Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-342/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh QSC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair Açar söz: podrat müqaviləsindən irəli gələn mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı “Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı podrat müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-241/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, podratçı” Cavabdeh QSC ilə “subpodratçı” İddiaçı MMC arasında 13 mart 2019-cu il tarixli, Eİ-SPM-030/19 saylı subpodrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı “Azərbaycan” İES layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görməyi, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində işlərin 8 ay ərzində yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
2. Subpodrat müqaviləsinə 01 nömrəli əlavəyə əsasən metal konstruksiyaların və metal borunun pasdan və köhnə rəngdən əl ilə təmizlənməsi (diametri və ya metalın N kəsiyi 100 mm-dən böyük olduqda) 1 p/m 1,30 manat, metal konstruksiyaların və metal borunun antipas ilə rənglənməsi (diametri və ya metalın N kəsiyi 100 mm-dən böyük olduqda) material daxil 1 p/m 2.30 manat, metalın və metal borunun ikiqat rənglənməsi (diametri və ya metalın N kəsiyi 100 mm-dən böyük olduqda) material daxil 1 p/m 3,90 manat, digər xərclər 2,60 manat olmaqla ümumilikdə qiymət 10,10 manat (ƏDV-siz) müəyyənləşdirilmişdir.
3. Hər iki tərəfin təsdiq etdiyi yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktından (forma 2) görünür ki, subpodratçı tərəfindən görülmüş işlərin (ölçü vahidi: k/m, miqdarı: 14852) ümumi dəyəri ƏDV daxil olmaqla 177006,14 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Qeyd edilən məbləğin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 599210 nömrəli elektron qaimə və xx.xx.2019-cu il tarixli hesab-faktura göndərilmişdir.
4. Hər iki tərəfin təsdiq etdiyi yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktından (forma 2) görünür ki, görülmüş işlərin (ölçü vahidi: p/m, miqdarı: 43250) ümumi dəyəri ƏDV daxil olmaqla 515453,50 manat təşkil edir. Qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 737339 nömrəli elektron qaimə və xx.xx.2019-cu il tarixli hesab-faktura göndərilmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd edir ki, yerinə yetirilmiş podrat işlərinə görə cavabdeh tərəfindən iddiaçıya 1.106.525,50 manat ödənilmişdir.
6. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış qüsur aktından görünür ki, SPM-030/19 saylı müqaviləyə əsasən təhvil verilmiş işlərdə ƏDV daxil olmaqla 34622,86 manat məbləği həcmində qüsurlar aşkarlanmışdır.
7. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış qüsur aktından görünür ki, SPM-030/19 saylı müqaviləyə əsasən təhvil verilmiş işlərdə ƏDV daxil olmaqla 34622,98 manat məbləği həcmində qüsurlar aşkarlanmışdır.
8. İddiaçı MMC pretenziya məktubu ilə Cavabdeh QSC-yə müraciət edərək subpodrat müqaviləsinin ləğv edilməsi, subpodrat müqaviləsi üzrə yaranmış 3.307.144,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 330.714,42 manat pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı “Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqaviləsi üzrə 3.307.144,20 manat əsas borcun, 330714,42 manat öhdəliyin icrasının gecildirilməsinə görə pulun tutulmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (subpodratçı) ilə Cavabdeh QSC (podratçı) arasında Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən subpodratçı podratçının tapşırığına əsasən “Azərbaycan” İES layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görür, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən subpodratçı müqavilə üzrə öhdəsinə götürülmüş işləri 8 ay ərzində yerinə yetirəcəkdir. Sözügedən müqaviləyə 01 nömrəli əlavədə ölçü vahidinin p/m olduğu razılaşdırılmış və 1 p/m üçün 10,10 manat müəyyənləşdirilmişdir. Lakin görülmüş işlərin təhvil-təslim aktlarında ölçü vahidi yanlış olaraq kv.m göstərilmiş və Cavabdeh QSC tərəfindən də kv.m-ə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Belə olan halda, görülən işlərə görə 4- 5 dəfə az ödəniş olunmuşdur. Belə ki, görülmüş işlərin əvəzi olaraq 1 p/m= 10,10 manat hesabmaqla, cəmisi 4413669,70 manat ödənilməli olduğu halda, cəmi 1106525,50 manat ödənilmiş, (4.413.669,70 - 1.106.525,50 = 3.307.144,20) 3307144,20 manat qalıq borc qalmışdır. Həmin məbləğ hal-hazıradək Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilərək 3307144,20 manat borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh QSC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir.
11. Cavabdeh iddia tələbinə etiraz etmiş, etiraz onunla əsaslandırılmışdır ki, həqiqətən də "xxxx" MMC (subpodratçı) ilə “Electro İndustries" QSC (podratçı) arasında Eİ-SPM030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən subpodratçı podratçının tapşırığına əsasən "Azərbaycan" İES layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işlərin bir qismini həyata keçirməli idi, tələb olunan işlər görülmüş və ödəniş də tam həcmdə yerinə yetirilmişdir. Lakin subpodratçı şirkət yeni layihələrdə də iştirak etmək istəyini bildirmiş, gördüyü işlər qismən qənaətbəxş olduğundan əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia tamamilə əsassızdır. İşin faktiki halları təhrif edilmiş formada çatdırılmaqla çaşqınlıq yaradılmağa cəhd edilmişdir. Bunu qarşı tərəfin iddia ərizəsində qeyd etdikləri də bir daha təsdiq edir. Əvvəla bir qiymət razılaşmasından fərqli qaydalar, hesablanma üsulu nəzərdə tutulmamış, bununla əlaqədar hər hansı yeni müqavilə və ya müqaviləyə əlavə edilmiş qiymət razılaşması, ölçülərin iddia ərizəsində göstərilən qaydalara uyğun hesablanması qeyd edildiyi hər hansı sənəd mövcud olmamışdır. Sonradan İddiaçı MMC Cavabdeh QSC-nin təsdiqi olmadan uydurma müqavilələr bağlayaraq guya hesablar arasında bu kimi fərqlər yaranmışdır. Müqavilə üzrə işlər yerinə yetirilmiş, öhdəliklər tam həcmdə icra edilmiş, bununla əlaqədar təhvil-təslim aktları tərtib edilmiş, lakin bu günədək haqqında bəhs edilən ölçü vahidləri arasında ziddiyyətlə əlaqədar heç bir rəsmi sənəd təqdim edilməmişdir. Ona görə ki, ödənişlərin həyata keçirilməsindən fərqli qaydalar, razılaşmalar olmamışdır. İddiaçı MMC (subpodratçı) ilə "xxxx" QSC (podratçı) arasında Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə edilmiş 1 saylı əlavədən də göründüyü kimi, qiymət razılaşması 10,10 manat müəyyən edilmiş, ödənişlər də həmin tarif cədvəlinə uyğun, həmin məbləğdə həyata keçirilmişdir. 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə subpodratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri müqavilənin əlavələrində qeyd olunan vahidə düşən qiymətlər əsasında faktiki işlərin cəmini əks etdirir. Müqavilənin icrası zamanı sifarişçinin tapşırığı əsasında əlavə işlərin aparılması zərurəti meydana gəldikdə, bu, işlərin dəyəri və yerinə yetirilməsi müddəti əlavə razılaşmalar ilə rəsmiləşdirilir və müqavilənin ayrılmaz hissəsi hesab olunur. Qiymət razılaşması yalnız bir dəfə aparılmış, bu da, hər kvadrat metrə 10,10 manat ödənilməsindən ibarətdir. P/m deyə bir ölçü vahidi olmadığından bu cür hesablama aparmağın nə faktiki, nə də hüquqi əsası yoxdur.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-241/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi rədd edilmişdir.
13. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında 13 mart 2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə üzrə işlər iddiaçı tərəfindən görülərək cavabdehə təqdim edilmişdir. İşlərin görülməsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. İddiaçı cavabdeh tərəfindən tətbiq olunmalı ölçü vahidinə uyğun müqavilə üzrə görülmüş işlərin həcmini mübahisələndirmiş və ödənilmiş məbləğin ödənilməli məbləğdən az olması halına istinad edərək məhkəməyə müraciət etmişdir. Mübahisə tətbiq olunmalı ölçü vahidinə uyğun hesablanmadığı və bu halda da ödənilmiş məbləğin ödənilməli məbləğdən az olması ilə bağlıdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 10/3905 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə (müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəyə) əsasən görülmüş işlərin həcmi 436997 p/m (paqon metr) təşkil edir. İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış Eİ-SPM- 030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərin həcmi həmin müqaviləyə əsasən p/m (paqon metr) ölçü vahidi ilə ölçülməlidir. İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən görülmüş işlərə uyğun ödənilməmiş və görülmüş işlərə görə verilmiş ödəniş kv/m (kvadrat metr) ölçü vahidi üzrə hesablanmışdır. İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış Eİ-SPM030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Azərbaycan İstilik Elektrik Stansiyasında görülmüş boya işlərinin 436997 p/m olduğu halda Cavabdeh QSC tərəfindən həmin işlərin 109557 kv/m (kvadrat metrə) çevrilməsi və həmin görülmüş işlərə dair p/m (paqon metr) adı ilə ödənişin aparılması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı müəyyən edilir. İddiaçı MMC tərəfindən Azərbaycan İstilik Elektrik Stansiyasında dəmir boru və dəmir konstruksiyaların boyalanması zamanı həcmcə radiusu 2 sm olan boruların kv/m (kvadrat metr) ilə ölçülməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun gəlmədiyi müəyyən edilir. Qeyd olunur ki, həmin növ işlər p/m (paqon metr) ölçü vahidi ilə hesablanmalıdır.
15. 12 oktyabr 2022-ci il tarixli, 10/3905 saylı ekspert rəyində 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə (müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəyə) əsasən görülmüş işlərin həcminin 436997 p/m (paqon metr) təşkil etməsi qeyd edilsə də, həmin rəyi tərtib etmiş ekspert məhkəmə iclasında bildirmişdir ki, yerində hər hansı ölçmə işləri aparılmamış, məlumatları iş materiallarından əldə etmiş, göstərilən nəticəyə iş materiallarına əsasən gəlmişdir. O bildirmişdir ki, həmin ərazini faktiki yerində ölçmək bir aydan çox da çəkə bilərdi.
16. Həmçinin məhkəmə qeyd etmişdir ki, sifarişçi olan "xxxx" MMC ilə Cavabdeh QSC arasında podrat müqaviləsi bağlanmış, Cavabdeh QSC ilə iddiaçı arasında hazırkı mübahisənin irəli gəldiyi Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli müqavilə, həmçinin digər subpodrat müqavilələri bağlanmışdır. Azərbaycan İES-də eyni xarakterli işlərin görülməsi üçün digər subpodratçılarla da müqavilələr bağlanmışdır.
17. 13 mart 2019-cu il tarixli, Eİ-SPM-030/19 saylı subpodrat müqaviləsinə 01 nömrəli əlavəyə əsasən ölçü vahidi p/m olaraq razılaşdırılmış və qiymət razılaşması 10,10 manat müəyyənləşdirilmişdir. Yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktlarında (forma 2) ölçü vahidi kimi p/m qeyd olunmuşdur. Aktların birində p/m əvəzinə k/m yazlsa da, açıq görünür ki, texniki səhvə yol verilibdir, çünki, kv.m-in yazılışı başqadır, tərəflər arasında başqa ölçü vahidi də nəzərdə tutulmayıb.
18. Məhkəmənin sübut kimi qəbul etdiyi yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktlarını (forma 2) mötəbər sübut qismində qəbul etmiş, həmin aktlarda (2 akt) iş həcminin 58102 p/m (14852+43250=58102) olduğu, görülmüş işlərin ümumi dəyərinin ƏDV daxil olmaqla 692459,64 manat (177006,14+ 515453,50=692459,64) təşkil etdiyi qeyd olunmuşdur. Eİ-SPM-030/19 saylı subpodrat müqaviləsi üzrə 2 qüsur aktı təqdim olunmuşdur. Hər iki tərəfin imzalayıb möhürlədiyi qüsur aktlarından müəyyən olunur ki, SPM-030/19 saylı müqaviləyə əsasən təhvil verilmiş işlərdə ƏDV daxil olmaqla 69245,84 manat (34622,98+34622,86=69245,84) məbləği həcmində qüsurlar aşkarlanmışdır. Müqavilə şərtlərinə uyğun 69245,84 manat məbləğ görülmüş işlərin ümumi dəyərindən (692459,64 manat) çıxılmaqla iddiaçıya yerinə yetirilmiş işlərin dəyəri ödənilmişdir. Bununla bağlı məhkəməyə müvafiq sübutlar təqdim olunmuşdur. Eləcə də, iddiaçı 436997 p/m həcmində işlərin görülməsi, həmin işlərin cavabdeh tərəfindən 4 dəfə azaldılmasını qeyd etsə də, müvafiq sübutların təqdim olunmasının təklif edilməsinə baxmayaraq, göstərilən halları, eləcə də ərizədə qeyd edilən digər halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-241/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə işlərin görülməsi və xidmətlərin göstərilməsi e-qaimə-lər ilə də təsdiq edilmişdir. Həmin eqaimələr cavabdeh tərəfindən 5 gün imtina edilməmiş, bununla da, təsdiq edilmişdir. Bu isə iddiaçı tərəfindən cavabdehə işlərin görülməsini və xidmətlərin göstərilməsini bilavasitə sübut etmiş olur. Bununla da, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar nəzərə alınmadığına görə, 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının tələbləri pozulmuşdur. Yapsan” MMC ilə "xxxx" QSC arasında Eİ-SPM030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, SubpodratçıPodratçının tapşırığına əsasən, “Azərbaycan” İES layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görür, Sifarişçi isə Podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Subpodratçımüqavilə üzrə öhdəsinə götürülmüş işləri 8 ay ərzində yerinə yetirəcəkdir. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, işlərin icrasına nəzarət edilməsi və görülmüş işlərin təhvil alınması üçün öz səlahiyyətli nümayəndəsini təyin etmək; Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən, Subpodratçı ilə hesablaşmaları vaxtında və hazırki müqavilənin şərtlərinə müvafiq olaraq həyata keçirmək. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə Subpodratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri Müqavilənin Əlavələrində qeyd olunan vahidə düşən qiymətlər əsasında faktiki işlərin cəmini əks etdirir. Müqavilənin icrası zamanı, Sifarişçinin tapşırığı əsasında əlavə işlərin aparılması zərurəti meydana gəldikdə, bu işlərin dəyəri və yerinə yetirilməsi müddəti əlavə razılaşmalar ilə rəsmiləşdirilir və Müqavilənin ayrılmaz hissəsi hesab olunur. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı andan qüvvəyə minir və işlərin bitmə tarixinədək qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı birinin digərə tərəfə 15 gün öncədən verilmiş yazılımüraciəti əsasında, görülməkdə olan iş başa çatdırılmaqla və mövcud maliyyə öhdəlikləri icra edilməklə, müqaviləyə istənilən an xitam verilə bilər. Sözügedən müqaviləyə 01 nömrəli əlavədə ölçü vahidinin p/m olduğu razılaşdırılmış və 1 p/myəni poqon metr üçün 10,10 manat müəyyənləşdirilmişdir. Cavabdeh QSC ilə "xxxx" MMC arasında bağlanılmış TM/p-19/1197 saylı podrat müqaviləsi üzrə tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş “yerinə yetirilmiş təmir-tikinti işlərin qəbulu” Aktında ölçü vahidi m2 göstərilmişdir. Lakin görülmüş işlərin təhvil-təslim aktlarında ölçü vahidi yanlış olaraq kv.m göstərilmiş və "xxxx" QSC tərəfindən də kv.m.ə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Məhkəmənin öz qətnaməsində “Aktların birində p/m əvəzinə k/m yazlsa da, açıq görünür ki, texniki səhvə yol verilibdir, çünki, kv.m-in yazılışı başqadır, tərəflər arasında başqa ölçü vahidi də nəzərdə tutulmayıb” qeyd etməsi tamamilə absurddur. Çünki hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmiş aktda böyük nəticələrə səbəb ola biləcək texniki səhvə yol verilməsi mümkünsüzdür. Belə olan halda, görülən işlərə görə 4-5 dəfə az ödəniş olunmuşdur. Belə ki, görülmüş işlərin əvəzi olaraq 1 p/m = 10,10 manat hesabmaqla, cəmisi 4.413.669,70 manat ödənilməli olduğu halda, cəmi 1.106.525,50 manat ödənilmiş, (4.413.669,70 - 1.106.525,50 = 3.307.144,20) 3.307.144,20 manat qalıq borc qalmışdır. Həmin məbləğ hal-hazıradək "xxxx" QSC tərəfindən İddiaçı MMC -yə ödənilməmişdir. Cavabdehə Forma 2 aktı tərtib edilərək göndərilmişdir. Cavabdehin sifarişçi ilə bağladığı podrat müqaviləsinə görə görülmüş işlərin əvəzi həm kv.m, həm də p/m üzrə hesablanmışdır. Belə ki, 1 kv.m = 32,17 m; p/m = 23,95 manatdır. Yalnız iddiaçı ilə cavabdeh arasında bağlanılan Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsində isə görülmüş işlərin əvəzi yalnız p/m üzrə hesablanmışdır. Şifahi olaraq isə tərəflərin razılaşmasına görə, kv.m də nəzərə alınmalı və 1 kv.m görə 17,70 manat ödənilməli idi. Göründüyü kimi, kv.m ilə p/m arasında 9 manatadək fərq vardır. Digər subpodratçıların razılaşmalarında həm kv.m və p/m göstərilmiş, yalnız İddiaçı MMC ilə bağlanılan müqavilədə görülmüş işlərin əvəzi p/m üzrə göstərilmişdir. İş həcminin p/m olmasına dair fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Hazırki müqavilə üzrə bütün işlər görülmüş, təhvil verilmişdir. Bununla belə, əvvəlki sahənin çertyoju olmadığına görə və həmin ərazidə işləri yerinə yetirən bir neçə podartçı olduğuna görə iş həcmləri smeta üzrə hesablanmamışdır, ona görə də 1 p/m və 1 kv.m üzrə razılaşdırılmışdır və Forma 2 aktlar üzrə tərtib olunmuşdur. İddiaçı tərəfindən 436997 p/m həcmində işlər görülmüşdür. Həmin işlər cavabdeh tərəfindən 4 dəfə azaldılıb, 109557 m2 ölçü kimi qiymətləndirilmişdir. Həmin aktlar "xxxx"-lə cavabdeh arasında tərtib edilərkən iş həcmləri yanlış olaraq m2 kimi göstərilmişdir. Həmin aktlarda iş həcmləri belə qeyd olunur : 1) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 49850 m2; 2) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 16348 m2; 3) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 12557 m2; 4) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 30802 m2. Həmin iş həcmlərini hesablayanda 49850+16348+12557+30802=109557 m2 edir. Ancaq iddiaçının gördüyü işlərin bu cür hesablanması düzgün deyil, cavabdeh görülmüş işi müqaviləyə zidd olaraq 4 dəfə azaldıb. 109557 x 4 = 438.228 p/m. Bu səbəbdən cavabdeh ödənişi düzgün icra etməyib. Bütün bunlar isə işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə iddiaçının hüquqlarını pozan qətnamə qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən AR MPM-nin 104.1-ci maddəsinin tələbləri pozulmuş, işə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək Mingəçevir Azərbaycan İstilik Elektrik Stansiyasında İddiaçı MMC-nin tərkibində boya işlərini həyata keçirmiş, dəmir konstruksiyalarırəngləmişlər. Görülən işlərin həcminin "xxxx" QSC-nin boya işlərinə nəzarət edən Azər Abdullayev, Sahib Qədirov və Sabit İsaqov tərəfindən kvadrat metrlə hesablanmasının şahidi olmuşdur. Halbuki, həmin yerdə kvadrat metrlə ölçüləsi yer yox idi. Briqadasına işlərin hər paqon metrinə görə İddiaçı MMC tərəfindən 3 manat ödəniş edilirdi. Analoji boya işlərində də hesablama qaydası paqon metrlə aparılır. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılarkən Babək Əliyev şahid qismində dindirilsə də, onun ifadəsinə məhkəmə heç bir münasibət bildirməmiş, bununla da qərəzliyə yol vermişdir. Halbuki, həmin şahid işlərin görülməsində bilavasitə olaraq iştirak edən şəxs idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə (elektron kabinetlərinə bildiriş yerləşdirilməklə) baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdirlər.
22. Сavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
23. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur... Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 324.5-ci maddə-iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1-ci maddə- müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddə- bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-241/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, podratçı Cavabdeh QSC ilə “subpodratçı” İddiaçı MMC arasında bağlanmış 13 mart 2019cu il tarixli, Eİ-SPM-030/19 saylı subpodrat müqaviləsi üzrə iddiaçı tərəfindən görülmüş və forma 2 aktları ilə qarşı tərəfə təhvil verilmiş işlərin İddiaçı MMC tərəfindən təqdim edilmiş hesab fakturalar əsasında tələb edilmiş dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir.
27. Müqaviləyə 01 nömrəli əlavədə görüləcək işlərin ölçü vahidinin p/m olduğu razılaşdırılmış və 1 p/m üçün 10,10 manat ödəniş müəyyənləşdirilmişdir. İddiaçı iddia edir ki, ölçü vahidi olaraq paqon metr müəyyənləşdirildiyi üçün məbləğ 4-ə vurularaq ödəniş edilməli, 1106525,50 manat əvəzinə 4.413.669,70 manat ödənilməli idi.
28. Məhkəmə kollegiyası iddiaçının tələbinin əsassız olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əlavədə metal konstruksiyaların və boruların pasdan və rəngdən təmizlənərək yenidən rənglənməsi işlərinin görülməsi nəzərdə tutulduğu üçün ölçü vahidi paqon metr (beynəlxalq ticarətdə istidafə olunan ölçü vahidi) olaraq nəzərdə tutulmuş və 1 p/m işin görülməsi üçün ödəniş borunun en kəsiyi nəzərə alınmaqla subpodratçının özü tərəfindən bütün xərclər nəzərə alınmaqla 10,10 manat müəyyən edilmişdir. Ticarətdə formalaşmış təcrübəyə əsasən paqon metrlə qiymətin hesablanması 1 metr sahədə görüləcək işin dəyərinin material, usta xərci və bütün digər xərclər nəzərə alınmaqla hesablaması deməkdir (məsələn: mebel hazılanması sifariş edilərkən 1p/m üçün qiymət müəyyən edilir). Paqon metrlə qiymət podratçı tərəfindən öz xərcləri, sərf ediləcək material nəzərə alınmaqla əvvəlcədən müəyyən edilir. Həmin qiymətin 4-ə vurularaq hesablanmalı olduğuna dair qayda nə tərəflər arasında bağlanmış müqavilədə, nə də digər bir sənəddə nəzərdə tutulmamışdır. İddiaçı tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən hesablamanın qeyd edilən qaydada aparılmalı olduğunu iddia etsə də, məhkəməyə bu razılaşmanı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müqavilə bağlandıqdan sonra tərəflərin işgüzar münasibətlərindən və hərəkətlərindən (tərəflər arasındakı tərtib edilmiş forma 2 aktları, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr və hesab fakturalar) görünür ki, podrat müqaviləsinin qüvvədə olduğu müddətdə tərəflər arasında qeyd etdiyi qaydada hesablaşma həyata keçirilməmiş və ödənişin iddia ərizəsində qeyd edilən qaydada həyata keçirilməsi cavabdehdən tələb edilməmişdir.
29. İddiaçı forma 2 aktlarında iş həcminin səhvən kv.m ilə göstərildiyini qeyd etsə də, məhkəmə iddiaçının özü tərəfindən qarşı tərəfə göndərilmiş qaimə və hesab fakturalardakı məbləğlərlə aktlardakı məbləğlərin eyni olduğunu nəzərə alaraq aktlar tərtib edilərkən səhvə yol verildiyini inandırıcı hesab etmir.
30. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, işdəki sənədlərə əsasən cavabdehin görülməsini iddiaçıya həvalə etdiyi işlərə görə sifarişçidən müqavilə əsasında aldığı ödənişdən daha artıq ödəniş edilməsi barədə iddiaçı ilə razılığa gələ bilməzdi.
31. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 10/3905 saylı ekspert rəyində ekspert xüsusi biliyə deyil, iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq rəy verdiyindən birinci instansiya düzgün olaraq hesab etmişdir ki, həmin rəy iddianın əsaslı olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz.
32. İş üzrə şahid qismində dindirilmiş X1 (boya işləri görmüş işçilərdən biri) ifadəsində iddiaçı tərəfindən işlərin hər paqon metrinə görə İddiaçı MMC tərəfindən 3 manat ödəniş edildiyini, analoji boya işlərində də hesablamanın paqon metrlə aparıldığını qeyd etmişdir. Məhkəmə şahidin ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, şahid tərəflər arasında müqavilə bağlanarkən qiymətlərin razılaşdırılmasında iştirak edən şəxs olmadığından onun ifadəsi (iddiaçının öz işçilərinə hansı məbləğdə vəsait ödəməsi) əsasında mübahisənin həlli üçün hər hansı əhəmiyyətli hal müəyyən edilmir. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddianın əsaslı olduğu təsdiq olunmadığından iddia təmin edilə bilməz.
33. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 241/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı “Yapsan" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-241/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.