Məhkəmə qərarları › İş №2-2(103)-367/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-367/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-367/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2059/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən podrat müqavilələri üzrə podratçıya ödəmədiyi 395585,88 manat pulun, həmin pulun ödənilməsinin geçikdirilmiş 5 ili üçün illik 5 faiz olmaqla 98896,47 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.09.2020-ci il tarixli e-2-2(113)-2059/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin axımının başlanması anı (09 fevral 2016-cı il) ilə əlaqədar səhvə yol vermişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 noyabr 2016-cı il tarixli məktubu nəzərə almamışdır. Həmin məktubda cavabdeh iddiaçıya olan borcunu bir daha etiraf edərək, Cavabdeh MMC-nin maliyyə sənədlərinin istintaq orqanları tərəfindən götürülməsi səbəbindən borcu ödəyə bilmədiklərini, ödəmənin araşdırmaların sonunda mümkün olacağını göstərib həmin müddətə kimi möhlət götürmüşdür. Həqiqətən maliyyə sənədləri olmadan borcun ödənilməsinin mümkünsüz olduğunu bilən kreditor tərəfindən isə borcluya həmin tələbin icra olunması üçün güzəştli müddət verilmişdir. Bu halda iddia müddətinin axımı həmin güzəştli müddətin bitdiyi, yəni Cavabdeh MMC-nin vəzifəli şəxsləri barəsində məhkəmə araşdırması başa çatdığı andan hesablanmalıdır. Digər tərəfdən, cavabdeh borcunun etirafı ilə bağlı sonuncu hərəkəti 09 fevral 2016-cı ildə deyil, iddiaçı ilə birlikdə Füzuli TKQ üzrə 16 iyul 2020-ci il tarixli üzləşmə aktı tərtib etməklə etmişdir. Bu isə o deməkdir ki, iddia müddətinin axımı 09 fevral 2016-cı il tarixdən deyil, 16 iyul 2020-ci il tarixdən başlanır. Ona görə də, məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı iddianı rədd etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 2014-2015-ci illəri əhatə edən podrat müqavilələri bağlanmış və müqavilələrə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında kabellərin çəkilişi və xətt şəbəkəsinin tikintisini həyata keçirməyi, sonuncu isə həmin işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilələrə əsasən iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul edilərək, bu barədə Forma-2 arayışları tərtib edilmişdir. İddiaçı cavabdehin Abşeron RTQ ilə 29 aprel 2014-cü il tarixli, Siyəzən RTQ ilə 15 iyul 2014-cü il tarixli, Göy-göl RTQ ilə 06 may 2015-ci il tarixli və Füzuli RTQ ilə 05 noyabr 2015-ci il tarixli üzləşmə aktları bağlanmış və aktlara əsasən cavabdeh iddiaçıya ümumilikdə 866214,47 manat borcu qaldığını etiraf etmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və onun əsas borcu 395585,88 manat, həmin pulun ödənilməsinin gecikdirilmiş 5 ili üçün illik 5 faiz olmaqla faiz borcu 98896,47 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirir ki, qeyd edilən borc məbləği vaxtilə iddiaçıya ödənilmişdir. Bundan əlavə, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. İddiaçı cavabdehin dəlillərinə etiraz edir və öz mövqeyini apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabdehin öz öhdəliklərini tam icra etməyərək ümumilikdə 395585,88 manat məbləğində borcu olduğu müəyyən edilsə də, iddiaçı tərəfindən həmin borcun ödənilməsi ilə bağlı tələbi iddia müddəti ötürülməklə irəli sürülmüşdür. Çünki iş materiallarından görünür ki, cavabdeh tərəfindən borcun etiraf edilməsi ilə bağlı sonuncu hərəkət 09 fevral 2016-cı il tarixli məktubla edilmişdir ki, iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır. Hazırkı iddia ərizəsi isə 12 avqust 2020-ci il tarixdə, yəni sonuncu etiraf məktubunun göndərildiyi 09 fevral 2016-cı il tarixdən hesablandıqda 4 il 6 ay keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Lakin iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, iddiaçının iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə dəlilləri əsassız olduğunu və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. İddiaçının dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı 02 noyabr 2016-cı il tarixli etirafedici məktuba istinad etsə də, həmin məktub iş materiallarında mövcud deyildir. Hətta həmin məktub təqdim edilsəydi belə iddia müddəti ötürülmüş hesab edilir. Eyni zamanda apelyasiya baxışı zamanı digər məktubların məhkəməyə təqdim etməsi üçün iddiaçının nümayəndəsinə vaxt verilmiş, lakin heç bir sənəd təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən möhlət verilməsi və bununla bağlı tərəflər arasında razılığın əldə olunmasını təsdiq edən sübutlar da təqdim edilməmişdir. Cavabdehin göndərdiyi məktubu əsas götürərək iddia irəli sürməməklə iddiaçının birtərəfli olaraq möhlət verilməsi isə heç bir halda qəbul edilə bilməz. Çünki öhdəliyin icrasına möhlət verilməsi ilə bağlı kreditorun iradə ifadəsi aydın (məktub göndərməklə, razılaşma bağlamaqla və s.) şəkildə ifadə olunmalıdır. Apelyasiya şikayətinə əlavə olunmuş iddiaçı ilə Füzuli TKQ arasında tərtib olunmuş 16 iyul 2020-ci il tarixli üzləşmə aktının isə mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Belə ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında da göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi üzləşmə aktının tərtib edilməsi borcun etiraf olunması hallarına aid deyildir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh tərəfindən borcun etiraf edilməsi ilə bağlı sonuncu hərəkət 09 fevral 2016-cı il tarixli məktubla edilmişdir ki, iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır. Həmin tarixdən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini hesabladıqda isə müəyyən edilir ki, iddiaçı 09 fevral 2019-cu il tarixədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. İddia müddəti keçdikdən sonra, yəni 16 iyul 2020-ci il tarixdə tərəflərin üzləşmə aktı tərtib etməsi isə iddia müddətinin kəsilməsi halı kimi qiymətləndirilə bilməz. Çünki artıq iddia müddəti bundan 1 il 5 ay əvvəl bitmişdir. Mülki Məcəllənin 380-ci maddəsində göstərilən hallar isə yalnız iddia müddəti çərçivəsində baş verdiyi halda iddia müddətinin axımının kəsilməsinə səbəb olur və bu müddət bitdikdən sonra baş verdiyi halda hər hansı hüquqi nəticəyə səbəb olmur. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2059/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar