Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-356/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “internetdə iddiaçının adından qanunsuz istifadənin dayandırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair Açar söz: internetdə iddiaçının adından qanunsuz olaraq istifadənin dayandırılması və dəymiş zərərin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin “internetdə iddiaçının adından qanunsuz istifadənin dayandırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5926/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2019 0866 nömrəli Şəhadətnamədən görünür ki, iddiaçıya İddiaçı adı ilə əmtəə nişanı verilmiş və əmtəə nişanın qüvvədə olma müddəti xx.xx.2029-cu il tarixədək qeyd olunmuşdur.
2. İddiaçı tərəfindən cavabdehə 29 sentyabr 2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaqlarını və dəymiş zərərə görə iddiaçıya 20000 manat məbləğində pulun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X1 Komitəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbi dəyişərək Cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaları və Cavabdeh tərəfindən bu kimi qeyriqanuni davranışlar nəticəsində iddiaçının işgüzar nüfuzuna dəymiş mənəvi zərərə görə 10000 (on min) manat, maddi zərərə görə 10000 (on min) manat, həmçinin hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, çəkilmiş yol xərci üçün 120 manat olmaqla, ümumilikdə 20420 (iyirmi min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq xüsusi tibbi fəaliyyət ilə məşğuldur. Şirkət öz fəaliyyət sahəsində ölkədə böyük uğurlar qazanmışdır. Qazanılan uğurların nəticəsidir ki, işgüzar nüfuzları yüksəkdir və çoxlu sayda müştəriləri vardır. Lakin son zamanlar Cavabdeh qanunsuz əməlləri nəticəsində iddiaçının işgüzar nüfuzuna və müştərilər qarşısındakı etibarına böyük zərər vurulmuşdur. Buna görə lazımi tədbirlər görülməli və şirkətə dəymiş zərərin əvəzi ödənilməlidir. İşin halları ilə bağlı qeyd edilir ki, Cavabdeh öz fəaliyyətini genişləndirmək üçün iddiaçının adından qanunsuz olaraq istifadə edir. Belə ki, “Google” axtarış sisteminə iddiaçı şirkətin adını yazdıqda Cavabdeh adı və “Kind eşitmə mərkəzi - Pulsuz Müayine” başlıqlı paylaşımı ortaya çıxır. Həmin paylaşımda qeyd olunur: “24 ay faizsiz şərtlərlə, ayda cəmi 19 manatdan, üstəlik 2 il rəsmi zəmanətlə əldə edin. Son məlumatla təchiz olunmuş məkanda yoxlanışdan keçin. Münasib qiymetler.” Bunun nəticəsidir ki, iddiaçı şirkətə dəyən zərər gündən-günə artır. Kommersiya şirkəti olaraq fəaliyyətləri ilə əlaqədar əmtəə nişanı şəhadətnaməsi də daxil olmaqla qanunvercilik ilə tələb olunan bütün sənədlər mövcuddur. Belə ki, patent sənədi İddiaçı MMC adının iddiaçıya məxsus olmasının və qanunvericiliklə həmin adın qorunmasının sübutudur. Cavabdeh qanunsuz olaraq yerləşdirdiyi paylaşımının nəticəsidir ki, tibbi fəaliyyəti zamanı iddiaçı şirkət bir sıra problemlərlə üzləşir. Belə ki, həmin paylaşımla əlaqədar iddiaçı şirkətə hər gün onlarla adam zəng vurub kredit götürmək istədiklərini və bununla bağlı şərtləri onlardan soruşurlar. İddiaçı şirkət də öz işi ilə yanaşı bu kimi zəngləri cavablandırmaq məcburiyyətində qalır. İddiaçı şirkətin əməkdaşları tərəfindən həmin şəxslərə şirkətin kredit borcu verməklə deyil, tibbi fəaliyyət ilə məşğul olduğu bildirildikdə şirkəti saxtakarlıqda günahlandırırlar. Həmçinin də bildirilir ki, axtarış sistemində iddiaçının adından istifadə edilərək qeyd olunmuş pulsuz müayinə başlığına görə bu günə kimi yüzlərlə vətəndaş öz etirazlarını bildirmişdir. Etiraz edərkən iddiaçıdan onu tələb edirlər ki, onları pulsuz müayinə və müalicə etsinlər. İddiaçı şirkətin fəaliyyətinin ödənişli olduğunu dedikdə isə onlardan hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirirlər. Bu kimi qeyri-qanuni əməllərin nəticəsində xalq arasında belə bir yalnış tendensiya yaranmışdır ki, İddiaçı MMC pulsuz müayinə həyata keçirən, kredit verən təşkilatdır. Nəticədə işgüzar nüfuza və müştərilər qarşısındakı etibara böyük zərər vurulmuşdur. Həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmir. Əgər Komitə üzərinə düşən vəzifələri effektiv şəkildə yerinə yetirsə idi, Cavabdeh tərəfindən bu kimi qeyriqanuni davranışlar sərbəst şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi, Cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyinə görə iddiaçı şirkətə böyük zərər dəymişdir.
5. Cavabdeh MMC iddiaya etiraz etmişdir. cavabdeh iddiaçının hüquqlarını pozacaq, onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmişdir və iddiaçının bu iddiası tamamilə əsassızdır. İddiaçı qeyd etdiyi halları və cavabdeh tərəfindən onun işgüzar nufuzuna necə xələl gəlməsi, habelə maddi zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə “Google” axtarış sisteminin işləmə mexanizminə gəldikdə isə bildirilir ki, bu platformada ödənişli reklam sistemi var, hansı ki, istənilən şəxs, sahibkarlıq subyekti müvafiq qaydada ödəniş etməklə həmin üstünlükdən yararlana bilər. Cavabdeh şirkət də hər zaman öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qaydada tutmuş, heç bir zaman başqa bazar subyektlərinin hüquqlarını pozmamış, tamamilə qanun çərçivəsində öz əmtəə nişanını və fəaliyyətini reklam etmişdir. Həmçinin cavabdeh kimi digər bazar subyektləri də, o cümlədən iddiaçı da sözügedən platformada müvafiq qaydada ödəniş etməklə öz əmtəə nişanını və xidmətini reklam edə bilər. “Google” axtarış sistemində axtarış verərkən ilk qrafalarda fərqli məlumatlar çıxır və hər zaman bu kimi məlumatların yuxarı sol küncündə “reklam” (“реклама”) ifadəsi də işlədilir ki, bu da sırf “Google” şirkətinin özünün yaratdığı alqoritm nəticəsində baş verir və buna nəinki cavabdeh, ümumiyyətlə heç bir internet istifadəçisi müdaxilə etmək imkanına malik deyildir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5926/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən iddiaçının adından qanunsuz olaraq istifadə edilməsinin dayandırılması və dəymiş zərərə görə iddiaçıya pulun ödənilməsini tələb edərək sübut qismində “Google” axtarış sistemindən çıxarışların kserosurətlərinə istinad etsə də iddiaçıya məxsus “Kind Səs eşitmə mərkəzi” sözlərinin axtarışa verildiyi zaman cavabdehə məxsus “www.otomed.az” veb saytının daxilində “Kind eşitmə mərkəzi” sözlərinin qeyd edildiyi müəyyən edilmişdir.
8. Tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə baxış iclası zamanı “Google” axtarış sistemində “Kind Səs eşitmə mərkəzi” sözləri axtarışa verilsə də, axtarışın nəticəsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kserosurətdə əks olunmuş məzmunda olmamışdır.
9. Məhkəmə belə nəticəyə gəmişdir ki, iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5926/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxış işlasında “Google” axtarış sistemində axtarış verilərkən iddia tələbində göstərilən kserosurətlərdəki məlumatların çıxmaması, hüquqların pozulması anlamına gəlmir. Cavabdeh bir neçə müddətdir ki, internetdə iddiaçının adından qanunsuz istifadəni dayandırmışdır. Cavabdehin qanunsuz paylaşımı, əmtəə nişanından qanunsuz istifadəsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın həcmi ödənilməlidir. Qətnamədən də göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutlara düzgün hüquqi mövqe nümayiş etdirməmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə etibarilə, məhkəmə Mülki Prosessual Məcəllənin istinad olunan maddələri ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması hüquqlarının pozulması nəticə etibarı ilə və yuxarıda göstərilmiş maddi hüquq normalarının pozulması ilə bir yerdə ümumən işin həqiqi hallarına əsaslanmayan qətnamə qəbul olunmasına səbəb olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq (nümayəndəsinin elektron kabinetinə bildiriş yerləşdirməklə və SMS xəbərdarlıq göndərməklə) məhkəmə iclasında iştirak etməmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.4-cü maddə-şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddə-bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İddiaçı iddia ərizəsində tələbi hüquqi əsası kimi, “Əmtəə nişanı və çoğrafi göstəricilər haqqında” Qanuna istinad etsə də, işin faktiki hallarından görünür ki, iddiaçının tələbi cavabdehin iddiaçının əmtəə nişanından qanunsuz istifadə etməsi ilə bağlı deyil, cavabdehə məxsus internet saytında iddiaçının adından onun nüfuzuna ziyan vuran məlumatlar yerləşdirdiyinə görə işgüzar nüfuza vurulmuş ziyanla bağlıdır. “Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Hazırkı halda, iddia ərizəsində iddiaçıya məxsus İddiaçı əmtəə nişanından onun qeydə alındığı siniflər üzrə (5-ci sinif-əczaçılıq, baytarlıq preparatları, tibbi məqsədlər üçün gigiyena preparatları, pəhriz maddələri və s, 10-cu sinif-cərrahi, tibbi, stomotoloji və baytarlıq cihaz və alətləri, ətrafların protezləri, göz və diş protezləri, ortopedik məmulatlar, tikiş qoymaq üçün materiallar, 44-cü sinif-tibbi xidmətlər, baytarlıq xidmətləri, insanlar və heyvanlar üçün gigyena və kosmetika sahəsində xidmətlər, kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsində xidmətlər) istifadə edilməsi hallarına istinad edilmir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddia ərizəsində qeyd edilənlərin həqiqətə uyğun olduğu iddiaçı tərəfindən sübut edilmədiyindən və cavabdehə məxsus saytda iddiaçıya aid hər hansı məlumatın yayınlanmadığı müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.
20. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlı məlumatların əvvəllər internetdə məhz cavabdeh tərəfindən yayınlandığı barədə də işdə mötəbər sübutlar olmadığından iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.