Məhkəmə qərarları › İş №2-2(103)-378/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-378/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-378/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı ASC-nin (bundan sonra - iddiaçı) cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi və sair tələblərə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-23/2021 nömrəli iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında imzalanmış 07.09.2016-cı il tarixli 01 nömrəli müqavilə və həmin müqavilə əsasında imzalanmış 05.03.2018-ci il tarixli 18 nömrəli razılaşma protokoluna əsasən cavabdeh tərəfindən görülmüş işə görə onun tərəfindən ödənilmiş 13.909,68 manat məbləğdə pul vəsaitinin, anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7.157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10.000 manat məbləğdə icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4.000 manat məbləğdə nəqliyyat xərci olmaqla, ümumilikdə 35.067,14 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan işgüzar nüfuza, həmçinin maddi və mənəvi zərərə görə 3.000 manat, mənfəətin itirildiyinə görə 2.000 manat, vəkil üçün çəkilən 100 manat və 30 manat dövlət rüsumunun cəmi 5.130 manat məbləğdə pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddianın əsaslarına görə, tərəflər arasında 07.09.2016-cı il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilənin icrası olaraq imzalanmış 05.03.2018-ci il tarixli 18 nömrəli Razılaşma protokoluna əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 77L, 2062-73-cü məhəllə ünvanda yerləşən anbarın döşəməsində betonlama işi cavabdeh tərəfindən aparılmışdır. İcraçı tərəfindən görülmüş iş başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında tərtib olunmuş 04.04.2018-ci il tarixli OFC.A.0087 nömrəli akta əsasən görülmüş iş icraçı tərəfindən sifarişçiyə təhvil verilmişdir. İcraçı tərəfindən görülmüş işlər və xidmətlərin dəyəri 13.909,60 manat sifarişçi tərəfindən icraçının bank hesabına köçürülmüşdür. Lakin, görülmüş iş 04.04.2018-ciil tarixdə başa çatdıqdan 2 ay sonra anbarın döşəməsinin beton qatında çatlar və bir müddət sonra isə dağıntılar yaranmış, nəticədə isə anbarın beton döşəməsi tam yararsız vəziyyətə düşmüşdür. Bu barədə cavabdehə bildirildikdə onlar beton örtüyündəki dağıntıları aradan qaldırmaq üçün həmin anbarın döşəməsində olan beton örtüyünün boyanması işlərini təklif etmiş və həmin işə görə də əlavə vəsait ödənilməsini istəmişlər. Cavabdehin təklifi məqbul olmadığı üçün Bank bununla razılaşmamış və həmin nöqsanı aradan qaldırmaq üçün başqa bir fərdi sahibkarla müqavilə bağlanaraq beton örtüyünün boyanması işləri görülmüş və bunun üçün Bank tərəfindən xərclər çəkilmişdir. Qarşılıqlı iddianın əsaslarına görə, iddiaçının istifadəsinə götürdüyü daşınmaz əmlakın döşəmə hissəsində beton işləri tam həcmdə və əvvəlcədən razılaşdırılmış qaydada və keyfiyyətlə cavabdeh tərəfindən görülərək, 04.04.2018-ci il tarixdə OFC.A.0087 nömrəli akta əsasən tamamilə ona təhvil verilmişdir. Lakin bir neçə aydan sonra beton hissəsi iddiaçının deməsinə görə deformasiya və sair zərərlərə məruz qalmışdır. Hesab edir ki, bu uydurma və əsassız iradlardır və əgər belə zərərlər baş veribsə, onlar yalnız iddiaçının öz təqsiri səbəbindən baş verə bilər. Beton tərkibinin əsasını müxtəlif markalı sement təşkil edir. İddiaçıya təqdim etdiyi betonun tərkibində əvvəlcədən razılaşdırılmış M400 markalı sementdən ibarət olan betonu təhvil vermişdir. Həmin beton məhsulu tərəfindən məhz nüfuzlu "xxxx" MMCdən alınmışdır. Bununla əlaqədar olaraq müvafiq arayış da verilmişdir. Lakin iddiaçı ona qarşı əsassız iddia irəli sürərək çəkdiyi bütün xərclərin əvəzini cavabdehdən tələb edir. Həmçinin, şirkətə qarşı əsassız iddia qaldırmaqla onun işgüzar nüfuzunu aşağı salmış, işgüzar imicinə zərər vurmuşdur. Bununla da fəaliyyət istiqaməti üzrə görülməli olan işləri təxirə saldırmış və bununla da şirkətin əldə edə biləcəyi gəlirlərini aşağı salmışdır. Bu yaxınlarda iştirak edə biləcəyi müxtəlif layihələrdən çəkindirmiş və onlarda iştirak etmək imkanına zərbə vurmuşdur. Hətta bəzi şirkətlər bu məhkəmə çəkişməsindən xəbər tutaraq cavabdehlə birgə işbirliyindən imtina etmişlər. Bütün bunlar isə şirkətin işgüzar imicinə mənfi təsir göstərmiş və beləliklə də həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, görülmüş işə görə ödənilmiş 13.909,6 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7.157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10.000 manat məbləğdə icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4.000 manat məbləğdə nəqliyyat xərcinin cavabdehdən tələbi hissəsində ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması, məhkəmə mühəndis-texniki ekspertizanın xərci olan 100 manat məbləğdə pulun 60,34 manatının iddiaçıdan, 39,66 manatının cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, mütəxəssis rəyi xərci olan 718,94 manat məbləğdə pulun 433,8 manatının idiaçıdan, 285,14 manatının isə cavabdehdən tutularaq AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutuna ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ilk iddia qismən təmin olunan hissədə ləğv edilib, ilk iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qətnamədə yalnız Mülki Məcəllənin 21, 385.1, 443.1 və 752.1-ci maddələrinə istinad olunaraq iddia qismən təmin olunmuşdur. Bu işin hallarına uyğun deyil, çünki, nə müqavilədə, nə də qiymətlərin razılaşdırma protokolunda, eləcə də təhvil-təslim aktında istifadə edilən betonun markası ümumiyyətlə razılaşdırılmamışdır. Cavabdeh isə üzərinə düşən öhdəliyi tam həcmdə və qüsursuz olaraq yerinə yetirmişdir. Bir neçə vaxtdan sonra istifadə olunmuş betonda guya çatlar əmələ gəlmiş və həmin çatların bərpasını iddiaçı nədənsə cavabdehə təklif etməmişdir. Hesab edir ki, bu iddia ümumiyyətlə əsassız və uydurmadır. Əksinə, məhz iddiaçının səhvlərinə, sonradan özünün istifadə etdiyi boyaya görə, yəni tam bərkiməmiş beton üzərinə kimyəvi maddələri vurmuş və nəticədə betonun daxili qatına maddə keçmişdir və bu sonradan da keyfiyyətinin azalmasına gətirib çıxara bilərdi. Ekspertizanın qarşısında bu sualın qoyulması haqqında vəsatət verilsə də, məhkəmə bu sualı nəzərə almamış və nəticədə yalnız məhkəmənin maraqlandığı suallar qoyularaq tədqiq olunmuşdur. Bu da yolverilməzdir. İddiaçı lazımi qaydada və vaxtında guya yaranmış qüsür haqqında məlumat verməmişdir. Əgər həqiqətən də cavabdehin "xxxx" MMC-dən sifariş etdiyi beton keyfiyyətsizdirsə, o zaman yalnız betona ödənilən pulun hissəsinin iddiaçıya qaytarılması öhdəliyi qətnamədə göstərilməli idi. Təqdim edilən betonun tərkibində əvvəlcədən razılaşdırılmış M250 markalı sementdən ibarət olan beton təhvil verilmiş, həmin beton məhsulu məhz nüfüzlu "xxxx" MMC-dən alınmışdır. Bununla əlaqədar olaraq müvafiq arayış da onlar tərəfindən verilmişdir. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun 20.11.2019-cu il tarixli rəyi qeyri-obyektivdir. Çünki, tədqiqatda istifadə olunan alətlərin (Şmidt aləti) texniki yararlığı haqqında sənəd təqdim olunmamış, onun texniki xüsusiyyətləri haqqında ümumiyyətlə məlumat verilməmişdir. Digər tərəfdən, Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2021-ci il tarixli ekspert rəyinə əsasən qərardadla qoyulan suallara ətraflı cavab verilməmişdir. Halbuki, qərardadda ətraflı suallar qoyulmuşdur. Onların cavablandırılması iş üçün əhəmiyyət kəsb etmişdir. Daha sonra, rəy tam və aydın olmadığından, məhkəmə iclasında ekspertin dəvət olunması məhkəmə tərəfindən qərara alınmışdır. Lakin, təyin olunmuş məhkəmə iclasına ekspert gəlməmiş və məhkəmə təkrar olaraq eksperti dəvət etmədən iş üzrə qətnamə çıxarmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ilk iddia təmin və qarşılıqlı iddia rədd olunan hissələrdə qismən ləğv edilərək, ilk iddianın tam rədd və qarşılıqlı iddianın təmin olunması xahiş edildiyi, iddiaçı ilk iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunan hissələrdə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 07.09.2016-cı il tarixli 01 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (icraçı) iddiaçıya (sifarişçi) məxsus anbarın döşəməsinə beton işlərinin görülməsini, sifarişçi isə görülmüş işlərin müqabilində sifarişin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 3.2-ci bəndinə əsasən, icraçı sifarişçi tərəfindən sifariş edilən işləri tam, keyfiyyətli və standartlara uyğun yerinə yetirir; 4.1-ci bəndinə görə, bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin vaxtında, tam və ya lazımınca yerinə yetirməməsinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır. İşin mübahisəsiz hallarına görə cavabdeh işi icra etmiş, iddiaçı görülən işlərin dəyəri 13.909,60 manat məbləğdə pulu cavabdehə ödəmişdir. İddiaçı cavabdehin həmin işləri lazımi keyfiyyətdə görmədiyini, nəticədə beton döşəmənin yararsız vəziyyətə düşərək, onun sökülməsi və yenidən lazımi keyfiyyətdə betonun tökülməsi zərurəti yarandığını bildiririb, həm işlərin görülməsinə görə cavabdehə ödədiyi pulu, həm də döşəmənin yenidən bərpa edilməsi üçün çəkdiyi xərci tələb edir. Cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddiasının əsasını isə o təşkil edir ki, iddiaçı əsassız iddia qaldıraraq cavabdehin işgüzar nüfuzuna zərər vurmuşdur. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun İddiaçı ASC-nin anbarının beton döşəmə örtüyünün texniki vəziyyətinə dair” 20.11.2019-cu il tarixli rəyində göstərilmişdir ki, beton qatının sıxılmada möhkəmlik həddinin aşağı olması təyin edildi. Betonun sıxılmada möhkəmlik həddi M100- M150 marka arası dəyişməsi və daha az nəticə verən yerlərin aşkar olunması müəyyən edildi. Döşəmə üzərinə vurulan boya çox yerdə qopmuş və beton döşəmə örtüyünün üst qatı dağılmış haldadır. Beton döşəmə örtüyünün bərpası üçün mövcud olan, yəni inşa edilmiş və boyanmış beton qatı tam sökülməlidir. Döşəmənin yenidən inşa edilməsində betonun möhkəmliyi M300 markasından aşağı olmamalıdır. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2021-ci il tarixli 10/3643 nömrəli mühəndis-texniki ekspertizasının rəyi də S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun rəyi ilə eyniməzmunlu olmuşdur. İddiaçı (sifarişçi) ilə fərdi sahibkar X1 (icraçı) arasında tərtib olunmuş Malların və işlərin təsnifatı və qiymətlərin razılaşma protokollarından görünür ki, icraçı tərəfindən yeni anbarın təmiri ilə bağlı 3.108 və 1.1193,94 manat olmaqla, cəmi 4.211,94 manat məbləğdə iş görülmüş, həmin məbləğlər sifarişçi tərəfindən 13.06.2018-ci il tarixli və 31.07.2018-ci il tarixli ödəniş tapşırıqları ilə icraçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 451. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdeh daha aşağı marka betondan istifadə edərək, podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən sifariş edilən işlərin tam, keyfiyyətli və standartlara uyğun yerinə yetirilməsi ilə bağlı öhdəliyi pozmuşdur. Odur ki, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya vurduğu zərərin əvəzini ona ödəməlidir. Vurulmuş zərərin məbləğinə gəldikdə isə, iddiaçı cavabdehin öz öhdəliyini qüsurla icra etdiyi üçün vurduğu zərərin aradan qaldırılması məqsədilə anbarın yenidən təmir edilməsi işlərinə çəkdiyi xərclərin yalnız 4.211,94 manat məbləği ilə bağlı mötəbər sübutlar təqdim etmiş, qalan hissə (1. anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7.157,46 manat xərc; 2. təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10.000 manat məbləğdə icarə xərci və 3. anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4.000 manat məbləğdə nəqliyyat xərci) isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edilmiş və iddiaçı da həmin hissədən apellyasiya şikayəti verməmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, görülmüş işlərin təhvil verilməsindən bir müddət sonra həmin işlərdə qüsurların meydana gəlməsi iş materiallarında olan mütəxəssis və ekspert rəyləri ilə öz təsdiqini tapır. Şikayətin rəylərin qeyri-obyektiv olması haqqında dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ETLKİM İnstitutunun verdiyi rəyə uyğun ekspert rəyini Məhkəmə Ekspertizası Mərkəzi də vermişdir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 13.909,60 manat məbləğdə pulun tutulmasında haqlı olmamışdır. Apellyasiya şikayəti qarşılıqlı iddia ilə bağlı hər hansı dəlil ehtiva etmədiyindən, qətnamə həmin hissədə mübahisəsiz qəbul edilir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi qətnaməsi ilk iddiaya aid yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, eyni hissədə ilk iddia müzakirə olunan qaydada qismən təmin edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-23/2021 nömrəli iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan - görülmüş işə görə ödənilmiş 13.909,6 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi - hissədə qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə ilk iddia qismən təmin edilsin. 4.211,94 manat (dörd min iki yüz on bir manat doxsan dörd qəpik) məbləğdə pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar