Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-333/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Təmraz oğlunun iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 562/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14443,20 manat alınaraq İddiaçınə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-562/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin, işə baxmış birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh “CASPEL" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, KSC_WP/2020-001 nömrəli müqavilə üzrə cavabdeh “CASPEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin pul ödəməli olduğu öhdəliyinə hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qeyd edilən hüquq normasının hipotezasından aydın olur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi gündən başlayır. Lakin, İddiaçı ilə cavabdeh “CASPEL" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, KS-C_WP/2020-001 nömrəli müqavilədən sonra da cavabdehlə başqa müqavilələr bağlanılmış və həmin müqavilələr üzrə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq cavabdeh “CASPEL" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş və sonuncu tərəfindən həmin müqavilələr üzrə xidmət haqları ödənilmişdir. Yəni, tərəflər arasında digər müqavilələr üzrə də münasibətlərin davam etməsi və həmin müqavilələr üzrə cavabdeh tərəfindən xidmət haqlarının ödənilməsi səbəbi ilə İddiaçı hüquqlarının pozulduğunu bilməmişdir. Bu hala görə işə baxmış olan birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin buraxılmaqla verildiyi səbəbi ilə iddia tələbinin rədd edilməsi qanunun tələbinə ziddir. İşə baxmış birinci instansiya məhkəməsi borclu şəxs olan cavabdehin borcu etiraf etməsini göstərən hərəkətləri aydınlaşdırmamış və həmin hərəkətlərin hazırkı iş üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olduğuna hüquqi qiymət verməmişdir ki, nəticədə iddia tələbi əsassız olaraq iddia müddətinin buraxılmaqla verildiyi səbəbi ilə rədd edilmişdir. İşə baxmış olan birinci instansiya məhkəməsi qətnamənin 15-ci bəndində mübahisə predmeti olan müqaviləyə “yükdaşıma xidmətləri” müqaviləsi kimi qiymət vermişdir ki, bu səbəblə də məhkəmə yanlış nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
9. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
10. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
11. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
12. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
13. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
14. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
15. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, KS-C_WP/2020-001 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan 14443.20 manat borcun ödənilməsini tələb etmişdir. Cavabdeh MMC isə həmin borc üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli 14443.20 manat məbləğində hesab-faktura göndərildiyini, beləliklə həmin tələb üzrə iddia müddəti axımının xx.xx.2021-ci ildən yarandığını və xx.xx.2024-ci il tarixdə iddia müddətinin bitdiyini əsas gətirərək və iddiaçının hazırkı iddia qaldırarkən iddia müddətini buraxdığını əsas göstərərək iddianın rədd edilməsini tələb etmişdir. İddiaçı isə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, müddətin ötürülmə səbəbi tərəflər arasında qarşılıqlı işguzar münasibət olduğundan cavabdeh tərəfindən borcun ödənilməyəcəyini düşünməmişlər.
23. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələb üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında mövcud olan müqavilənin 3.3-cü bəndinə müvafiq olaraq hesab-faktura üçün ödənişlər hesabfaktura alındığı gündən 15 gün ərzində olmalı idi, hazırki tələb üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə hesab-faktura 29 dekabr 2020-ci il tarixində təqdim edilmişdir. Müqavilənin şərtinə əsasən "xxxx" MMC tərəfindən 13 yanvar 2021-ci il tarixinə kimi ödəniş edilməli idi. Beləliklə 13 yanvar 2021-cü il tarixindən iddia müddətinin axımı başlamış və 13 yanvar 2024-cü il tarixində iddia müddəti ötmüş, iddiaçı isə məhkəməyə iddia müddətini ötürməklə iddia ərizəsi təqdim etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, KSC_WP/2020-001 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası əsaslı olsa da, iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir.
24. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
25. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, iddiaçı subyektiv hüquqa malikdir, həmin subyektiv hüquq isə cavabdeh tərəfindən pozulmuşdur.
26. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
29. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, KSC_WP/2020-001 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası əsaslı olsa da, iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir.
31. İddiaçı şikayətdə qeyd etmişdir ki, tərəflər arasında başqa müqavilələr olmuş və bu səbəbdən hüququn pozulmasını bilməmişdir.
32. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
33. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
34. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
35. Qeyd edilən normalar nəzərə alınmaqla iddiaçının hüququnun pozulmasını bilməməsi dəlili inandırıcı və əsaslı ola bilməz. Həmçinin digər müqavilələrin icrası mübahisəli müqavilə üzrə hüququn pozulmasının bilinməsinə maneə yaratmır.
36. İddiaçı şikayətdə cavabdehin etirafedici hərəkətlər etməsinə istinad etsə də, bu halı sübut edə bilməmişdir.
37. İddiaçının sonuncu dəlili ondan ibarətdir ki, məhkəmə mübahisəyə yükdaşıma xidməti normalarını tətbiq edib, yəni yanlış maddi hüquq normasını tətbiq edib. Halbuki məhkəmə qətnamənin tətbiq edilən hüquq hissəsində yükdaşıma ilə bağlı hüquq normalarına istinad etməyib, həmçinin əsaslandırma hissəsində həmin normalara əsaslanmayıb.
38. Göründüyü kimi apellyatorun şikayətdə göstərdiyi dəlillər iddia müddətinin keçməsinə və məhkəmənin onu işə tətbiq etməsinə maneə yaratmır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq emiş, prosessual pozuntulara yol verməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.
39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-562/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.