Məhkəmə qərarları › İş №2-2(103)-338/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-338/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-338/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və X1 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1008/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 2022-ci il 19 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 69.730,91 manat məbləğində əsas borc, 5.006,48 manat dəbbə pulu, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat və vəkilə ödənilmiş 1.000 manat olmaqla, ümumilikdə 76.137,39 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli, 3/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsinə əsasən podratçı tam təfsilatı, xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr qiymət razılaşma protokollarına əsasən, sifarişçi ilə razılaşdırılmış ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi, sifarişçi isə həmin protokola əsasən, razılaşdırılmış işin həcminə uyğun ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən, podratçı bütövlükdə və ya hissə-hissə tamamlanma tarixindən 3 təqvim günü əvvəl işlərin yekunlaşması barədə sifarişçiyə məlumat verəcək və tərəflərin səlahiyyətli nümayəndələri müvafiq işləri başa çatdırıldıqdan sonra 3 iş günü müddətində yekun işlərin yoxlamasını aparacaq və yoxlamaların nəticəsi olaraq tərəflərin səlahiyyətli nümayəndələri podratçının öhdəliklərinin tam və ya bəzi qüsurlarla icra olunduğunu müəyyən edən yekun təhvil-təslim aktı tərtib və təsdiq edəcəklər. 2021-ci il 13 avqust tarixli 19 saylı Əlavənin 3cü bəndinə əsasən, müqavilənin 9.3-cü bəndinə dəyişiklik edilmişdir. Razılığa əsasən, sifarişçi bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malların tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəməlidir. “Sifarişçi” bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə ödəməlidir. Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən təqdim edilmiş 2021-ci il 13 avqust tarixli, 344710 saylı, 2021-ci il 23 avqust tarixli, 782794 saylı, 2021-ci il 26 avqust tarixli, 072473 saylı, 2021-ci il 30 avqust tarixli, 234768 saylı elektron qaimə-fakturalara əsasən, cavabdehin iddiaçıya ümumi dəyəri 70.969,92 manat məbləğində qalıq borcu tam olaraq qeyd edilmişdir. Həmçinin qaimə-faktura sənədləri cavabdeh cəmiyyət tərəfindən imza və möhürlə təsdiq edilmişdir. 2021-ci il 13 avqust tarixli, 20 saylı, 2021-ci il 23 avqust tarixli, 21 saylı, 2021-ci il 26 avqust tarixli, 23 saylı, 2021-ci il 30 avqust tarixli, 25 saylı podrat müqaviləsinə əlavə sayılan “təhvil-təslim” aktlarına əsasən, sifarişçi tərəfindən sifariş olunan mallar cavabdehə təhvil verilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər bu günə kimi yerinə yetirilməmişdir. Təqdim edilmiş 2021-ci il 29 noyabr tarixli, 04-21N-li maliyyə arayışına və 3/20 saylı podrat müqaviləsinin 9.3-cü bəndinə əsasən, 2021-ci il 29 noyabr tarixinədək cavabdehin dəbbə pulu 5.006,48 manat təşkil etmişdir. Təqdim edilmiş hesab çıxarışlarından da göründüyü kimi, cavabdehin 69.730,91 manat əsas borc, 5.006,48 manat dəbbə pulu olmaqla ümumilikdə 74.737,40 manat qalıq borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də, öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 2021-ci il 4 dekabr tarixində cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən daxil olmuş 2021-ci il 27 dekabr tarixli cavab məktubuna əsasən, cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, lakin razılıq əldə edilməsi üçün heç bir ödəniş etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə mediasiya sessiyasının tətbiq edilməsi məqsədilə cavabdehə təklif məktubu göndərilmiş, lakin o, 2021-ci il 18 yanvar tarixində mediasiya şurası tərəfindən təyin edilmiş iclasda da iştirak etməmişdir.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, ödənilməli olan məbləğin 28.441 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığı əsasında avans formasında ödənilmişdir. İddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında, yəni 2021-ci il 18 iyun tarixində təhvil verməmişdir. Buna görə də cavabdeh öz sifarişçilərinə həmin ayaqqabıları vaxtında təhvil verə bilmədiyi üçün həmin sifarişçilər müqavilə üzrə cavabdehə müqavilənin gecikmə məsuliyyəti ilə bağlı qaydalarını tətbiq etmiş və ödəməli olduğu puldan daha az pul ödəmişdirlər. Həmçinin bəzi ayaqqabılar cavabdehin sifarişçiləri tərəfindən keyfiyyət şərtlərinə uyğun olmadığı, qüsurlu olduğu üçün geri qaytarılmışdır. Bu səbəbdən cavabdehin əldən çıxmış gəliri təxminən 10.000 manat təşkil etmişdir. İddiaçının cavabdehə qarşı olan 69.730,91 manat məbləğində əsas borcun, 5.006,48 manat dəbbə pulunun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat mediator haqqının və vəkilə ödənilmiş 1.000 manat – ümumilikdə 76.137,39 manat pulun tutulması barədə iddia tələbinin qismən, yəni 31.289 manat məbləğində təmin edilməsini, qalan hissədə isə haqsız və əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli, e-2-2(113)-1008/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 69.730,91 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu, ümumilikdə 70.230,91 manat, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 376 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli, e-2-2(113)-1008/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli e-2-2(103)-657/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin 28.441 manat həddində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 27/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-657/2022 saylı qətnaməsi qismən, cavabdehdən 28.441 manat pulun tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti təmin edilmişdir.

9. Ali Məhkəmə işi yenidən apellyasiya baxışına qaytararkən qərarında qeyd etmişdir ki, iş materiallarına əsasən tərəflər arasında yalnız bir müqavilə bağlanmış, hazırkı mübahisə də məhz həmin podrat müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi əsasları ilə qaldırılmışdır və işdə tərəflərin hər hansı digər öhdəlikllərinə səbəb olacaq digər müqavilə mövcud deyil, tərəflər işə baxılan zaman da bununla əlaqədar hər hansı hala istinad etməmişlər. Beləliklə, tərəflərin qarşılıqlı öhdəlikləri – iddiaçı podratçı olaraq sifariş verilmiş məhsulu tədarük etməli, cavabdeh isə sifarişçi olaraq hazırlanmış məhsulu qəbul edərək, onun müqavilə üzrə razılaşdırılmış dəyərini ödəməli olmuşlar. Tərəflər arasında hər hansı başqa müqavilə olmadığından cavabdehin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsi bağlandıqdan sonra apardığı ödənişlər məhz həmin müqavilə üzrə aparılmış ödənişlər kimi dəyərləndirilməlidir. 2021-ci il 7 may tarixli Z1/005 nömrəli ödəniş tapşırığına əsasən iddiaçıya ödənilmiş 28.441 manat məbləğində pul vəsaitinin hazırkı mübahisəyə aidiyyəti olmadığını qeyd edən məhkəmələrin gəldiyi nəticə isə hər hansı konkret sübuta və iddiaçının məntiqli izahına əsaslanmadığı üçün qanuni sayıla bilməz. İddiaçı iş materiallarına əsasən bu pulun ona nə üçün, hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmişdir. Müqavilədən kənar ödəniş aparılması isə məhkəmə kollegiyasının qənaətinə görə onun əsassız varlanması kimi qiymətləndirilə bilər ki, bu da yolverilməzdir. Cavabdeh isə bütün məhkəmə instansiyalarında, iddiaya etirazında, apellyasiya və kassasiya şikayətlərində 28.441,0 manat məbləğində pul vəsaitinin, həmin ödəniş tapşırığında təyinatının nə yazılmasından asılı olmayaraq məhz tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə avans olaraq ödəniş aparıldığını bildirmişdir və iş materiallarına əsasən də pul ödənildikdən sonra 2021ci ilin iyun ayında ayaqqabıların ilk partiyası ona təqdim edilmişdir. Cavabdehə ümumilikdə 138.616,89 manat məbləğdə malın təhvil verildiyi, 10.805,69 manat məbləğdə malın geri qaytarıldığı, bundan sonra borcun məbləğinin 127.811,20 manat təşkil etdiyi və həmin məbləğin 58.080,18 manat məbləğdə hissəsinin cavabdeh tərəfindən ödənildiyi, qalıq borcun isə 69.731,02 manat təşkil etdiyi barədə məhkəmələrin gəldiyi nəticələr isə buna dair iş materiallarında və elektron kabinetdə zəruri sübutlar olmadığı üçün qanuni hesab edilə bilməz. Hər şeydən əvvəl cavabdehə 127.811,20 manat həcmində məhsulların verilməsi, cavabdeh tərəfindən isə 58.080,18 manat məbləğində ödənişlərin edilməsinə dair iş materiallarında 2021-ci il 7 may tarixli ödəniş tapşırığından başqa digər ödəniş sənədi yoxdur və məhkəmələrin buna dair gəldikləri nəticənin hansı konkret sübuta əsaslandığı aydın olmur. Elektron qaimələrdəki məbləğlərin cəmi isə 70.969,0 manat təşkil edir və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 24.888,0 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 21.240,0 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 1.239,0 manatlıq, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 23.002,0 manatlıq mal cavabdehə təhvil verilmişdir ki, bunların da cəmi 127.811,20 manat deyil, 70.369 manat təşkil edir. Beləliklə, işdəki sənədlərlə cavabdehə 127.811,20 manat məbləğində malın təhvil verilməsi, cavabdehin isə bunun müqabilində 58.080,18 manat ödənişlər etməsi təsdiq edilmir, bu isə məhkəmələrin gəldiyi nəticənin bilavasitə məhkəmə iclasında tədqiq edilməmiş sübutlara əsaslandığını təsdiq edir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdehə nə qədər mal təhvil verildiyi, cavabdehin təhvil verilmiş malların müqabilində nə qədər ödənişlər etdiyi, bu ödənişlərin hansı qaydada həyata keçirildiyi dəqiq müəyyən edilməli, həmçinin qərarda vurğulanan məsələlər üzrə sübutların yenidən hərtərəfli və obyektiv qiymətləndirilməsi aparılmalı və nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 69.730 manatdan 28.441 manatı xx.xx.2021-ci il tarixli 795872/00183 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya avans formasında ödənilib. Bu səbəblə hal-hazırda cavabdehin iddiaçıya qalan əsas borcu 41.289 manatdır. Məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması ilə bağlı vəsatəti təmin etməyərək, cavabdehin iddiaçıya olan qalıq borcunun dəqiq məbləğinin müəyyən olunmasna mane olmuşdur. Cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10.000 manatdır. Danışıqlar zamanı cavabdeh iddiaçıdan həmin zərərin də bir qisminin ödənilməsini tələb etsə də, iddiaçı bunu qəbul etməmiş və işi məhkəməyə vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ekspert rəyinə nəzər yetirdikdə görünür ki, ümumilikdə 140.187,66 manat məbləğində mal təqdim edilmişdir. Həmçinin, tərəfimizdən 28.441,80 manat avans ödənişi edilmişdir, lakin rəydən də ödənişin 2020-ci il tarixli müqavilə üzrə, yoxsa başqa müqavilə üzrə ödənildiyi məlum olmur. Qeyd olunmaması tamamilə texniki səhv nəticəsində olmuşdur. 28.441,80 manat bu müqavilə üzrə ödənişdir. Qəbzin tarixinə fikir verdikdə görürük ki, müqavilədən sonrakı tarixdir. Sənədlərin bir hissəsi onlarda qalmamışdır, buna görə də yalnız özlərində olan ödənişə dair sənədi təqdim edə bilirlər.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, tərəflərindən müqavilə üzrə bütün elektron qaimələr birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmişdir. Qarşı tərəflə bir müqavilə olmuşdur və o müqavilə üzrə 58.080,18 manat ödəniş edilməsini etiraf edirlər. Cavabdehin nümayəndəsinin mübahisələndirdiyi 28.441,80 manat həmin 58.000 manata daxildir. 58.080,18 manat ödənişə dair bank hesabına köçürülmələrinə dair sənədlər var, qarşı tərəf mübahisələndirirsə ki, artıq ödəmə var, buna dair bir sənəd təqdim etməlidirlər. Əminliklə bildirir ki, tərəflər arasında başqa müqavilə olmamışdır, lakin bir daha dəqiqləşdirə bilər. 07 may 2021-ci il tarixdə ödəniş olmuşdur. İş materiallarına əlavə etdiyimiz qarşılıqlı üzləşmə aktları var ki, hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqlənmişdir. Bir daha qeyd edir, 58.000 manat ödənişlər edilmişdir. Elektron qaimələr onların hesabından gəlmişdir, onların sisteminə müdaxilə edə bilmərik. Elektron qaimələri birinci instansiya məhkəməsinə təqdim etmişdilər, lakin elektron sistemdən çıxarıb iş materiallarına əlavə etməmişdilər. Ödənişlərə dair sənədləri təqdim etməkdən imtina edirlər, çünki iddiaçı tərəf olaraq 58.000 manat ödəniş edildiyini bildirirlər. Qərar çıxarlmasını xahiş edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

21. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

22. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

28. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının “cavabdehdən 28.441 manat pulun tutulması” hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, “cavabdehdən 28.441 manat pulun tutulması” hissəsində iddia tələbi əsassızdır.

31. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli, 3/20 nömrəli podrat müqaviləsinə əsasən, podratçı tam təfsilatı xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış - ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi, sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış, işin həcminə uyğun ödənişi etməyi öhdəsinə götürmüşdür.

32. Podrat müqaviləsinin 2021-ci il 13 avqust tarixli 19 nömrəli Əlavəsinə əsasən, malların təhvil yeri İddiaçı MMC-nin istehsalat sahəsi, yəni Abşeron rayonu Güzdək yolu razılaşdırılmışdır. Podrat müqaviləsinin 9.3-cü bəndinə dəyişiklik olunaraq: “Sifarişçi” bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malların tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəyir. “Sifarişçi” bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə ödəyir.” bəndi əlavə olunmuşdur.

33. İş materiallarına əlavə edilmiş 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya avans ödənişi olaraq 28.441 manat ödənilmişdir.

34. Apellyasiya baxışı zamanı iş üzrə 2-2(103)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 9/4159 saylı ekspert rəyində qeyd olunmuşdur ki, təqdim edilmiş elelktron-qaimələrdən göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 140.187,66 manat məbləğində mal təqdim edilmişdir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(1 13)-1008/2022 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-657/2022 nömrəli qətnamələrində 10.805,69 manat məbləğində malların geri qaytarılması, 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi göstərilsə də təqdim edilmiş iş materiallarında 10.805,69 manat məbləğində malların geri qaytarılması və 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər mövcud deyildir.

35. Ekspert qeyd etmişdir ki, 10.805,69 manat məbləğində malların geri qaytarılması və 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə 01 oktyabr 2020-ci il tarixli, 3/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən tərəfindən İddiaçı MMC-yə ödənilməli olan əsas borcu 71.301,79 (140.187,66-10.805,69-58.080,18) manat məbləğində müəyyən edilir.

36. Hazırkı mübahisə, cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığı əsasında avans formasında ödənilmiş 28.441 manat məbləğin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilib-ödənilməməsi barədədir.

37. İddiaçı tərəf, cavabdeh tərəfindən ödənilmiş 28.441 manatın mübahisələndirən borca aidiyyatının olmadığı üçün qəbul etmədiklərini bildirmişdir.

38. İddiaçı tərəf 58.080,18 manat məbləğində ödənişlər edildiyini, 28.441 manat məbləğdə pul vəsaitinin həmin məbləğə daxil olmadığını və 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilmədiyini bildirsə də, həmin məbləğin hansı məqsəd ücün ödənildiyinə dair sübut təqdim etməmişdir.

39. Bundan başqa sonuncu məhkəmə prosesində iddiaçı mövqeyini dəyişərək mübahisələndirilən 28.441,80 manat məbləğin də 58.000 manata daxil olduğunu bildirmişdir.

40. Bununla yanaşı, 10.805,69 manat məbləğində malların geri qaytarılması, 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi göstərilsə də qeyd olunan vəsaitin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməmişdir. İddiaçı tərəf 58.080,18 manat ödəniş edilməsini etiraf etdiklərini, mübahisləndirmədiklərini bildirməklə kifayətlənmişdir.

41. Kollegiya qeyd edir ki, iddiaçı iş materiallarına əsasən bu pulun ona nə üçün, hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmiş, həmin məbləğin başqa müqavilə üzrə ödənildiyini bildirsə də, buna dair hər hansı bir müqavilə təqdim etməmişdir.

42. Tərəflər arasında hər hansı başqa müqavilə olmadığından cavabdehin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsi bağlandıqdan sonra apardığı ödənişlər məhz həmin müqavilə üzrə aparılmış ödənişlər kimi qəbul edilməlidir.

43. İş materiallarında olan elektron qaimələrin bəzisində xx.xx.2020 tarixli AEGC- 02/2020 müqaviləyə istinad olunsa da, həmin müqavilə təqdim edilməmiş, həmin müqavilə üzrə ödəniş olmasına dair sübut təqdim edilməmişdir.

44. Beləliklə kollegiya hesab edir ki, “cavabdehdən 28.441 manat pulun tutulması” hissəsində iş materiallarında olan sənədlər əsasında iddianın əsaslı olması nəticəsinə gəlmək mümkün deyildir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza xərci iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.

46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 160 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1008/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi qismən - “cavabdehdən 28.441 manat pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1008/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi qismən - “cavabdehdən 28.441 manat pulun tutulması” hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 160 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. 100 manat ekspertiza xərci İddiaçı MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Aytən Oruczadə Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar