Məhkəmə qərarları › İş №2-2(103)-377/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-377/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-377/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil Məhəmmədli qızının, iddiaçının vəkili Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1959/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (sifarişçi) ilə cavabdeh "xxxx" MMC (icraçı) arasında 21 aprel 2020ci il tarixli 2020/021 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Qiymətlərin Razılaşdırma protokoluna müvafiq olaraq, qeyd olunmuş malları təqdim edir və eyni zamanda quraşdırılmasını təmin edir. Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların və quraşdırma işlərinin dəyərinin ödənilməsini öhdəsinə götürürmüşdür.

2. Müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi məbləği ƏDV ilə birlikdə 846.067,74 manat müəyyən edilir.

3. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniş icraçı tərəfindən təqdim olunmuş hesaba əsasən avans və ya elektron qaiməyə əsasən sifarişçi tərəfindən ödənilir.

4. Müqavilənin 2.5-ci bəndinə əsasən malların verilməsi faktı təhvil-təslim sənədləri ilə rəsmiləşdirilir. Ödənilmiş vəsaitə müvafiq olan öhdəliklər icraçı tərəfindən tam və lazımınca icra edilmədikdə, icraçı sifarişçi qarşısında müvafiq həcmdə borclu sayılacaqdır. Qeyd olunan borc məbləği icraçı tərəfindən sifarişçiyə qaytarılmalı və ya yeni mallar ilə əvəz olunmalıdır.

5. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən 1.1-ci bəndində qeyd olunan məhsulların keyfiyyətinə görə tam olaraq məsuliyyət daşıyır.

6. Müqavilənin 8.1-ci bəndinə əsasən hazırki müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2021-ci il tarixə qədər qüvvədə qalır.

7. Müqaviləyə 01 saylı Əlavə tərtib olunaraq avadanlıqların adları, texniki parametrləri və qiymətləri razılaşdırılmışdır.

8. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci il tarixli müqavilə üzrə 110000 manat məbləğində avans köçürülmüşdür.

9. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci il tarixli müqavilə üzrə 127071 manat məbləğində avans köçürülmüşdür.

10. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində ödənilən 110.000 manat avans məbləğə uyğun 19800 manat ƏDV ödənişi köçürülmüşdür.

11. xx.xx.2020-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə avans məbləğinə uyğun 45000 manat ƏDV ödənişi köçürülmüşdür.

12. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci il tarixli müqavilə üzrə avans məbləğinə uyğun 6101,69 manat ƏDV ödənişi köçürülmüşdür.

13. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən iddiaçının ƏDV sub-uçot hesabından cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 22872,78 manat ƏDV ödənişi köçürülmüşdür.

14. xx.xx.2020-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 250000 manat avans ödənişı köçürülmüşdür.

15. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 33898,31 manat avans ödənişi köçürülmüşdür.

16. Həmin ödənişlərin cəmi 614.743,78 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış “otelin havalandırma sisteminin quraşdırılması”na dair xx.xx.2020-ci il tarixli, 2020/021 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə məxsus bank hesablarına ümumilikdə avans olaraq ödənilmiş ƏDV daxil 614.743,78 manat pul vəsaitinin geri qaytarılması, öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün həmin məbləğin illik 5 faizi, yəni 30.737,19 manat məbləğində, eləcə də cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmaması nəticəsində sifarişçinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi (mənəvi zərər) olaraq 20.000 manat məbləğində pul vəsaiti olmaqla cəmi 665.480,97 manat məbləğdə pul vəsaitinin; həmçinin iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğdə ilkin mediasiya sessiyası xərcin və 557 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı bildirir ki, iddiaçının müqavilə əsasında öz üzərinə düşən öhdəliklərini icra edərək, cavabdehə məxsus bank hesablarına avans olaraq ümumi müqavilə məbləğinin 2/3 hissəsindən çox pul vəsaiti ödəməsinə baxmayaraq, cavabdeh hazıra kimi müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməyib. Halbuki, müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti 21 aprel 2020-ci ildən 31 dekabr 2021-ci ilədək müəyyən edilmişdir. İddiaçı cavabdehə 29 sentyabr 2021-ci il tarixdə rəsmi pretenziya məktubu ünvanlayaraq, ondan öz müqavilə öhdəliklərini vaxtında və tam icra etməməsinə görə iddiaçıya dəymiş zərərin əvəzinin və iddiaçı tərəfindən avans olaraq ödənilmiş pul vəsaitinin geriyə qaytarılmasını tələb etmişdir. Buna cavab olaraq cavabdeh tərəfindən iddiaçıya 01 oktyabr 2021-ci il tarixli, 018/21 saylı cavab məktubu ünvanlanmışdır. Həmin məktubda etiraf edilib ki, “...öhdəliyin vaxtında icra edilməməsinə səbəb müqavilə üzrə səlahiyyətli şəxs – X1 (cavabdehin öz işçisi) işinə etinasız və səhlənkarcasına yanaşması olmuşdur. Məhz bu səbəbdən işin təhvil verilməsi prosesi gecikib və bu günədək başa çatdırılmamışdır”. Cavabdeh həmin məktubda onu da qeyd etmişdir ki, “işlərin başa çatdırılması tam nəzarətdədir və yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur”. Lakin, bu məktubun göndərilməsindən 1 il yarımdan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh hələ də nə ödənilmiş 614.743,78 manat məbləğində avansı geriyə qaytarmamış, nə də yarımçıq işləri, xidmətləri və zəruri avadanlıqlarla təchiz edilməsini tam başa çatdırmamışdır. Buna görə iddiaçı tərəfindən cavabdehə həm kağız daşıyıcıda yazılı, həm də elektron məhkəmə sistemi vasitəsilə 27 oktyabr 2022-ci il tarixli elektron pretenziya məktubu ünvanlanmışdır. Bununla yanaşı iddiaçı cavabdehə qarşı mövcud mübahisə üzrə mediasiyaya da müraciət etmişdir. Lakin cavabdeh keçirilən mediasiya prosesində də iştirak etməmişdir. Nəticədə, Bakı 18 saylı Mediasiya Təşkilatının mübahisə üzrə təyin etdiyi mediator X3 tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, MŞB/18-00045 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

19. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş və izahatında bildirmişdir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin təxminən 70 faizi icra edilmiş, həmin işlərin icrası cavabdehin işçiləri tərəfindən deyil, Türkiyədən cəlb edilmiş mütəxəssislər tərəfindən icra edilmiş, müqavilədə quraşdırılması nəzərdə tutulan avadanlıqlar da cavabdeh tərəfindən Türkiyədən alınmışdır.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1959/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 614743,78 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 615143,78 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən razılaşdırılmış işlərin xeyli hissəsi görülmüş və avadanlıqların bir qismi alınaraq "xxxx" MMC-nin müəyyən etdiyi yerdə quraşdırılmışdır. Həmin quraşdırılmış avadanlıqlara isə xeyli məbləğ xərclənmişdir. Eyni zamanda işlərin görülməsi üçün ustalara məbləğlər ödənilmişdir. Həmçinin həmin məbləğdən ƏDV ödənilmişdir. Belə olan halda iddiaçının həmin məbləği tam tələb etməsi əsassızdır. İddiaçı qeyd etdiyi məbləğdən çıxılmış ƏDV və görülmüş işlərə çəkilmiş xərci çıxmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Məhəmmədli qızı və vəkili Nümayəndə3 oğlu isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 28.Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin bağlanması, həmin müqavilə üzrə sifarişçi olan iddiaçı tərəfindən podratçı olan cavabdehə cəmi 614.743,78 manat məbləğində avans ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.

34. İddiaçı bildirir ki, cavabdeh üzərinə düşən öhdəliklərini icra etməmiş və podrat işlərini yerinə yetirməmişdir.

35. Cavabdeh isə bildirir ki, podrat müqaviləsi üzrə işlərin 70 faizini yerinə yetirmişdir.

36. Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin icra edilməsi öhdəliyi podratçıya aid olduğuna görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

37. Lakin cavabdeh tərəfindən tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə işlərin görülməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.

38. Məhkəmə iclas protokolları və məhkəmə iclaslarının audio-video yazılarından da müəyyən edlir ki, birinci instansiya məhkəməsində bu məsələ, yəni sübut etmə vəzifəsinin cavabdehə aid olması müzakirə olunmuş və cavabdeh tərəfə sübutların təqdim edilməsi təklif edilmişdir. Lakin onun nümayəndəsi sübutların təqdim edə bilmədiyini bildirmişdir.

39. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 noyabr 2023-cü il tarixli 10/4681 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən İddiaçı MMC-yə məxsus oteldə quraşdırılmış havalandırma sistemi baxış zamanı tam başa çatdığı və işlək vəziyyətdə olduğu müəyyən olunmuşdur. Lakin "xxxx" MMC tərəfindən quraşdırılmış havalandırma sisteminə dair forma 2 və materialların təhvil-təslim aktları iş materiallarında olmadığından xx.xx.2020-ci il tarixli razılaşdırma protokoluna əsasən "xxxx" MMC tərəfindən görülmüş işlərin dəyərini (həcmi) nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır.

40. İddiaçıya məxsus oteldə havalandırma sisteminin quraşdırıldığını və işlək vəziyyətdə olması ilə bağlı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh podrat işlərini yerinə yetirmədiyinə görə iddiaçı məcbur olaraq həmin işləri özü yerinə yetirmişdir. Sübut etmə vəzifəsi cavabdehə aid olduğuna görə iddiaçı bununla bağlı sübutlar təqdim etməli deyil.

41. Apellyasiya icraatında da cavabdeh tərəfə sübutların təqdim edilməsi və xüsusilə iddiaçı tərəfindən cavabdehin hesabına köçürülən 614.743,78 manat məbləğində pul vəsaitinin hansı məqsədlərə sərf olunması barədə sənədlərin (hesabdan çıxarışın) təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

42. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehə avans olaraq 614.743,78 manat məbləğində pul vəsaiti ödənilsə də, onun tərəfindən hər hansı işlər yerinə yetirilməmişdir.

43. Lakin, Mülki Məcəllənin podrat müqaviləsinə aid 752-776-ci maddələrindən görünür ki, iddiaçının istinad etdiyi hal, yəni podrat işlərinə görə muzdun bir hissəsinin əvvəlcədən avans olaraq ödənilməsinə baxmayaraq, podratçının öz öhdəliyini pozaraq işlərin yerinə yetirilməsindən əsassız imtina etməsi halını tənzimləyən normalar mövcüd deyil.

44. Bununla yanaşı, iddia tələbləri cavabdehin öz öhdəliklərinin pozulması halı ilə əsaslandırıldığına görə kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin öhdəliklərin pozulması ilə bağlı halları tənzimləyən normalarına uyğun həll edilməlidir.

45. Bu baxımdan qeyd olunur ki, öhdəliyin anlayışı Mülki Məcəllənin 385.1-ci maddəsində, öhdəliyin icra edilməməsi anlayışı həmin Məcəllənin 442-ci maddəsində, öhdəliyin icra edilməməsinə görə məsuliyyət isə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrində göstərilmişdir.

46. Qeyd olunan maddələrin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri onun risk dairəsinə daxil olan hallara görə pozmuşdur.

47. Hazırki işdə də bu hal müəyyən edilir. Çünki yuxarıda qeyd edildiyi kimi tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehə avans olaraq 614.743,78 manat məbləğində pul vəsaiti ödənilsə də, onun tərəfindən hər hansı işlər yerinə yetirilməmişdir.

48. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı həmin məbləğdə pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1959/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar