Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-330/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, X2nun, iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Cavabdeh1 MMC-yə (“X20” MMC-nin hüquqi varisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-yə müqavilə üzrə öhdəliklərinin icrası üçün borclu olduğu 22000 manat məbləğində pul borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh X7 qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehdən 23070,48 manat məbləğində verilmiş avans, görülmüş iş və xidmətlərdən qalan 22683,08 manat borc məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-138/2020 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh X5 22327,6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 MMC-yə ödənilməsi, qalan hissədə həmin iddianın rədd edilməsi qət edilmişdir. X2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında X2 və iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin edilmiş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə X13 (istehsalçı) arasında xx.xx.2018-ci il tarixli 10 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən istehsalçı Qurubəyli kəndində yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Elxan Qasımova 081660 nömrəli qaimə-fakturaya əsasən 3682 manat, 081778 nömrəli qaiməfakturaya əsasən 657,80 manat, 081783 nömrəli qaimə-fakturaya əsasən 1972 manat və 081796 nömrəli qaimə-fakturaya əsasən 315,60 manat dəyərində toxum çiyidi təhvil verilmişdir. Həmçinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Elxan Qasımova becərmə və su ilə təminatı üçün 3200, 5000, 4000, 3500 manat məbləğlərində pul vəsaiti verilmişdir. xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC bir neçə hüquqi şəxsin, o cümlədən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxslərin hüquqi varisidir. İddiaçı bildirir ki, o, həmin müqaviləyə əsasən sahəni aqro-texniki qaydada təlimatda nəzərdə tutulmuş tələbləri yerinə yetirərək becərmişdir. Lakin Mərakeş çəyirtkəsinin 50 ha sahənin 40 ha hissəsində pambığı tamamilə yeyib məhv etməsi nəticəsində pambıq bitkisi məhsulu vermək imkanından məhrum olmuşdur. Bu fakt İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH-nin başçısının birinci müavini S.Ağayevin sədrliyi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin və digər aidiyyəti qurumların, o cümlədən mütəxəssis aqronomun iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktla da təsdiq edilmişdir. O, ondan asılı olmayan səbəbdən baş vermiş hadisə nəticəsində müqavilə öhdəliyini yerinə yetirmək imkanından məhrum olmuşdur. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, müqaviləyə əsasən göstərilən xidmət müqabilində Elxan Qasımov həmin sahədə yüksək keyfiyyətli pambıq əkib-becərməyi və əldə edilmiş xam-pambığı müqavilə ilə müəyyən şərtlər daxilində "xxxxxxxxx" MMC-yə təhvil vermək barədə öhdəliyinin olmasına baxmayaraq, üzrsüz səbəblərdən müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir: Cavabdeh1 MMC-nin İmişli filialı tərəfindən verilmiş arayışa əsasən X6 hesabına köçürülən məbləğlərə görə 15700 (3200+5000+4000+3500) manat, 1260 kq toxumçuluq çiyidinə görə 6451,2 manat, çöp doğramaya görə 280 manat, cəmi 22431,2 manat borcu vardır. xx xxxx 2018-ci il tarixli akta əsasən İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH Başçısının birinci müavini S.Ağayev, İmişli rayon X11 rəisi S.Məhərrəmov, Kənd Təsərrüfatı MMC-nin sədri R.Kazımov, X21 ərazi dairəsi üzrə nümayəndəsi B.Xəlilov, Qulubəyli bələdiyyəsinin sədri Ə.Astanov, mütəxəssis-aqronom Q.Abbasov və fermer başçısı Qulubəyli kənd sakini E.Qasımov tərəfindən Qulubəyli kənd sakini X6 əkmiş olduğu 50 hektar torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, pambıq sahəsinin 75-80%-ni 40 hektara yaxın pambıq bitkisini “Mərakeş” çəyirtkəsi yeyərək məhv etmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X12 Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkili Qardaşxan Sadıqova ünvanlanmış xx.xx.2020-ci il tarixli, 15/1-26 saylı məktubuna əsasən İmişli rayon X12 2018-ci il mayiyun aylarında verdiyi hesabatlara və aktlara əsasən may ayında Mərakeş çəyirtkəsinə qarşı 7200, iyun ayında 3900 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X12 x xxxx 2020-ci il tarixli, 15/1-40 saylı məktubu ilə Cavabdeh1 MMC-nin sorğusuna cavab olaraq bildirilmişdir ki, sorğu ilə bağlı İmişli rayon X14 şifahi sorğu göndərilmiş və İmişli rayon X12 baş aqronomu Sabir Muradov tərəfindən Respublika X14 təqdim olunmuş 05 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, 2018-ci ilin may və iyun aylarında İmişli rayonu ərazisində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılan zaman Qulubəyli kəndinin ərazisində X7 məxsus pambıq sahəsində çəyirtkələrin yumurtaqoyma dövründə təxminən 3-4 hektar sahədə siyarətlənmə müşahidə edilmiş və həmin sahədə görülmüş mübarizə tədbirləri nəticəsində çəyirtkələr məhv edilmişdir. Mübarizə tədbirləri vaxtında aparıldığı üçün sahəyə heç bir ziyan dəyməmişdir. Ümumiyyətlə, həmin dövrdə İmişli rayonunun ərazisində heç bir fermerin əkin sahəsinə ziyan dəyməmişdir. Mütəxəssis qismində iştirak etmiş X22 izahatında bildirmişdir ki, ixtisası aqronom, bioloqdur. Hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnovasiya Mərkəzində direktor müavini vəzifəsində işləyir. Çəyirtkələrin qarşısını almaq mümkündür. Əgər ərazi bir dəfə dərmanlanarsa, onlar dayanarlar. X29 Respublikası ilə həmsərhəd olan ərazilərə gedir. Dəstə ilə yaşayırlar, hücum edirlər. 40 hektar ərazini çəyirtkə məhv edə bilməz. İlk növbədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət hesabına dərmanlama aparılır. 40 hektar ərazini məhv etmək üçün minimum 10 gün lazımdır o şərtlə ki, bir yerdə otursunlar. Çəyirtkə ilə mübarizə daim aparılır, onları yumurtaları qoyub gedir və sonra İranla sərhəddə Nazirliyin əməkdaşları dərmanlama işləri aparır. Şahid qismində dindirilmiş Xəlilov Barat Zöhrab oğlu ifadəsində bildirmişdir ki, X21 ərazi Dairəsi üzrə nümayəndəsidir. X13 onlara müraciət etmiş, onlar da bu barədə Kənd Təsərrüfatı Nazirliyinə və Cavabdeh1 MMC-yə məlumat vermişlər. O, pambıq əkilən sahədə olmuş, çəyirtkələrin sahəyə çox ziyan vurmuş, rayon idarəsi tərəfindən dərmanlama işləri aparılmış, həmçinin akta imza etmişdir. Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, X21 ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Oktyabr ayında ərazidə olmuş, aktı imzalamamışdır. Dərmanlama işləri aparılmış, 2-3 hektar ərazidə ölmüş və ölümə yaxın çəyirtkələr olmuşdur. Şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, İmişli rayon Qulubəyli kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə sahədə olmuş, ərazidə ölən çəyirtkələr var idi. Şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İmişli rayon X17 direktoru vəzifəsində işləyir, sahəyə getməmişdən əvvəl dərmanlama işləri aparılmış, çəyirtkələrin 95%-nin öldüyünü, 5%-nin isə ölümə yaxın olduğunu görmüş, aktı oxumadan imzalamış, çəyirtkə 40 hektar sahədə olan pambığı yeməmiş, bəlkə 2- hektar sahədə olan pambığı yemişdir. Çəyirtkənin dərmanlama tədbirləri ilə X24 məşğul olur. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 556.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi qanunverici icranın mümkün olmaması əsası ilə öhdəliyə xitam verilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Birincisi, öhdəliyin icrası mümkünsüz olmalıdır və ikincisi, icra edilmənin mümkünsüzlüyü tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməlidir. Göstərilən maddədə nəzərdə tutulmuş öhdəliyə xitam verilməsi üçün əsas olan icra mümkünsüzlüyü dedikdə, öhdəliyin daimi olaraq (qeyri-müəyyən müddətə) icra edilməsinin ümumiyyətlə mümkün olmaması başa düşülür. Belə mümkünsüzlük, məsələn, müqavilənin predmeti olan fərdi-müəyyən edilmiş əşyanın məhv olması, öhdəliyin predmeti növlü əşya olduqda həmin əşyanın dövriyyədə olmaması (fiziki cəhətdən mümkünsüzlük) və ya normativ hüquqi aktla müəyyən növ öhdəliklərin icrasının qadağan edilməsi (hüquqi cəhətdən mümkünsüzlük) ilə bağlı ola bilər. Bu zaman öhdəliyin icrasında yaranmış çətinliklər, o cümlədən maliyyə çətinlikləri tərəflərin iradəsindən asılı olmayan səbəblərdən yaransa belə, icra mümkünsüzlüyü kimi qəbul edilmir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçının xitam verilməsini tələb etdiyi öhdəlik pul öhdəliyi olduğundan, yəni öhdəliyin predmeti olan pul vəsaiti daimi dövriyyədə olan əşya olduğundan Mülki Məcəllənin 556-cı maddəsi hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Digər tərəfdən Mülki Məcəllənin 390.4-ci maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş mübahisəli müqavilə mahiyyətinə görə müxtəlif müqavilə növlərinin ünsürlərini özündə cəmləşdirən qarışıq müqavilədir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 2.2-ci bəndlərindəki şərtlərindən müəyyən edilir ki, həmin müqavilənin Cavabdeh1 tərəfindən E.Qasımova pambıq becərilməsi üçün toxum, mineral gübrənin, pestisid və s. satılmasına dair hissəsində nisyə alqı-satqı müqaviləsinin, pambıq əkilib becərilməsi üçün borc pul verilməsi hissəsində borc müqaviləsinin, aqroservis bölmələri tərəfindən xidmət göstərilməsi hissəsində isə xidmət müqaviləsinin, pambıq yetişdirildikdən sonra Cavabdeh1 MMC-yə satılması hissəsində isə ilkin alqı-satqı müqaviləsinin ünsürləri mövcuddur. Ona görə də, Mülki Məcəllənin 390.4-cü maddəsinin tələblərinə əsasən hazırkı mübahisənin predmetini təşkil edən E.Qasımovun pambığın əkilib-becərilməsi məqsədilə borc aldığı pulun qaytarılması barədə öhdəliyinə borc müqaviləsinin, alınmış toxum və s. dəyərinin ödənilməsi barədə öhdəliyinə nisyə alqı-satqı müqaviləsinin və göstərilmiş xidmətlərin ödənilməsinə dair öhdəliyinə qanunun analogiyası üzrə podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddiaçı E.Qasımovun müqavilə əsasında alınmış borc məbləğindən, mallardan və göstərilmiş xidmətlərdən istifadə etməklə başladığı inkişaf etdirdiyi sahibkarlıq fəaliyyətinin uğurlu olmaması, həmin fəaliyyətdən mənfəət əldə edə bilməməsi sonuncunu borcun qaytarılması, alınmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi öhdəliyinin icrasından azad edən hal kimi qəbul edilə bilməz. Əks yanaşma həm müvafiq olaraq borc, alqı-satqı, podrat müqavilələrinin qanunvericilikdə nəzərdə tutulmuş təməl normalarına, həm də tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən şərtlərinə ziddir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 566-cı maddəsinin hazırkı mübahisənin predmeti olan pul öhdəliklərinə tətbiq edilə bilməsi və iddiaçının iddia tələblərinin istinad etdiyi halların mübahisəli öhdəliklərə xitam verilməsi üçün əsas ola bilməsi ehtimal olunsa belə ilkin iddia təmin edilə bilməz. Belə ki, iddiaçı E.Qasımov iddia tələbini iradəsindən asılı olmayan hallar (pambıq bitkisinin “Mərakeş” çəyirtkəsi tərəfindən yeyilməsi) nəticəsində torpaq sahəsinin pambıq məhsulu verməməsi ilə əsaslandırsa da, nə torpaq sahəsindən məhsul götürə bilməməsini, nə də məhsul götürə bilməməsinin ondan asılı olmayan hallarla bağlı olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2018-ci il tarixli aktda iddiaçının icarəsində olan 40 hektar torpaq sahəsində pambığın çəyirtkələr tərəfindən yeyilməsi göstərildiyi halda, məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin aktı imzalamış şəxslərdən X18, X8 torpaq sahəsinin pambığın yalnız bir hissəsinin (2-3 hektar ərazidə) çəyirtkə tərəfindən yeyilməsini təsdiq etmiş, digər şahidlər Xəlilov Barat Zöhrab oğlu və X15 isə çəyirtkənin əraziyə ziyan vurduğunu göstərsələr də, sahəyə hansı həcmdə (bütün sahəyə və ya yalnız müəyyən hissəsinə) ziyan vurulduğunu konkretləşdirməmişlər. Bununla yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X12 x xxxx 2020-ci il tarixli, 15/1- 40 saylı məktubundan da görünür ki, 2018-ci ilin may və iyun aylarında Elxan Qasımova məxsus pambıq sahəsində çəyirtkələrin yumurtaqoyma dövründə yalnız 3-4 hektar sahədə siyarətlənmə müşahidə edilmiş və həmin sahədə görülmüş mübarizə tədbirləri nəticəsində çəyirtkələr məhv edilmişdir. Mütəxəssis F.Kərimovun izahatından isə aydın olur ki, ərazini dərmanlamaqla çəyirtkələrin qarşısını almaq mümkündür, 40 hektar ərazini çəyirtkə məhv edilməsi praktiki olaraq qeyri-mümkündür və belə sahənin çəyirtkə tərəfindən məhv edilməsi 10 günə yaxın müddət tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia əsassız rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hər iki tərəf X6 Cavabdeh1 MMC qarşısında mübahisəli müqavilədən irəli gələn pul öhdəliyinin olmasını qəbul etsə də, həmin öhdəliyin məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. E.Qasımov ilk iddia ərizəsində həmin öhdəliyin 22000 manat təşkil etməsini göstərdiyi halda, Cavabdeh1 MMC öhdəliyin 22683,08 manat olmasını iddia edir. İş materiallarından isə görünür ki, Cavabdeh1 MMC mübahisəli müqaviləyə əsasən E.Qasımovun MMC tərəfindən ona borc verilməsindən irəli gələn 15700 manat məbləğində və toxum-çiyidin təqdim edilməsindən irəli gələn 6627,6 manat məbləğində, cəmi 22327,6 manat məbləğində pul öhdəliyinin mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, E.Qasımovun pambığın əllə yığımına görə 77,48 manat və aqrolizinq xidmətinə görə 280 manat məbləğində borcunun olmasını təsdiq edən sübutlar isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də, mübahisəli müqavilə üzrə X6 “xxxxx” MMC-yə 22627,6 manat məbləğində pul öhdəliyinin olması iş materialları ilə öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 567, 601.1, 739.1, 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad edərək, məhkəmə hesab etmişdir ki, mübahisəli müqaviləyə əsasən borc olaraq verilmiş pul vəsaitinə görə 15700 manat və toxum-çiyid təqdim edilməsinə görə 6627,6 manat məbləğində borc, cəmi 22327,6 manat məbləğində pul vəsaiti X5 tutularaq iddiaçı “xxxxx” MMC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Əlavə olaraq iddiaçının dəlillərinə dair kollegiya qeyd edir ki, iddiaçı istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli akt isə hazırki halda hər hansı hüquq müəyyənedici əhəmiyyət kəsb etmir. Çünki akt mahiyyət etibarı ilə müəyyən hadısə və ya faktı təsdiq etmək üçün tərtib edilən yazılı sənəddir və onu istənilən şəxs tərtib edib imzalaya bilər. Lakin hazırki işdə həmin aktı tərtib etmiş şəxslərin məhz bu sahədə ixtisaslaşmış şəxslər olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi həmin aktı imzalamış şəxslər birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və onlardan Səlim Məhərrəmov aktı oxumadan imzaladığını, digər şahid Barat Xəlilov isə məhz iddiaçının istinad etdiyi kimi 40 ha sahənin hamısının çəyirtkələr tərəfindən yeyilməsi ilə bağlı hər hansı ifadə verməmişdir. İddiaçının təqdim etdiyi fotoşəkillərə dair kollegiya qeyd edir ki, əvvəla həmin fotoşəkillərin məhz iddiaçıya məxsus sahədə çəkilməsi müəyyən deyildir. İkincisi, həmin fakt təsdiq olunsa belə, bu iddiaçının istinad etdiyi halları təsdiq etmir. Çünki iddiaçı kifayət qədər böyük olan 40 ha pambıq sahəsinə çəyirtkələrin zərər yetirdiyini bildirsə də, məhz həmin sahəni özündə açıq-aydın əks etdirən hər hansı foto, video-görüntüləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı özü bildirdi ki, o, uzun illərdir ki, bu sahədə fəaliyyət göstərir. Əvvəlcədən çəyirtkələrin qarşısının alınması üçün tədbirlər görülməli idi. Çəyirtkələrin qışlama yeri var və həmin vaxt onlar yumurtalarından çıxmadan məhv olsaydılar, pambıq sahəsinə bu qədər zərər yetirilməzdi. Lakin bu tədbirləri görmək onun deyil, bu sahədə ixtisaslaşmış dövlət orqanlarının vəzifəsidir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4cü bəndinin “ə” yarımbəndinə əsasən istehsalçı pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görməyi, “i” yarımbəndinə əsasən isə pambıq sahələrinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirləri vaxtında aparmağı, səpinqabağı və ya səpinlə birlikdə hər hektar pambıq əkiləcək sahəyə 100 (yüz) kq ammofos və ya nitroammofos və vegetasiya dövründə ammonium nitrat mineral gübrəsinin verilməsini təmin etməyi, istehsal etdiyi xam pambığı laboratoriya tərəfindən müəyyən edilmiş standartlara əsasən nəmlik, zibillik və növünə uyğun kondisiya çəkidə “X20” MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı bu sahədə uzun müddət işləyən şəxs kimi adı çəkilən ziyanvericilərin pambıq sahəsində mövcud ola biləcəyini və çəyirtkələrin qarşısının alınması üçün tədbirlər görülməli olduğunu əvvəlcədən bilirdi. Eyni zamanda hamıya bəlli olan haldır ki, kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, üzümçülük, taxılçılıq və s. kimi daha çox zəhmət və əmək tələb edən sahə ilə məşğul olan istənilən şəxs bilir və bilməlidir ki, yüksək keyfiyyətli məhsul əldə etmək məqsədilə, istər ziyanvericilərdən qorunma, istərsə də, məhsulun bol və keyfiyyətli olması üçün tədbirlər əvvəlcədən görülməlidir. Təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə də Cavabdeh1 MMC tərəfindən istehsalçı Elxan Qasımova pambıq istehsalı üçün kənd təsərrüfatı texnikaları, mineral gübrə, pestisid və toxumla təmin olunmasına və pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyəti qurumlarla birlikdə köməklik göstərməyi öz öhdəsinə götürmüşdür (2.2-ci bəndin “a” yarımbəndi). Bu baxımdan kollegiya hesab edir ki, həqiqətən də iddiaçının bildirdiyi kimi onun pambıq sahəsinin 80 %-ni çəyirtkələr ziyan yetirdiyi öz təsdiqini tapsaydı belə, müqavilə şərtlərinə əsasən əkilən sahədə pambığın itkilərdən qorunması, hazırkı halda ziyanverici həşəratlardan qorunması üçün tədbirlər görmək məhz istehsalçı Elxan Qasımovun öhdəliyi olmuşdur. Lakin o, bununla bağlı tədbirlər gördüyünü və bu sahədə fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi ilə bağlı sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilk iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-330/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-330/2020
29.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver