Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-332/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi - direktoru X2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-379/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 85036,90 manat, cərimə kimi 25777,33 manat pul vəsaitlərinin və 30,4 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-379/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə ekspertizası təyin edildikdən, xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələrin nəzdində yeni kommersiya və inzibati məhkəmələrin təşkili, aparılan proseslər zamanı icraatda olan işlərin təhvil verilməsi və yenidən yeni məhkəmələrin icraatına qəbul edilməsindən sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin qeyd edilən işin icraatı, prosesin təyin edilməsi ilə bağlı məhkəmə bildirişlərindən məlumatı olmamış, bununla da Bankın qanunla qorunan müdafiə hüquq məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Qətnamədən yalnız rəsmi poçt vasitəsilə aldıqdan sonra məlumatları olmuşdur. İkinci pozuntu təyin edilmiş ekspertizanın nəticəsi ilə bağlıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan ekspertizanın rəyində qeyd edilən 30 ədəd EPP v.5 avadanlıqlarının üzərində cızıq, yeyilmə, həmçinin avadanlıqların proqram təminatları üzrə istifadə olunubolunmaması barədə suallara ekspert tərəfindən birmənalı və qərəzli cavab verilməmiş, məhkəmə tərəfindən qarşıya qoyulmuş konkret sualların cavablandırılmasından yayınılmışdır. Belə olan halda bankın eksperti prosesə dəvət edib vermiş olduğu rəyin əsaslandırılmasını tələb etmək hüququ təmin edilməmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh MMC tərəfindən göndərilmiş mallar tender təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmamışdır. Bu səbəbə görə də sifarişçi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə istifadəyə yararsız avadanlıqlar verdiyinə görə Cavabdeh MMC barəsində müvafiq araşdırmalar aparılmasından ötrü bank tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə edilmiş şikayət əsasında cavabdeh tərəfindən 39162,75 manat dəyərində yeni avadanlıq banka təhvil verilmişdir. İşin mühüm əhəmiyyət kəsb edən bu halı iddianın cavabdeh tərəfindən artıq qismən icra olunduğunu tam sübuta yetirdiyinə görə iddianın əsassızlığına dair rədd edilməsi qəbul edilən deyildir. Cavabdehin banka təzə, işlənməmiş, yeni avadanlıq adı ilə təqdim etdiyi EPP avadanlıqları vizual görünüşdən belə köhnə olduğu və bununla bağlı bankın mütəxəssislərinin müvafiq arayışı da məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə yalnız ekspertin qeyri-müəyyən şəkildə tərtib etdiyi rəyi mötəbər hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi - direktoru X4 və cavabdehin vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə xx.xx.2017-ci il tarixli İBAR2017/004 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh dəyəri 257773,32 manat təşkil edən keyfiyyətli ehtiyat hissələri ilə iddiaçını təmin edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. xx xxxx 2017-ci il tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində göstərilən 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqları xx xxxxxx 2017-ci il tarixli akta əsasən Cavabdeh MMC tərəfindən banka təhvil verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə şərtlərini pozmuş və istifadə olunmayan tam yeni avadanlıq adı ilə istifadə olunmuş avadanlıqları təqdim etmişdir. Halbuki, müqavilə şərtlərinə görə istifadə olunmayan avadanlıqla istifadə olunmuş avadanlıqların qiyməti fərqlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sifarişçiyə təqdim edilmiş avadanlıqların hamısı yeni avadanlıqlardır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının istinad etdiyi hallara görə cavabdeh ona alqı-satqı müqaviləsinə uyğun olmayan əşyaları vermişdir. Mülki Məcəllənin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Lazımi keyfiyyətli olmayan, yəni qüsurlu əşyaların verilməsi nəticəsində alıcının satıcıya qarşı irəli sürə biləcəyi tələblərin dairəsi isə Mülki Məcəllənin 587-ci maddəsində göstərilmiş və həmin tələblərdən biri də, alış qiymətinin mütənasib azaldılması tələbidir (587.1.1). Hazırki işdə də iddiaçı cavabdeh tərəfindən verilmiş avadanlıqların qüsurlu, yəni yeni olmayan və istifadə olunmuş olmasına istinad etmiş və satış qiymətini məhz müqavilədə işlənmiş avadanlıqlar üçün müəyyən olunmuş məbləğdə azaltmaqla pul tələbini irəli sürmüşdür. Eyni zamanda Mülki Məcəllənin 588.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, əşyaların qüsurlu olmasının sübut etmə vəzifəsi iddiaçıya aiddir. Belə ki, həmin maddəyə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Lakin iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC həmin halları, yəni avadanlıqların qüsurlu (köhnə və daha əvvəl işlənmiş) olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda həmin avadanlıqların təhvil-təslimi barədə xx.xx.2017-ci il tarixli aktda avadanlıqların yeni olmaması və əvvəl istifadə olunması ilə bağlı hər hansı qeydlər yazılmamışdır. Halbuki həmin aktdan görünür ki, yeni olmayan və əvvəl istifadə olunan avadanlıqlar aşkar edildiyi halda bununla bağlı müvafiq qeydlər aparılmışdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə kompüter texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 17853 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC tərəfindən banka təhvil verilmiş xx.xx.2017-ci il tarixdə istifadə olunmuş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqların qablaşdırılmasında və üzərində təhvil verilənə qədər intensiv, daimi istifadə olunması əlamətləri – gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər müəyyən edilməmişdir. Həmin avadanlıqların yeni avadanlıqlarla fərqləndirici əlamətləri müəyyən etmək mümkün olmamış. Həmçinin avadanlıqların yaddaşında və cihazların proqram təminatında daha əvvəllər istifadə edilməsi nəticəsində yarana biləcək izlər və əlamətlər saxlanılmır. Avadanlıqlar təhvil verildikdən sonra 15 ədədi ATM-ə tanıtılaraq istifadə edilmişdir, digər 14 ədədi isə yenidir, yəni ki, istifadə edilməmişdir. 1 ədəd işlək vəziyyətdə deyildir, 29 ədəd işlək vəziyyətdədir. İddiaçı apellyasiya şikayətində göstərilən dəlillərə istinad edərək həmin ekspert rəyinə etiraz edir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır və qeyd edir ki, ekspert onun qarşısında qoyulmuş bütün suallara dəqiq və birmənalı cavab vermişdir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən mübahisəli avadanlıqlara məhkəmə iclasında vizual baxış keçirilmiş və avadanlıqlarda hər hansı gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər, həmçinin qoruyucu rezinlərdə işlənilmə əlamətləri müəyyən edilməmişdir. Müqayisə üçün təqdim olunan istifadə olunmuş avadanlıqlarda isə bütün bu əlamətlər müşahidə edilmişdir. Həmin baxış keçirilən vaxt iddiaçının nümayəndəsi bildirdi ki, avadanlıqların əvvəl istifadə olunmasını təsdiq edən əsas əlamət onun arxa tərəfində istehsalçı şirkət tərəfindən vurulan plombun tamlığının pozulması və istehsalçıya aid olmayan yeni plombun vurulmasıdır. Bununla bağlı cavabdehin nümayəndəsi bildirdi ki, mübahisə predmeti olan avadanlıqlar artıq istehsaldan çıxarılmışdır (bu halı iddiaçı mübahisələndirmir). İddiaçıya təqdim olunan avadanlıqlar isə əvvəl istehsal olunan, lakin istifadə olunmayan və satış üçün saxlancda yerləşdirilən avadanlıqlardır. Onun sifarişi ilə həmin avadanlıqlara Azərbaycan üçün proqram təminatı yazılmış, bu səbəbə görə həmin plomb açılmış və sonradan yenidən plomblanaraq buraya göndərilmişdir. Qeyd olunan halların dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən mütəxəssis qismində dəvət edilmiş X1 öz izahatında bildirmişdir ki, EPP proqram təminatını istehsalçıdan başqa şəxslər də yükləyə bilər. Lakin bu yalnız pirat şəklində mümkündür. Lakin sonradan həmin proqram təminatının orijinal yoxsa pirat şəklində yükləndiyini müəyyən etmək mümkün deyil. Həmçinin EPP istehsal olunduqdan sonra proqram təminatının yüklənməsi üçün onun açılmasına ehtiyac yoxdur. EPP yalnız təmir olunmağa ehtiyac yaranarsa açıla bilər. Mütəxəssis tərəfindən ümumi məlumat verildiyi nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan avadanlıqların məhkəməyə təqdim edilməsi və mütəxəssis tərəfindən baxış keçirilərək, dəqiq rəy verilməsi qərara alınmış və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Lakin iddiaçı tərəf nə avadanlıqların təqdim edilməsini, nə də nümayəndəsinin iştirakını təqdim etməmişdir. Eyni zamanda mütəxəssis də təyin olunan vaxtda məhkəmə iclasına gəlməmişdir. Həmçinin cavabdeh tərəf ümumiyyətlə həmin şəxsin mütəxəssis qismində iştirakına etiraz etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, mübahisəli avadanlıqların alınması ilə bağlı iddiaçı tərəfindən təşkil edilmiş tenderdə iştirak edən digər şirkətin əməkdaşıdır, həmçinin EPP avadanlıqları üzrə xüsusi biliyə malik olan sertifikatı mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən verilmiş avadanlıqların qüsurlu (yeni olmayan və istifadə olunmuş) olması öz təsdiqini tapmır. Bu baxımdan kollegiya hesab edir ki, pulun tutulması barədə tələblərin təmin edilməsi üçün əsaslar mövcud deyildir və ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Cərimə pulunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Hazırkı işdə isə cavabdeh tərəfindən öhdəliyinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi müəyyən edilmir. Ona gərə də, həmin iddia tələbləri də rədd edilməlidir. İddiaçının dəlillərinə dair kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iş üzrə ekspert rəyi alındıqdan sonra xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC bildiriş göndərilmiş və ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza etməklə rəsmən qəbul edilmişdir (iş/v 132). Daha sonra məhkəmə iclası yenidən təxirə alınmış və bu barədə bildiriş də iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəsmi qeydiyyat ünvanına göndərilmişdir (iş/v 135). Həmçinin iş üzrə verilmiş ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-379/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-332/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-332/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver