Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-34/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-567/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı ləğv posesində olan "xxxx" ASC və Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, müştəri "xxxx" ASC ilə podratçı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən podratçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş “Tapşırıq” və ya işləri Əlavədə qeyd olunmuş müddət ərzində icra etməyi, müştəri isə görülmüş işlərə görə muzd ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə 1 saylı Əlavəyə görə podratçıya həvalə edilən tapşırıqlara İddiaçı ASC üçün veb saytın və loqonun, kommersiya strategiyasının və marketinq planının hazırlanması, kommersiya sahəsində konsultasiya xidmətlərinin göstərilməsi, televiziya, radio və s. platformalarda iddiaçının reklam olunması, iddiaçıya proqram təminatının hazırlanması və s. xidmətlər aid olmuşdur. Müqavilə 3 ay müddətinə bağlanmışdır.
3. Müqaviləyə edilmiş “tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılma müddəti” barədə 1 saylı Əlavəyə əsasən "xxxx" ASC və Cavabdeh MMC-nin nümayəndələri əlavədə göstərilən müddətlər ərzində (xx.xx.2018, xx.xx.2018, xx.xx.2019-cu il) e-commerce veb sayt adı və logo (qiymət 8000 ABŞ dolları, ƏDV 1440 ABŞ dolları), E-commerce strategiyası və marketinq planı (qiymət 4000 ABŞ dolları, ƏDV 720 ABŞ dolları), E-commerce veb sayt dizaynı, o cümlədən front end (no back hand) (qiymət 10,000 ABŞ dolları, ƏDV 1800 ABŞ dolları), E-commerce app dizaynı, o cümlədən front end (qiymət 5000 ABŞ dolları, 900 ABŞ dolları ƏDV), E-cüzdan veb sayt və app dizaynı, o cümlədən front end (qiymət 3000 ABŞ dolları, ƏDV 540 ABŞ dolları), E-commerce konsultant (qiymət 2000 ABŞ dolları, ƏDV 360 ABŞ dolları), 360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc..) (qiymət 13000 ABŞ dolları, 2340 ABŞ dolları), Vizual təlim kitabı (qiymət 2000 ABŞ dolları, ƏDV 360 ABŞ dolları) olmaqla ümumilikdə görüləcək işlərin ümumi dəyəri 47000 ABŞ dolları, ƏDV 8460 ABŞ dolları təşkil edir.
4. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə podrat müqaviləsi üzrə cəmi 87317 manat, dollar ekvivalentində 51362,94 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ləğv posesində olan "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsinə əsasən podratçı təşkilata ödənilmiş 51362,94 ABŞ dolları muzd məbləğinin, müqavilənin 1.4-cü bəndinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2980,45 ABŞ dolları maliyyə kompensasiyasının, 200 manat mediasiyaya dair xərcin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 367,15 manat dövlət rüsumunun cavabdehdən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, müqaviləyə 1 saylı Əlavədəyə əsasən işlərin ən sonuncusunun təhvil verilmə tarixi xx.xx.2019-cu ilə təsadüf edir. Həmin tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini bu günə qədər yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmş xx.xx.2018-ci il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən tərəflər işlərin təhvil verilməsini məhz 2 saylı Əlavədə göstərilmiş təhvil-təslim aktını müvafiq qaydada imzalamaqla təsdiq etməli idilər. Lakin müqavilə öhdəlikləri podratçı tərəfindən icra edilmədiyindən tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.3-cü bəndinə əsasən hazırki müqavilənin 1.4-cü bəndində razılaşdırılmış əlavə tapşırıqlar istisna olmaqla, tapşırıqlar 1 saylı Əlavədə layihənin bütün tapşırıqları üçün şərtləşdirilmiş son müddət ərzində yerinə yetirilmədiyi halda, müştəri bu cür gecikmənin hər iş gününə görə layihənin ümumi dəyərinin 2 (iki) %-nə bərabər məbləğdə maliyyə kompensasiyasını tələb etmək hüququna malikdir. Müqaviləyə 1 saylı Əlavədə qeyd olunmuş tapşırıqların son icra müddətindən, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi 1059 gün keçmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdehdən əsas məbləğə əlavə olaraq hesablanmş 2980,45 ABŞ dollarını tələb etmək hüquqları var.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə qüvvədə olduğu müddətdə tərəflərindən müqavilədə qeyd olunan işlər görülmüş, "xxxx" ASC tərəfindən də müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş və bankın maliyyə vəziyyətinin pisləşməsinə görə ödənişlərdə gecikmələr olmuşdur. Tərəflər arasında bağlanmış 23 oktyabr 2018-ci il tarixli müqavilənin 4.3-cü bəndində elektron poçt vasitəsi ilə işlərin təhvil alınması göstərilmişdir. Müqavilə üzrə görülmüş tapşırıqlar elektron xidmətlərə aid olduğu üçün həmin tapşırıqlar podraçtı tərəfindən müştəriyə elektron qaydada göndərilmiş, 3 dekabr 2018-ci il tarixli və 31 iyul 2019-cu il tarixli təhvil-təslim aktları imzalanmışdır. Sonuncu ödənişlərdən sonra Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirildiyi üçün 2020-ci ildə həyata keçirilən ödənişlərdən sonra təhvil-təslim aktlarını imzalanması gecikmiş, daha sonraki tarixlərdə də "xxxx" ASC-nin lisenziyası ləğv edildiyi üçün təhvil-təslim aktlarının imzalanması onlardan asılı olmayan səbəblərdən mümkün olmamışdır. Daha sonra həmin müqaviləyə 1 iyun 2020-ci il tarixdə iddiaçı tərəfindən xitam verilmişdir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən razılığa gələn hər bir tərəf hər hansı səbəb göstərilmədən müqaviləyə xitam vermək barədə qeyd olunan tarixdən 30 gün əvvəl digər tərəfə yazılı bildiriş göndərməklə müqaviləyə xitam vermək hüququna malikdir. Hazırki müqaviləyə xitam verildiyi halda podratçı 1 saylı əlavədə göstərilən yerinə yetirilmiş və ya başlanmış, lakin tamamlanmamış işlərlə bağlı bütün xərclərin ödənilməsini tələb etmək hüququna malikdir, müştəri isə onları ödəməlidir. Elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, digər yazışmalardan, həmçinin elektron qaimələr qarşılığında "xxxx" ASC tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilənin tərəfləri müqavilənin müddətini əsas götürməmiş, müqavilə bəndlərinə tam uyğun olmayan, lakin müqavilə və qanunvericiliyə zidd olmayan hərəkətləri ilə müqavilə öhdəliklərini yetirə yetirmişlər. Tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəfin birgə fəaliyyət dövründə işgüzar adətləri meydana gəlmişdir. Belə ki, müqavilədə göstərilən işin görülmə müddəti, ödənişlərin ödənmə müddəti, habelə təhvil-təslim aktının forması müqavilənin bəndlərində göstərilən qaydada deyil, tərəflər arasında formalaşan işgüzar adət üzrə həyata keçirilmişdir. Görülməli olan iş saytın dəyişilməsi ilə əlaqədar deyildir. Bu tamamilə yeni bir məhsulla bağlı olmuşdur. Cavabdeh şirkət yalnız aplikasiyaya daxil olunduğu zaman, onun hansı formada görünəcəyini dizayn edir. Müqavilənin 3-cü bəndində də bu əks olunmuşdur. Aktlardan kənar olan işlərlərə e-consultant xidməti aiddir. Belə ki, konsultantın Bakıya gəliş-gediş biletləri və ofisə gəlməklə bağlı olan yazışmalar mövcuddur. Onun gəlib-getməsi barədə təhvil-təslim aktı imzalanmamışdır. 7-ci bəndə öz əks tapan 360 kreativ isə bütün sferalarda reklam strategiyasının hazırlanması, radio və televiziyada necə reklam olunacağı barədə planlamanı özündə əks etdirir. 4-cü bənddə əks olunan e-commerce app dizaynı androis, apple telefonları ilə daxil olunacağı zaman görünüşün hansı formada olması barədədir. Bunlar da cavabdeh tərəfindən hazırlanmışdır. Sistemdə mövcud olan faylların yaranma tarixindən də bunları görmək mümkündür. Eyni zamanda bununla bağlı e-mail yazışmaları da mövcuddur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-567/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 26,003.70 (iyirmi altı min üç manat yetmiş qəpik) manat (15,294 ABŞ dollarının ekvivalenti olan) pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (yüz iyirmi beş) manatın tutularaq iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ekspertiza xərcinin əvəzi olaraq 127 (yüz iyirmi yeddi) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. İddiaçı ləğv posesində olan "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2 saylı Əlavəsində təhvil-təslim aktının konkret forması göstərilmişdir. Həmin formada işlərin hansı hissəsinin təhvil verildiyi, konkret hansı işlərin görüldüyü, işlərin faktiki yerinə yetirilmə müddəti, kəmiyyət və keyfiyyəti və s. xüsusatlar aydın şəkildə qeyd olunmuşdur. Cavabdehin məhkəmə araşdırmasına təqdim etdiyi təhvil aktı isə müqavilədə qeyd olunmuş formaya uyğun deyil və ümumiyyətlə görülən işin və ya göstərilən xidmətin mahiyyətinə dair heç bir məlumat vermir. Bu da onu deməyə əsas verir ki, iddiaçıya konkret olaraq heç bir iş təhvil verilməmişdir. Məhkəmə araşdırmasının gedişində İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş X3 qeyd olunan təhvil aktlarını imzalamadığını bildirmiş və iş üzrə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspertin rəyi ilə razı olmadıqlarını yazılı şəkildə məhkəməyə bildirmiş və təkrar xətşünaslıq ekspertizasının keçirilməsi ilə vəsatət versələr də məhkəmə vəsatəti təmin etməmişdir.
12. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni tam şəkildə nəzərə almamış, müqavilə üzrə bəndlərə istinad etməmiş, təhvil-təslim aktlarının olmamasını işlərin görülməməsi, öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
22. Belə ki, iddia tələblərinin əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, podratçı (cavabdeh) Mülki Məcəllənin 752.1-ci maddəsində göstərilmiş öhdəliklərini pozmuş və bunun nəticəsində sifarişçiyə (iddiaçıya) zərər dəymişdir (Mülki Məcəllənin 443.1-ci maddəsi).
23. Lakin hazırki işdə həmin halların mövcud olduğu müəyyən olunmur.
24. Belə ki, iddiaçı bildirir ki, cavabdeh tərəfindən heç bir iş görülməmiş və ona təhvil verilməmişdir.
25. Cavabdeh isə etiraz edir və bildirir ki, o, müqavilə üzrə bütün işi lazımınca icra etmiş və iddiaçıya təqdim etmişdir.
26. Göründüyü kimi ilk növbədə müqavilədə nəzərdə tutulan işin cavabdeh tərəfindən görülüb-görülmədiyi müəyyənləşdirilməlidir.
27. Cavabdeh tərəf işlərin bir qisminin görülməsi barədə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir.
28. Həmin aktardan müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli akt üzrə 31960 manat + 5752,80 manat ƏDV və xx.xx.2019-cu il tarixli akta əsasən 19975 manat + 3595,50 manat ƏDV olmaqla, ümumilikdə 61283,30 manat dəyərində işlər görülmüşdür.
29. İddiaçı həmin aktları mübahisələndirərək, aktda əks olunun imzanın "xxxx" ASCnin keçmiş İdarə Heyətinin sədri olan Dəyanət Quliyevə məxsus olmadığını qeyd etmişdir.
30. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Dəyanət Quliyev də verdiyi ifadəsində imzanın ona məxsus olmadığını bildirmişdir.
31. Qeyd olunanların aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 4/302 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim olunmuş, tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılması müddəti barədə 1 saylı Əlavədə “Sifarişçi” qrafasındakı imza: yerinə yetirilmiş işlərin təhvil-təslim aktının forması barədə 2 saylı Əlavədə “sifarişçi” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli və 3 dekabr 2018-ci il tarixli təhvil-təslim aktlarında “Sifarişçi” qrafalarındakı imzalar - X4 tərəfindən icra olunmuşdur.
32. İddiaçının nümayəndəsinin vəsatəti əsasında apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 4/1593-5/1368 nömrəli ekspert rəyi verilmişdir.
33. Həmin rəyə əsasən (məhkəmə-xətşünaslıq ekspertizası üzrə) ekspertizaya təqdim edilmiş işin 1-ci cildinin 27-ci vərəqində olan 31 iyul 2019-cu il tarixli və 28ci vərəqində olan 03 dekabr 2018-ci il tarixli təhvil-təslim aktlarının “Sifarişçi:” və Customer:” qrafalarındakı imzalar X4 tərəfindən icra olunmuşdur.
34. (Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə) tədqiqata təqdim edilmiş ATA Bank ASC ilə Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2019-ci il tarixli və 03 dekabr 2018-ci il tarixli təhvil-təslim aktların üzərlərində "xxxx" ASC-yə məxsus olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş ATA Bank ASC ilə Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2019-ci il tarixli və 03 dekabr 2018-ci il tarixli təhvil-təslim aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Açıq Səhmdar Cəmiyyəti Ata Bank” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2019-cu il tarixli (i.v 192-194) “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə”nin üzərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Təqdim edilmiş ATA Bank ASC ilə Cavabdeh MMC arasında bağlanmış 31 iyul 2019-cİ il tarixli və 03 dekabr 2018-ci il tarixli təhvil-təslim aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Açıq Səhmdar Cəmiyyəti Ata Bank” məzmunlu möhür əksləri təqdim edilmiş 23 oktyabr 2018-ci il tarixli “Əməkdaşlıq şərtləri əsasında hazırkı müqavilə”nin (i.v 83-95), “30 yanvar 2019-cu il tarixli, 3001/19 nömrəli müqavilə”nin (i.v 188-190), xx.xx.2019-cu il tarixli, AKX2/3442 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin (i.v 196-197-ci) üzərlərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmirlər.
35. Göründüyü kimi təhvil-təslim aktlarındakı imzaların iddiaçının səlahiyyətli şəxsi X4 tərəfindən icra olunması və möhür əkslərinin iddiaçıya məxsus olması ekspert rəyləri ilə tam təsdiq olunur və həmin rəylərə təngidi yanaşıması üçün heç bir əsas mvcüd deyil.
36. Eyni zamanda həmin təhvil-təslim aktlarındakı möhür əksləri ilə iddiaçının təqdim etdiyi 23 oktyabr 2018-ci il tarixli “Əməkdaşlıq şərtləri əsasında hazırkı müqavilə”nin, “30 yanvar 2019-cu il tarixli, 3001/19 nömrəli müqavilə”nin və xx.xx.2019-cu il tarixli, AKX2/3442 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin üzərlərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etməməsi mübahisənin həllinə təsir etmir.
37. Çünki həmin sənədlərlə bərabər iddiaçı tərəfindən sərbəst möhür nümunələri qismində xx.xx.2019-cu il tarixli (i.v 192-194) “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə” də təqdim edilmiş və ekspert tərəfindən müəyyən edilmişdir ki, 31 iyul 2019-ci il tarixli və 03 dekabr 2018-ci il tarixli təhviltəslim aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Açıq Səhmdar Cəmiyyəti Ata Bank” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2019-cu il tarixli “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə”nin üzərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir.
38. Göründüyü kimi iddiaçının özü tərəfindən "xxxx" ASC-nin sərbəst möhür nümunələri qismində təqdim etdiyi sənədlərdə iki fərqli möhür əks olunmuş və həmin sənədlərdən birində əks olunan möhürlə cavabdehin təqdim etdiyi təhviltəslim aktlarındakı möhürlər eynilik təşkil edir. Bu isə cavabdehin təqdim etdiyi təhvil-təslim aktlarında "xxxx" ASC-yə məxsus möhürün əks olunması nəticəsinə gəlmək üçün əsasdır.
39. Beləliklə, həmin təhvil-təslim aktları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən ümumilikdə 61283,30 manat dəyərində işlər görülmüşdür.
40. Təhvil-təslim aktları ilə təsdiq edilmiş işlərlə bağlı cavabdehin nümayəndəsi bildirdi ki, həmin işlərə müqaviləyə 1 saylı Əlavədə göstərilən “E-commerce veb sayt adı və logo”, “E-commerce veb sayt dizaynı, o cümlədən front end (no back hand)”, “E-commerce app dizaynı, o cümlədən front end” və “E-cüzdan veb sayt və app dizaynı, o cümlədən front end (no back hand)” adlı işlər aiddir. Digər işlər, yəni 1 saylı Əlavədə göstərilən “E-commerce strategiyası və marketinq planı”, “Ecommerce konsultant”, “360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc...)” və “Vizual təlim kitabı” adlı işlər üzrə isə təhvil-təslim aktları imzalanmamış və həmin işlərin görülməsi e-mail yazışmaları ilə təsdiq olunur. Həmçinin “Vizual təlim kitabı” adlı işlər hazırlansa da, iddiaçı tərəfindən ödəniş edilmədiyi üçün təhvil verilməmişdir.
41. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilən və apellyasiya baxışı zamanı çap olunaraq iş materiallarına əlavə edilən sənədlərdən müəyyən edilir ki, “E-commerce strategiyası və marketinq planı” və “360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc...)” adlı işlər yerinə yetirilmiş, habelə “E-commerce konsultant” adlı işlərin yerinə yetirilməsi üçün Türkiyyə Respublikasından mütəxəssis dəvət olunmuşdur (cild 2 i/v 1-194, 195- 203).
42. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən e-mail yazışmalarından isə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən görülmüş işlər İddiaçı ASC-yə təqdim edilmiş və tərəflərin nümayəndələri arasında görülən işlər barədə qarşılıqlı yazışmalar baş tutmuş, bu yazışmaların bir neçəsində iddiaçının əməkdaşları cavabdeh tərəfindən görülmüş elektron xidmətlərin dəyişdirilməsinə dair öz təkliflərini bildirmişlər.
43. Həmin e-mail yazışmaları müxtəlif vaxtlarda: 26 oktyabr 2018-ci il, 04 fevral 2019cu il, 06 fevral 2019-cu il, 25 fevral 2019-cu il, 01 mart 2019-cu il, 13 mart 2019-cu il, 08 aprel 2019-cu il, 10 aprel 2019-cu il, 11 noyabr 2021-ci il tarixlərdə, yəni həm müqavilə müddəti (xx.xx.2019-cu il) çərçivəsində, həm də bundan sonrakı tarixlərdə baş tutmuşdur.
44. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən noutbook vasitəsilə e-mail hesablarına baxış keçirilərək həmin e-mail yazışmalarının həqiqiliyi və mötəbərliyi yoxlanılmışdır.
45. Tərəflər arasında bağlanmış 23 oktyabr 2018-ci il tarixli müqavilənin 4.3-cü bəndində də işlərin elektron poçt vasitəsi ilə təhvil verilməsinin mümkünlüyü qeyd olunmuşdur.
46. Göründüyü kimi iddiaçı cavabdeh tərərfindən heç bir işin təhvil verilmədiyini bildirsə də, həm yuxarıda qeyd olunan təhvil-təslim aktları, həm də təqdim edilən sənədlər və e-mail yazışmaları ilə bu dəlillər tam təkzib olunur.
47. Bundan əlavə işdə olan ödəmə tapşırıqlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2018-ci il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 31960 manat, xx.xx.2018-ci il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 5752,80 manat, xx.xx.2019-cu il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 19975 manat, xx.xx.2019-cu il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 3595,50 manat, 07.01,2020-ci il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 5033,70 manat, xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat, xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat, xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat pul vəsaiti köçürülmüşdür.
48. Göründüyü kimi, İddiaçı ASC müqavilə müddəti çərçivəsində edilən ödəmələrlə yanaşı, müqavilə üzrə müəyyən olunan müddət (xx.xx.2019-cu il) bitdikdən 1 il sonrakı tarixlərdə də ödənişləri həyata keçirmişdir.
49. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi bildirdi ki, onların cavabdehlə işgüzar münasibətləri olduğu üçün, onlar ödənişləri hissə-hissə həyata keçirmişlər.
50. Beləliklə, cavabdehin təqdim etdiyi elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, həmçinin elektron qaimələr qarşılığında iddiaçı tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilə tərəfləri müqavilənin müddətini əsas götürmədən müqavilə öhdəliklərini yetirə yetirmişlər.
51. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə həyata keçirilmiş, yəni müqavilənin tərəfləri müqavilənin müddətini əsas götürməmiş, işlər görüldükcə ödənişlər həyata keçirilmiş, işlərin təhvil verilməsi isə təhvil-təslim aktları ilə yanaşı elektron yazışma qaydasında da həyata keçirilmişdir.
52. Əks halda, yəni heç bir iş görülmədiyi halda iddiaçı cavabdehə hissə-hissə ödəniş həyata keçirməzdi və işlərin görülməməsi ilə bağlı cavabdehə xəbərdarlıq, bildiriş və ya pretenziya məktubu göndərərdi. Hazırda isə həmin hallar mövcud deyil, əksinə iddiaçı işlərin bir hissəsi ilə bağlı təhvil-təslim aktlarını imzalamış, digər hissəsi ilə bağlı e-mail yazışmaları aparmış və hissə-hissə ödənişlər etmişdir.
53. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 8.1.3-cü bəndində göstərilmişdir ki, müştəri bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan işlərin görülməsinə görə ödəniləcək məbləğin 40 (qırx) %-ni avans şəklində müqavilə imzalandıqdan sonra, 20 %-ni bu Müqavilənin 1 saylı Əlavəsinin 1,3,4,5-ci bəndlərində nəzərdə tutulan işlər təhvil verildikdən sonra, qalan 40%-ni isə bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan digər işlər təhvil verildikdən sonra nağdsız şəkildə-köçürmə yolu ilə ödəyəcəkdir.
54. Göründüyü kimi müqavilə şərtinə əsasən ödənişlər (40% avans istisna olmaqla) işlər tam təhvil verildikdən sonra həyata keçirilməli idi.
55. Hazırki işdə də iddiaçı tərəfindən ödənişlərin böyük hissəsi (92,6%) həyata keçirilmişdir.
56. Bu isə onu deməyə əsas verir ki, həqiqətən də cavabdeh tərəfindən 1 saylı əlavədə olan işlər həyata keçirilmişdir.
57. Həmçinin, müqaviləyə 1 saylı Əlavədə göstərilən “Vizual təlim kitabı” adlı işlərin (cavabdeh özü etiraf edir ki, həmin işi təhvil verməmişlər) dəyəri nəzərə alınmadıqda görülməli olan işlərin cəmi dəyəri ƏDV ilə birgə 53100 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən isə cəmi 51362,94 ABŞ dolları ödənilmişdir.
58. Göründüyü kimi iddiaçı tərəfindən görülmüş işlərə görə artıq məbləğ də ödənilməmişdir (əksinə 1737,06 ABŞ dolları az ödənilmişdir).
59. Görülmüş işlərin bir hissəsi, yəni 1 saylı Əlavənin 2, 6, 7-ci sırasında göstərilən işlərin təhvil alınması ilə bağlı aktların tərtib edilməmsinə dair kollegiya qeyd edir ki, yuxarıda göstərilən sübutlarla həmin işlərin görülməsi tam təsdiq olunur. Ona görə də, iddiaçı tərəfindən həmin işlərin qəbulu ilə bağlı aktların imzalanmaması həmin işlərin görülməməsi anlamına gəlmir.
60. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
61. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb edilməsi əsassızdır və ona görə də, iddia tələbləri həmin hissədə rədd edilməlidir.
62. Həmçinin iddia tələbləri həmin hissədə əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin hüquqi həllindən bilavasitə asılı olan müqavilənin 1.4-cü bəndinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2980,45 ABŞ dolları maliyyə kompensasiyasının tutulması tələbi də əsassızdır və araşdırılmadan rədd edilməlidir.
63. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli, yuxarıda qeyd olunan əsaslara görə iddia həmin hissədə rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
64. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv posesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-567/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatında keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 138 manat məbləğində pul vəsaiti iddiaçı ləğv posesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçının ödədiyi dövlət rüsumları onun özünə aid edilsin. Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 184 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv posesində olan "xxxx" ASC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn