Məhkəmə qərarları › İş №2-2(103)-344/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-344/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-344/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndələri (vəkilləri) Nümayəndə, X1, cavabdehin nümayəndələri (vəkilləri) Vəkil1, Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı yaşayış, qeyri-yaşayış sahələrinin, qarajların naturada təhvil verilməsi və cavabdehin üzərinə müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması tələbinə dair kommersiya işi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2-2(113)-580/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı yaşayış və qeyri-yaşayış sahələrinin, qarajların naturada təhvil verilməsi və cavabdehin üzərinə müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, həmçinin, iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MTK-ya mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 17264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasında hər hansı yaşayış, qeyriyaşayış sahələrinin, eləcə də qarajların satışının və özgəninkiləşdirilməsinın qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli podrat müqaviləsi podrat müqaviləsinə, eləcə də layihə-smeta və tikinti işləri üzrə müvafiq dövlət orqanlarının verdiyi sərəncamlara əsasən inşa edilən yaşayış və qeyri-yaşayış sahələrinin üçüncü fiziki və hüquqi şəxslərə satılması üzrə işlərin sənədləşdirilməsi və rəsmiləşdirilməsi MTK tərəfindən həyata keçirilməlidir. Qərardadın mahiyyətindən də göründüyü kimi, məhkəmə yaşayış, qeyri-yaşayış sahələri və qarajların özgəninkiləşdirilməsini "Cavabdeh" MTK-ya qadağan etdiyindən, bu qərardadın qüvvəsi yalnız "Cavabdeh" MTK-nın balansında olan və satılmamış sahələrə şamil edilməlidir. Həmin yaşayış binasında "Cavabdeh" MTK-nın balansında olan yaşayış, qeyri-yaşayış sahələri və qarajlar mövcud deyildir. Belə ki, çoxdan ayrı-ayrı şəxslərə satılmış və onların dəyəri həmin şəxslər tərəfindən tam ödənilmişdir. Məhkəmənin sözügedən qərardadı həmin ilkin alıcıları olan, lakin hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməmiş həmin şəxslər tərəfindən digər üçüncü şəxslərə satılması zamanı müvafiq sənədləşdirilmə işlərinin aparılmasını da MTK-ya qadağan edir ki, bu da həmin alıcıların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaracaqdır. Daha sonra, həmin binada yaşayış və qeyri-yaşayış sahələri almış və onların dəyərini tam olaraq ödəmiş şəxslər həmin sahələr üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müvafiq qaydada onlar qarşısında öhdəliyi olan MTK-ya müraciət edirlər. Ona görə də məhkəmənin sözügedən qərardadı ilə həmin qərardad qəbul edilənədək aldıqları yaşayış və ya qeyri yaşayış sahəsinin dəyərini tam ödəmiş şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi faktiki olaraq qadağan olunur ki, bu da həmin şəxslərin vicdanlı alıcı olmaları baxımından yolverilməzdir. Bundan əlavə, həm ilk, həm də qarşılıqlı iddiaların tələbləri həmin iş üzrə cavabdehlərə yönəldiyindən, həmin tələblər üzrə məhkəmənin sözügedən mülki iş üzrə qəbul etdiyi qərar mübahisəli münasibətlərin digər subyektləri olan vicdanlı alıcıların mülkiyyət hüquqlarını məhdudlaşdırılmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil2 şikayəti müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndələri (vəkilləri) Nümayəndə və S.Quliyev isə onlarla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndəorilməlidir. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi 1058-ci məhəllədə inşa edilən 10 girişli, 13 mərtəbəli yaşayış binasında hər hansı yaşayış, qeyri-yaşayış sahələrinin, eləcə də qarajların satışının və özgəninkiləşdirilməsinın qadağan edilməsni edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək tədbiri olaraq müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Mübahisələndirilən qərardaddan görünür ki, məhkəmə MPM-in qeyd olunan normalarına istinadən hesab etmişdir ki, ərizədə göstərilən daşınmaz əmlaklar hazırkı iş üzrə mübahisə predmeti olduğundan, eyni zamanda, həmin əmlakların cavabdeh tərəfindən özgəninkiləşdirilməsi iddia təmin edildiyi təqdirdə, qətnamənin icrasını çətinləşdirəcəyi ehtimalı mövcud olduğundan, hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakların özgəninkiləşdirilməsinın qadağan edilməsi növündə iddianın təmin etmə tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarına (iddiaçının iddia ərizəsinə, iddianı təmin etmə barədə ərizəsinə, cavabdehin apellyasiya şikayətinə, işdə olan müqavilələr və maliyyə arayışlarına, cavabdehin apellyasiya şikayətinə və s.), habelə, tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunmuşdur ki, mübahisəli ünvanda, 4 ədəd çoxmərtəbəli yaşayış binasının inşası getmiş, həmin binalarda yerləşən yaşayış, qeyri-yaşayış binaının bir hissəsi artıq cavabdeh tərəfindən satılmış, hətta bir çoxlarının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata da alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardaddan isə, birincisi, görünür ki, məhkəmə mübahisəli ünvandakı dörd yaşayış binasından hansı binanın yaşayış, qeyri-yaşayış və qarjlarının özgənikiləşdirilməsinə qadağa qoyulduğuna münasibət bildirilməmişdir. İkinci bir tərəfdən, məhkəmə öz qərardadında - üzərinə həbs qoyduğu yaşayış, qeyriyaşayış və sahəlri və qarajların satılmış hissələrinə də münasibət bildirməmiş, bununla da alıcı üçüncü şəxslərin maraqları və əsaslı mənafelərini nəzərə almadan və binanın satılmamış hissələrinin mövcudluğunu araşdırmadan mübahisəli ünvanda yerləşən yaşayış binasının hər hansı yaşayış və qeyri-yaşıyış sahələrə və qarajların özgəninkiləşdirilməsini cavabdehə və üçüncü şəxslərə qadağan etmişdir. Halbuki, Mənzil Mcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının ərizəsini təmin edərkən iddianı təmin etmə tədbirinin görülməsini zəruri edən faktiki şərtlərinin mövcud olub-olmamasına hərtərəfli hüquqi qiymət verməmiş, mülkiyyətçi üçüncü şəxslərin hüquqlarına toxunan bir qərardad qəbul etmişdir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlillri hissəsi ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsi yenidən baxılıb qiymət verilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 399, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh MTK-nın şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-580/2021 saylı qərardadı ləğv edilsin. İş, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar