Beləliklə, iddiaçının tələb üzrə iddia müddətlərinin üzərinə 8 (səkkiz) gün əlavə olunduqda iddia müddəti xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə; xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə və xx.xx.2020-ci il AUD_018/20 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bitmişdir.

64. İddiaçı isə 07 avqust 2023-cü il tarixə məhkəməyə müraciət etmişdir.

65. Göründüyü kimi, iddiaçı tərəfindən həmin müqavilələr üzrə iddia müddəti ötürülmüşdür.

66. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan üç müqavilə üzrə iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

67. İddia müddəti ilə bağlı iddiaçının dəlilləri isə əsaslı hesab edilə bilməz.

68. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi – tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi – borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi.

69. Mülki Məcəllənin 380.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən isə müəyyən edilir ki, iddia müddətinin axımı kəsildikdə, keçmiş vaxt yeni müddətə daxil edilmir, yəni iddia müddəti sıfırlanır və yenidən hesablanmaya başlanır. Məsələn borclu tərəfindən qismən ödəniş edildiyi halda iddia müddətinin axımı kəsilir və yeni müddətin hesablanması başlanır.

70. Tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda isə başqa nəticə yaranır. Belə ki, bu halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır. Həmin qərarla tərəflər arasında olan bütün mübahisə həll edildikdə mübahisəyə son qoyulur, mübahisə qismən həll edildikdə isə (məsələn: kredit müqaviləsi üzrə tam borc deyil, onun bir hissəsinin ödənilməsi tələbi irəli sürülür və s.) yeni müddətin hesablanması başlanır.

71. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.

72. Kollegiya izah edir ki, əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki yuxarıda qeyd edildiyi kimi iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılmasına deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir. 73.Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmişdir.

74. Belə ki, Mülki Məcəllənin 381.2-ci maddəsində müəyyən edilmişdir ki, əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. 75.Göründüyü kimi Mülki Məcəllə cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.

76. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının birinci dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud deyil və həmin müddət də axımı yuxarıda qeyd edilmiş tarixlərdən başlanmış iddia müddətinə daxil edilir.

77. Tərəflər arasında olan işgüzar adətlərə görə ödənişlərin elektron qaimənin göndərildiyi tarixdən 5 gün müddətində deyil, daha çox müddət keçdikdən sonra həyata keçirilməsi və ona görə də, iddia müddətinin axımının başlanmasının işgüzar adətlərə uyğun hesablanması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

78. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 377.2-ci maddəsində imperativ şəkildə müəyyən edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 79.Kollegiya izah edir ki, iddiaçının qeyd olunan dəlillərinin əsaslı hesab edilməsinin hüquqi nəticəsi ondan ibarətdir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 377.1-ci maddəsi tətbiq edilməlidir. Həmi maddəyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 80.Lakin həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarı).

81. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

82. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X6” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4375/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar