Məhkəmə qərarları › İş №2-2(103)-324/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-324/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-324/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4447/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə “Palma-ENK Tarvel Company” şirkəti arasında xx.xx.2009-cu il tarixli 66 saylı “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqavilə bağlanmışdır.

2. Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin əsas mövzusu agentin tapşırığı ilə subagentin aşağıda qeyd olunan əməliyyat və xidmətləri yerinə yetirməsidir: 1) sərnişin daşımaları üzrə dövlətlərarası və regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin, gələcəkdə daşıyıcı adlandıracaq və X1 sənədlərində bu daşımaların satışını təşkil etmək və həyata keçirmək; 2) subagentin fəaliyyətinin normal aparılması məqsədilə ona lazımi ciddi uçot blanklarının (JUB), möhür və ştampların ayrılması və avtomatlaşdırılması bron sisteminə qoşulmasını təmin etmək; 3) sanatoriyalara putyovkaların satışını həyata keçirmək.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 15753,98 manat borcun, 2362 manat əldən çıxmış faydanın və mediasiya prosesinin aparılması üçün ödənilmiş 200 manat xidmət haqqının, cəmi 18315,98 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə İddiaçı MMC və "xxxx" MMC arasında üzləşmə aktı mövcud olmuş və "xxxx" MMC şirkəti tərəfindən də təsdiqlənmişdir. Hazırda həmin sifarişlə bağlı "xxxx" MMC-nin İddiaçı MMC-yə 15753,98 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə həm elektron vergi xidmətindən, həmçinin poçt vasitəsilə və elektron məhkəmə vasitəsilə məktublar göndərilməsinə baxmayaraq borc cavabdeh tərəfindən qaytarılmamışdır.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia ərizəsində qeyd edilən aviabiletlər üzrə uçuşlar həyata keçirilməmiş və geri qaytarılmışdır. Uçuşların həyata keçirilməməsinin səbəbləri də iddiaçıya məlumdur. Qeyd olunan aviabiletlərin bir qisminin geri qaytarılması barədə üzləşməni və geri qaytarılmış biletlər siyahısı tərtib edilmiş və həmin sənəddə 7943,14 manat dəyərində biletlərin geri qaytarılması qeyd olunub. Məhkəməyə 3 sənəd təqdim edilmiş, həmin sənədləri iddiaçı şirkətin mühasibi cavabdehə email vasitəsilə göndərmişdir. Cədvələ nəzərə yetirildikdə artıq qarşı tərəf özü də etiraf edir ki, məbləğ iddia ərizəsində olduğu kimi deyil. Ümumiyyətlə bütün biletlər geri qaytarılıb. Son iki biletlər tərəflərindən təqdim edilən sənədlərdən fərqlənir. Əslində həmin biletlərlə bağlı da uçuş baş tutmayıb. Çünki Kiyevə olan bilətlərdir və 18 mart 2022-ci il tarixlərdə artıq Ukraynada müharibə başlamışdır. 2-ci sənəd üzrə onlara geniş cədvəl göndərilir və tarixlər həmin dövrləri əhatə edir. (xx.xx.2020-xx.xx.2022) Həmin sənəddə cavabdeh MMC-nin cəmi 1235,45 manat qalıq borcu olduğu qeyd olunmuşdur. 3-cü bir ziddiyətli sənəddə (01.01-xx.xx.2021) isə 9046,29 manat borc olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləğlə bağlı kifayət qədər ziddiyətli məqamlar vardır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4447/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” xx.xx.2009-cu il tarixli müqavilə üzrə 15753,98 manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız 3 il əvvəl olan üzləşmə aktına istinad etmişdir. Halbuki, ondan sonra baş verən prosesləri cavabdeh etirazlarında bildirmiş, sənədlər təqdim etmiş, lakin məhkəmə tərəfindən qeyd edilən hallarla bağlı araşdırma aparılmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmuş və bildirilmişdir ki, üzləşmə aktı üzrə imzalanmış sənəddən sonra iddiaçıya ödəniş edilməmiş və bilet qaytarılması olmamışdır. Çünki biletlər geri qaytarılmayan olduğundan onların geri qaytarılması da mümkün deyildir. Cavabdehin təqdim etdiyi sənədlər isə birtərəfli qaydadda tərtib olunmuş sənədlərdir və iddiaçı tərəfindən təsdiq edilməmişdir. Qeyd edilən vaxtda razılıq əldə olunmamış və barışıq üçün cavabdeh tərəfindən ödəniş edilməsi, edildiyi təqdirdə güzəşt olunması xahiş olunsa da, ödəniş edilməmiş və barışıq üçün heç bir addım atılmamışdır. Cavabdeh 8000 manat borcu olduğunu və ya ümumiyytlə borcunun olmadığını bildirir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər.

11. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəlləsinin 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 13.Həmin Məcəllənin 789.4-cü maddəsinə əsasən müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir. 14.Həmin Məcəllənin 790.1-ci maddəsinə əsasən ticarət agentinin ümumi vəzifələri bu Məcəllənin 778-ci maddəsindən irəli gəlir. 15.Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 16.Həmin Məcəllənin 778.2-ci madəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

17. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

22. Belə ki, tərəflər arasında xx.xx.2009-cu il tarixli 66 saylı “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqavilənin bağlanması işin mübahisəsiz halıdır.

23. Həmin müqavilə isə mahiyyət etibarı ilə Mülki Məcəllənin 789.1-ci maddəsində nəzərdə tutulmuş ticarət nümayəndəsi (agent) müqaviləsidir. 24.Belə ki, iddiaçı aviobiletlərin və sanatoriyalara yollayışların satışı ilə bağlı agent hüquqlarını cavabdehə vermişdir.

25. Eyni zamanda, həm bu növ müqavilələrin mahiyyəti, həm də işin mübahisəsiz halıdır ki, cavabdeh satışını həyata keçirtdiyi biletlərin dəyərini iddiaçıya ödəmək öhdəliyini daşıyır. 26.Mülki Məcəllənin 789.4-cü maddəsində də müəyyən edilmişdir ki, müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir.

27. İddiaçı da cavabdeh tərəfindən həmin öhdəliyin pozulmasına istinad edərək, 15.753,98 manat məbləğində borcun tutulması tələbini irəli sürmüşdür.

28. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin aviabiletlərin satışı cədvəlindən görünür ki, xx.xx.2019-xx.xx.2023-cü illər aralığında biletlərin satışı cəmi 20155,58 manat təşkil etmişdir.

29. "xxxx" ASC-nin Abşeron filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin cari manat hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi "xxxx" MMC tərəfindən cəmi 75500 manat məbləğində ödəniş edilmişdir.

30. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə dair (01-31 dekabr 2020) üzləşmə aktına əsasən xx.xx.2021-ci il tarixinə cəmi borc məbləği 15.753,98 manat qeyd olunmuş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

31. Cavabdeh isə öz etirazının əsası kimi istinad halları sübut etmək üçün mailto:shah-imair@mail.ruElektron ünvan 1 e-mail adresindən mailto:nurel@palma-enk.coElektron ünvan 2 e-mail adresinə daxil olmuş sənədlərə istinad edir və bildirir ki, qeyd olunan birinci e-mail adresi iddiaçı MMCdə mühasib vəzifəsində işləyən Şəhla Xəlifəzadəyə məxsusdur.

32. Məhkəmə iclasında cavabdehin nümayəndəsinə məxsus noutbuka baxış keçirilmiş və həqiqətən də mailto:shah-imair@mail.ruElektron ünvan 1 e-mail adresindən cavabdeh MMC-yə məxsus mailto:nurel@palma-enk.coElektron ünvan 2 e-mail adresinə 3 ədəd Excel formatında tərtib olunmuş cədvəlin göndərildiyi müəyyən edilmişdir.

33. Həmin cədvəlin birində qeyd olunmuşdur ki, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən (01-31 dekabr 2020) üzləşmə aktı. xx.xx.2021-ci il tarixinə qalıq borc 6856,94 manat.

34. Digər cədvəl qeyd olunmuşdur ki, aviabiletlərin geri qaytarılması, tərtib etdi Şəhla Xəlifəzadə, xx.xx.2021-xx.xx.2022, qalıq borc 8703,24 manat.

35. Digər 12 səhifədən ibarət cədvəldə isə qeyd olunmuşdur ki, tərtib etdi Xəlifəzadə Şəhla, xx.xx.2020-xx.xx.2022, qalıq borc 1235,45 manat. Həmin cədvəlin 6-cı səhifəsinə kimi Palma_Travel tərəfindən satılmış biletlər və onların dəyəri, 6-cı səhifədə geri qaytarılmış biletlər və onların dəyəri, 7-12-ci səhifələrdə agentin yığımları və köçürmələri əks etdirən cədvəl, cədvəlin sonunda isə qalıq borcun 1235,45 manat olması qeyd edilmişdir.

36. Göründüyü kimi iddiaçı MMC-nin mühasibi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixə olan məlumata əsasən qalıq borc cəmi 1235,45 manat təşkil edir.

37. Eyni zamanda, həmin məlumatların dəqiqləşdirilməsi üçün cavabdehin vəsatəti əsasında "xxxx" MMC-nin mühasibləri Şəhla Xəlifəzadə və Şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılmışlar və bu barədə bildiriş onların iş yeri üzrə "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin həmin şəxslər iki dəfə məhkəmə iclaslarına gəlməmişlər.

38. Həmçinin, iddiaçı "xxxx" MMC həmin şəxslərin onun əməkdaşları olmalarına etiraz etməmiş və bu halı mübahisələndirməmiş, həmin şəxslərin şahid qismində məhkəməyə çağırılmaları barədə bildirişləri aldıqdan sonra yuxarıda qeyd olunan məzmunda yazılı etirazı məhkəməyə göndərmiş, lakin etirazda da həmin məsələyə və cavabdehin istinad etdiyi e-mail yazışmasına münasibət bildirməmişdir.

39. Qeyd olunan halları qiymətləndirərərək və Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin təqdim etdiyi e-mail yazışması mötəbər sübut kimi qiymətləndirilməli və tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin ödəməli olduğu qalıq borc cəmi 1235,45 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddiaçı yalnız həmin məbləğdə pul vəsaitinin tutulmasını tələb edə bilər.

40. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, yalnız xx.xx.2021-ci il tarixə olan üzləşmə aktını əsas götürmüş və cavabdehin etirazında göstərilən hallar və təqdim etdiyi sübutlar üzrə heç bir araşdırma aparmamış, bununla da Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni tam yerinə yetirməmişdir.

41. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin növünü düzgün müəyyən etməmiş və Mülki Məcəllənin 390.1-ci maddəsinə istinad etməklə, tərəflər arasında bağlanmış müqaviləyə ticarət nümayəndəsi (agent) müqaviləsi kimi deyil, Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə kimi qiymət vermişdir.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas borcun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Palma ENK” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4447/2023 saylı qətnaməsi qismən, yəni 15753,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 1235,45 manat məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar