Məhkəmə qərarları › İş №2-2(103)-33/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-33/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-33/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: podrat müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulması və Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı artıq ödənişin qaytarılması və maddi zərərin tutulması barədə birləşdirilmiş iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli e-2-2(113)-1165/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli AVX 008/1021 nömrəli xidmət müqaviləsi adlı podrat müqaviləsi bağlanmış, İddiaçı MMC Cavabdeh MMC-nin sifarişi ilə yol-təmir-tikinti asfalt işlərinin görülməsi zamanı torpaq qazılması – daşınması işlərinin görülməsi xidmətlərinin göstərilməsi öhdəliyi üzərinə götürmüşdür.

2. Müqavilənin tərkib hissəsi olan Əlavə 1-də müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə görə 3.237.058 manat dəyərində ödəniş nəzərdə tutulmuşdur.

3. Müqaviləyə xx.xx.2021-ci il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılması protokolunun şərtlərinə əsasən bu müqavilə müddəti bitənədək (xx.xx.2021-xx.xx.2022) işlər tam icra olunmadıqda sifariş veriləcək xidmətin adı və xidmət haqqı həmin Əlavəyə əsasən hesablanması və ümumi ödənişin 1.618.529 manat olması nəzərdə tutulmuşdur.

4. İddiaçı ilə cavabdeh tərəfindən təsdiq edilmiş 2022-ci ilin yanvar ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 84.956,26 manat təşkil etmişdir.

5. İddiaçı ilə cavabdeh tərəfindən təsdiq edilmiş 2022-ci ilin fevral ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 155183,46 manat təşkil etmişdir..

6. İddiaçı ilə cavabdeh tərəfindən təsdiq edilmiş 2022-ci ilin mart ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 312245,30 manat təşkil etmişdir.

7. İddiaçı ilə cavabdeh tərəfindən təsdiq edilmiş 2022-ci ilin aprel ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 345686,79 manat təşkil etmişdir.

8. İddiaçı ilə cavabdeh arasında təsdiq edilmiş 2022-ci ilin may ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 220.837,98 manat təşkil etmişdir.

9. İddiaçı ilə cavabdeh arasında təsdiq edilmiş 2022-ci ilin iyun ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 214985,70 manat təşkil etmişdir.

10. İddiaçı ilə cavabdeh arasında təsdiq edilmiş 2022-ci ilin iyul ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktından görünür ki, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği ƏDV daxil 169832,81 manat təşkil etmiş, hesabat ayı da daxil olmaqla illin əvvəlindən 1.503.728,30 manat təşkil etmişdir.

11. İşin mübahisəsiz halıdır ki, 2022-ci ilin iyul ayından sonra podratçı tərəfindən işlər dayandırılmış, müqavilə üzrə görülməsi nəzərdə tutulmuş işlər tam başa çatdırılmamışdır.

12. Podratçı tərəfindən sifarişçiyə EBBP 465971 nömrəli xx.xx.2022-ci il tarixli 94401 manat dəyərində, EBBS 918670 nömrəli xx.xx.2022-ci il tarixli 59.000 manat dəyərində, EBBX 333843 nömrəli xx.xx.2022-ci il tarixli 59.000 manat dəyərində, EBCC 274102 nömrəli xx.xx.2022-ci il tarixli 59.000 manat dəyərində, ümumilikdə 271401,89 manat (230001,6 əsas borc +41400,29 manat ƏDV) işin görülərək təqdim edilməsi barədə elektron qaimə göndərilmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələrə müvafiq olaraq ƏDV daxil 271401,89 manat məbləğində vəsait ödənilmişdir.

14. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş, hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Razılaşma aktları”dan və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş elektron qaimələrdən görünür ki, Cavabdeh MMC işlərin görülməsi üçün İddiaçı MMC tərəfindən əldə edilməli olan mal-materialları əldə edərək dəyərini ödəmiş, bundan sonra həmin vəsaitin İddiaçı MMC tərəfindən ödənilməsi üçün ona elektron qaimə təqdim etmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 1.232.326,4 manat məbləğində borcun, pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 52.217,22 manat; vəkil xərcinin əvəzi olaraq 510 manat; ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AVX 008/1021 nömrəli xidmət müqaviləsi bаğlаnmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin sifarişi ilə yol-təmir-tikinti asfalt işlərinin görülməsi zamanı torpaq qazılması daşınması işlərinin görülməsini, cavabdeh isə bu işlərinin görülməsi müqabilində ərizəçiyə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı subpodratçı olaraq Əhmədbəyli-Horadiz-Mincivan avtomobil yolunun tikintisi ilə bağlı ümumi dəyəri 1.503.728,29 manat təşkil edən işləri yerinə yetirib cavabdehə təhvil verimiş, cavabdeh isə həmin işləri qəbul etmişdir. Bununla bağlı tərəflər arasında ”yerinə yetirilmiş işlər haqqında” arayış və ”yerinə yetirilmiş işlərin” qəbul aktları (Forma2) imzalanaraq möhürlə təsdiq edilmişdir. İddiaçı tərəfindən yerinə yetirilmiş və təhvil verilmiş ümumi dəyəri 1.274346,02 manat təşkil edən işlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya cəmi 230001,60 manat ödəniş edilmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə (1.274346,02 - 230001,60) 1.044344,42 manat məbləğində borcu ödənilməmiş qаlmışdır. Tərəflər аrаsındа münаsibətləri məhkəmədən kənаr qаydаdа həll еtmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmiş, lаkin təəsüflər olsun ki, bundаn sоnrа dа müqаvilənin şərtləri cavabdeh tərəfindən yеrinə yеtirilməmiş və öhdəliklər lаzımıncа icrа еdilməmişdir.

17. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMCyə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə xidmətin icrası qarşılığında artıq ödənilmiş 71587 manat və dəymiş zərərin əvəzi olaraq 180000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh MMC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AVX №008\102' saylı xidmət müqaviləsinə əsasən Cavabdeh MMC-yə torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətlərini həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilə əsasında üzərinə götürdüyü işlərin 3/1 hissəsini icra etmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixində tərəflər arasında 1 illik müqavilə bağlanılmasına baxmayaraq icraçı ilk işinin aktını 2022-ci ilin yanvar ayının sonunda təqdim etmişdir və bu da özlüyündə 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında işlərin görülməməsini təsdiq edir. Cavabdeh tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixində AVX № 008/1021 saylı xidmət müqaviləsinin 2.3-cü bəndini tam olaraq pozmuşdur .Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-1159/2023 saylı iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1165/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova), ilk iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 1232326,4 manat məbləğində pul, ödənilmiş 1406,16 manat dövlət rüsumu və 510 manat hüquqi yardıma görə xərcin tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh MMC-nin iddiasının rədd edilməsi qət edilmişdir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına qədər iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən təhvil alınmış, cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ümumilikdə 230.001,60 manat məbləğində əsas, 41400,29 manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iş materiallardan görünür ki, 2022-ci ilin iyul da daxil olmaqla iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri təqdim edilmiş təhvil-təslim aktlarına əsasən 1.274.346,02 manat (ƏDV daxil olmamaqla) təşkil etmiş, cavabdeh tərəfindən isə həmin dövr üzrə cəmi 230.001,60 manat məbləğində vəsait ödənilmiş, sonuncu ödəniş – 50000 manat isə ümumiyyətlə işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında edilmişdir.

23. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr və ödəniş sənədləri ilə bağlı bildirmişdir ki, təqdim edilmiş elektron qaimələrdən görünür ki, həmin qaimələr iddiaçıya deyil, cavabdehin bilavasitə özünə təqdim edilmiş, həmin qaimələr üzrə borclu qismində İddiaçı MMC deyil, Cavabdeh MMC göstərilmiş, ödənişlərin təyinatı qismində hazırkı müqaviləyə deyil, digər müqavilələrə (həmin müqavilələrin tərəfi qismində cavabdehin özünün bildirdiyinə görə cavabdeh və ödənişi alan şəxslər çıxış edir) istinad edilmişdir. Bu səbəbdən məhkəmə həmin ödənişlərin nəzərə alınmalı olması və bu səbəbdən artıq ödənilmiş 71587 manat məbləğində pulun geri qaytarılmalı olması barədə qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 52217,22 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 52217,22 manat faiz borcu tutması mümkün deyil.

25. Məhkəmə qarşılıqlı iddia ərizəsini vurulmuş 180000 manat ziyanın ödənilməsi hissəsində qeyd etmişdir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində vurulmuş zərərin nədən ibarət olmasını ümumiyyətlə göstərməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə öz izahatında işlərin vaxtında yekunlaşdırılmaması ilə bağlı onlara zərər dəydiyini bildirmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1165/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış müqavilənin 1.2.-ci bəndində açıq şəkildə qeyd olunmuşdur ki, “Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab fakturada qeyd edilir”. Tərəflər arasında təsdiq olunmuş hesab fakturanın cəmi məbləği 271.401,89 (230.001,60 AZN + 18% ƏDV (41,400.29 AZN)) manat olmasına, ilk iddia üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə, eyni zamanda iddiaçının xeyrinə bu məbləğdən artıq pul ödəməsinə baxmayaraq Bakı Kommersiya Məhkəməsi Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 1.232.326,4 manat məbləğində borcunun olması və bu borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasında imzalanmış və hazırda qüvvədə olan müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müqaviləyə 2 saylı Əlavəni nəzərə almamış, ümumiyyətlə həmin əlavəyə münasibət bildirmişdir. Hansı ki, tərəflər bu əlavəni imzalayaraq və möhürlə təsdiq edərək şərtləşmiş və razılaşmışlar ki, işlərin icra müddəti bitənədək, yəni xx.xx.2021 – xx.xx.2022 aralığında işlər tam icra olunmadıqda iddiaçının göstərdiyi xidmətlərin vahid qiyməti bu Əlavədə qeyd olunmuş vahid qiymətlər əsasında hesablanacaqdır. Xüsusi ilə qeyd edilməlidir ki, ilk iddia üzrə Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçının, cavabdehin möhürü ilə, eyni zamanda ödəniş edilmiş şəxsin imzası ilə təsdiq olunmuş tərəflər arasındakı razılaşma aktları kimi mötəbər sübutlar olmasına baxmayaraq cavabdehlə iddiaçı arasında imzalanamış müqavilənin predmeti olan işlərin iddiaçı tərəfindən yerinə yetirilməsi üçün (layihə çərçivəsində) iddiaçının istifadə etdiyi (aldığı) mal-materiallara, avadanlıqlara, texnikalara görə iddiaçının razılığı ilə iddiaçının xeyrinə cavabdeh tərəfindən ödənilmiş 552.049,26 manat məbləğində ödəniş də Bakı Kommersiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı bildiririk ki, ilk iddia üzrə Cavabdeh MMC ilə əsas müqavilə üzrə sifarişçi "Kalyon RSY X1 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında Horadiz-Mincivan-Ağbənd Avtomobil yolunun tikintisi layihəsi (bundan sonra-layihə) çərçivəsində torpaq işlərinin bir il müddətində yekunlaşdırılması ilə bağlı xx.xx.2021-ci il tarixli 2059-090 saylı podrat müqaviləsi imzalanmışdır. Cavabdeh MMC də İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli AVX №008\1021 saylı xidmət müqaviləsi bağlayaraq KALYON ilə bağladığı podrat müqaviləsində qeyd olunmuş bütün işlərin və iş həcimlərinin yerinə yetirilməsini ilk iddia üzrə İddiaçı MMC-yə sifariş etmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixliAVX №008\1021 saylı xidmət müqaviləsinə nəzər yetirdikdə aydın olur ki, bu müqavilənin predmetini təşkil edən işlərin yerinə yetirilməsi üçün ilk iddia üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-ni texnika, avadanlıq, malmaterial ilə təmin etmək kimi hər hansı öhdəliyi olmamışdır. Bir daha qeyd edirik ki, ilk iddia üzrə Cavabdeh MMC ilə KALYON, eyni zamanda ilk iddia üzrə Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış müqavilələri araşdırsaq tam şəkildə aydın olur ki, layihə çərçivəsində bütün işlərin və iş həcimlərinin yerinə yetirilməsi öhdəliyi iddiaçıya aid olmuş, Cavabdeh MMC həmin layihədə tikinti-quraşdırma işləri həyata keçirməmişdir. İlk iddia üzrə Cavabdeh MMC-nin həmin bölgədə başqa layihəsi olmamışdır. Cavabdehin iddiaçıya xidmət göstərmiş fiziki və/və ya hüquqi şəxslərə ödədiyi ödənişlərin təyinatından, eyni zamanda iddiaçı ilə cavabdeh arasında bu ödənişlərlə bağlı cavabdehin möhürü ilə təsdiq olunmuş Razılaşma Aktlarından aydın şəkildə görünür ki, cavabdeh bu ödənişləri sırf həmin layihə üçün alınmış mal-material, avadanlqılar, texnika icarələri üçün ödəmişdir. Cavabdehin iddiaçıya xidmət göstərmiş və mal-material vermiş hüquqi və/və ya fiziki şəxslərə bir başa ödəniş etməsinin əsas səbəbi həmin tarixlərdə İddiaçı MMC-nin hesablarının bağlı olması və/və ya hesablarında inkasso sərəncamın olması idi. Buna görə də ilk iddia üzrə İddiaçı MMC Cavabdeh MMC-yə bildirmişdir ki, həmin ödənişləri onun adından həyata keçirsin. Cavabdehin iddiaçının bu tələbini yerinə yetirməmək kimi bir şansı qalmamışdır. Çünki, əgər layihədə işlər vaxtında başa çatmasaydı əsas sifarişçi Kalyon Cavabdeh MMC-ni külli miqdarda cərimələyəcək (KALYON ilə AV İnşaat MMC arasında bağlanmış müqavilənin 7.2.1-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün 5000 manat) və müqaviləyə xitam verəcəkdir. Cavabdeh MMC-nin bu iddiasını kifayət qədər əsaslandırmasına, bununla bağlı sübutlar təqdim etməsinə baxmayaraq Bakı Kommersiya Məhkəməsi iddiaçıya göstərilmiş xidmətlərə və ona verilmiş mal-materiala görə iddiaçının razılığı ilə ilk iddia üzrə İddiaçı MMC xeyrinə Cavabdeh MMC tərəfindən ödənilmiş 552.049,26 manat məbləğində ödənişi nəzərə almamış, nə də ki, bununla bağlı öz təşəbbüsü ilə hər hansı araşdırma aparmamışdır (ödəniş olunmuş hüquqi və/və ya fiziki şəxsləri şahid qismində cəlb etməmiş, ekspertiza təyin etməmiş, sorğular göndərməmiş və s.) İş materiallarından da göründüyü kimi, ilk iddia üzrə İddiaçı MMC müqavilə üzrə işləri razılaşdırılmış müddətdə yekunlaşdırmamış, işlərin təxminən cəmi 35%-ni yerinə yetirmişdir. Buna görə də İddiaçı MMC tərəfindən yerinə yetirilmiş iş həcmlərinin dəyəri Əlavə 2-də qeyd olunmuş vahid qiymətlər əsasında hesablanmalıydı. Bu zaman ilk iddia üzrə Cavabdeh MMC-nin yox, İddiaçı MMC-nin Cavabdeh MMC-yə 71.587 manat məbləğində borcu yaranırdı. Belə ki, MM-nin 328.6-cı maddəsində qeyd olunur ki, əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirə salıcı şərtlə bağlanmış sayılır. İş materiallarındakı sübutlardan (iş həcmlərini təsdiq edən Forma-2 və vahid qiymətləri təsdiq edən müqaviləyə 2 saylı Əlavə) da göründüyü kimi ilk iddia üzrə İddiaçı MMC-nin tərəflər arasında bağlanmış müqavilə çərçivəsində gördüyü işlərin dəyəri ƏDV daxil olmaqla 751.864,15 manat təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da aydın olur ki, tərəflər arasında təsdiq olunmuş hesab fakturnanın cəmi məbləği ƏDV daxil olmaqla 271.401,89 (230.001,60 AZN +18% ƏDV (41,400.29 AZN)) manat olmuşdur. Eyni zamanda tərəflər arasında imzalanmış müqavilənin 1.2.-ci bəndində açıq şəkildə qeyd olunmuşdur ki, “Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab fakturada qeyd edilir”. İlk iddia üzrə Cavabdeh MMC İddiaçı MMC-nin bir başa bank hesabına 271.401,89 manat (230.001,60 AZN + 18%ƏDV (41,400.29 AZN)) , cavabdeh ilə iddiaçı arasında imzalanamış müqavilənin predmeti olan işlərin iddiaçı tərəfindən yerinə yetirilməsi üçün (layihə çərçivəsində) iddiaçının istifadə etdiyi (aldığı) mal-materiallara, avadanlıqlara, texniklara görə iddiaçının razılğı ilə iddiaçının xeyrinə 552.049,26 manat olmaqla ümumilikdə cəmi 823.451,15 manat ödəniş etmişdir. Bununla da İlk iddia üzrə Cavabdeh MMC İddiaçı MMC-yə onun gördüyü işlərin dəyərindən 71.587 manat artıq ödəniş etmişdir. Buna baxmayaraq məhkəmə ilk iddia üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 1232326,4 manat (ƏDV daxil) məbləğində borcunun olması barədə qətnamə qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

29. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir.Nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək və yazılı mülahizə təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

30. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddə- sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 759.1-ci maddə-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 760.1-ci maddə-əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə-öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə-zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddə-borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

31. Qətnamə Cavabdeh MMC tərəfindən qarşı tərəfin iddia tələbinin təmin edildiyi və öz iddia tələbinin rədd edildiyi hissələrdə mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1165/2023 nömrəli qətnaməsi İddiaçı MMC-nin iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 38743,11 manat əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AVX 008/1021 saylı podrat müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin sifarişi ilə müqaviləyə əlavədə siyahısı və qiymətləri nəzərdə tutulmuş işlərin görülməsini üzərinə götürmüş, görülmüş işlərə görə Cavabdeh MMC tərəfindən 230.001,60 manat məbləğində vəsait ödənilmişdir.

34. Tərəflərin nümayəndələrinin izahatları və işdəki sənədlərə əsasən müəyyən olunur ki, podrat müqaviləsi üzrə işlərin xx.xx.2022-ci il tarixədək tam başa çatdırılması nəzərdə tutulsa da, podratçı 2022-ci ilin iyul ayında işləri yarımçıq dayandırmışdır.

35. Podratçı tərəfin nümayəndəsi müqavilədən imtina etməsinin səbəbini sifarişçi tərəfindən görülmüş işlərin dəyərinin tam ödənilməməsi olduğunu göstərsə də, sifarişçinin nümayəndəsi onlara göndərilmiş elektron qaimələr üzrə bütün ödənişlərin ödənildiyini, buna görə də sifarişçi tərəfindən öhdəliyin pozulmadığını göstərmişdir.

36. İşin hallarından görünür ki, həqiqətən podratçı tərəfindən sifarişçiyə ümumilikdə ƏDV daxil 271401,89 manat işin görülərək təqdim edilməsi barədə elektron qaimə göndərilmiş, sifarişçi tərəfindən göndərilmiş elektron qaimələrə müvafiq olaraq İddiaçı MMC 230.001,6 manat məbləğində vəsait ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, ödənişlər hesab faktura təqdim olunduqdan sonrakı 45 gün ərzində həyata keçiriləcəkdir. Belə olan halda, məhkəmə tərəfindən müəyyən olunur ki, sifarişçi podratçının ona göndərdiyi elektron qaimə və hesab fakturalar üzrə ödənişləri tam həyata keçirdiyindən podrat müqaviləsinin ləğv edilməsində sifarişçinin təqsiri olduğuna dair podratçının mülahizəsinin əsassız olduğu müəyyən olunur.

37. xx.xx.2021-ci il tarixdə tərəflər arasında müqaviləyə 02 saylı Əlavə imzalanaraq həmin əlavədə nəzərdə tutulmuşdur ki, bu müqavilə müddəti bitənədək (xx.xx.2022-ci il tarixədək) işlər tam icra olunmadıqda sifariş veriləcək xidmətin adı və xidmət haqqı 1 saylı Əlavə ilə deyil, 2 saylı Əlavədəki qiymətlərlə hesablanacaq.

38. Məhkəmə kollegiyası 2 saylı Əlavənin şərtlərini nəzərə alaraq hesab edir ki, müqavilədə nəzərdə tutulmuş işlər podratçı tərəfindən razılaşdırılmış tarixədək tam icra edilib təhvil verilmədiyindən görülmüş işlərin qiymətlərinin razılaşdırıldığı kimi 2 saylı Əlavəyə əsasən hesablanmalı olduğuna dair Cavabdeh MMC-nin mövqeyi əsaslıdır.

39. İşə apellyasiya qaydasında baxılarkən işlərin qəbul aktlarındakı dəyərinin 2 saylı Əlavədəki qiymətlərlə hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8444-5/1574 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, görülmüş işlərin dəyəri müqaviləyə 2 saylı Əlavə ilə hesablandıqda 640615,50 manat təşkil edir. Tərəflər arasında təsdiq edilmiş qəbul aktlarında qiymətlərin 1 saylı Əlavə ilə hesablansa da, podratçı ödənişin həmin qiymətlə tutulmasını o vaxt tələb edə bilərdi ki, öhdəliyin icra müddəti başa çatanadək bütün işləri tam görüb təhvil vermiş olsun.

40. Eyni zamanda məhkəmə tərəfindən əsilləri iş materiallarına əlavə edilmiş “Razılaşma aktları”na əsasən müəyyən edilmişdir ki, müqavilə şərtlərinə əsasən podratçı tərəfindən əldə edilməli olan mal-materiallar sifarişçinin vəsaiti hesabına əldə edilmiş, İddiaçı MMC həmin aktları imzalamaqla Cavabdeh MMC-nin çəkdiyi xərclərin qaytarılacağını (bu barədə Cavabdeh MMC tərəfindən göndəriləcək elektron qaimələrin qəbul ediləcəyini) təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 9/8444-5/1574 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, bu aktlardakı məbləğlərin cəmi 330470,50 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, podratçı sifarişçinin onun əvəzinə çəkdiyi xərclərin ödənilməsini öz üzərinə götürdüyündən bu xərclər görülmüş işlərin dəyərindən çıxılmalıdır.

41. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış podrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsində sifarişçinin təqsirli olub-olmamasına, 2 saylı Əlavənin şərtlərinə düzgün hüquqi qiymət verməmiş, Cavabdeh MMC tərəfindən sübut qismində təqdim edilmiş razılaşma aktlarına isə ümumiyyətlə hər hansı münasibət bildirməmiş, həmin aktların podratçı tərəfindən hansı səbəbdən imzalandığını araşdırmamış, nəticədə İddiaçı MMC-nin xeyrinə tutulmalı olan borcun məbləği düzgün müəyyən edilməmişdir. Halbuki MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir 42.Məhkəmə sifarişçi tərəfindən sonuncu ödənişin işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında həyata keçirilməsini pozuntu olaraq qəbul etmiş, nəzərə almamışdır ki, podratçı tərəfindən sonuncu qaimə də xx.xx.2022-ci il tarixdə göndərilmiş və sifarişçinin bu qaimə üzrə təqdim edilmiş xidmətin dəyərini müqavilənin 4.2-ci bəndinə əsasən hesab faktura təqdim olunduqdan sonrakı 45 gün ərzində həyata keçirmək hüququ olduğu halda elə həmin ayda da ödəniş edilmişdir.

43. Razılaşma aktlarındakı xərclərin hansı səbəbdən sifarişçi tərəfindən çəkildiyini Cavabdeh MMC-nin nümayəndəsi belə izah etmişdir ki, podratçıya məxsus bank hesablarının üzərinə incasso sərəncamı qoyulması səbəbindən o özü mal-material satan və texnika təqdim edən sahibkarlarla özü hesablaşa bilmədiyi üçün onun əvəzinə borcdan çıxılacağı şərti ilə sifarişçi mal-material almış, həmin xərclərin ödənilməsinin elektron qaimələrlə podratçıdan tələb ediləcəyinə dair razılaşma aktlar podratçı tərəfindən təsdiq edilmişdir. Razılaşma aktlarındakı xərclərin həqiqətən iddiaçının hesablarında inkasso sərəncamı olması ilə əlaqədar çəkildiyini İddiaçı MMC-nin nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi yazılı ərizəsində də təsdiq etmişdir. (iş mat. 2-ci cild 196-198-ci vərəqlər) Nümayəndə məhkəmə iclaslarında verdiyi izahatlarda və apellyasiya şikayətinə etirazda podrat müqaviləsinin 3.1.1-ci bəndinə əsasən podratçını materiallarla təmin etmək öhdəliyinin sifarişçiyə aid olduğunu göstərsə də, razılaşma aktlarının hansı səbəbdən İddiaçı MMC tərəfindən təsdiq edilməsinin məntiqi izahını verə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən podrat müqaviləsi üzrə İddiaçı MMC-nə ödəniləcək məbləğ 38743,11 manat (640615,50 manat (faktiki görülmüş və təhvil verilmiş işlərin 2 saylı Əlavəyə əsasən hesablanmış məbləği- 330470,50 manat (razılaşma aktlaındakı xərclər) -271401,89 manat ödəniş) təşkil etdiyindən qətnamə İddiaçı MMC-nin iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 38743,11 manat əsas borc tutulmalıdır.

44. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin qeyd edilmiş hallarından göründüyü kimi, podrat müqaviləsi əsasında görülmüş işlərə görə sifarişçinin 38.743,11 manat borcu olduğu müəyyən edildiyindən 71.587 manat artıq ödəniş edilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə düzgün olaraq qeyd etmişdir ki, podratçının hərəkətləri nəticəsində sifarişçiyə 180.000 manat məbləğində maddi ziyanın nədə ifadə olunduğu iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamış, bu barədə sübutlar məhkəməyə təqdim olunmamışdır.

45. MPM-nin 119.3-cü maddəsinə əsasən -iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 250 manat Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.

46. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1165/2023 nömrəli qətnaməsi İddiaçı MMC-nin iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 38743,11 manat əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1165/2023 nömrəli qətnaməsi İddiaçı MMC-nin iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli AVX 008/1021 saylı podrat müqaviləsi üzrə 38.743,11 manat əsas borc tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 250 manat ekspertiza xərci ilk iddia üzrə Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar