Məhkəmə qərarları › İş №2-2(103)-35/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-35/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-35/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-510/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 244356 manat və ******* ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-510/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2011-ci il tarixli 11/06 saylı müqavilə bağlanılmış və müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşa edilmiş binaların fasadına “xxxx” MMC tərəfindən mala işləri və fasad mərmər-qranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri görülməsi barədə razılıq əldə edilmişdir. Həmin müqavilə üzrə işlər görülmüş, xx xxxxxx 2016-cı il tarixə olan borcun məbləği 244356 manat və ******* ABŞ dolları təşkil edir və hal-hazıra kimi həmin borc ödənilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi ilk olaraq xx.xx.2011-ci il tarixli 11/06 saylı müqavilənin və xx.xx.2016-cı il tarixli aktın saxta olduğunu bildirmiş və onların əsillərinin təqdim edilməsini tələb etmiş, həmçinin müqavilə üzrə işlər görüləndən sonra pulların ödənildiyini və iddia müddətinin ötürüldüyünü bildirmişdir (i/v 62). xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin müqavilə və aktın əsillərini məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən onların surətləri çıxarılaraq işə əlavə olunmuş və cavabdehin nümayəndəsinə təqdim olunmuşdur (i/v 69). xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi xx.xx.2011-ci il tarixli 11/06 saylı müqavilədəki imzanın Cavabdeh MMC-nin direktoruna məxsus olmadığını, xx.xx.2016-cı il tarixli aktda adı göstərilən şəxsin isə Cavabdeh MMCnin işçisi olmadığını bildirmişdir (i/v 72). Həmin məhkəmə iclası bu məsələlərin aydınlaşdırılması və Cavabdeh MMC-nin direktorunun məhkəmə iclasında iştirakının təmin edilməsi səbəbi ilə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında isə cavabdehin nümayəndəsi xx.xx.2011-ci il tarixli 11/06 saylı müqaviləyə və müqavilədəki imzalara münasibət bildirməmiş, yalnız xx.xx.2016-cı il tarixli aktın saxta olması və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini bildirmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatları əsasında onun dəqiq mövqeyini, yəni iddiaçının istinad etdiyi xx.xx.2011ci il tarixli müqavilənin bağlanılıb-bağlanılmamasını və cavabdehin həmin müqaviləni mübahisələndirib-mübahisələndirməməsini müəyyən etmək mümkün olmur. Məhkəmə iclasında bu məsələ cavabdehin nümayəndəsinin diqqətinə çatdırılmış və həmin müqavilənin bağlanmasının təsdiq edib-etməməsi sualı verilmişdir. Suala cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, müqavilə bağlanılıb və işlər görülüb, lakin keyfiyyətsiz görülüb (xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının audio-video yazısı 12:45–13:05-ci dəqiqələr). Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli 11/06 saylı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. İddiaçı bildirir ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli akta əsasən görülmüş işlərin həcmi 81460 kv.m suvaq işləri, 37093 kv.m qranit tozlama işləri və 41714 kv.m qranit effektli boya işləri təşkil edir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, xx xxxxxx 2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin son icra müddəti bitdikdən 3 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddia müddətinin axımının dayandırılması üçün tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli üzləşmə akt isə saxtadır. Belə ki, həmin aktda Cavabdeh MMC deyil, “xxxx” MMC göstərilmişdir. Həmçinin aktı imzaladığı göstərilən “Qocayev Q” adlı şəxsin kim olması məlum deyil və Cavabdeh MMCnin belə bir işçisi yoxdur. Bundan başqa, iddiaçıda işlərin görülməsini təsdiq edən qaiməfaktura və s. yazılı sənədlər, həmçinin vergi ilə bağlı sənədlər mövcud deyildir. Cavabdehin dəlillərinə dair iddiaçı bildirir ki, iddiaçı tərəfindən xx xxxxxx 2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası 2016-cı ilin dekabr ayında başa çatdırılmış və tərəflər arasında akt imzalanmışdır. İddia ərizəsi ilə məhkəməyə 2019-cu ilin noyabr ayında müraciət olunduğuna görə iddia müddəti ötürülməmişdir. Həmçinin aktı imzaladığı göstərilən “Qocayev Q” adlı şəxs Cavabdeh MMC-nin işçisi və hazırda da komendant vəzifəsində işləyir. xx.xx.2016-cı il tarixli akt isə Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi bildirir ki, möhürün hansı şəraitdə vurulması aydın deyil. Belə ki, həmin vaxt Cavabdeh MMC-nin direktoru olmuş Çingiz Məmmədov cinayət məsuliyyətinə cəlb olunmuş və MMC-nin bütün sənədləri cinayət işinə əlavə edilmişdir. Bundan başqa möhürün vurulması hüquqi nəticəyə səbəb olmur və iş üçün əhəmiyyəti yoxdur. Həmçinin, yuxarı instansiya məhkəmələrinin mövcud təcrübəsinə görə üzləşmə aktı borcun etirafını təsdiq edən sübut kimi qəbul edilmir. Ona görə də, həmin akt iddia müddətinin kəsilməsinə səbəb olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki “xxxx” MMC Cavabdeh MMC qarşısında sonuncu tərəfindən inşa edilmiş binaların fasadına mala işləri və fasad mərmər-qranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri görülməsi xidmətləri göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də “xxxx” MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək Cavabdeh MMC tərəfindən inşa edilmiş binaların fasadına mala işləri və fasad mərmərqranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri görülmüşdür. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli aktda göstərilmişdir ki, “xxxx” MMC-nin iş icraçısı Q.Qocayev və “xxxx” MMC-nin iş icraçıları X.Soltanov və F.Həsənov, aktı tərtib edirlər ondan ötrü ki, Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının fasad örtüyündə “xxxx” MMC tərəfindən aşağıda göstərilən həcmdə suvaq və rəngsaz işləri görülmüşdür: 81.460 kv.m suvaq işləri, 37.093 kv.m qranit tozlama işləri və 41.714 kv.m qranit efektli boya işləri. Həmin aktın sonunda Q.Qocayev, X.Soltanov və F.Həsənov soyadları qarşısında imzalar və “xxxx” MMC ilə Cavabdeh MMC-yə məxsus möhürlərin əksləri mövcuddur. Cavabdehin nümayəndəsi həmin möhür əksinin Cavabdeh MMC-yə məxsus olduğu etiraf etsə də, yuxarıda qeyd olunanlara əsasən həmin aktın işlərin görülməsini təsdiq edən sübut kimi qəbul edilməsinə etiraz edir. Məhkəmə kollegiyası cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, həmin aktda cavabdeh MMC-nin adının “xxxx” MMC kimi yazılması texniki səhv ola bilər. Çünki aktda “xxxx” MMC əvəzinə də “xxxx” MMC yazılmışdır. Həmçinin kommersiya hüquqi şəxslərinin dövlət reyestrində “xxxx” adlı MMC mövcud deyildir. Eyni zamanda göstərilən aktda möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş aktda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən Cavabdeh MMC-nin direktoru olmuş şəxsin cinayət məsuliyyətinə cəlb olunması və MMC-nin bütün sənədlərinin cinayət işinə əlavə edilməsinə istinad etməsi isə əsassızdır. Belə ki, həmin cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(101)-150/2018 nömrəli hökmünün surətindən müəyyən olunur ki, iş üzrə sübutlar kimi fərdi mənzil tikintisi haqqında müqavilələr, kassa mədaxil qəbzləri, Cavabdeh MMC-yə məxsus 6 ədəd qeydiyyat və kassa kitabları cinayət işinin materiallarında saxlanılmışdır. Həmin hökmdə Cavabdeh MMC-yə məxsus möhürün götürülməsi ilə bağlı məlumat göstərilməmişdir. Həmçinin hökmdən müəyyən olunur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh MMC-nin direktoru olan X1 barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli akt tərtib olunan vaxt Cavabdeh MMC-nin direktoru azadlıqda olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin “möhürün hansı şəraitdə vurulması aydın deyil” barədə dəlili açıq-aşkar əsassızdır. Çünki, məhz cavabdeh hüquqi şəxsin rəhbəri və digər səlahiyyətli şəxsləri möhürün üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşlar. Bu baxımdan xx.xx.2016-cı il tarixli aktda olan möhür əksinin Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixli akt üzləşmə aktı deyil, podrat müqaviləsi üzrə işlərin görülməsi və qəbul edilməsini təsdiq edən yazılı sənəddir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndində göstərilmişdir ki, işin həcmi faktiki həcmlə hesablanır, işlər bitirildikdən sonra görülmüş işin faktiki həcmi “Sifarişçi” və “İcraçı” tərəfindən müvafiq aktlar əsasında dəqiqləşdirilir və hesablaşma üçün əsas götürülür. Müqavilənin 4-cü bəndinə görə təhvil təslim tərəflərin nümayəndələrindən ibarət olan komissiyası tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 770-ci maddəsində isə təsbit edilmişdir ki, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı “xxxx” MMC tərəfindən məhz xx.xx.2016-cı il tarixli aktda göstərilən işlər görülmüş və Cavabdeh MMC tərəfindən də həmin işlər təhvil alınmışdır. Ona görə də, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsini tələb etməkdə haqlıdır. Ödənilməli olan muzdun məbləği isə tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə uyğun hesablanmalıdır. Belə ki, həmin bəndə əsasən ödəmə nağd yolu ilə həyata keçirilir, ödənişin hesablamaları həmin günün məzənnə kursuna uyğun olaraq manatla aparılır, faktiki görülmüş işlər dəqiqləşdirildikdə “Sifarişçi” “İcraçı”ya əlavə görülmüş işlərin məbləğini əlavə olaraq ödəyir. Görülmüş işlərin 1 kv.m qiyməti: suvaq – 3 manat, fasad qranit tozlama işləri – 25 ABŞ dolları, fasad boya işləri – 20 ABŞ dolları. xx.xx.2016-cı il tarixli aktda göstərilən işlər qeyd olunan qiymətlərə uyğun hesablandıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən cəmi ödənilməli olan məbləğ 244380 manat və ******* ABŞ dolları təşkil edir (81.460 x 3 manat = 244380 manat; 37.093 x 25 ABŞ dolları = 927325; 41.714 x 20 ABŞ dolları = 834280; 927325 + 834280 = 1761605). Bu baxımdan kollegiya hesab edir ki, iddia tam təmin edilməli və iddia ərizəsində göstərilən məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinin sonunda göstərilən hesablaşma qaydası iddianın qismən rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin qaydaya görə suvaq işlərinin dəyəri nağd qaydada, fasad qranit tozlama və fasad boya işləri isə mənzillər verilməklə ödənilməlidir. Bununla bağlı iddiaçının nümayəndəsi bildirir ki, razılığa əsasən Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nin Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış kompleksindəki görülən işlərin qarşılığında direktorla həmin ünvanda yerləşən 872 və 862 saylı mənzillərin satışına dair müqavilələr bağlanılmış, lakin həmin mənzillər cavabdeh MMC-nin direktoru və təsisçisi əlbir olaraq daha əvvəllər başqa şəxslərə satıldığı məlum olmuşdur. Yəni pul əvəzi altında bağladıqları müqavilələrdə göstərilən mənzillər də mövcud deyildir. Qeyd olunan halların təsdiqi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh MMC ilə X2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2014-cü il tarixli 1636 və 1635 saylı müqavilələr, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(101)-150/2018 nömrəli hökmünün surəti təqdim olunmuşdur. Həmin hökmlə də müəyyən olunmuşdur ki, Cavabdeh MMC və “xxxx” MMC-nin direktoru X1 və təsisçisi X4 əlbir olaraq, həmin MMC-lərin inşa etdiyi çoxmənzilli yaşayış binalarında yerləşən bir neçə eyni mənzilləri müxtəlif şəxslərə satmışlar. Göstərilən halları və tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinin birinci cümləsində ifadə olunan şərti (ödəmə nağd yolu ilə həyata keçirilir) nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı podrat müqaviləsi üzrə ödənilməli olan bütün muzdun nağd qaydada ödənilməsini tələb etməkdə haqlıdır. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatı və xx xxxxxx 2016-cı il tarixli akta əsasən müəyyən olunur ki, podrat işləri həmin vaxtı başa çatmışdır. Eyni zamanda cavabdeh həmin işlərin daha əvvəl bitdiyini təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Hazırkı iddia isə xx xxxxxx 2019-cu il tarixdə irəli sürülmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunan üç illik iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi də düzgün olaraq iddia müddəti ilə bağlı eyni nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə işlərin başa çatdığı tarixi xx.xx.2016-cı il tarixli akta əsasən müəyyən etsə də, buna zidd olaraq həmin aktı işlərin görülməsini təsdiq edən sübut kimi qəbul etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, hazırki mübahisənin predmeti iddiaçının fəaliyyətinin mühasibat uçotu qaydaları və vergi qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılmasından deyil, podrat müqaviləsi üzrə muzdun ödənilməsindən ibarətdir. Bu növ iddialar üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (maliyyə və vergi sənədləri) ilə təsdiq olunmasını müəyyən edən və digər sübutların təqdim edilməsini istisna edən qanun və ya digər normativ hüquqi akt isə mövcud deyildir. Ona görə də, iddiaçı tərəfindən işlərin görülməsini təsdiq edən qaimə-faktura və vergi ilə bağlı sənədlərin təqdim olunmaması ilə bağlı cavabdeh tərəfin və birinci instansiya məhkəməsinin mövqeyi tam əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-510/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən 244356 manat və ******* ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar