Məhkəmə qərarları › İş №2-2(103)-324/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-324/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-324/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3633/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 123567 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 114433 ABŞ dollar məbləğində əsas borcun, eləcə də 90963,06 ABŞ dolları məbləğində dəbbə pulunu, cəmi 205396,06 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli 2-2(113)-3896/2021 nömrəli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair işin e-2-2(113)-3633/2021 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 15.12.2021-ci il tarixli e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-dən 123567 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və Cavabdeh MMC-nin iddiasının qismən təmin olunduğunu, lakin onun tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız İddiaçı MMC-nin iddiasının rədd, Cavabdeh MMC-nin iddiasının isə qismən təmin edilmiş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı Cavabdeh MMC Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Daniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri yerinə yetirməli, sifarişçi İddiaçı MMC isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 365754,22 ABŞ dolları məbləğində pulu podratçıya ödəməlidir. Podrat işləri yekunlaşıb, iddiaçı tərəfindən cəmi 251321,22 ABŞ dolları ödənilib, ödənilməyən məbləğ 114433 ABŞ dolları təşkil edir. İddiaçı MMC bildirir ki, müqaviləyə əsasən cavabdeh müqavilədə şərtləşdirilmiş işləri vaxtında görməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə görə cavabdeh işlərin görülməsinə 01 iyun 2020-ci il tarixdən gec olmayaraq başlamalı və işə başlandığı tarixdən 120 təqvim günü ərzində işləri yekunlaşdırmalı idi. Cavabdehin işlərə başlama tarixi diqqətə alındıqda, onun işləri bitirmə tarixi 29 sentyabr 2020-ci il idi. Lakin faktiki olaraq işlər 25 may 2021-ci il tarixdə yekunlaşdırılmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyinin icrasını 238 təqvim günü gecikdirmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən də, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, iddiaçı gecikmiş hər günə görə cavabdehdən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, cavabdehin işlərin görülməsini 238 gün ərzində gecikdirdiyi diqqətə alındıqda, ödəməli olduğu dəbbə pulu məbləğinin 238000 ABŞ dolları (238 gün X 1000 ABŞ dolları) təşkil etdiyi aydın olur. İddiaçını görülmüş işlərə görə cavabdehə ödəməli olduğu qalıq məbləğ – 114433 ABŞ dolları təşkil edirdi. İddiaçı müqavilənin 8.7-ci bəndinə əsaslanmaqla, həmin qalıq borc məbləğini cavabdehin ödəməli olduğu 238000 ABŞ dolları məbləğindən silmişdir. Bununla belə, cavabdehin iddiaçıya 123567 ABŞ dolları (238.000 – 114.433) məbləğində borcu qalmaqdadır. Cavabdeh MMC həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək, bildirir ki, müqaviləyə əsasən Cavabdeh MMC (podratçı) İddiaçı MMC (sifarişçi) isə görülən işlərin müqabilində 356754,22 ABŞ dolları ödəniş həyata keçirməli idi. Müqavilə şərtləri əsasında Cavabdeh MMC-nin üzərinə düşən bütün öhdəliklər icra edilmiş, götürülmüş işlər sifarişçi İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən İddiaçı MMC tərəfindən ödənilməli olan 356754,22 ABŞ dolları məbləğindən 114433 ABŞ dolları məbləğində borc qalmışdır. İddiaçı MMC tərəfindən müqavilənin 2.3 və 8.4-cü bəndlərinin tələbləri pozulmuş, nəticədə İddiaçı MMC-nin Cavabdeh MMC qarşısında 35990,3 ABŞ dolları məbləğində məsuliyyəti yaranmışdır. Həmçinin, İddiaçı MMC tərəfindən müqavilədə göstərilən məbləğlərin gecikdirilməsi (ödənilməməsi) səbəbi ilə Cavabdeh MMC müqavilədə göstərilən öhdəliklərin icrası, işçilərin əmək haqlarının və digər xərclərin ödənişini həyata keçirmək üçün "xxxx" ASC ilə 29.12.2020-ci il tarixli DC00072193-04 saylı kredit müqaviləsi bağlanmış və 60000 (altmış min) manat borc götürülmüşdür. İddiaçı MMC tərəfindən müqavilədə göstərilən öhdəliklərin icra edilməməsinə və müqavilə ilə nəzərdə tutulan məbləğin ödənilməməsinə baxmayaraq, Cavabdeh MMC-yə 114433 ABŞ dolları məbləğində borc və eləcə də 35990,30 ABŞ ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 150423,30 ABŞ dolları məbləğində borc mövcuddur. İşlərin gecikdirilməsi də İddiaçı MMC tərəfindən ödənişlərin vaxtında edilməməsi, habelə razılaşdırılmış mal-material və avadanlıqların vaxtında təqdim edilməməsinə görə baş vermişdir. Həmçinin İddiaçı MMC ödəməli olduğu muzdu birtərəfli qaydada dəbbə pulu ilə əvəzləşdirməsi qanunsuz və müqavilə şərtlərinə uyğun deyil. İddiaçı MMC Cavabdeh MMC-nin iddiasına etiraz edir və bildirir ki, iş materiallarında olan İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından 16.08.2021-ci il tarixli çıxarışla təsdiq edilir ki, avans ödənişi 03 iyun 2020-ci il tarixdə həyata keçirilmişdir. Burada hər hansı gecikməyə yol verilməmişdir. Bu fakt, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanlandığı pretenziya və məhkəməyə təqdim etdiyi iddia ərizəsində də öz əksini tapmışdır. 1 nömrəli Aralıq ödənişi 17 iyul 2020-ci ildə edilmişdir. Buradakı gecikmə 16 günə bərabərdir. 2 nömrəli Aralıq ödənişi 05 avqust 2020-ci ildə edilmişdir. Buradakı gecikmə 5 günə bərabərdir. 3 nömrəli Aralıq ödənişi 20 avqust 2020-ci ildə edilmişdir. Burada gecikmə olmayıb. Göründüyü kimi, İddiaçı MMC tərəfindən pul ödəmələri 2020-ci ilin iyun, iyul və avqust aylarında cüzi gecikmələrlə həyata keçirilmişdir. Belə ki, avans ödənişi və 3 nömrəli Aralıq ödənişində heç bir gecikmə olmayıb, digər iki ödəniş üzrə isə, 5 və 16 günlük bir gecikmə olmuşdur. Bu baxımdan, həmin gecikmələrin Cavabdeh MMCnin öz öhdəliyinin icrasını 2021-ci ilin may ayının sonunadək icra etməsinə əsas verdiyini iddia etmək, anlaşılmazdır. Cavabdeh MMC, 4 nömrəli Aralıq ödənişi və Son ödənişin həyata keçirilməməsinin onun öz öhdəliyini vaxtında icra etməsinə mane olduğunu iddia edə bilməz. Ona görə ki, 4 nömrəli Aralıq ödənişi işə başlandığı tarixdən 120 təqvim günündən gec olmayaraq ödənilməli idi. Bu isə, işlərin bitirilmə tarixi deməkdir. Çünki müqavilənin 3.2-ci bəndinə görə işin görülmə müddəti, işə başlanıldığı gündən başlayaraq 120 təqvim günüdür. İşin mübahisəsiz halıdır ki, Cavabdeh MMC işləri 120 təqvim günündə bitirməyib. Dolayısı ilə, İddiaçı MMC-nin həmin məbləği köçürməməsi başa düşüləndir. Son ödəniş isə iş təhvil verildikdən sonra həyata keçirilməli idi. Ona görə də, həmin ödənişin ümumiyyətlə, Cavabdeh MMC-nin öhdəliyini lazımınca icra etməməsi üzərində heç bir təsiri ola bilməzdi. Çünki Cavabdeh MMC-nin bu dəlilinin əsasında o hal dayanır ki, guya İddiaçı MMC pulu vaxtında köçürmədiyi üçün onlar maliyyə çətinliyi ilə üzləşiblər və bu da onların öz öhdəliyini vaxtında icra etməsinə mane olub. Halbuki qeyd edildiyi kimi, işlərin təhvil verilməsindən sonra ödəniləcək məbləğin özündən əvvəlki dövrdə görülməli olan işlərin vaxtında icrası üzərində hər hansı təsiri ola bilməz. Bəzi materialların İddiaçı MMC tərəfindən təchiz edilməli olması və bu təchizatın gecikməsi ilə bağlı dəlil də əsassızdır. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən materialların dəyəri işlərin qiymətinə daxildir. Analoji müddəa müqaviləyə 1 nömrəli əlavə olan X1 da öz əksini tapmışdır. Göründüyü kimi, sifarişçi İddiaçı MMC-nin hər hansı material təmin etmək öhdəliyi olmamışdır. Fərz edilsə ki, həqiqətən də, bəzi materiallar İddiaçı MMC tərəfindən təqdim edilməli olmuşdur, lakin vaxtında təqdim edilməmişdir. Bu dəlilin əsaslı ola bilməsi üçün Cavabdeh MMC isbat etməlidir ki, əvvəla, hansı materiallardan söhbət gedir, ikincisi gecikmə hansı dövrə təsadüf edib, yəni İddiaçı MMC konkret materialı hansı tarixdə təqdim etməli idi, lakin faktiki olaraq hansı tarixdə təqdim edib, üçüncüsü gecikmənin Cavabdeh MMC-nin öhdəliyinin icrasına təsiri hansı həcmdə olub. Cavabdeh MMC bu barədə heç bir sübut təqdim edə bilmir, yalnız mücərrəd şəkildə məsuliyyətdən yayınmaq məqsədilə bu cür dəlil irəli sürür. İddiaçı MMC-nin onlara ödəməli olduğu muzdu birtərəfli qaydada dəbbə pulu ilə əvəzləşdirməsinin qanunsuz olması ilə bağlı dəlildə əsassızdır. Belə ki, müqavilənin 8.3-cü bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilmiş İşlərin yerinə yetirilmə müddətləri, xüsusən də, Müqavilənin 3.2-ci bəndi pozulduğu halda, İddiaçı MMC gecikmiş hər günə görə Cavabdeh MMC-dən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 8.7-ci bəndinə görə dəbbə pulu, yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Bu zaman İddiaçı MMC, Cavabdeh MMC-ni ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini Cavabdeh MMC-yə bu Müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir. Göründüyü kimi İddiaçı MMC-nin dəbbə pulunu ödəniləcək muzdla əvəzləşdirmək hüququ Müqavilənin 8.7-ci bəndindən irəli gəlir. Əvəzləşdirmə birtərəfli əqddir və bunun üçün Cavabdeh MMC-nin razılığına ehtiyac yoxdur. Tərəflər arasındakı yazışmalarla bağlı Cavabdeh MMC məhkəməyə bəzi yazışmaları təqdim edərək öz arqumentlərini isbat etməyə çalışır. Həmin yazışmaların natamamlığı onunla təsdiq olunur ki, bəzi yazışmaların tarixi 08 may 2020-ci ildir, yəni müqavilənin bağlanmasından əvvəl olmuşdur. Digər tərəfdən, Cavabdeh MMC tərəflər arasındakı yazışmaların hamısını təqdim etmir. Halbuki, 15 oktyabr 2020-ci il tarixdə Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub ünvanlanaraq işlərin görülməsində gecikməyə yol verildiyi xatırladılmış, natamam işlərin görülməsinin tam qrafiki tələb edilmiş, 26 oktyabr 2020-ci il tarixdə Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə pretenziya məktubu yazılmışdır. Pretenziya məktubunun məzmunu ondan ibarət olmuşdur ki, Cavabdeh MMC sifarişçi İddiaçı MMC ilə razılaşdırmadan layihədə dəyişiklik etmişdir. Buna görə də, İddiaçı MMC bu halı müqavilənin kobud pozuntusu kimi qiymətləndirmiş və zəruri tədbirləri görəcəyini bildirmişdir. 30 oktyabr 2020-ci il tarixdə İgor Dragilev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub ünvanlanaraq məktubda sadalanmış yerlər üzrə görülmüş işlərlə bağlı fotohesabatın və gizli işlərə dair aktların həmin günün sonunadək təqdim olunması tələb edilmiş, lakin bu hesabat təqdim edilməmişdir. Halbuki Müqavilənin 4.1.14-cü bəndinə görə, Podratçı Cavabdeh MMC Sifarişçi İddiaçı MMC-ni işlərin gedişi barədə məlumatlandırmaq öhdəliyini daşıyır. 22 dekabr 2020-ci il tarixdə Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub yazılmış və qrafikin təqdim olunması tələb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Hazırki işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən də, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, iddiaçı gecikmiş hər günə görə cavabdehdən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə görə işə başlama tarixi sifarişçi tərəfindən bu müqavilənin 2.3-cü bəndində göstərilən avansın ödənilməsindən sonrakı gündür, lakin istənilən halda 01 iyun 2020-ci il tarixdən gec olmamalıdır. İşin görülmə müddəti, işə başlandığı gündən başlayaraq 120 təqvim günüdür. İddiaçı MMC bildirir ki, cavabdehin işlərə başlama tarixi diqqətə alındıqda, onun işləri bitirmə tarixi – 29 sentyabr 2020-ci il idi. Lakin faktiki olaraq işlər 25 may 2021-ci il tarixdə yekunlaşdırılmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyinin icrasını 238 təqvim günü gecikdirmişdir. Cavabdeh MMC isə bildirir ki, podrat işlərinin gecikməsində təqsirkar İddiaçı MMC olmuşdur. Belə ki, o, işlərin görülməsi üçün podrat ödənişlərini vaxtında həyata keçirmədiyi və lazımi mal-material, avadanlıqları vaxtında vermədiyi üçün işlər yubanmışdır. İlk olaraq kollegiya qeyd edir ki, podrat işlərinin faktiki olaraq 25 may 2021-ci il tarixdə yekunlaşdırılması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Çünki birinci instansiya məhkəməsində cavabdeh bu halı mübahisələndirməmişdir. Apellyasiya icraatında bu halın mübahisələndirməsi isə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə heç bir əsaslandırma gətirmədən birinci instansiya məhkəməsində mübahisələndirmədiyi halı apellyasiya icraatında mübahisələndirmişdir. Ona görə də, kollegiyanın bu məsələ ilə bağlı qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Cavabdeh MMC-nin istinad etdiyi dəlillər, yəni öhdəliyin icrasının məhz İddiaçı MMCnin ödənişi gec həyata keçirməsi səbəbindən gecikdirilməsi ilə bağlı dəlillərə dair qeyd olunur ki, İddiaçı MMC tərəfindən ödənişlərin gecikdirilib-gecikdirilməməsi halı mübahisənin həllinə təsir etmir. Belə ki, Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsində isə təsbit olunmuşdur ki, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan maddənin məzmunundan da müəyyən olunur ki, öhdəliklərin qarşılıqlı icrası tərəflər arasında əvvəlcədən şərtləşdirilməli və ya bunu aşkar edən hallar olmalıdır. Lakin hazırki işdə bu hallar müəyyən edilmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə görə İddiaçı MMC tərəfindən pulların köçürülməsi aşağıdakı qaydada həyata keçirilməli idi: Avans ödəmə (Müqavilə dəyərinin 30%, yəni ƏDV daxil 109.726,28 ABŞ dolları). Bu məbləğ, Müqavilənin bağlandığı tarixdən 10 bank günündən gec olmayaraq ödənilməli idi. 1 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 20%, yəni ƏDV daxil 73.150,84 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 30 təqvim günündən gec olmayaraq ödənilməli idi. 2 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 60 təqvim günündən gec olmayaraq ödənilməli idi. 3 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 90 təqvim günündən gec olmayaraq ödənilməli idi. 4 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ işə başlanıldığı tarixdən 120 təqvim günündən gec olmayaraq ödənilməli idi. Son ödəniş (Müqavilə dəyərinin 20%, yəni ƏDV daxil 73.150,84 ABŞ dolları). İş başa çatdıqdan və zəruri şərtlərə əməl edildikdən sonra 30 təqvim günündən gec olmayaraq ödənilməli idi. Müqavilənin 3.1-ci bəndinə görə, Cavabdeh MMC tərəfindən işlərə ən geci, 01 iyun 2020-ci il tarixdə başlanılmalı idi. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin qarşılıqlı icrası, yəni təfsilatı ilə göstərilən konkret podrat işlərinin məhz konkret məbləğdə muzdun ödənilməsindən sonra həyata keçirilməli olmasını müəyyən edən hər hansı bir norma mövcud deyildir. Eyni zamanda, öhdəliklərin qarşılıqlı icrasını aşkar edən hallar da mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC-nin həmin dəlillərə istinad etməsi əsassızdır. Eyni zamanda kollegiya qeyd edir ki, Cavabdeh MMC-nin istinad etdiyi həmin hallar sonuncuya yalnız İddiaçı MMC-dən müqavilənin 8.4-cü maddəsinin tələblərinə uyğun olaraq dəbbə pulunun tutulmasını tələb etmək hüququ verir ki, hazırda da bununla bağlı Cavabdeh MMC tərəfindən tələb irəli sürülmüşdür. Bununla yanaşı kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən lazımi mal-material, avadanlıqların vaxtında vermədiyi üçün podrat işlərinin gecikməsi ilə bağlı Cavabdeh MMC-nin dəlilləri qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə podrat işlərinin məhz İddiaçı MMC tərəfindən verilən mal-material və avadanlıqlarla həyata keçirilməli olması ilə bağlı konkret hər hansı müddəa nəzərdə tutulmamışdır. Əksinə, müqavilənin 1.1.1-ci bəndinə əsasən müqavilədə göstərilən bütün işləri tam yerinə yetirmək üçün lazımi material və avadanlıqların çatdırılması öhdəliyi podratçının üzərinə qoyulmuşdur. Bununla belə iş materiallarında olan, tərəflər arasında baş tutan e-mail və “whatsapp” yazışmalarından (05 mart 2021-ci il tarixə aid “whatsapp” yazışması istisna olunmaqla tərəflərdən heç biri digər yazışmaların həqiqiliyini mübahisələndirməmişdir) belə müəyyən olunur ki, tərəflər bir sıra mal-material və avadanlıqların İddiaçı MMC tərəfindən verilməli olması ilə bağlı razılığa gəlmiş, o cümlədən konkret işlər üçün konkret görülmə müddəti müəyyən etmiş, hətta bununla əlaqədar həftəlik siyahılar tərtib etmişlər. Məhkəmə iclasında da İddiaçı MMC-nin nümayəndəsi bu halla bağlı birmənalı etirazını bildirməmiş, əksinə 2021-ci ilin yanvar-fevral aylarına aid həftəlik siyahıları təqdim etmişdir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu qaydada müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər bəzi mal-material və avadanlıqların İddiaçı MMC tərəfindən verilməsini və məhz bundan sonra da Cavabdeh MMC tərəfindən ayrı-ayrı işlər üçün müəyyən olunan konkret tarixlərdə işlərin görülməsini şərtləşmişlər. Bu baxımdan kollegiya hesab edir ki, podrat işlərinin bitmə tarixi məhz İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə sonuncu mal-material və avadanlıqların verildiyi və həmin işlər üçün müəyyən olunan konkret tarixdən sonrakı tarix hesab olunmalıdır. Cavabdeh MMC ilk olaraq bildirmişdir ki, sonuncu mal-materiallar (parket və işıq avadanlıqları) 15 fevral 2021-ci il tarixdə təqdim edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi bu hala birmənalı etiraz etməmiş və bildirmişdir ki, sonuncu mal-materiallar (parket və işıq avadanlıqları) 15 fevral 2021-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verildiyi qəbul edilsə belə həmin işlər 35 gün müddətində yekunlaşmalı idi. Sonradan Cavabdeh MMC-nin nümayəndəsi bildirir ki, mal-materiallar (parket və işıq avadanlıqları) 15 fevral 2021-ci il tarixdə deyil, faktiki 05 mart 2021-ci il tarixdə təhvil verilmişdir. İddiaçı MMC-nin nümayəndəsi bu hala etiraz etmiş, Cavabdeh MMC isə bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Onun tərəfindən təqdim edilən 05 mart 2021-ci il tarixə aid “whatsapp” yazışmasına isə İddiaçı MMC-nin nümayəndəsi etiraz etmiş, eyni zamanda Cavabdeh MMC həmin yazışmanın mötəbərliyi ilə bağlı sübutlar təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC əksini sübut etmədiyi üçün mal-materialların verilmə tarixi kimi məhz İddiaçı MMC-nin etiraz etmədiyi tarix, yəni 15 fevral 2021-ci il qəbul edilməlidir. Tərəflərin imzaladığı və möhürlə təsdiq etdiyi işlərin görülmə cədvəlinin 14.5-ci bəndinə görə parketin quraşdırılması üçün 33 gün müəyyən edilmiş və həmin işlər 24 avqust – 26 sentyabr 2020-ci il tarixlərdə həyata keçirilməli idi. Müqavilənin 15.1 və 15.2-ci bəndlərinə görə işıq və elektrik avadanlıqlarının quraşdırılması üçün müvafiq olaraq 33 və 18 gün müəyyən edilmiş və həmin işlər 25 avqust – 27 sentyabr 2020-ci il tarixdə və 09 sentyabr – 27 sentyabr 2020-ci il tarixdə həyata keçirilməli idi. Eyni zamanda, işlərin görülmə cədvəlindən müəyyən edilir ki, bütün podrat işləri 29 sentyabr 2020-ci il tarixdə yekunlaşmalı idi. Beləliklə, qeyd olunan işlərin həyata keçirilməsi müddətləri və bütün işlərin yekunlaşması tarixləri (24 avqust – 29 sentyabr 2020-ci il) nəzərə alındıqda müəyyən edilir ki, Cavabdeh MMC qeyd olunan podrat işlərini 37 gün müddətində, 15 fevral 2021-ci il tarixdən hesablandıqda isə 23 mart 2021-ci il tarixdə başa çatdırıb təhvil verməli idi. Lakin podrat işləri 25 may 2021-ci il tarixdə, yəni 63 gün gecikdirilməklə başa çatdırımışdır. Bu baxımdan, habelə İddiaçı MMC tərəfindən dəbbə pulu ilə bağlı yazılı şəkildə pretenziya təqdim edildiyi nəzərə alınaraq kollegiya hesab edir ki, İddiaçı MMC podrat müqaviləsinin 8.3-cü bəndinə uyğun olaraq gecikən hər günə 1000 ABŞ dolları hesablamaqla 63 günə görə 63000 ABŞ dolları (63 x 1000 = 63000) məbləğində dəbbə pulunun ödənilməsini Cavabdeh MMC-dən tələb etmək və müqavilənin 8.7-ci bəndinə uyğun olaraq həmin dəbbə pulunun məbləğini görülmüş işlərə görə ödəniləcək məbləğdən çıxılmasını tələb etməkdə haqlıdır. Belə ki, podrat müqaviləsinin 8.7-ci bəndinə görə dəbbə pulu yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Pretenziya təqdim edilmədiyi halda dəbbə pulu hesablanmır və ödənilmir. Bu zaman sifarişçi podratçını ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini podratçıya bu müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh MMC-nin də iddia tələbləri qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də Cavabdeh MMC-nin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməsi, lakin İddiaçı MMC-nin podrat işlərinin 114433 ABŞ dollar dəyərini ödəməməsi işin mübahisəsiz halını təşkil edir. Bununla yanaşı kollegiya hesab edir ki, həmin tələb tam təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı MMC-nin tərəflər arasında bağlanmış müqavilənin 8.7-ci bəndinə uyğun olaraq dəbbə pulunun məbləğini podratçıya ödəniləcək məbləğdən çıxmaq hüququ mövcuddur. Həmin müqavilə şərtinə uyğun olaraq İddiaçı MMC tərəfindən görülən işlər üçün Cavabdeh MMC-yə ödənilməli olan 114433 ABŞ dollar məbləğindən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olan 63000 ABŞ dolları dəbbə pulunu çıxdıqda isə müəyyən olunur ki, yekun olaraq 51433 ABŞ dolları məbləğində əsas borc İddiaçı MMCdən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir (114433 – 63000 = 51433). Həmçinin kollegiya hesab edir ki, Cavabdeh MMC hazırki apellyasiya baxışının həddində, yəni 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, həmin iddia tələblərinin də qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir və hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Çünki tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsi ilə müəyyən edilmiş görülmüş işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarından da müəyyən edilir ki, İddiaçı MMC tərəfindən pul ödəmələri gecikmələrlə həyata keçirilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin qarşılıqlı icrası nəzərdə tutulmamışdır. Belə olan halda isə Cavabdeh MMC tərəfindən işlərin yerinə yetirilməsi müddətlərinin gecikdirilib gecikdirilməməsindən asılı olmayaraq İddiaçı MMC tərəfindən bütün aralıq ödənişlər vaxtında həyata keçirilməli idi. Lakin iş materiallarından müəyyən edilir ki, 73150,84 ABŞ doları məbləğində 1 nömrəli aralıq ödəniş 16 gün müddətində və 36575,42 ABŞ doları məbləğində 2 nömrəli aralıq ödəniş 5 gün müddətində gecikdirilməklə ödənilmiş, 36575,42 ABŞ doları məbləğində 4 nömrəli aralıq ödəniş isə ümumiyyətlə ödənilməmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı MMC-nin ödəməli olduğu dəbbə pulunun məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi 5567 ABŞ dolları məbləğindən daha artıq məbləğ təşkil edir. Lakin Cavabdeh MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün dəbbə pulunun cəmi məbləğinə (o cümlədən apelyasiya baxışında təqdim edilmiş ərizəyə) qiymət verilmədən kollegiya hesab edir ki, Cavabdeh MMC İddiaçı MMC-dən 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh MMC tərəfindən hazırki mübahisə üzrə hər iki tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi 18 may 2020-ci il tarixli podrat müqaviləsindən əlavə olaraq ödənişlərin nağd qaydada aparılması ilə bağlı 18 may 2020-ci il tarixli 18.05.20-2 saylı iş müqaviləsinə istinad edilməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin müqavilə hazırki iddiaların əsasını təşkil etmədiyi üçün araşdırma predmetinə aid deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı MMC-nin iddiasının rədd edilməsi və Cavabdeh MMC-nin iddiasında irəli sürülmüş əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddialar qismən təmin edilməli və qətnamə 5567 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.5, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3633/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.12.2021-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı MMCnin iddiasının rədd edilməsi və Cavabdeh MMC-nin iddiasında irəli sürülmüş əsas borcun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə hər iki iddia qismən təmin edilsin. İddiaçı MMC tərəfindən görülən işlər üçün Cavabdeh MMC-yə ödənilməli olan 114433 ABŞ dollar məbləğindən 63000 ABŞ dolları məbləğində dəbbə pulu çıxılsın və yekun olaraq İddiaçı MMC-dən 51433 ABŞ dolları məbləğində əsas borc tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə həmin iddialar təmin edilməsin. Qətnamə İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar