Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-328/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və qanuni nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “texniki xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7017/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 2024-cü ilin iyun və iyul ayları üçün 180 manat ƏDV daxil olmaqla 1180 manat xidmət haqqı, 77,5 manat cərimə məbləği və ödənilmiş 32,6 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7017/2024 nömrəli qətnaməsi (qərardadla yanlışlığın düzəldilməsi nəzərə alınmaqla) ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli texniki xidmət müqaviləsi üzrə 136,46 manat ƏDV məbləği daxil olmaqla 894,52 manat əsas borc, 25 manat cərimə olmaqla ümumilikdə 919,52 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7017/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, məhkəmə, iddiaçının təqdim etdiyi aktlara əsasən işin təhvil alınması imzalarını araşdırmamış, Cavabdeh MMC-nin belə bir işçisinin olmadığına diqqət etməmişdir. Məhkəmə cavabdeh tərəfindən aktların təsdiqini qeyd etsə də, belə bir hüququ olmayan üçüncü bir şəxsin imzalarını qəbul etmişdir. Bundan əlavə şirkətlər arasında olan müqaviləyə və akt forması şirkət rəhbərlərinin imzası, şirkətin möhürü ilə təsdiqləndikdən sonra aylıq ödənişlər edilməli olduğu təqdirdə iş təhvil verilmədiyindən ödəniş olunmamışdır. Müqavilədə aylıq xidmətin sonunda akt əsasında görülən xidmətə görə ödəniş olunması qeyd edilsə də, məhkəmə yekunlaşdırılmayan xidmətə görə iddiaçıya ödəniş edilməsini qət etmişdir. Əlavə olaraq cavabdeh qüsur aktlarını təqdim etsə də, məhkəmə bunlara diqqət etməmişdir. Həmin qüsur aktlarında liftlərə xidmət göstərilmədiyi açıq aşkar görsənir. Göründüyü kimi məhkəmənin mövqeyi bu hissədə yanlışdır. Mülki qanunverciliyin mülki hüquq subyektlərinin bərabərliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki huquqların məhkəmə müdafiəsi prinsiplərinə əsasən müqavilə şərtlərində göstərilən bəndlər əsas götürülməmiş, müqavilə azadlığı pozulmuş, iddiaçının gördüyü işlərin sübutu kimi hansısa bir təsadüfi bir akt əsas götürülərək iddiası qismən təmin edilmişdir. Müqavilə (əqd) şərtlə bağlanılmışdır. Şərt liftlərə göstərilən xidmətə görə məbləğ ödənişidir. Qüsur aktlarından və digər sənədlərdən göründüyü kimi iddiaçı heç bir xidmət göstərməmişdir. Öhdəliyin anlayışından göründüyü kimi bir şəxs digər şəxsə xidmət göstərməli və icra etdiyinin əvəzində tələb etmək hüququ vardır. Xidmət göstərməyən bir şirkətin tələb etmək hüququ da yaranmamışdır. Göründüyü kimi təqdim edilmiş akt heç bir fakta və hala əsaslanmayaraq sübut kimi qəbul edilmişdir. Təqdim edilmiş sübutlar aydınlaşdırılmamış, iddiaçı tərəfin təqdim etdiyi faktiki hallar nəzərə alınsa da, cavabdehin təqdim etdiyi faktlar araşdırılmamışdır. Hər hansı bir akt əsas götürülərək işin təhvil verilməsi ona əsaslanmış həqiqətdə isə heç bir xidmətin göstərilməməsi nəticəsində liftlərin vəziyyəti barədə qüsur aktlarına fikir verilməmişdir. Müqavilənin əsası liftlərə xidmət göstərməkdən ibarət olduğu təqdirdə xidmət göstərmədiyi üçün nəyisə iddia etməsi düzgün deyildir. Qüsur aktları lisenziyalı şirkət tərəfindən tərtib edilmiş, işin təhvil-təslim aktı direktor tərəfindən təsdiq edilməmiş, sübut olaraq Cavabdeh MMC-nin işçiləri olmayan şəxslərin imzaları ilə təsdiq edilmiş akt əsas götürülmüşdür. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlər araşdırılmamışdır. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlərə fikir verilmədən qərar qəbul olunmuşdur, iddiaçının gətirdiyi əsassız və qanunsuz səbəblər əsas göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və qanuni nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
11. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
16. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
18. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhərində yerləşən və cavabdehə məxsus 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, cavabdeh isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin xidmətlərin təhvil-təslimi və ödənişlərin həyata keçirilməsi ilə bağlı bəndlərində xidmətlərin təvhil verilməsinin hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-təslim aktları ilə rəsmiləşdirilməsi, göstərilən xidmətlərin dəyərinin hesab-fakturaya əsasən onun göndərildiyi tarixdən 5 iş günündən gec olmayaraq ödənilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə 15 yanvar 2024-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, 4 ədəd sərnişin lifti üçün 400 manat, 2 ədəd yük lifti üçün 200 manat xidmət haqqı (ƏDV xaric), 20 yanvar 2024-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, 1 ədəd panaroma lifti üçün 100 manat xidmət haqqı (ƏDV xaric) şərtləşdirilmişdir.
26. İddiaçı 2024-cü ilin iyun və iyul (tam ayın xidmət haqqı) ayları üçün xx.xx.2024cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin – ƏDV daxil olmaqla 1180 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.
27. Cavabdeh iddiaya etiraz edərək, göstərilmiş xidmətlərin dəyərinin ödənildiyini, cavabdehin qanunsuz olaraq xidmətləri dayandırdığını, 22 iyul 2024-cü il tarixdən başqa şəxslə müqavilə bağlandığını bildirmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdehin nümayəndəsi “İsrafilov Ə.” adlı şəxs arasında lift texniki baxış (aylıq) aktı imzalanır, iddiaçı tərəfindən həmin akta uyğun olaraq hesab (invoys) və elektron qaimə-faktura cavabdehə göndərilir, cavabdeh də həmin elektron qaiməyə istinad etməklə göstərilmiş xidmətlərin dəyərini ödəyir.
29. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi “İsrafilov Ə.” adlı şəxs arasında 6 lifttə xidmətlə bağlı texniki baxış (aylıq) aktı imzalanmış, xx.xx.2024-cü il tarixdə ƏDV daxil olmaqla 708 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı hesab (invoys) tərtib edilmiş, xx.xx.2024-cü il tarixli EBDZ 789643 seriya və nömrəli elektron qaimə cavabdehə göndərilmiş, həmin elektron qaiməyə istinad edilməklə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xidmətlərin dəyəri ödənilmişdir. Eyni qaydada 2024-cü ilin mart, aprel və may aylarında göstərilmiş xidmətlər üçün xx.xx.2024-cü il tarixli EBEB 508033 seriya və nömrəli, xx.xx.2024-cü il tarixli EBEC 902777 seriya və nömrəli, xx.xx.2024-cü il tarixli MT2406 10186104 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmiş, xidmətlərin dəyəri cavabdeh tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində ödənilmişdir.
30. Mübahisəli 2024-cü ilin iyun ayı üçün də xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi “İsrafilov Ə.” adlı şəxs arasında 5 lifttə xx.xx.2024-cü il tarixli MT2407 10440593 seriya və nömrəli elektron qaimə cavabdehə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin həmin ay üzrə xidmətlərin dəyərinin ödənilməsindən imtinası əsassız olmuşdur.
31. Cavabdehin xidmətlərdə qüsurlar olması ilə bağlı etirazına münasibətdə isə göstərilmişdir ki, iş materiallarında cavabdehin xidmətlərdə qüsur olması ilə bağlı iddiaçıya hər hansı pretenziya irəli sürməsi, xidmətlərin qüsurlarının aradan qaldırılması üçün ağlabatan müddət təyin etməsi və ya belə bir müddət başa çatdıqdan sonra xidmətlərdən imtina etməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh məhz iddiaçının xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli müqaviləni birtərəfli qaydada ləğv etdiyini və belə bir ləğvin qanunsuz olduğunu etirazında irəli sürmüşdür.
32. Cavabdehin xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsi üzrə iddiaçının xidmətləri qanunsuz olaraq dayandırması ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qeyd edilənlər yalnız cavabdeh tərəfindən qaldırılacaq dəymiş zərərlə bağlı iddianın əsasını təşkil edə bilərdi. Hazırkı halda isə cavabdeh hər hansı maddi-hüquqi tələb – iddia ilə çıxış etməmişdir. Göstərilmiş xidmətin dəyərinin ödənilməsinə dair iddiada isə həmin arqumentlərin əhəmiyyəti yoxdur.
33. Mübahisəli 2024-cü ilin iyul ayı üçün xidmətlərin göstərilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh etirazında xidmətlərin birtərəfli qaydada dayandırıldığını bildirmiş, lakin həmin dayandırılmanın tarixinin iddiaçının bildirdiyi kimi 17 iyul 2024-cü il olmadığına dair hər hansı mülahizə irəli sürməmişdir. Əksinə, hər iki tərəfin təqdim etdiyi (cavabdeh - "Elektron məhkəmə" informasiya sistemində 15-ci sənəd, iddiaçı - "Elektron məhkəmə" informasiya sistemində 22-ci sənəd) vatsap qrup yazışmalarından görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi 17 iyul 2024-cü il tarixdə əməkdaşlarına ərazini tərk etmələri və heç bir iş görməmələri barədə göstəriş vermişdir.
34. Lakin iddiaçı 16 gün xidmət göstərdiyini qəbul etsə də, həmin ay üçün xidmət haqqını tam tələb etmiş, xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsinin şərtlərində hazırkı halda xidmət haqqının tam tələb edilməsi ilə bağlı hər hansı razılaşma əks olunmamışdır. Belə olan halda, iddiaçının 2024-cü ilin iyun ayı üçün 500 manat, 2024-cü ilin iyul ayının 16 günü üçün 258,06 (500/31*16) manat olmaqla ümumilikdə ƏDV xaric 758,06 manat, ƏDV daxil olmaqla 894,52 (758,06*118/100) manat məbləğində pulun tutulmasına subyektiv hüququ mövcuddur.
35. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 136,46 manat ƏDV daxil olmaqla 894,52 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş xidmətlərin təhvil-təslimi aktı, elektron qaimələr və qismən ödənişlər ilə öz təsdiqini tapır.
37. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 27. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 28. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ən azı bununla bağlı öz etirazlarını bildirə bilərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
41. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın əsas borcun qismən ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergi hesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair aktı ilə də təsdiqini tapır.
42. Ümumilikdə müqavilənin qüvvədə olduğu müddət və sonrakı dövrlərdə müqavilə üzrə xidmətlərin vaxtında və lazımı keyfiyyətdə göstərilməməsi ilə bağlı cavabdeh tərəfindən rəsmi yaxud qeyri-rəsmi heç bir irad bildirilməmişdir. Bundan əlavə elektron qaimələrin geri qaytarılmamış və avtomatlaşdırılmış qaydada qəbul edilmişdir. Lakin, elektron qaimələrin təqdim edilməsindən sonra nə müəyyən olunmuş müddət ərzində nə də ki, bundan sonra hər hansı bir etiraz bildirilməmişdir.
43. Qeyd olunan hal da, apellyasiya şikayətinin əsassızlığını təsdiq edir.
44. Cavabdehin istinad etdiyi qüsur aktı 2024-cü ilin 22 iyulda tərtib edilmişdir. İşdən görünür ki, qüsur aktı aktlardan və digər yuxarıda qeyd edilən sənədlərin tərtibindən sonra olmuşdur ki, qüsur aktının əhəmiyyəti itmiş olur. Göründüyü kimi apellyasiya şikayətində qeyd edilən xüsusatlar təsdiq olunmur.
45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
47. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7017/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.