Məhkəmə qərarları › İş №2-2(103)-349/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-349/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-349/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5337/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcraçı İddiaçı MMC ilə sifarişçi "xxxx" MMC (hazırki adı Cavabdeh MMC) arasında 06 mart 2020-ci il tarixli xx.xx.2020/12 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icraçı sifarişin tam təfsilatı, təsviri, xidmət haqqı və icra müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib etməyi və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr, razılaşma protokolları ilə müəyyən olunan xidmət müqavilə ilə razılaşdırılmış qaydada sifarişçiyə göstərməyi, sifarişçi isə göstərilən xidməti qəbul edib qarşılığında icraçıya müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Həmin müqavilə üzrə 21 avqust 2020-ci ili tarixli 7 saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən lift şaxtası və metal pilləkan adlı işlərin görülməsi və görüləcək işlərə görə ödənilməli olan vəsaitin məbləğinin ƏDV daxil olmaqla 27389,69 manat olması razılaşdırılmışdır. Əlavənin 5-ci bəndinə əsasən hazırkı protokol xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsidir. Sifarişçi avans olaraq podratçıya müqavilə üzrə ümumi məbləğin 50 faizini ödəyir, qalan 50 faiz işlər tam təhvil verildikdən sonra 15 iş günü ərzində ödənilir. İcraçı avans aldığı gündən başlayaraq qeyd edilən işləri 35 gün ərzində istehsal edib yerində quraşdırmağı öz öhdəsinə götürür.

3. Həmin razılaşdırılma protokolu üzrə cavabdeh tərəfindən iddiaçıya 13694,84 manat avans ödənilmişdir.

4. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 8A saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən əlavə metal konstruksiya işlərinin emalı və yerində quraşdırılması adlı işlərin görülməsi və görüləcək işlərə görə ödənilməli olan vəsaitn məbləğinin ƏDV daxil olmaqla 2989,08 manat olması qeyd olunmuş, həmin protokol tərəflərin nümayəndələri tərəfindən imzalanıb möhürlənməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17221,96 manat məbləğində xidmət haqqı, son 2 il üçün 25141,20 manat cərimə və mediasiya şurasına ödənilmiş 200 manat rüsum, cəmi 42363,16 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, sifarişçi müqavilə şərtlərini pozaraq müqavilə bağlandığı gündən etibarən bu günədək icraçıya ödəməli olduğu müqavilə üzrə yaranan 14594,88 manat əsas məbləğ və 2627,08 manat (ƏDV 18%) borcdan ödənilməmişdir. Dəfələrlə bununla bağlı yazılı rəsmi məktublar təqdim edilsə də, geri dönüş edilməmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı məhkəməyə təqdim etdiyi aralarında bağlanmış müqavilənin 7 saylı Əlavənin yekun nüsxəsini təqdim etməmişdir. Çünki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xidmət haqqının razılaşdırılması protokolun ilkin variantıdır, sonradan cavabdeh tərəfindən həmin protokolda işlərin icra vaxtı və ödəniş qaydası qeyd olunmadığından həmin tarixdən yeni protokol tərtib edilmişdir və həmin protokolda ilkin variantdan fərqli olaraq 6-cı və 7-ci bəndlər əlavə olunmuşdur. Həmin 6-cı bəndə uyğun olaraq Sifarişçi avans olaraq podratçıya müqavilə üzrə ümumi məbləğin 50% dəyərini ödəyir, digər 50% məbləğ isə işlər tam təhvil verildikdən sonra 15 iş günü ərzində ödənilir. 7-ci bəndə görə isə icraçı avans aldığı gündən başlayaraq «Metal pilləkən» və «Lift şaxtasını» 35 gün ərzində istehsal edib yerində quraşdırmağı öz öhdəsinə götürür. Cavabdeh isə öz növbəsində işin ümumi dəyərinin 50%-ni 26 avqust 2022-ci il tarixində köçürmüş və beləliklə iddiaçı işi 2020-ci ilin oktyabr ayının əvvəlində tamamlayıb onlara təhvil verməli idi. İddiaçı öz iddia ərizəsində və 16 mart 2021-ci il tarixli məktubunda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7 saylı əlavəsində qeyd olunan işləri tam bitirmiş və hətta işlər təhvil alınmışdır. Halbuki həm məhkəmə çıxışında, həm də 06 fevral 2021-ci il tarixli məktubunda vurğulamışdır ki, işlər tamamlanmamışdır. Eyni zamanda, işlərin tamamlanmaması da onunla sübut olunur ki, iddiaçı işlərin tamamlanmasından sonra elektron-hesab faktura təqdim etməli idi. Aralarında bağlanmış 06 mart 2020-ci il tarixli müqavilənin 3.2.3-cü bəndinə əsasən icraçı xidmətə dair təhvil-təslim aktını və elektron qaimə fakturanı Sifarişçiyə təqdim etmək öhdəsini üzərinə götürmüşdür. Məhkəmədə iddiaçı özü də etiraf etmişdir ki, 7 saylı əlavədə qeyd olunan qalan 50%-i üçün elektron qaimə faktura təqdim etməmişdir. Halbuki işlər tamamlandıqdan sonra elektron qaimənin təqdim edilməsi onun vəzifəsidir. Əslində nəinki elektron qaimə faktura təqdim edilməyib, hətta işlərin təhvil-təslim aktı da imzalanmamışdır. Tərəflər arasında həmin müqavilə üzrə artıq bir neçə işlər də olub, işlərin görülməsi üçün iddiaçıya hər zaman hər sifariş üçün ayrıca xidmət haqqının razılaşdırılması protokolu tərtib edilirdi, həmin protokol üzrə işlər tamamlandığından sonra iddiaçı elektron qaimə fakturanı və təhvil-təslim aktı təqdim edirdi və işlər həqiqətən tamamlandığından cavabdeh qeyd olunan sənədləri imzalayır və ödəniş edirdi. Cavabdeh bunu dəfələrlə etmiş və aralarında hər hansı bir anlaşılmazlıq olmamışdır. İddiaçı tərəfindən işlər dayandırıldıqdan və tamamlanmadığından, cavabdeh məcburən digər işlər üzrə əməkdaşlıq etdiyi şirkətə müraciət edərək, işlərin tamamlanmadığı hissəsini görməyi və iddiaçı tərəfindən görülmüş işlərdə qüsurların müəyyən edilib aradan qaldırılması üçün dəyərini dəqiqləşdirməyi tapşırmışdır. Həmin qüsurlar və tamamlanmamış işlər, həmçinin bu işlərin dəyəri 02 fevral 2021-ci il tarixli aktda öz əksini tapmışdır. Bundan sonra, bu aktla tanış olmaq üçün akt iddiaçıya göndərilmiş və nümayəndəsi obyektə dəvət edilmişdir. Lakin iddiaçı onların dəvətini rədd etmiş, toplantıya gəlməmiş və orada gördüyü və görmədiyi işlər, eyni zamanda işlərin hansı qaydada bitirəcəyi barədə məlumat vermək imkanından istifadə etməmişdir. Aralarında bağlanmış müqavilənin 3.2.4-cü və 3.2.5-ci bəndlərə uyğun olaraq icraçı müqavilə ilə müəyyən edilən şərtlərə əsasən işləri yüksək keyfiyyətlə və razılaşdırılmış müddətdə icra etməyi, xidmətin göstərilməsi ilə bağlı onun hərəkət və hərəkətsizliyindən qaynaqlanan hər hansı bir qüsur aşkar edildikdə, qüsurun ağlabatan müddətdə öz hesabına aradan qaldırılmasını təmin etməyi öz öhdəsinə götürmüşdür. Bununla da, cavabdehlə əməkdaşlıq etmək niyyətində olmadığını bir daha təsdiq etmişdir. Çünki, bundan əvvəl, 09 yanvar 2021-ci il tarixində iddiaçı ünvanladığı məktubla cavabdehin olmayan kobudluğa görə üzrxahlıq məktubu, rəsmi şəkildə cəza tədbiri barədə məktubun göndərilməsini tələb etmiş və bu məktublar göndərilmədiyi təqdirdə aralarında olan müqaviləyə xitam verməklə hədələmişdir. Bundan əlavə, aldığı qüsur aktından sonra bu aktda yalnız qiymətlə razılaşmadığını xüsusilə vurğulamışdır.

8. İddiaçının nümayəndəsi əlavə olaraq bildirir ki, tərəflər arasında göstərilmiş müqavilə üzrə mübahisələndirilən əlavələrdən başqa daha 6 əlavə olmuş, həmin əlavələr üzrə tərəflər arasında hər hansı anlaşılmazlıq olmamışdır. Belə ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən həmin əlavələr onlar tərəfindən tərtib edilərək imzalanmış, imzalanması üçün qarşı tərəfə təqdim edilmişdir. Cavabdeh tərəfindən də həmin əlavələr təsdiq edildikdən sonra işlərin görülməsinə başlanılmış, görülüb başa çatdıqdan sonra onlar təhvil-təslim aktı tərtib etmiş, hər iki tərəfin nümayəndələri tərəfindən də təsdiq edildikdən sonra ödəniş edilməsi üçün qarşı tərəfə müvafiq elektron qaimə fakturalar təqdim edilmişdir. Müqavilə əsasında tərtib edilmiş ilk 6 əlavə üzrə işlər məhz bu qaydada görülmüş, ödənişlər həmin əlavələr üzrə tam şəkildə həyata keçirilmişdir. Müqavilənin 7 saylı əlavəsində daha əvvəlki əlavələrlə müqayisədə ödəniş yüksək olduğu üçün tərəflər arasında həmin əlavə üzrə 50 faiz avans ödənilməsi razılaşdırılmış, həmin əlavə imzalandıqdan sonra avans cavabdeh tərəfindən onlara ödənilmişdir. Həmin əlavə üzrə işlər 35 gün ərzində təhvil verilməli idi, lakin cavabdeh onları işləri görüb tamamlamaq üçün müvafiq texnika ilə vaxtında təchiz etmədiyi, habelə sahədə işləyən işçilərə maneçilik törətdiyi üçün işləri vaxtında tamamlaya bilməmiş, işlər 2021-ci ilin əvvəllərində başa çatdırılmışdır. Həmin əlavə üzrə işlər icra edilərkən görülməli olan əlavə işlər yarandığı üçün cavabdehin istəyi ilə əlavə 8A tərtib edilmiş, lakin həmin əlavə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. Buna baxmayaraq işlərdə fasilə verilməmiş, həmin əlavə üzrə görülməli olan işlərin təxminən 60-70 faizi tərəflərindən icra edilmişdir. İşin tam şəkildə bitirilməməsinin səbəbi isə cavabdehin iddiaçıya həmin işləri icra etməsinə maneçilik törətməsi, işçilərlə kobud rəftar etməsi olmuşdur. Tərəflər arasında artıq münasibətlər pozulduğu üçün əlavə 7 üzrə ödənilməli olan qalan məbləğin 50 faiz hissəsi, habelə əlavə 8A üzrə cavabdehə hər hansı hesabfaktura, elektron qaimə təqdim edilməmiş (elektron qaimə təqdim edilsə idi belə, qarşı tərəfin ona etiraz edəcəyi əvvəlcədən onlara bəlli idi), həmin əlavələr üzrə təhvil-təslim aktı ümumiyyətlə tərtib edilməmişdir. Verilmiş suallara cavab olaraq həmin Əlavələr üzrə işlərin konkret olaraq hansı tarixlərdə yekunlaşdırıldığı barədə dəqiq məlumatının olmadığını bildirmiş, həmin borcların hansı qaydada tələb edildiyi barədə suala cavab verə bilməmişdir. Bundan əlavə, cavabdehə yazdıqları e-mail yazışmalara onlar tərəfindən ümumiyyətlə cavab verilmədiyi üçün işlərin görülməsi üçün yaradılmış maneələrin aradan qaldırılması, habelə işlərin vaxtında yekunlaşdırılması üçün zəruri texnikanın onlara verilməsinin tələb edilməsi barədə email ümumiyyətlə ünvanlanmamış, göstərilən tələblər cavabdehə şifahi olaraq həmişə bildirilmişdir. Həmin sahədə onun işçiləri çalışmış, özü bir neçə dəfə həmin sahəyə getmiş, işçilərə maneə yaradılması, habelə quraşdırdıqları metal konstruksiyaların üzərinə sement məhlulu tökülməsi nəticəsində həmin metallarda korroziyanın başlanması, bununla da işin qüsurlu işə çevrilməsinə səbəb ola biləcək hərəkətləri görmüş, bunları video görüntü şəklində qeydə almış, lakin həmin görüntüləri saxlamamışdır. Cavabdehin 2021-ci ilin fevral ayında ona göndərdiyi qüsur aktı ilə tanış olmuş, həmin qüsurlar onun deyil, cavabdehin təqsiri üzündən baş vermişdir. Belə ki, vaxtında texnika verilmədiyi, habelə cavabdehin işçiləri tərəfindən metalların üzərinə kənar maddələr töküldüyü üçün həmin qüsurlar meydana gəlmişdir. Lakin qüsur aktında göstərilən məbləğlərlə razı deyildir. Belə ki, həmin qüsurların aradan qaldırılmasına zəruri olan məbləğ işlərin görülməsinə çəkilməli olan məbləğlərdən belə çoxdur. Daha sonra səhhətində problemlər yarandığı üçün uzun müddət pozulmuş hüquqların bərpası ilə bağlı tədbirlər görə bilməmiş, yalnız 2022-ci ilin sentyabr ayında məhkəməyə müraciət edə bilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5337/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron qaimənin əvvəl və sonra təqdim edilməsinin işin nəticəsinə heç bir təsiri yoxdur. Onların elektron qaiməni təqdim etməməyinin səbəbi qarşı tərəfin təhvil təslim aktına imza atmaması olmuşdur. Məhkəmə gedişatında da qarşı tərəfin izahatından və davranışlarından açıq-aşkar bəlli olmuşdur ki, ödənişin edilməməsi elektron qaimənin vurulmaması ilə bağlı deyil. Cavabdeh işlərin görülməməsi əsası ilə ödənişi etməmişdir. Buradan da görünür ki, cavabdehin ödəniş etmək niyyəti olmamışdır. Həmçinin qanunvericilikdə elektron qaimənin öncədən vurulması ilə bağlı imperativ tələb mövcud deyil. Bundan əlavə, 8A saylı əlavə razılaşma cavabdeh tərəfindən imzalanmasa da iddiaçı tərəfindən həmin işlərin görülməli olduğunu qarşı tərəf də bildirmişdir. İddiaçı tərəfindən həmin işlərin müəyyən hissəsi (60-70 faizi) görülmüşdür. Bundan başqa məhkəmə qüsur aktı ilə bağlı iddiaçıya email göndərilməsini qətnamədə vurğulasa da, iddiaçı tərəfindən cavabdehə göndərilən emaillərə və onlara cavab verilməməsinə heç bir münasibət bildirməmişdir. Halbuki, dəfələrlə işçilərinə göstərilən davranışın aradan qaldırılması, iş görülməsi üçün şəraitin yaradılması, iş görülməsi materialların hazır hala gətirilməsi, texnikanın onlara ayrılması ilə bağlı həm email vasitəsilə həm də şifahi şəkildə cavabdehə məlumat versələr də, iddiaçıya müsbət və ya mənfi hər hansı cavab verilməmişdir. Bundan başqa məhkəmə eyni tarixli iki ədəd 7 saylı əlavə razılaşmanın cavabdeh tərəfindən təqdim edilmiş nüsxəsini əsas götürmüşdür. Çünki onlar tərəfindən təqdim olunmuş nüsxədə icra müddəti 35 gün göstərilmişdir. Halbuki, cavabdeh tərəfindən şəraitin yaradılması ilə bağlı qeyri-müəyyənlik olduğundan həmin 6-cı və 7-ci bəndlər çıxarılmış və icra müddəti müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz iddiaya qarşı etirazla eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

14. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

20. Belə ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlandırılsa da, mahiyyət etibarı ilə podrat müqaviləsidir.

21. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

22. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

23. Lakin hazırki işdə həmin maddənin dispozisiya şərtlərinin mövcud olması sübut olunmur.

24. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsindən görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır.

25. Bu baxımdan, mübahisənin həlli üçün ilk növbədə işlərin görülüb-görülmədiyi və cavabdehə təhvil verilib-verilmədiyi müəyyən olunmalıdır.

26. Bunun üçün isə əvvəlcə tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırılmalıdır.

27. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

28. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.3-cü bəndinə əsasən xidmətə dair təhvil-təslim aktını və elektron qaimə fakturanı sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir.

29. Eyni zamanda hazırki müqavilə üzrə müxtəlif tarixlərdə tərtib edilmiş və hazırki iddianın predmetinə aid olmayan 1, 2, 3, 4, 5, 6 saylı Xidmət haqqının razılaşdırılması protokollarından və təhvil-təslim aktlarından məlum olur ki, işlərin görülməsi və cavabdehə təhvil verilməsi elektron qaimələrin verilməsi və təhvil-təslim aktlarının tərtib edilməsi yolu ilə həyata keçirilmişdir.

30. Göründüyü kimi həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də tərəflər arasında yaranmış işgüzar adətlərə görə işlərin görülərək, təhvil verilməsi məhz elektron qaimə və təhvil-təslim aktları əsasında rəsmiləşdirilmişdir.

31. Lakin hazırki 7 saylı Xidmət haqqının razılaşdırılması protokolu üzrə təhvil-təslim aktları və elektron qaimələr mövcud deyildir. İddiaçı da həmin halları etiraf edir.

32. Eyni zamanda iddiaçı bunun səbəbini tərəflər arasında münasibətlərin artıq pozulması ilə əlaqələndirsə də, kollegiya onun bu arqumentini əsaslı və ağlabatan hesab etmir. Çünki münasibətlərin pozulması təhvil təslim aktının və elektron qaimələrin tərtib edilərək əks tərəfə göndərilməsinə maneə yaradan hal hesab edilə bilməz.

33. Bundan başqa, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş 8A saylı Xidmət haqqının razılaşdırılması protokolu imzalanmamış, nəinki cavabdeh, ümumiyyətlə iddiaçının özü tərəfindən də təsdiq edilməmiş, bundan əlavə həmin əlavədə qeyd olunan işlərin başlanmasına sifarişçi tərəfindən ümumiyyətlə razılıq verilmədiyi müəyyən edilmişdir.

34. Həmçinin iddiaçının həmin 8A saylı Xidmət haqqının razılaşdırılması protokolu üzrə də faktiki olaraq işlər gördüyü və cavabdehə təhvil verdiyi də hər hansı sübutla təsdiq olunmur.

35. Bundan əlavə, iddiaçı işlərin vaxtında və tam şəkildə tamamlanmamasının səbəbini cavabdeh tərəfindən onlara müvafiq texnikanın vaxtında verilməməsi ilə əlaqələndirmişdir.

36. İddiaçı məhkəməyə xidmət haqqının razılaşdırılması protokollarının layihələrinin email vasitəsilə cavabdehə göndərildiyini, lakin cavabdeh tərəfindən onlara müvafiq texnikanın vaxtında verilməsinin, habelə işlərə kənar müdaxilələrin qarşısının alınmasının həmin vasitədən (e-mail) istifadə edilməklə tələb edilməməsinin səbəbini onların cavabdehə göndərdiyi e-maillərə heç vaxt cavab verilməməsi ilə əlaqələndirmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktı, habelə qüsurlarla bağlı keçiriləcək görüşün vaxtı və yeri barədə məlumat iddiaçının nümayəndəsinə məhz e-mail vasitəsilə çatdırılmış, bunu iddiaçının nümayəndəsi özü də təsdiq etmişdir.

38. Bundan əlavə, iddiaçı 2021-ci ilin yanvar ayından məhkəməyə müraciət olunan tarixə qədər borcların hansı qaydada tələb edilməsi, habelə işlərin ümumiyyətlə hansı tarixdə yekunlaşdırılması barədə birinci instansiya məhkəməsinin suallarını ağlabatan şəkildə cavablandıra bilməmişdir.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda cavabdehin podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.

40. Həmçinin kollegiya hesab edir ki, cərimənin tutulması barədə tələblər də əsassızdır.

41. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir.

42. Tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndində də təsbit olunmuşdur ki, sifarişçi xidmət haqqını razılaşdırılmış müddətdə ödəmədikdə, gecikdirilən hər gün üçün müvafiq xidmətə görə ödənilməli olan xidmət haqqının 0,2 faizi həcmində icraçıya cərimə ödəməlidir. Cərimənin ödənilməsi sifarişçini müqavilə üzrə digər öhdəliklərin icrasından azad etmir.

43. Lakin hazırki işdə həmin əsaslar mövcud deyil. Belə ki, işin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olundu ki, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi ümumiyyətlə sübut olunmur.

44. Belə olan halda isə cavabdeh tərəfindən xidmət haqqını gecikdirilməsi müəyyən edilmir və ona görə də, iddiaçının dəbbə pulunun ödənilməsini tələb etmək hüququ yaranmayıb.

45. Apellyasiya şikayətinin dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına əsasən əsassızdır. Əlavə olaraq kollegiya təkrarən vurğulayır ki, nə 7 saylı, nə də 8A saylı Xidmət haqqının razılaşdırılması protokolları üzrə işlərin görülməsi və təhvil verilməsi hər hansı sübutla təsdiq olunmur. İddiaçı özü də həmin razılaşdırılma protokolları üzrə təhvil-təslim aktları və elektron qaimələr mövcud olmadığını etiraf edir. Bundan əlavə, iddiaçı tərəfindən podrat işlərinin faktiki görüldüyünü təsdiq edən digər sübutlar da təqdim edilməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5337/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar