Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-325/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli 2-2(113)-4701/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehdən subpodrat müqaviləsi üzrə 19203,35 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış AGCX 82/2020 saylı, 05 avqust 2020-ci il tarixli müqaviləyə əsasən Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların və Abşeron ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 51 və 52 nömrəli binaların tikintisi, damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbə yük boşaltma meydançasının hazırlanması və quraşdırılmasının icra edilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə 4 əlavə müqavilə də daxil edilmişdir. Müqavilədə göstərilən bütün öhdəlikləri onun tərəfindən tam və qüsursuz şəkildə həyata keçirilmişdir. İşləri həyata keçirildikdən sonra 19203,35 manat cavabdeh şirkətin ona borcu yaranmışdır. Dəfələrlə cavabdeh şirkətə müraciət etməsinə baxmayaraq bu günə kimi ona olan pul öhdəliklərini yerinə yetirilməmişdir. Göndərilmiş pretenziya məktubunda və mediasiya vasitəsilə də iş öz həllini tapmamışdır. Bakı Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli 2-2(113)-4701/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində 19.203,35 manat borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə, heç bir sənədə, hesab fakturaya, onların nömrələrinə, tarixlərinə və s. məcburi məlumatlara istinad edilmədən göstərilmişdir. İddiaçı tərəfindən bunların heç biri edilmədən ümumi məbləğin göstərilməsi ilə kifayətlənilmişdir. Bu isə heç cür cavabdehin həqiqətən də həmin hərəkətləri etməsinin sübutu kimi qiymətləndirilə bilməz. İddia tam əsassızdır və iddia tələbi kifayət qədər mübahisəlidir. Cavabdehin iddiaçıya qarşı borcu mövcud deyil. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə buna əməl etməmişdir. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsi prosessual normalara riayət etməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. İşə baxılması sonuncu dəfə 11.05.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 oğlu əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli 2-2(113)-4701/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bir neçə subpodrat müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı tərəfindən tələb edilən borc AGCX 82/2020 saylı, 05 avqust 2020-ci il tarixli subpodrat müqaviləsi əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi ilə Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi, damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydançasının hazırlanması və quraşdırılması işlərinin görülməsini öz üzərinə götürmüşdür. 05 avqust 2020-ci il tarixli subpodrat müqaviləsinə 4 dəfə əlavə edilmiş, 15.03.2021-ci il tarixli sonuncu əlavəyə əsasən görülməli olan işlərin ümumi dəyəri 41506,37 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş (əsillərinə işə apellyasiya qaydasında baxılarkən baxış keçirilmiş) Forma 2 və Forma 3 aktlarından görünür ki, 05 avqust 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə 41506,37 manat dəyərində (12.10.2020-ci il tarixli akta əsasən 15950,49 manat, 15.02.2021-ci il tarixli akta əsasən 24916,02 manat, 20.04.2021-ci il tarixli akta əsasən 639,86 manat dəyərində) işlər görülərək iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası mərhələsində müqavilə üzrə görülmüş və təhvil verilmiş iş həcmini mübahisələndirməmiş, cavabdeh tərəfindən həmin müqavilə üzrə ödənişin tam həyata keçirildiyini göstərərək məhkəmədən iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İşdəki ödəniş tapşırıqlarından, iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışdan və təqdim etdiyi cədvəldən görünür ki, cavabdeh tərəfindən 05 avqust 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə iddiaçıya 4 dəfəyə 21961,54 manat ( 04.12.2020-ci il tarixdə 6000 manat, 30.12.2021-ci il tarixdə 7461,54 manat, 13.04.2021-ci il tarixdə 6000 manat, 17.06.2020-ci il tarixdə 2500 manat) ödəniş edilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilə üzrə bu məbləğdən artıq ödəniş etdiyinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin ödənişlərinin məbləğini sadə riyazı hesablama ilə toplamaq və görülmüş işlərin dəyərindən ödənişin ümumi məbləğini çıxaraq qalıq borcun məbləğini hesablamağın mümkün olduğunu, bu hesablamanın aparılması üçün xüsusi biliyə zərurət olmadığını nəzərə alaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə cavabdehin vəsatətini əsassız hesab etmişdir. İddiaçının təqdim etdiyi cədvəldən (iş materialları 154-155-ci vərəqlər) görünür ki, cavabdehin digər subpodrat müqaviləsi üzrə 341,63 manat artıq ödəməsi olmuşdur. 05 avqust 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərin dəyərindən- 41506,37 manatdan cavabdehin 05 avqust 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə ödədiyi məbləği-21961,54 manatı və 341,63 manat artıq ödəməni çıxdıqda qalıq borcun 19203,2 manat olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən normalara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə işləri görüb cavabdehə təhvil verildiyi halda cavabdeh öz öhdəliyini lazımı qaydada icra etməyərək işlərin dəyərini tam ödəmədiyindən iddia təmin edilməlidir. İş üzrə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, məhkəmə işə baxarkən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verməmiş, mübahisə işin faktiki hallarına uyğun həll edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli 2-2(113)-4701/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli 2-2(113)-4701/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-325/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-325/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver