Məhkəmə qərarları › İş №2-2(103)-337/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-337/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-337/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-226/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, İddiaçı2 xeyrinə 2500 manat görülmüş işlərin dəyəri, 500 manat əldən çıxmış fayda, 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc və işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat olmaqla, ümumilikdə 4150 manat pulun, həmçinin İddiaçı1 xeyrinə 3300 manat görülmüş işlərin dəyəri, 660 manat əldən çıxmış fayda, 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc və işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat olmaqla, ümumilikdə 5110 manat pulun tutulub ödənilməsi, bundan əlavə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-226/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2500 manat görülmüş işlərin dəyəri, 250 manat əldən çıxmış fayda və 150 manat hüquqi xidmətə görə vəkilə çəkilmiş xərc olmaqla cəmi 2900 manat pul alınaraq İddiaçı2, 3300 manat görülmüş işlərin dəyəri, 330 manat əldən çıxmış fayda və 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc olmaqla cəmi 3780 manat pulun alınaraq İddiaçı1 ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 21,63 manat pulun Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddiaçıların işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat tələbləri ilə bağlı hissədə iddialarının rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi. İddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı2 (icraçı) ilə “xxxxxx” ASC-nin Cavabdeh (İnstitut) arasında xx.xx.2017-ci il tarixli, 10/XM nömrəli xidmət göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən müqavilənin qüvvədə olduğu müddət (xx.xx.2017-ci il tarixədək) ərzində icraçı öz təcrübəsindən istifadə etməklə yüksək peşəkarlıqla ultrasəs üsulu ilə qaynaq tikişlərin müayinəsi xidmətini yerinə yetirməyi, institut isə görülən işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin dəyəri aylıq olaraq 1250 manat təşkil etmişdir. İddiaçı1 (icraçı) ilə “xxxxxx” ASC-nin Cavabdeh (İnstitut) arasında xx.xx.2017-ci il tarixli, 11/XM nömrəli xidmət göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən müqavilənin qüvvədə olduğu müddət (xx.xx.2017-ci il tarixədək) ərzində icraçı öz təcrübəsindən istifadə etməklə yüksək peşəkarlıqla ultrasəs üsulu ilə qaynaq tikişlərin müayinəsi xidmətini yerinə yetirməyi, institut isə görülən işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin dəyəri aylıq olaraq 1650 manat təşkil etmişdir. İddiaçılar bildirir ki, müqavilə üzrə işlər tam olaraq görülmüş, işlərin keyfiyyəti barədə heç bir irad olmamışdır. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və müqavilələrin dəyərini onlara ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki,iddiaçılar işləri yerinə yetirməmiş və istifadələrinə verilmiş ultrasəs müayinə aparatının kalibrasiya blokunu itirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə dəyərinin ödənilməsi hissəsində iddia əsaslıdır. Belə ki, iddiaçılar onlarla bağlanılmış xidmət göstərilməsi haqqında müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşlər. Kollegiya qeyd edir ki, həmin müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələridir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçılar müqavilələr üzrə öz üzərilərinə düşən öhdəliyi icra etmişlər, lakin cavabdeh ödənişləri həyata keçirməmişdir. Birinci hal, yəni iddiaçılar tərəfindən işlərin tam görülməsi iş materiallarında olan ultrasəs müayinə rəyləri və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavabdeh texniki şöbəsinin rəisi vəzifəsində işləyən X1 ifadəsi ilə təsdiq olunur. Belə ki, o, öz ifadəsində bildirmişdir ki, Cavabdeh texniki şöbəsinin rəisi vəzifəsində işləyir, institutun sifarişi ilə bağlı İddiaçı1 və İddiaçı2 ultrasəs üsulu ilə qaynaq tikişlərin müayinəsi işləri tam həcmdə görmüşlər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçılar tərəfindən işlərin yerinə yetirməməsi ilə bağlı cavabdehin istinad etdiyi dəlillər əsassızdır. İddiaçıların istifadələrində olan ultrasəs müayinə aparatının kalibrasiya blokunun itirmələri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində zərərin əvəzinin ödənilməsi və ya öhdəliklərin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı hər hansı bir tələb (qarşılıqlı iddia) irəli sürülməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin halların həqiqətən də mövcud olubolmamasının hazırki mübahisənin həllinə heç bir təsiri yoxdur. Ona görə də kollegiya hesab edir ki, iddiaçılar müqavilələr üzrə ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdırlar və həmin hissələrdə iddia təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbləri rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçılar qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüklərini və bu məqsədlə hazırlıq işləri apardıqlarını və s. halları təsdiq edən sübutları təqdim etməmişlər. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, iddiaçılar tərəfindən irəli sürülən və iddianın dəqiqləşdirilməsi barədə ərizədə xüsusi olaraq əldən çıxmış fayda kimi göstərilən iddia tələblərini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən qismən təmin etmişdir. Ona görə də, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əldən çıxmış faydanın tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməli, digər mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-226/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, yəni əldən çıxmış faydanın tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar