Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-334/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: xidmət müqaviləsi, pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7028/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə AZP020/2024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 ədəd sərnişin lifti və 2 ədəd yük lifti bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən icraçı tam təfsilatı, təsviri, qiyməti və icra müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyən olunan xidməti müqavilə ilə razılaşdırılmış qaydada sifarişçiyə göstərməyi, sifarişçi isə göstərilən xidməti qəbul edib, qarşılığında isə icraçıya müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1.4-cü maddəsinə əsasən sifarişçi xidmət haqqını müqavilə ilə razılaşdırıkmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqaviləyə əsasən ayda bir dəfə olmaqla yerinə yetirilən işlərin 1 aylıq dəyəri manat, 4 ədəd sərnişin lifti və 2 ədəd yük lifti üçün 600 manat + ƏDV təşkil edir. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər bir ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən beş iş günündən gec olmamaq şərti ilə sifarişçi tərəfindən ödəniləcəkdir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0.5% həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaq. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Zərərçəkmiş tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni təsdiq edən müvafiq sübutları qarşı tərəfə təqdim etməlidir.
2. xx.xx.2024-cü il tarixli AZP020/2024 nömrəli texniki xidmət müqaviləsinə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilən xidmətlərin ümumi dəyəri ƏDV daxil 708 (600+108) manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
3. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10441036 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 472 manat (ƏDV daxil) təşkil edir.
4. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10188187 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 472 manat (ƏDV daxil) təşkil edir.
5. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 902815 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 472 manat (ƏDV daxil) təşkil edir.
6. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 508290 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 472 manat (ƏDV daxil) təşkil edir.
7. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 790769 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 472 manat (ƏDV daxil) təşkil edir.
8. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 266805 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 236 manat (ƏDV daxil) təşkil edir.
9. İş materiallarından görünür ki, iddiaçıya müvafiq sahədə fəaliyyət göstərmək üçün lisenziya verilmişdir.
10. Liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iyun ayı üzrə liftlərə aylıq texniki xidmət göstərilmişdir. İşlək liftlərin sayı 4 olmuşdur.
11. İyul ayı üzrə liftlərə aylıq texniki xidmət göstərilməsi ilə bağlı akt tərtib olunmuş, lakin cavabdeh tərəfindən təsdiq edilməmişdir. İşlək liftlərin sayı 4 göstərilmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli 104 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesablaşma hesabına 400 manat pul köçürülmüşdür.
14. xx.xx.2024-cü il tarixli 105 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesablaşma hesabına 72 manat pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP020/2024 saylı texniki xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 800 (səkkiz yüz) manat (2024 iyun və iyul ayları) əsas borcun və 144 (yüz qırx dörd) manat ƏDV borcunun, 62 (altmış iki) manat cərimə borcunun, o cümlədən 31 (otuz bir) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İcraçı” adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “Sifarişçi” adlandırılacaq) arasında 15 yanvar 2024-cü il tarixli AZP020/2024 saylı texniki xidmət müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Bildirilmişdir ki, tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə (Sifarişçi qismində) texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir liftdə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 (yüz) manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Bildirilmişdir ki, son olaraq icraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10441036 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 400 (dörd yüz) manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2-6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Bildirilmişdir ki, tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən icraçı tərəfindən sifarişçi qismində çıxış edən Cavabdeh MMC-nə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq Cavabdeh MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP020/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. Bildirilmişdir ki, icraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 62 (altmış iki) manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Bildirilmişdir ki, hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvilqəbul aktı imzalanmışdır. Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və icraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi İddiaçı MMC tərəfindən müəyyən olunduğu üçün icraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı ərzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları sifarişçiyə göndərildiyi halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 400 (dörd yüz) manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir.
17. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzaladıqdan sonra pulu ödəməyi öhdəsinə götürür. Lakin iddiaçı müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versə də, heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç birini göstərilən xidmət müqaviləsi üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən iddiaçı iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb bizə təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına ziyan vurduğu məlum olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 12-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqının əvəzini tam yerinə yetirməmiş və sonda insanların həyatını təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq olunması göstərilsə də, iddiaçı tərəfindən bu bəndin tələbləri pozulmuşdur. Bundan əlavə olaraq müqavilədə İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər – hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsinin səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqdır. xx.xx.2024-cü il tarixdə bağlanılmış müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbul edilməzdir. Verilmiş iddia ərizəsinin əsassız olduğu qeyd edilmiş və iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7028/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehndən xx.xx.2024-cü il tarixli, AZP020/2024 saylı xidmət müqaviləsinə əsasən 626,70 manat (altı yüz iyirmi altı manat yetmiş qəpik) əsas borc, 112,80 manat (yüz on iki manat səksən qəpik) ƏDV məbləği, 30 (otuz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat olmaqla, cəmi 792,50 manat (yeddi yüz doxsan iki manat əlli qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə AZP020/2024 nömrəli xidmət müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı olan iddiaçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 ədəd sərnişin lifti və 2 ədəd yük lifti bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, sifarişçi isə yerinə yetirilən xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra 2024-cü ilin iyul ayının ikinci yarısından etibarən tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilmiş, cavabdeh müvafiq xidmətlərlə bağlı başqa bir hüquqi şəxslə müqavilə bağlamışdır. İddiaçı son 2 iki ay, iyun və iyul ayları üçün göstərdiyi xidmətin haqqı olaraq 800 manat əsas borc və 144 manat ƏDV borcunun (2024 iyun və iyul ayları) cavabdehdən tutulmasını tələb etmiş, tələblə bağlı yuxarıda qeyd olunan sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf iddia tələbini qəbul etməyərək öhdəliklərini icra etdiyini, icra etmədiyi hissədə isə iddiaçının xidmət göstərməməsini əsas kimi göstərmişdir. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, işin faktiki hallarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, eyni zamanda cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh MMC-dən 626,70 manat (altı yüz iyirmi altı manat yetmiş qəpik) əsas borc, 112,80 manat (yüz on iki manat səksən qəpik) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı qismən əsaslıdır. Belə ki, təsdiq olunur ki, 2024-cü ilin iyun ayı tam xidmət göstərimişdir (4 liftə), ona görə həmin ay üçün ƏDV daxil 472 manat xidmət haqqı cavabdehdən tam tutulmalıdır. 2024-cü ilin iyul ayının 17-də müqaviləyə xitam verilmişdir, ona görə də xidmət haqqı həmin vaxtadək cavabdehdən tutulmalıdır 226,70 manat (400:30x17=226,70). Beləliklə, Cavabdehndən xx.xx.2024-cü il tarixli, AZP020/2024 saylı xidmət müqaviləsinə əsasən 626,70 manat (400+226,70) əsas borc və ona uyğun 112,80 manat (yüz on iki manat səksən qəpik) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 62 manat cərimə pulunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 462.1, 467-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 212.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7028/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, məhkəmə, iddiaçının təqdim etdiyi aktlara əsasən işin təhvil alınması imzalarını araşdırmamış, Cavabdeh MMC-nin belə bir işçisinin olmadığına diqqət etməmişdir. Məhkəmə cavabdeh tərəfindən aktların təsdiqini qeyd etsədə belə bir hüququ olmayan üçüncü bir şəxsin imzalarını qəbul etmişdir. Bundan əlavə şirkətlər arasında olan müqaviləyə və akt forması şirkət rəhbərlərinin imzası, şirkətin möhürü ilə təsdiqləndikdən sonra aylıq ödənişlər edilməli olduğu təqdirdə iş təhvil verilmədiyindən ödəniş olunmamışdır. Müqavilədə aylıq xidmətin sonunda akt əsasında görülən xidmətə görə ödəniş olunması qeyd edilsədə məhkəmə yekunlaşdırılmıyan xidmətə görə iddiaçıya ödəniş edilməsini qət etmişdir. Əlavə olaraq biz qüsur aktlarını təqdim etsək də məhkəmə bunlara diqqət etməmişdir. Həmin qüsur aktlarında liftlərə xidmət göstərilmədiyi açıq aşkar görsənir. Göründüyü kimi məhkəmənin mövqeyi bu hissədə yanlışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
24. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7028/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya görülmüş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı hazırkı mübahisə tərəflər arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli, AZP020/2024 nömrəli texniki xidmət müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilə əsasında icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öz öhdəliyinə götürmüşdür.
30. Hazırda İddiaçı MMC iyun və iyul ayında da tərəfindən cavabdehə xidmət göstərildiyi halda həmin aylara görə xidmət haqqının ödənilmədiyini əsas göstərərək xidmətin dəyərinin və dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
31. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Odur ki, xidmət haqqının tutulması hissəsində iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.
32. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 472 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesab-fakturalar və liftlərə texniki baxış formaları məhkəməyə təqdim edilmişdir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Lift texniki baxış aylıq formasını Cavabdeh MMC-nin adından təsdiq edən Ə.İsrafilovun səlahiyyətinin olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilmiş və bununla bağlı tərtib edilən liftlərə texniki baxış formaları sifarişçi Cavabdeh MMC-nin adından nümayəndə kimi Ə.İsrafilovun imzası ilə təsdiq edilmişdir. Belə olan halda, iddiaçı iyun ayı üçün cavabdehdən ƏDV daxil 472 manat məbləğində xidmət haqqı tələb etməkdə haqlıdır.
33. İddianın iyul ayı üçün xidmət haqqının tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan, həmçinin cavabdehin yazılı etirazda qeyd eydiyi xüsusatlardan görünür ki, 17 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir. İddiaçının hər təqvim ayının yarısını keçdikdən sonra ödənişin tam şəkildə icra edilməli olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şərt müqavilədən və tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən irəli gəlmədiyindən iddiaçı yalnız iyul ayının 18-nə qədər olan olan müddət üçün icarə haqqını tələb etməkdə haqlıdır.
34. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının 17 günü üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən birinci instansiya məhkəməsi 626,70 manat əsas borc, 112,80 manat ƏDV borcunun tutulması tələbinə dair hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7028/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.