Məhkəmə qərarları › İş №2-2(103)-335/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-335/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-335/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2254/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanmış 03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən sifarişçi, dəmirçi, qəlibçi və fəhlə işçilərinin təmin edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada işçi təmin edilməsi xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Dəmirçi və qəlibçi aylıq 250 azn, fəhlə 220 azn əmək haqqı ilə (4.1-ci bənd). Hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə hesab verildiyi andan 30 gün müddətinə həyata keçirilir (4.2-ci bənd).

2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçi Cavabdeh iş icraçısı vəzifəsinə işə qəbul edilir. Bu əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 ay 7 gün müddətinə bağlanmışdır (2.3). İşçiyə hər ay 280 manat məbləğdə əmək haqqı ödənilir (4.1).

3. Cavabdeh xx.xx.2022-ci il tarixli, K430/22 nömrəli əmri əsasında İddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən iş icraçısı vəzifəsi üzrə işdən azad olunmuş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

4. "xxxx" Mənzil Tikinti Kooperativinin verdiyi xx.xx.2022-ci il tarixli, S110 nömrəli arayışın məzmunundan qeyd olunmuşdur ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 01 mart 2019-cu il tarixdə dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsi bağlanılmışdır. Fiziki şəxs İddiaçı Cavabdeh subpodratçısı kimi ümumi sahəsi 61926 kvadrat metr olan "xxxx" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirmişdir.

5. "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdehnə ünvanlanmış 09 aprel 2024-cü il tarixli, S-47 nömrəli cavab məktubunda qeyd etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, S110 nömrəli arayış təqdim edilmişdir. Aparılmış əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin arayışın hazırlanması zamanı müəyyən məlumatlar tam olaraq verilməmiş və məzmununda yanlışlığa yol verilmişdir. Belə ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin əmək müqaviləsi üzrə işçisi olmamışdır. Həmin şəxs "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 01 mart 2019-cu il tarixdə dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsi üzrə "xxxx" Mənzil Tikinti Kooperativi tikinti ərazisində Cavabdeh işçisi kimi çalışmışdır. İddiaçı Cavabdeh subpodratçısı kimi "xxxx" yaşayış kompleksinin tikintisində onun neçə kv.m dəmir işlərini həyata keçirməsi haqqında onlarda məlumat yoxdur

6. Ödəniş sənədlərindən görünür ki, 03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə 21.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019- cu il tarixdə 10.200 manat, xx.xx.2020-ci ildə 17.400 manat olmaqla, cəmi 64300 manat məbləğində pul köçürülmüşdür.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində iddiaçının tikintinin bir mərhələsinə qədər, yəni 2022-ci ilin əvvəlinə qədər subpodrat müqaviləsi əsasında fəaliyyət göstərdiyini, daha sonra rəsmi işçi kimi fəaliyyət göstərdiyini, subpodrat müqaviləsinin bağlanmasını şifahi bildiyini, dəmir işlərini görənlərə Məmməd bəyin maaş verdiyini bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində İddiaçı tabeliyi altında fəhlə kimi işlədiyini, işçilərin Məmmədlə əmək müqaviləsi bağladığını, işçilərin maaşını Məmmədin verdiyini bildirmişdir.

9. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, borc məbləğinin ödənilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı qarşısında 04 mart 2024-cü il tarixinə mövcud olan ƏDV daxil 72 400,00 manat həcmində qalıq borc məbləği və 72400,00 manat ödənilməmiş borc məbləğinə hesablanmış 11247,08 manat faiz olmaqla, cəmi 83647,08 manat və ödənilmiş 356,00 manat dövlət rüsumu daxil olmaqla, ümumilikdə 84003,08 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasında sonuncu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar və Əbilovlar qardaşları küçələrinin kəsişməsində yerləşən ərazidə "xxxx" MTK-nin inşa etdiyi 7 girişli, çoxmənzilli yaşayış kompleksində tikintiquraşdırma işləri həyata keçirilmişdir. Həmin işlərin bir hissəsinin, armaturdan dəmirkarkas işlərinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında 03 oktyabr 2018-ci il tarixli, KGM 01 saylı “Xidmət müqaviləsi” bağlanmış və 09 mart 2019-cu il tarixindən 21 aprel 2021-ci il tarixinə kimi İddiaçı tərəfindən cəlb edilmiş 28-35 nəfərdən ibarət işçi heyəti ilə həmin işlər yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Belə ki, İddiaçı tərəfindən cəlb edilmiş işçi heyəti tərəfindən hər ay 20 000,00 ÷ 28 000,00 manat həcmində 2 500,0 ÷ 3 500,0 m²-dən ibarət boşluqlar da daxil olmaqla döşəmə və divarlarda armaturdan dəmir-karkas işləri görülmüşdür. Ümumilikdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı cəlb etdiyi işçi heyəti tərəfindən həmin dövr üzrə cəmi 561000,00 manat həcmində işlər görülərək, Cavabdehnə təhvil verilmişdir. Bu fakt "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, S110 saylı “Arayış”-da öz təsdiqini tapmışdır. İddiaçıla işləməyə başladığı ilk dövrlər onun gördüyü işlərin haqqı Cavabdeh tərəfindən hər ay vaxtında və tam həcmdə ödənilmişdir. Lakin bir müddətdən sonra həmin ödənişlər Cavabdeh MMC tərəfindən kəsrlərlə ödənilmişdir. Bunun nəticəsində Cavabdeh bu gün üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı qarşısında 03 oktyabr 2018-ci il tarixli, KGM 01 saylı “Xidmət müqaviləsi” üzrə 72400,00 manat həcmində kreditor borcu mövcuddur. Həmin borc məbləğindən 12133,00 manat İddiaçı vergilər üzrə dövlət və Sosial Müdafiə Fondu qarşısındakı öhdəlikləridir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445-ci maddələrinə istinad olunmuşdur

12. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq həqiqətən də tərəflər arasında xx.xx.2018-ci il tarixli KGM 01 saylı müqavilənin bağlanıldığını, həmin müqavilə üzrə tərəfə 5 dəfə bank köçürməsi ilə (xx.xx.2019- 700 man., xx.xx.2019 -21000 man., xx.xx.2019 – 15000 man., xx.xx.2019 - 10200 man., xx.xx.2020 – 17400 man.) cəmi 64300 manat avans ödənişinin edildiyini, tərəfə dəfələrlə deyilməyinə baxmayaraq, aldığı avansı hara xərcləməyi haqqında heç bir sənəd təqdim etmədiyini, bu günkü günədək müqavilə üzrə hansı işi hansı həcmdə yerinə yetirməsi haqqında heç bir sənəd təqdim etmədiyini, tərəfin tələb etdiyi və qalıq borc adlandırdığı 72400 manatın haradan yaranmasının məlum olmadığını, tərəf 09 mart 2019cu il tarixindən 21 aprel 2021-ci il tarixinədək iş gördüyünü iddia etsə də, bu barədə heç bir sübutun mövcud olmadığını, tərəfin məhkəməyə heç bir əsasa söykənməyən və bu mübahisəyə aidiyyəti olmayan saxta arayış təqdim etməklə, iş həcmini sübut etmək istədiyini, lakin görülən iş həcminin arayışla yox, təhvil-təslim aktları, 2 saylı formalarla, qarşılıqlı üzləşmə aktları ilə sübut edilməli olduğunu, tələb olunan 72400 manat borcun yaranmasını sübut edən heç bir dəlilin iddia ərizəsinə əlavə edilmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.

13. Daha sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 64300 manat avans ödənişinin və ödənilmiş 283 manat dövlət rüsumunun iddiaçı Korkmaz Group MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli KGM 01 saylı müqavilə bağlanılmış, bu müqavilə üzrə tikintidə işlərin görülməsi üçün ona tərəfindən avans olaraq həmin müqavilə üzrə 5 dəfə bank köçürməsi ilə (xx.xx.2019- 700 man., xx.xx.2019 -21000 man., xx.xx.2019 – 15000 man., xx.xx.2019 - 10200 man., xx.xx.2020 – 17400 man.) cəmi 64300 manat avans ödənişi edilmiş, lakin həmin şəxs görülən işlər haqqında nəinki heç bir hesabat təqdim etməmiş, heç aldığı vəsaitin hara xərclənməsi haqqında mühasibatlığa heç bir sənəd təqdim etməmişdir. Bu barədə dəfələrlə cavabdehlə aparılmış söhbətlər heç bir nəticə verməmişdir. Korkmaz Group MMC-nin cavabdehdən yeganə tələbi o olmuşdur ki, rəsmi qaydada aldığı 64300 manat avans ödənişinin hesabatını və gördüyü işlərin hesabatını müəssisəyə təqdim etsin, mühasibatlıqla üzləşmə aparsın. Lakin, cavabdeh tələb olunan hesabatların verilməsindən imtina edir. Göstərilənlər bir daha sübut edir ki, cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü işləri yerinə yetirməmişdir, buna görə ona ödənilmiş avans məbləğini geri qaytarmalıdır. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 752-ci maddələrinə istinad olunmuşdur

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2254/2024 saylı qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddia paralel araşdırılmalıdır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xidmət (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Eyni zamanda müəyyən olunur ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn hüquq münasibətləri olmuşdur, lakin hazırkı mübahisə məhz 03 oktyabr 2018-ci il tarixli KGM01 nömrəli xidmət (podrat) müqaviləsindən irəli gələn mübahisədir və həmin mübahisəyə baxılır. Həmin müqavilənin bağlanılması işin mübahisələndirilməyən halıdır. Həmçinin həmin müqavilə üzrə MMC tərəfindən iddiaçıya 64300 manat məbləğin ödənilməsi işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli hal ondan ibarətdir ki, qarşılıqlı iddiaçı həmin ödənişlərin avans ödənişi olduğunu iddia edir və heç bir iş görülmədiyinə görə geri qaytarılmasını tələb edir. Ödənişlərin avans ödənişi olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin ödənişlərlə bağlı təqdim edilən 2019-cu il tarixli (sonuncu 2020-ci ilin yanvarı) ödəniş tapşırıqlarında ödənişlərin təyinatı və əsası qrafasında avans ödəniş qeydi deyil, “03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli müqaviləyə əsasən” qeydi edilmiş, yəni ödənişlərin müqavilə üzrə edildiyi göstərilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən 64300 manat məbləğin avans ödənişi olmasına dair qarşılıqlı iddiaçının bildirdikləri inandırıcı deyil, həmin ödənişlər məhz görülmüş işlərin haqqı olaraq ödənilmişdir. Ona görə də qarşılıqlı iddia əsassızdır və təmin olunmamalıdır. Həmin hal eyni zamanda təsdiq edir ki, müqavilə yalnız kağız üzərində olmamış, işlər görülmüş və qarşılığında ödənişlər edilmişdir. Digər mübahisəli hal haqqı ödənilməyən, ilk iddia üzrə iddiaçı tərəfindən görüldüyü iddia olunan işlərlə bağlıdır. İlk iddiaçı iddia edir ki, ƏDV daxil 72400 manat həcmində işlər görmüş və həmin işlərin haqqı ödənilməmişdir. Cavabdeh tərəf etiraz edərək, həmin işlərin görülmədiyini bildirmiş, qeyd etmişdir ki, sonuncu ödənişin edildiyi xx.xx.2020-ci ildən sonra iddiaçı ilə müqavilə üzrə hər hansı işbirliyi olmamışdır. Ona görə də iddia əsassız olduğundan, həmçinin iddia müddəti ötdüyündən iddianın rədd olunmasını xahiş etmişdir. İlk iddiaçı iddia tələbi ilə bağlı, ƏDV daxil 72400 manat həcmində işlərin görülməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər yalnız iddiaçının müqavilə əsasında, daha sonra rəsmi işçi kimi fəaliyyət göstərdiyini bildirmişlər ki, həmin hal da iş materialları ilə təsdiq olunur. Təqdim olunmuş şahid ifadələri 72400 manat həcmində işlərin görülməsini təsdiq edən sübut qismində qəbul oluna bilməz. Yekun olaraq məhkəmə qeyd etmişdir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar iddialarının əsasını təşkil edən faktları təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

17. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli e-2-2(113)-2254/2024 saylı qətnaməsinin qismən, yəni, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

19. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki mübahisəyə göstərilən maddi hüquq normalarını tətbiq etməli idi. Belə ki, tərəflər arasında məzmunu podrat olan müqavilənin olması işin mübahisəsiz halıdır. Lakin məhkəmə həmin müqavilə üzrə tərəflərin öz öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə icra edib-etməməsini, yəni, şərtləşdirilmiş yerdə və vaxtda, lazımi şəkildə və bu məcəllənin tələblərinə müvafiq surətdə, bu şərtlər və tələblər olmağı halda işgüzar adətlərə və bu adətlərdən irəli gələn tələblərə müvafiq olaraq əməl edib-etməmələrini aydınlaşdırmalı olduğu halda aydınlaşdırmamışdır. Məhkəmə formal olaraq o əsasdan çıxış etmişdir ki, iddiaçı tərəf görülmüş işlərin təhvil verilməsi ilə bağlı cavabdeh tərəfə hesab-fakturalar təqdim etməmiş, yəni görülmüş işləri cavabdehə təhvil verməmişdir. Lakin iddiaçı bunu onunla əsaslandırır ki, cavabdeh görülən işləri ondan qəbul etməmişdir. Eyni zamanda, görülən işlərlə bağlı bütün sənədləşmələr cavabdeh tərəfindən həyata keçirilmişdir. İşin həqiqi halları iddiaçın göstərdiyi kimi ondan ibarətdir ki, qeyd edilən podrat müqaviləsi üzrə işləyən işçiləri cavabdeh tərəf formal olaraq əmək müqaviləsi əsasında işə götürmüş, lakin həmin işçilərə əmək müqaviləsinə uyğun olaraq ödənişlər etməmişdir. Həmin məbləğlər işçilərə məhz podrat müqaviləsi üzrə gördükləri işlərə görə ödənilməli idi. Lakin cavabdeh iddiaçının müqavilə əsasında işə cəlb etdiyi şəxslərlə əmək münasibətlərinə girmiş, bununla da belə görüntü yaratmışdır ki, sanki işlər onun əmək münasibətlərinə girdiyi işçilər tərəfindən yerinə yetirilmişdir. Hətta cavabdeh tərəf podrat münasibətlərində olduğu iddiaçının özü ilə belə əmək müqaviləsi bağlamışdır. Görülən işlərin məhz iddiaçı tərəfindən yerinə yetirilməsi iş materiallarında olan əsas sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin təqdim etdiyi 12 dekabr 2022-ci il tarixli, S110 saylı “Arayış”-dan və məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 ifadəsindən görünür. Eyni zamanda, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın şəkildə görünür ki, iddiaçı tərəfindən cəlb edilmiş şəxslər cavabdehlə əmək münasibətlərində olmuşlar və onların gördükləri işlərə görə ödənişləri (podrat müqaviləsinə görə ödənilməli olan məbləğlər) qismən əmək haqqı formasında ödənilmişdir. Məhkəmə formal mülahizələrə əsaslanaraq belə hesab etmişdir ki, əgər iddiaçı tərəfindən cavabdehə hər hansı hesab-faktura verilməmişdirsə, deməli həmin işlər icra olunmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsində işlərin yerinə yetirilib-yetirilməməsini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, lakin ekspertiza keçirilməsindən imtina edilmiş, məhkəmə ekspertiza qərarının icra edilməsi üçün hər hansı addım atmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi hüquq normaları kimi Azərbaycan RespublikasıMülki Məcəlləsinin 324.5, 385, 425, 752.1, 753.1, 769 və 770-ci maddələri, prosessual hüquq normaları kimi AR Mülki Prosessual Məcəlləsinin 14, 88, 174, 217.2, 218, 220.4-cü maddələri göstərilmişdir.

20. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli KGM 01 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Bu müqavilənin bağlanması təsdiq edir ki, müqavilənin hər iki tərəfi üçün onun şərtləri məcburi qüvvəyə malikdir. İndiki halda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə isə cavabdeh bu müqavilə üzrə öhdəliyini icra etməmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə yerinə yetirmişdir. Məhkəmə heç bir əsas və ya təsdiq edici sənəd olmadan bu halda qarşılıqlı iddia üzrə cavabdehin aldığı 64300 manatlıq iş gördüyünü qəbul etmişdir ki, bu da yolverilməz haldır. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli KGM 01 nömrəli xidmət müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cabadeh öz öhdəliyini yerinə yetirməmiş, beləliklə də qüvvəyə minmiş müqavilənin icrasından birtərəfli qaydada imtina etmiş, bu müqavilə üzrə aldığı 64300 manat əvəzində hər hansı iş görməsini sübut etməmişdir. Məhkəmə bu hala düzgün qiymət verməmişdi, Tərəflər arasında xx.xx.2018-ci il tarixli KGM 01 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Bu müqavilənin bağlanması təsdiq edir ki, müqavilənin tərəfləri arasında öhdəlik yaranmışdır. İlkin iddia üzrə iddiaçı xidmət müqaviləsi üzrə Korkmaz Group MMC-ni işçi qüvvəsi ilə təmin etməli, Korkmaz Group MMC isə onun əvəzində pul ödəməlidir. Hazırki halda Korkmaz Group MMC öhdəliyi yerinə yetirərək iddiaçıya 64300 manat ödəsə də, iddiaçı öz öhdəliyini yerinə yetirməmiş və ya yerinə yetirdiyi haqda hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə bu hala diqqət ayırmamış, heç bir sənədlə sübut olunmayan işin görülməsini fakt olaraq qəbul etmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli KGM 01 nömrəli xidmət müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir, buna görə də kreditora vurduğu 64300 manat miqdarında zərəri ödəməyə borcludur və bunu mülki məcəllənin 443.1 maddəsi tələb edir. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmş (MM, maddə 386.1, 399.1, 430.1, 443.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış (məhkəmə aydınlaşdırmamışdır ki, 64300 manat əvəzində qarşılıqlı iddia üzrə cavabdeh hansı işləri görmüşdür, lakin məhkəmə işin görülməsi faktını heç bir əsas olmadan qəbul etmişdir), birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halları sübut etməmiş (iddiaçının 64300 manatlıq iş görməsi faktı sübut olunmur), birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. (məhkəmənin qarşılıqlı iddia üzrə cavabdehin aldığı pulun əvəzində hər hansı iş görməsini təsdoq edən sübutlar olmadığından məhkəmənin bu mövqeyi işin faktiki hallarına uyğun deyildir. Bu hallar sübut edir ki, məhkəmənin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində tam qanunsuz olduğundan həmin hissədə ləğv edilməli, və qarşlılqlı iddanın təmin edilməsi hissəsində yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnamədə işin vacib halı olan 2 faktiki halı aydınlaşdırmamışdır.

1. Tərəflər arasında podrat müqaviləsi deyil, işçi qüvvəsi ilə təmin etmək haqqında xx.xx.2018-ci il tarixli KGM 01 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1. bəndində müqavilənin predmeti kimi dəmirçi, qəlibçi və fəhlə işçilərinin təmin edilməsi sifariş verilmiş və buna görə də ödəniş tapşırıqlarında da bu müqavilə üzrə vəsaitin iddiaçıya ödənilməsi göstərilmişdir. Həmin müqavilə üzrə tərəfə 5 dəfə bank köçürməsi ilə (xx.xx.2019- 700 man., xx.xx.2019 -21000 man., xx.xx.2019 – 15000 man., xx.xx.2019 -10200 man., xx.xx.2020 – 17400 man.) cəmi 64.300 manat avans ödənişi edilmişdir. Lakin bu günədək iddiaçı ona köçən 64.300 manat vəsaitin hesabatını müəssisəyə təqdim etməmişdir. Bu vəsaitin hesabatı isə qanunvericiliyin tələb etdiyi formada, yəni elektron qaimə, görülmüş işləri, yəni vəsaitibn hara, kimə sərf edilməsini təsdiq edən müvafiq akt, Forma2 sənədləri müəssisəyə təqdim edilmədiyindən vergi qanunvericiliyinin tələbinə görə iddiaçıya ödənilmiş 64300 manat vergi orqanı tərəfindən mənfəət kimi qəbul edilmiş və ona görə müəssisəyə 12860 manat mənfəət vergisi hesablanmışdır. Məhkəmə heç bir əsaslandırma verməmişdir ki, iddiaçı ilə müəssisə arasında bağlanan xx.xx.2018-ci il tarixli KGM 01 saylı xidmət müqaviləsi üzrə iddiaçı hansı işləri görmüş, nə qədər işçi cəlb etmiş və aldığı 64.300 manatı hara sərf etmiş və bunun hesabatını niyə bu günə qədər müəssisəyə təhvil verməmiş, bu gün də belə hesabatı verməkdən imtina edir. Buna görə məhkəmənin 64300 manat əvəzində iddiaçının hər hansı iş görməsi haqqındakı mövqeyi heç bir dəlillə sübut edilməyən mövqedir və qanunsuzdur. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə qətnamədə gəldiyi nəticə ümumiyyətlə işin hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :

21. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Tərəflər məhkəmə iclasına gəlməmişdirlər, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.

23. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Əvvəlki iclasda iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili verdikləri apellyasiya şikayətinin dəlillərinə və yazılı izahatlarına uyğun izahat verərək həmin şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

25. Mülki Məcəllənin:

-385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 446.2-ci maddəsinə görə kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. -448.1-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların rədd olunduğunu, , ilkin cavabdeh, qarşılıqlı iddiaçının apellyasiya şikayətində qətnaməni ilkin iddianın rədd hissəsində və qarşılıqlı iddiaçı isə qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh “İddiaçı ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh (sifarişçi) arasında 03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən ilkin iddiaçı ilkin cavabdehin sifarişinə əsasən dəmirçi, qəlibçi və fəhlə işçilərinin təmin edilməsi xidmətlərinin göstərilməsini, ilkin cavabdeh isə göstərilmiş xidmətlərin müqabilində xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda ilkin iddiaçı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, ilkin cavabdeh tərəfindən xidmət haqqının tam ödənilmədiyini əsas göstərərək ƏDV daxil 72.400 manat həcmində qalıq borc məbləği və həmin borc məbləğinə hesablanmış 11247,08 manat faizlərin tutulmasını tələb edir. Qarşılıqlı iddiaçı isə müqavilə üzrə ödənilmiş 64300 manat məbləğində avansın müqabilində qarşılıqlı cavabdeh tərəfindən hər hansı xidmətlərin göstərilməməsinə istinad etməklə həmin avans məbləğinin qaytarılmasını tələb edir.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət və podrat müqaviləsinin elementlərini birləşdirilən qarışıq müqavilədir, odur ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından müqaviləyə podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.

33. Odur ki, ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

34. Həmin tələblə bağlı kollegiya qeyd edir ki, ilkin iddiaçı ilkin iddiasında ilkin cavabdeh tərəfindən ödənilməsini tələb etdiyi 72.400 manat dəyərində işlərin görülməsi faktını (xidmətlərin göstərilməsini) təsdiq edən sübutları (işlərin təhvil-təslim aktları, elektron qaimələr, hesab-fakturalar və s.) təqdim edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi həmin iddianı rədd etməkdə haqlı olmuşdur.

35. İlkin iddiaçının apellyasiya şikayətində istinad etdiyi ilkin cavabdehin işləri qəbul etməməsi səbəbindən təhvil-təslim aktlarının mövcud olmaması barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ilkin iddiaçı tərəfindən təhvil-təslim aktlarının təsdiq edilməsi üçün ilkin cavabdehə təqdim edilməsi və ümumiyyətlə görülmüş işlərin qəbul edilməsi istiqamətində hər hansı addımlar atılması iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, həmin dəlillər əsassızdır.

36. Qarşılıqlı iddia ilə bağlı qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı tərəfindən 2019- 2020-ci illərdə qarşılıqlı cavabdehin bank hesabına hissə-hissə 64.300 manat köçürülməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə həmin ödənişlərin təyinatının müqavilə üzrə avans olması ilə bağlıdır. Belə ki, qarşılıqlı iddiaçı həmin ödənilmiş məbləğinin avans olmasını iddia etdiyi halda, qarşılıqlı cavabdeh həmin məbləğlərin işlərin görülmüş işlərə görə muzd olduğunu bildirir.

37. Kollegiya qeyd edir ki, birincisi, mübahisəli müqavilədə ödənişlərin müəyyən həcmdə işlər görüldükdən sonra icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında həyata keçirilməli olması barədə şərt yer almış, xidmətlərin göstərilməsinə (işlərin görülməsinə) görə qabaqcadan ödənişin edilməsi isə nəzərdə tutulmamışdır.

38. İkincisi, mübahisəli ödənişlərin təyinatlarında da müqavilə üzrə ödəniş olması qeyd edilməklə, avans olması göstərilməmişdir.

39. Üçüncüsü, mübahisəli ödənişlər 2019-2020-ci illərdə hissə-hissə və hər dəfə fərqli məbləğlərdə həyata keçirilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bu cür ödənişlər avans üçün xarakterik deyildir, belə ki, avansın ödənilməsi bir qayda olaraq müqavilə bağlandıqdan dərhal və ya qısa müddət sonra birdəfəlik ödənişlər və ya bərabər ödənişlər şəklində və müqavilənin ümumi qiymətindən müəyyən faiz məbləğində həyata keçirilir.

40. Digər tərəfdən qarşılıqlı iddiaçının bildirdiyi kimi həmin ödənişlərin müqabilində qarşılıqlı iddiaçı tərəfindən heç bir iş görülmədiyi halda qarşılıqlı iddiaçının birinci ödəniş müqavilə bağlandıqdan 1 il sonrakı dövrə təsadüf etməklə 6 ay ərzində mütəmadi olaraq qarşılıqlı cavabdehə avans məbləğləri ödəməsi, eləcə də sonuncu ödəniş 2020-ci ilin yanvarında həyata keçirildiyi halda 4 il ərzində həmin avans məbləğlərin qaytarılması istiqamətində heç bir tədbir görməməsi, eləcə də qarşılıqlı cavabdehdən həmin ödənişlərin müqabilində işlərin görülməsini tələb etməməsi ağlabatan və məntiqli görünmür.

41. Odur ki, kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının qarşılıqlı cavabdehə ödədiyi 64.300 manat məbləğində pul vəsaiti görülmüş işlərə (göstərilmiş xidmətlərə) görə ödənilmiş muzd olduğundan qarşılıqlı iddiaçı onun qaytarılmasını tələb etməkdə haqlı deyildir.

42. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, hər iki apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı və qarşılıqlı iddiaçı, ilkin Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2254/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar